Məhkəmə qərarları › İş №2-1(106)-69/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-69/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-69/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının və **********0 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)- 2428/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının və **********0 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının və **********0 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Masallı rayonu Türkoba kəndində yerləşən ərzaq mallarının pərakəndə ticarəti mağazasında ərzaq məhsullarının, tütün və spirtli içkilərin pərakəndə satışı ilə məşğul olur. İddiaçı sahibkarlıq fəaliyyəti çərçivəsində malları topdan satış fəaliyyəti ilə məşğul olan şəxslərdən elektron qaimə fakturalarla əldə edərək, vergi qanunvericiliyinə əsasən son istehlakçı hesab edilən şəxslərə pərakəndə qaydada satır. Malların satışını nəzarət kassa aparatı vasitəsi ilə rəsmiləşdirir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya məxsus, Masallı rayonu Türkoba kəndində yerləşən ərzaq mallarının pərakəndə ticarəti obyektində xx.xx.2023-cü il tarixdə operativ vergi nəzarəti tədbirləri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri çərçivəsində iddiaçının sahibliyində 356972,88 manat (ƏDV ilə birlikdə) mal qalığının çatışmadığı bildirilərək rəsmiləşdirilmişdir. Cavabdeh öz təşəbbüsü ilə Azərbaycan Respbulikasının Vergi Məcəlləsinin (bundan sonra-Vergi Məcəlləsi) 67.15, 155.1 və 157.5 maddələrini əsas götürülməklə iddiaçını qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2023-cü il tarixdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata almışdır. Cavabdeh tərəfindən iddiaçıya operativ vergi nəzarəti çərçivəsində onun sahibliyində aşkar olunmayan 356972,88 (ƏDV ilə birlikdə) manat mala bir daha ƏDV hesablanmaqla kameral vergi yoxlaması ilə 2023-cü ilin iyul ayı üçün ƏDV üzrə analoji qaydada 64255,12 manat əlavə vergi məbləği hesablanmışdır. Hesablanmış vergi məbləği barədə xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Cavabdehin xx.xx.2023cü il tarixli, **********170600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarına əsasən kameral vergi yoxlaması ilə ƏDV məbləği hesablanan Vergi Məcəlləsinin 159.7-ci maddəsinin tələblərinə riayət olunmamaqla inzibati qaydada pozuntuya yol verilmişdir. Vergi Məcəlləsinin 159.7-ci maddəsi əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Vergi Məcəlləsinin 13.2.1-ci maddəsinə əsasən şəxs-istənilən fiziki və ya hüquqi şəxs, qeyrirezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi hesab olunur. İddiaçı satış məqsədli malları topdan satış fəaliyyəti ilə məşğul olan şəxslərdən əldə edərək elektron qaimə fakturalar əsasında rəsmiləşdirilmişdir. Həmin elektron qaimə fakturalara əsasən müəyyən olunmuş malın qiymətinə ƏDV məbləği də daxil olmasına baxmayaraq iddiaçı ƏDV ödəyicisi olmadığı üçün malın dəyərini formalaşdıran ƏDV məbləğini qarşı tərəfin ƏDV-nin sub uçot hesabına deyil, malın ƏDV-siz dəyərinin üzərinə gəlməklə bank hesabına köçürmüşdür. Göründüyü kimi iddiaçı ƏDV ödəyicisi olan şəxslərdən malları ƏDV daxil olmaqla əldə etməsinə baxmayaraq həmin ƏDV-ni əvəzləşdirmək hüququnun olmaması səbəbindən sahibliyində qalan, ƏDV ödəməklə əldə edilən 356972,88 (ƏDV ilə birlikdə) manat mala ƏDV tutulan əməliyyat çərçivəsində təqdim edilmə kimi qiymətləndirilməməlidir. Bundan başqa bildirir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İ ṖM) 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Başqa sözlə, hazırkı halda sübutetmə yükü cavabdehin üzərindədir. Məhz cavabdeh mübahisələndirilən inzibati aktın əsaslandığı faktların mövcudluğunu sübut etməlidir. İnzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (İnzibati icraat haqqında qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi) Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi Məcəlləsinin 53.4-cü maddəsinə əsasən vergi qanunvericiliyinin pozulması halları nəzərdən keçirildikdə, onun bilərəkdən və ya ehtiyatsızlıq nəticəsində törədilməsi, inzibati məsuliyyətin tətbiq edilməsi üçün təqsirkar şəxsin müəyyən yaşa çatması, yüngülləşdirici və ya ağırlaşdırıcı hallar və bu Məcəllə, habelə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəaları müəyyən edilməlidir. Vergi Məcəlləsinin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması halında şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-nin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənləri nəzərə alaraq iddiaçı **********170600 nömrəli qərarın və **********0 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, İddiaçı 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının və **********0 nömrali ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıda qeyd olunan səbəblərdən hesab edirik ki, iddia ərizəsi üzrə iddia tələbi əsassızdır. İşin faktiki halları: İddia ərizəsində əks olunan iddia tələbinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirik: İddiaçı (VÖEN **********) 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. İddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və xx.xx.2023-cü il tarixli DVX seriyalı 007892 nömrəli aktla rəsmiləşdirilmişdir. Keçirilən operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə tərtib edilmiş akta əsasən məxsus təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdə keçirilən operativ vergi nəzarəti tədbirləri nəticələrinə əsasən ümumilikdə 8251,00 manat dəyərində sənədli mal qalığı aşkar edilmişdir. Baza məlumatlarına əsasən 2022-ci ilin sonuna mal qalığı 320901,27 manat xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü İl tarixədək elektron qaimə faktura əsasında mal alışı 59322,61 manat olmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təqdim edilmiş cari vergi arayışlarına əsasən OVN tədbiri keçirilən günə kimi dövriyyə 15000 manat olmuşdur. Qeyd olunanları nəzərə alaraq (320901,27+59322,61-15000-8251,00= 356972,88) 356972,88 manat kənarlaşma yaranmışdır. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 67.15- ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Eyni zamanda Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200 000,0 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Əlavə olaraq bildiririk ki, qeyd ofunan müddət ərzində iddiaçı tərəfindən müvafiq ərizə təqdim olunmazsa vergi orqanı Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2023-ci il tarix olmaqla ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata alınaraq (**********0 nömrəli ƏDV qeydiyyat bildirişi) əlavə vergi hesablanmış və xx.xx.2023-cü il tarixli **********170600 nömrəli Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə Qərar göndərilmişdir. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1 -ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2- ci maddəsinə əsasən, vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməməsi xahiş edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 16 iyul 2024-cü il tarixli, 2- 1(120)-2428/2024 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçı X2 (VÖEN: **********) 2023-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə əlavə hesablanmış və borca çevrilmiş vergi məbləğləri aşağıdakı əsaslarla hesablanmışdır. İddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və xx.xx.2023-cü il tarixli DVX seriyalı 007892 nömrəli aktla rəsmiləşdirilmişdir. Keçirilən operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə tərtib edilmiş akta əsasən iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdə keçirilən operativ vergi nəzarəti tədbirləri nəticələrinə əsasən ümumilikdə 8251,00 manat dəyərində sənədli mal qalığı aşkar edilmişdir. Baza məlumatlarına əsasən 2022-ci ilin sonuna mal qalığı 320901,27 manat xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək elektron qaimə-faktura əsasında mal alışı 59322,61 manat olmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təqdim edilmiş cari vergi arayışlarına əsasən OVN tədbiri keçirilən günə kimi dövriyyə 15000 manat olmuşdur. Qeyd olunanları nəzərə alaraq (320901,27+59322,61-15000-8251,00 = 356972,88) 359672,88 manat kənarlaşma yaranmışdır. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 67.15ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Eyni zamanda Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200000,0 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Əlavə olaraq bildirilir ki, qeyd olunan müddət ərzində iddiaçı tərəfindən müvafiq ərizə təqdim olunmazsa, vergi orqanı Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2023-cü il tarix olmaqla ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata alınaraq (**********0 nömrəli ƏDV qeydiyyat bildirişi) əlavə vergi hesablanmış və xx.xx.2023-cü il tarixli **********170600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Göründüyü kimi, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi üçün əsas olan mübahisə predmeti üzrə əməlin (hərəkət və ya hərəkətsizliyin) baş verməsi hüquq pozuntusu sayılmaqla əməli törədən şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün əsas yaratdığı halda məhkəmə qeyd olunan halları araşdırmadan vergi ödəyicisinin xeyrinə şərh etmişdir. Digər tərəfdən məhkəmə öz qərarında qeyd etmişdir ki, Qaydaların 7.2-ci bəndinə əsasən isə ilkin uçot sənədləri özündə sənədin (formanın) adı, nömrəsi, kodu, tərtib edilmə yeri, tarixi, sənədi tərtib edən mühasibət uçotu subyektinin adı, təsərrüfat əməliyyatlarının məzmunu, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları kimi zəruri rekvizitlər əks etdirir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, vergi məqsədləri üçün əlavə dəyər vergisi (və s.) vergilər ilkin mühasibat uçotu sənədləri əsasında müəyyən edilir. Konkret halda da məhz vergi orqanı tərəfindən hesablanmış əlavə vergilərin düzgünlüyü elektron daşıyıcıdakı cədvəl göstəricilərinin əsasını təşkil edən ilkin mühasibat sənədləri mövcud olmalıdır ki, həmin göstəricilərin (kəmiyyətləri) düzgünlüyünün yoxlanılması mümkün olsun. Konkret halda isə cavabdeh tərəfindən abstrakt rəqəmlər əsasında iddiaçıya öz mülahizəsinə əsasən əlavə vergilər hesablanmışdır. Qeyd olunanlar baxımından, elektron daşıyıcıdakı məlumatların həqqiəti əks etdirən mötəbər məlumatlar kimi qiymətləndirilməsi istisna edilir. Ola bilsin ki, müəssisədən götürülmüş elektron daşıyıcı məlumatları müəssisənin vergidən yayınması ilə bağlı vergi orqanında müəyyən şübhəli məqamlar yaratmış olsun, lakin həmin şübhələri aradan qaldıran, yəni onlardakı məlumatların doğruluğu ilkin mənbə sənədlər ilə sübuta yetirilmədiyi halda, vergi ödəyicisinə külli miqdarda vergilər hesablanması əsaslı hesab edilə bilməz. Öncə bildirmək istəyirik ki, məhkəmənin qeyd edilən mövqeyi anlaşılan deyildir. Belə ki, iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdə vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbirləri həyata keçirilmiş və xx.xx.2023-cü il tarixli DVX seriyalı 007892 nömrəli aktla rəsmiləşdirilmişdir. Keçirilən operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə tərtib edilmiş akta əsasən iddiaçıya məxsus təsərrüfat subyektində xx.xx.2023-cü il tarixdə keçirilən operativ vergi nəzarəti tədbirləri nəticələrinə əsasən ümumilikdə 8251,00 manat dəyərində sənədli mal qalığı aşkar edilmişdir. Baza məlumatlarına əsasən 2022-ci ilin sonuna mal qalığı 320901,27 manat xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək elektron qaimə-faktura əsasında mal alışı 59322,61 manat olmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təqdim edilmiş cari vergi arayışlarına əsasən OVN tədbiri keçirilən günə kimi dövriyyə 15000 manat olmuşdur. Qeyd olunanları nəzərə alaraq (32091,27+59322,61-15000-8251,00 = 356972,88) 356972,88 manat kənarlaşma yaranmışdır. Göründüyü kimi Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Göründüyü kimi, məhkəmənin qərarında ifadə olunan dəlillərindən və mövqelərindən birmənalı şəkildə görünür ki, məhkəmə iş üzrə cavabdehin təqdim etdiyi və hesablamanın əsasını təşkil edən və iddiaçıya məxsus olan elektron fayllarda əksini tapan cədvəllərə, yəni məlumatlara ciddi formal tələblər irəli sürmüş, lakin həmin tələblərin nədən ibarət olduğunu əsaslandırmamış, eləcə də hüquqi əsasını əks etdirməmişdir. Bu yanaşma məhkəmə qərarının şübhə doğurmaması prinsipini pozmaqla yanaşı, mühasibat uçotunda vacib prinsip sayılan məzmunun formadan üstünlüyü prinsipinə də zidd olmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də məhkəmə iclasında iştirak etmirlər. Məhkəmə kollegiyası məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.10. Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 15.1.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: Maddə 15.1.7. vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək; Maddə 24.1. Vergi orqanları: Maddə 24.1. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; (-) Maddə 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Maddə 64. Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Maddə 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Maddə 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. Maddə 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalı vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 13. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbbələr: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, **********170600 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının və **********0 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddian təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı satış məqsədilə mallaı topdan satış fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən almışdır. Alınmış malların qiymətinə ƏDV məbləği daxil olmasına baxmayaraq iddiaçı malları alan zaman ƏDV ödəyicisi olmadığı üçün malların ƏDV məbləğini ƏDV-nin sub-uçot hesabına deyil, malların ƏDV-siz dəyərinin üzərinə gəlməklə malları aldığı vergi ödəyicilərinin bank hesablarına köçürmüşdür. Göründüyü kimi iddiaçı ƏDV ödəyicisi olan şəxslərdən malları ƏDV daxil olmaqla əldə etməsinə baxmayaraq həmin ƏDV-ni əvəzləşdirmək hüququnun olmaması səbəbindən sahibliyində qalan və ƏDV ödəməklə əldə edilən 356972,88 (ƏDV ilə birlikdə) manat mala ƏDV tutulan əməliyyat çərçivəsində təqdim edilmə kimi qiymətləndirilməməlidir. Çünki iddiaçı malları alan zaman malın dəyərində ƏDV-ni malları aldığı şəxslərin bank hesabına ödəmişdir. İddiaçı malları təqdim edən zaman ƏDV-ni əvəzləşdirmə hüququ olmadığı üçün təqdim etdiyi mallara ƏDV hesablanmamalıdır. Əgər hesablanmış olsa onda bir əməliyyata görə iki dəfə vergi hesablanmış olacaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki, hazırki iddia münahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən məlum olur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********0128 nömrəli qərarı ilə İddiaçı məxsus Masallı rayonu Türkoba kəndində yerləşən mağaza adlı obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus mağazada 8251,0 manat mal qalığı olduğu aşkar edilmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş ƏDV məqsədləri üçün qeydiyyat haqqında bildirişdə qeyd edilmişdir ki, baza məlumatlarına əsasən iddiaçının 2022-ci ilin sonuna mal qalığı 320.901,27 manat müəyyən edilmişdir. Eyni zamanda xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək elektron qaimə-faktura əsasəında mal alışı 59.322,61 manat olmuşdur. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək təqdim edilmiş cari vergi arayışlarına əsasən xx.xx.2023-cü il tarixə qədər dövriyyə 15000 manat olmuşdur. Beləliklə, iddiaçının 2022-ci ilin sonundan xx.xx.2023-cü il tarixə kimi 380.223,89 manat (320.901,27+59.322.61 = 380.223,89) dəyərində mal qalığı olmuş və xx.xx.2023-xx.xx.2023-cü il dövründə 15000 manat dəyərində malı satmışdır. Beləliklə, onun operativ vergi nəzarəti tədbiri həyata keçirilən zaman mal qalığı 365.223,88 manat (380.223,89 – 15000 = 365.223,88) olmalı olduğu halda tədbir həyata keçirilən zaman 8251,0 manat mal qalığı aşkar edilmişdir. Başqa sözlə, iddiaçıya məxsus obyektdə 356.972,88 manat (365.223,88- 8251,0) kənarlaşma yaranmışdır. Beləliklə də, uçot məlumatlarına əsasən iddiaçıya məxsus 356.972,88 manat dəyərində malın faktiki olaraq onun sahibliyində olmadığı aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesblanması barədə” Qərarla sözügedən halın aşkar edildiyi hesabat dövrü üzrə əlavə dəyər vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə iddiaçıya 64.255,12 manat məbləğində əlavə vergi hesablanmışdır. Eyni zamanda 356.972,88 manat dəyərində malın bir əqd və ya müqavilə üzrə özgəninkiləşdirildiyi nəzərə alınmaqla iddiaçı ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2023-cü il olmaqla **********0 nömrəli “Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat” Bildirişinə əsasən məcburi qaydada qeydiyyata alınmışdır. İddiaçı vergi orqanının mövqeyi ilə razılaşmayaraq xx.xx.2023-cü il tarixli Qərarın və **********0 nömrəli ƏDV qeydiyyat bildirişinin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə kollegiyası işin faktiki halları ilə bağlı belə qənaətə gəlir ki, iddiaçıya məxsus 356.972,88 manat dəyərində mala 64.255,12 manat əlavə dəyər vergisi hesablanması vergi qanunvericiliyinin tələblərinə ziddir. Məhkəmə kollegiyası hazırki işin müəyyən edilmiş faktiki hallarını aşağıdakı hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. Həmin Məcəllənin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Həmin Məcəllənin 175.6-cı maddəsinə əsasən bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Məhkəmə kollegiyası işin faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək qeyd edir ki, vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alındıqdan sonra onun idxal etdiyi mallara münasibətdə ƏDV-ni əvəzləşdirmək hüququ yaranmış olur. İddiaçı isə xx.xx.2023-cü il tarixdə ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata alınana qədər sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. İddiaçı həmin tarixə qədər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmadığına görə pərakəndə satış məqsədilə müxtəlfi vergi ödəyicilərindən topdan aldığı malların alışını elektron qaiməfakturalarla rəsmiləşdirmişdir. Həmin elektron qaimə-fakturalara əsasən müəyyən olunmuş malların dəyərinə daxil olan ƏDV məbləği də iddiaçı tərəfindən ödənilmişdir. Bu baxımdan cavabdeh inzibati orqan tərəfindən iddiaçının ƏDV ödədiyi, yəni ƏDV məbləğini əvəzləşdirmədiyi mallara münasibətdə yenidən 64.255,12 manat dəyərində əlavə dəyər vergisinin hesablanması vergi qanunvericiliyinin tələblərinə, o cümlədən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin təşviq edilməsi ilə bağlı ümumdövlət maraqlarına ziddir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bundan başqa məhkəmə kollegiyası iddiaçının **********0 nömrəli ƏDV qeydiyyat bildirişi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqanın hərəkətlərinə münasibətdə onu qeyd edir ki, vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması məsələsi Vergi Məcəlləsinin 155.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddəyə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Normanın məzmunundan göründüyü kimi, qanunverici orqan vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması ilə bağlı iki şərt müəyyən etmişdir: 1) Ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) mal dövriyyəsi ilə bağlı əməliyyatların həcminin 200.000 manatdan artıq olması; 2) Həmin 200.000 min manatdan artıq məbləğdə mal dövriyyəsini nəzərdə tutan əməliyyatların vergi tutulan əməliyyat olması. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əməliyyatların aparıldığı dövrdə, yəni 2022-ci ilin sonundan xx.xx.2023-cü il tarixədək (operativ vergi nəzarəti tədbiri həyata keçirilən dövrə qədər) iddiaçı idxal etdiyi 356.972,88 manat dəyərində malların alışı zamanı sadələşdirilmiş vergi ödəyicisi olmuş və onun ƏDV-ni əvəzləşdirmək hüququ olmamışdır. Qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Yuxarıda qeyd edilən hüquq normasını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 2022-ci ilin sonundan xx.xx.2023cü il tarixədək (operativ vergi nəzarəti tədbiri həyata keçirilən dövrə qədər) iddiaçının ƏDVni əvəzləşdirməyə hüququ olmadığından həmin dövrlər ərzində onun idxal etdiyi 356.972,88 manat dəyərində malların dövriyyəsi ilə bağlı əməliyyatlara Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən vergi tutulan əməliyyat kimi baxıla bilməz. Sözügedən halın mövcudluğu isə Vergi Məcəlləsinin 155.1-ci maddəsində müəyyən edilmiş şərti (vergi tutulan əməliyyat olması) ödəmədiyindən iddiaçının sözgedən əməliyyatlara görə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının **********0 nömrəli ƏDV qeydiyyat bildirişi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması Vergi Məcəlləsinin tələblərinə zidd olmaqla qanunsuzdur və həmin bildiriş ləğv edilməlidir. Nəzərə alınmalıdır ki, vergi qanunvericiliyin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən əmlak hüquqlarına qanunsuz müdaxilələrdən qorunmaq üçün vergi ödəyicisini səmərəli hüquqi müdafiə imkanları ilə təchiz etməkdən ibarətdir. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərdir. Bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı). Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalı və bütün ziddiyyətli, o cümlədən aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh etməlidir. “İnzibati icraat haqqında” Qanunun 61.4-cü maddəsinə əsasən, inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Cavabdeh inzibati orqan tərəfindən bütün əhəmiyyət daşıyan hallar, habelə vergi ödəyicisi üçün əlverişli hallar araşdırılmamış, aydın olmayan hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməmişdir. Cavabdeh orqan yekun qərarı qəbul edərkən işin həqiqi hallarını hərtərəfli araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.10-cu maddəsinə əsasən, vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 15.1.7-ci maddəsinə əsasən vergi orqanlarından və onların vəzifəli şəxslərindən vergi ödəyicisinə münasibətdə vergilər haqqında qanunvericiliyə riayət olunmasını tələb etmək vergi ödəyicisinin hüquqları kimi təsbit olunmuşdur. Həmin Məcəllənin 24.1.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir.Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 64-cü maddəsində göstərilir ki, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək bildirir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir hüquqi əsası olmadığından təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını yuxarıda qeyd olunan qanunvericilik normaları əsasında qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə ƏDV dəyərini ödəməklə idxal etdiyi mallara münasibətdə yenidən ƏDV hesablamış və bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2024-cü il tarixli, 2-1(120)-2428/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar