Məhkəmə qərarları › İş №2-1(106)-690/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-690/2025

05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-690/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(120)-1876/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarların ləğv edilməsi, artıq ödəmə kimi tutulmuş pulun geri qaytarılması və ödənilməyən aylar üzrə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın, xx.xx.2022-ci il tarixli, 27346 nömrəli qərarının qeyd hissəsinin ləğv edilməsi və artıq ödəmə kimi müəyyən edilərək ondan tutulmuş 1256 manat pul məbləğinin geri qaytarılması və 2022-ci ilin mart, aprel, may ayları üzrə uşağının sağlamlıq imkanlarına görə müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 03 iyul 2025-ci il tarixli, 2- 1(120)-1876/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici sosial müavinətin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının sosial müavinətdən tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir və cavabdeh orqan tərəfindən iddiaçıya ödənilmiş 2360.0 manat pulun geri qaytarılması məhkəmə qaydasında mübahisələndirilməmişdir. Cavabdeh orqan tərəfindən artıqödəmə kimi müəyyən edilmiş 2360.0 manat pul məbləğindən 1256 manat pul məbləğinin tutulmasına münasibətdə iddiaçıya sosial müavinət məbləğinin düzgün hesablanıbhesablanmaması, hesablanmamışdırsa həmin artıq ödəmənin geri qaytarılıbqaytarılmaması ilə bağlı əlavə hüquqi dəyərləndirmənin aparılmasına ümumiyyətlə zərurət müəyyən edilmir. Belə ki, cavabdeh pul tutulmalarının aparılmalı olmasını əsaslı hesab edirsə də, bununla bağlı özü həmin məbləğin tutulması ilə bağlı publik səlahiyyətə o zaman malik olardı ki, buna iddiaçı razılıq vermiş olsun. İnzibati orqan tərəfindən iddiaçıya sosial müavinət ödənilsə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qızı X2 xx.xx.2016-cı ildə anadan olmuşdur. Anadan olduqdan bir müddət sonra onun anadangəlmə serebral iflic xəstəsi olduğu müəyyən olunmuşdur. Həmin zaman sağlamlıq imkanları məhdud statusunun qızının 18 yaşınadək, yəni xx.xx.2034-cü ilə qədər olduğu deyilmişdir. 2022-ci ilin yanvar ayında qızına ödənilən müavinət dayandırılmışdır. O, bunu yalnız müavinətin hər kəsə yükləndiyini öyrəndikdən sonra ATM-ə yaxınlaşdıqdan bir neçə gün sonra bilmişdir. Bunun səbəbini öyrənmək üçün orqana yaxınlaşdıqda, əslində övladının əlilliyinin bir müddət əvvəl dayandırıldığını, lakin hər ay ona ödənişlərin adi qaydada səhvlik nəticəsində ödənildiyi bildirilmişdir. 2022-ci ilin yanvar ayında müavinət dayandırıldıqdan dərhal sonra sənədləri topladıqdan sonra 2022 fevral ayında Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞnə müraciət etmiş, fevral ayının sonlarında bütün prosedurlardan keçmiş, 2 aydan sonra ona məlum olmuşdur ki, tibbi göndəriş Komissiyaya 2 ay yarım sonra göndərildiyi üçün hələ də əlillik təyin olunmamışdır. (hansı səbəbdən gec göndərilməsi ona məlum deyil). 2022-ci ilin may ayının 16-sı müddətli sağlamlıq uşaqları məhdud uşaq statusu təyin olunmuşdur. Müəyyən araşdırmaları etdikdən sonra bu diaqnozla əlilliyin müddətsiz olduğunu öyrənmişdir. Yenə 25 oktyabr 2023-cü il tarixdə göndəriş almışdır, 2023-cü ilin noyabrın 17-də həmin diaqnozla müddətsiz birinci dərəcə əlillik təyin olunmuşdur. 2022 yanvar ayından - 2022- ci ilin may ayının 16-sına qədər olan müddət üçün ödəniş ona ödənilməli olduğu halda heç bir ödəniş ödənilməmişdir. Bütün bunlar azmış kimi 2022-ci ilin iyun ayından başlayaraq 2024-cü ilin yanvar ayınadək müavinətindən tutulmalar aparılmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının övladı X1 xx.xx.2018-ci il tarixdən “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara” müavinət (3 ii müddətinə) təyin ediimiş və əlillik müddətinin bitməsi (xx.xx.2021-ci il) səbəbi ilə xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. MEİS-in “Əlillik" altsistemində olan məlumata əsasən A.Hüseynovanın yenidən əlilliyinin müəyyən edildiyi xx.xx.2022-ci il tarixdən (3 il müddətinə) ona yenidən müavinət təyin edilmişdir. Nəticədə A.Hüseynovanın müavinət ödənişində xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (yenidən əlilliyinin müəyyən edildiyi tarixədək) 1750 manat ədıqödəmə müəyyən edilmiş və bu barədə Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli 27346 nömrəli qərarı qəbul edilmişdir. Qeyd edilən artıqödəmə MEİS-in "Sosial ödənişini" altsistemində olan məlumata əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü ii tarixədək A.Hüseynovanın müavinət ödənişindən tutulmuşdur. Həmçinin İddiaçı təyin edilmiş 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağa qulluq edən şəxs kimi Prezident təqaüdü üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 610 manat artıq ödənilmiş vəsait aşkarlanmış və bu barədə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarı qəbul olunmuşdur. Təkrar müayinə nəticəsində A.Hüseynovaya xx.xx.2023-cü ii tarixdən "ümumi səbəblərdən orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş bəzi kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdün təyin edir (müddətsiz) və hazırda ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan iddiaçının ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Qanunvericiliyin tələbinə əsasən şəxsə artıq ödənilmiş məbləğın qaytarılması ilə bəğlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati aki əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Məhkəmə iclasında cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(120)-1876/2025 nömrəli qərarı tamamilə ləğv edilməli, iddia xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi hissəsində mümkün sayılmamalı, həmçinin tələbin qalan hissəsinə mahiyyəti üzrə qiymət verilməlidir. Belə ki, surəti iş materiallarına əlavə edilmiş: Əlillik altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 xx.xx.2018-ci il tarixdə 3 il müddətinə ümumi səbəbdən əlillik təyin edilmiş, növbəti müayinə xx.xx.2022-ci il tarixdə aparılmış və xx.xx.2022-ci il tarixdən 3 il müddətinə ümumi səbəbdən əlillik təyin edilmiş, həmçinin yenidən müayinə aparılaraq, xx.xx.2023-cü il tarixdən müddətsiz əlillik təyinatı aparılmışdır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarından görünür ki, İddiaçı münasibətdə 18 yaşınadək SİMU qulluq edənlərə Prezident təqaüdü ilə bağlı 759553 nömrəli ərizəyə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş vəsait aşkarlanmışdır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 27346 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən 200 manat sosial müavinət təyin edilmişdir, Qeyd hissəsində göstərilmişdir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək artıq ödənilmiş məbləğin İddiaçı ödənilən müavinətdən tutulması qərara alınmışdır. Göründüyü kimi inzibati orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə artıq ödəmə müəyyən edilmiş, lakin həmin məbləğin tutulması və ya geri ödənilməsi barədə göstəriş verilməmişdir ki, bununla da həmin qərarla iddiaçının hüquqları məhdudlaşdırılmamış, onun üzərinə hər-hansı vəzifə, öhdəlik qoyulmamışdır. Odur ki, sözügedən qərarın ləğv edilməsi iddiaçının hüquqi marağına, çatmaq istədiyi məqsədlərinə xidmət etmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinə bütövlükdə mahiyyəti üzrə qiymət verməkdə haqlı olmamış, iddianın xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi hissəsi istiqamətində mümkünlük şərtləri üzrə hüquqi dəyərləndirmə aparmamış, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(120)-1876/2025 nömrəli qərarı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli qərarının ləğv edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar