Məhkəmə qərarları › İş №2-1(106)-691/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-691/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-691/2025 29.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxs X6 və onun vəkili X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(120)-187/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyinin cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı Aqrar İslahat komissiyasının qərarının etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi cavabdeh Hacıqabul Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Azneft” İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə verilmiş sənaye təyinatlı torpaq sahəsinin Hacıqabul rayonu, Atbulaq kəndində 353056,59; 4417878,09 coğrafi koordinatlarda yerləşən 2.5449 ha-dan ibarət bir hissəsinin X7 və onun ailə üzvlərinə (X8, X14, X10) ayrılmasına dair Hacıqabul rayon Aqrar İslahat komissiyasının 25 noyabr 1997-ci il tarixli, 20 nömrəli qərarının etibarsız hesab edilməsi barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 27 may 2025-ci il tarixli, 2-1(120)- 187/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması, 100 (yüz) manat ekspertiza tədqiqatının dəyərini SOCAR-ın “Azneft” İstehsalat Birliyindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X3, kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22. Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisəyə tətbiq edilməli olan xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları baxımından, həm xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin müddəaları baxımından, həm də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbləri baxımından iddiaçı SOCAR-ın “Azneft” İstehsalat Birliyi hazırki iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) “Azneft” İstehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Hacıqabul rayonu, Atbulaq kəndində, 353056,59; 4417878,09 coğrafi koordinatlarda yerləşən 2.5449 ha-dan ibarət bir hissəsi Hacıqabul rayon Aqrar İslahat komisiyasının 25 noyabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X7 və onun ailə üzvlərinə (X8, X14, X10) verilmiş və Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən JN-353 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi xx.xx.2020-ci il tarixində 4Ə-153 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vətəndaş X1. Sözügedən torpaq sahəsinin hüdudları daxilində 414 saylı, 289 metr məsafəsində 33 saylı, 229 metr məsafəsində 434 saylı və 289 metr məsafəsində 411 saylı işlək neft-qaz quyuları yerləşir. Hacıqabul rayon Aqrar İslahat komissiyasının 25 noyabr 1997-ci il tarixli, 20 nömrəli qərarı ilə göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və İddiaçı-nin Ə.C.Əmirov adına NQÇİ istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarf’nın təsdiq edilməsi haqqında 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Belə ki, neft-qaz quyularından şəxsi tikililərə qədər 300 metr, təsərrüfat obyektlərinə qədər 500 metr, kənd təsərrüfatı obyektlərinə isə 100 metr minimum məsafələr mühafizə zonaları kimi təyin olunmuşdur. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının 02.11,1999-cu il tarixli Qanuna və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda sözügedən torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşın özü üçün həyatı təhlükədir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərar həmin quruma təqdim edilməmiş, həmin qərar barədə digər məhkəmə mübahisəsi zamanı məlumat alınmışdır. Odur ki, qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. Prosessual məsələlər Üçüncü şəxs və vəkili məhkəmə iclasında birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçının nümayəndəsi ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -JN-353, kod 91003018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, alqı-satqı müqaviləsinin və çıxarışın surətlərindən görünür ki, Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə 2.54 ha torpaq sahəsi X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, alqı-satqı qaydasında hazırki üçüncü şəxsə satılmış və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7627 nömrəli ekspert rəyində göstərilir ki:- Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir; Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin ayrılarkən hansı baza məlumatlarına istinad olunması tərəfimizdən araşdırılması mümkün deyil. Hal-hazırda baza məlumatlarında xüsusi mülkiyyətdə olmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin torpaq sahəsi kimi qeyd olunmuşdur; Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil; Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir; Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin koordinatları digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür; Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı ilə X4 və onun ailə üzvlərinə ayrılmış 2.54 ha torpaq sahəsinin koordinatları daxilində SOCAR-a məxsus ləğv olunmuş neft quyusu mövcuddur və rəyə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. -Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahəyə tərəflərin yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ərazidə olan neft qutusu işlək vəziyyətdə deyil, neft hasilatı müəyyən edilmir, ərazidə məişət tullantıları mövcuddur. İddiaçının yerli baxışda iştirak edən əməkdaşının bildirdiyinə görə həmin ərazidə 20 ildən artıq müddətdə neft çıxarılması həyata keçirilməmişdir. -Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarının məzmunundan görünür ki, həmin qərarla “Atbulaq” kolxozunun aqrar islahat komissiyasının təsərrüfatda torpaq islahatının aparılması barədə xx.xx.1997-ci il tarixli 14 saylı və püşkatmanın nəticələri barədə xx.xx.1997-ci il 15 saylı qərarı, həmçinin “Atbulaq” kolxozu təsərrüfatının torpaq islahatına dair kompleks yerquruluşu layihəsi təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün hesab etməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin, vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Aqrar İslahat Komissiyasının qərarının ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən Hacıqabul rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli, 20 nömrəli qərarı “Atbulaq” kolxozunun aqrar islahat komissiyasının qərarının və kolxozun təsərrüfatının torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin təsdiq edilməsi ilə bağlıdır və həmin qərarla üçüncü şəxsə, yaxud hər-hansı subyektə torpaq sahəsi verilməmişdir. Odur ki, həmin qərarın qanuniliyinin araşdırılması iddiaçının hüquqi marağına xidmət etmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(120)-187/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar