Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-692/2025 08.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və nümayəndəsi bağırova Vəfa Sadıx qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(120)-1811/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi- Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0007 nömrəli qərarının ləğv olunması, xx.xx.2024-cü il tarixli tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz orqanizm funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 19 iyun 2025-ci il tarixli, 2-1(120)- 1811/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 91 saylı ekspert rəyində iddiaçıda “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə (F70.1) aşkarlandığı qeyd olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmış, onun müxtəlif səhiyyə müəssisələrində müayinə və müalicələrdə olduğu müəyyən edilmişdir. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2024-cü il tarixli, J00205853AUH nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 7.2.1ci bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona 2000-ci ildə əlillik təyin olunmuşdur, 2018-ci ildə 2-ci qrup əlillik dərəcəsinə görə hər ay 130 manat müavinət müəyyən edilmişdir. Diaqnoz olaraq yüngül dərəcəli əqli gerilik təyin edilmişdir. Hal-hazırda Masallı Rayon Mərkəzi Xəstəxanasında qeydiyyata alınıb. Eyni zamanda Lənkəran şəhərində dispanserdə qeydiyyatdadır. Davamlı olaraq dərman qəbul edir və müalicə alır. Əmək qabiliyyəti olmadığı üçün işləyə bilmir. Üç dəfə Lənkəran Psixatriya xəstəxanasında, üç dəfə Bakı şəhərində müvafiq xəstəxanada müayinə olunmuşdur. Son müayinə xx.xx.2024cü il tarixdə olmuşdur. Akademik M.Ə.Mirqasımov adına “Respublika klinik xəstəxanasında müayinə və müalicə almışdır. Fikrini ifadə edə bilməməsi, qıcolmalar qeyd olunmuşdur. Müayinə nəticəsində erkən yaşdan xəstə olması və psixi inkişafdan geri qalması qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə Lənkəran psixatriya xəstəxanasında olmuş və ona yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb olunması qeyd olunmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyəti sonuncu dəfə Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Qulluq və müalicə tələb edən davranış pozuntusu. İQ-56. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik təyin etməməsi- Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” Səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsinin ekspertiza keçirərkən tibbi-sosial ekspertin iştirakı olmadan ekspertizanı keçirməsi də, məhz orqanizmin funksiyalarının pozulması faizinin, müddətinin və səbəbinin müəyyən olunmasına maneə yaradır. Buna görə də hesab edilir ki, iş üzrə apellyasiya baxışında təkrar məhkəmə-tibbi ekspertizası keçirilməli və iddia tələbinə yenidən qiymət verilməlidir. Prosessual məsələlər İddiaçı və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etmədiklərini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə İddiaçı əlillik təyinatından imtina edilmişdir. -Səhiyyə Nazirliyi Lənkəran Psixatriya Xəstəxanası tərəfindən verilmiş 362 №-li, xx.xx.2023-cü il tarixli rəydə Bağıraova Fatimə-Zəhra Nizaməddin qızının xx.xx.2023-cü il tarixində Lənkəran şəhər Psixatriya Xəstəxanasının baş həkimi tərəfindən müayinə olunduğu, Nəticə: F70.1-Yüngül dərəcə əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntusu ilə. İQ-56 diaqnoz qoyulduğu qeyd olunmuşdur. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 31 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0001 №-li qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdə xx.xx.2021-ci il tarixədək təkrar ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən TSEK-in diaqnozu: Ensefolopatiya, tez-tez baş verən paraksizm tutmaları ilə, nitqin pisixikanın və intellektin pozulması ilə.Fiziki inkişafdan geri qalma.Əlilliyin müəyyən olunması meyarı:2.2.ikinci dərəcə əlillik=>2.2.9.qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beyin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri....Əmək zəmanəti barədə. Ağır fiziki iş əks göstərişdir. Tibbi-sosial yardım və reabilitasiya vasitələri: Dərman alınması. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 91 saylı ekspert rəyində yuxarıda qeyd edilən diaqnozu təkzib edən məlumat yer almamış, əksinə “Yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə (F70.1) aşkarlandığı qeyd olunmuşdur. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıda yüngül dərəcəli əqli geriliyin, davranış pozuntuları ilə (F70.1) olması öz təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.1-ci bəndi (yüngül dərəcəli əqli gerilik İQ 50-69, davamlı psixopatoloji pozuntular olduqda: orta dərəcədə astenik, affektiv, psixopatik təzahürlər, nadir epileptiform paroksizmlər, somatopsixik infantilizm, əlavə somatik və nevroloji patologiyalar, şəxsiyyət dəyişiklikləri) ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. Həmçinin cavabdeh apellyasiya şikayətində ekspertizanın tibbi-sosial ekspertin iştirakı olmadan keçirilməsinin orqanizmin funksiyalarının pozulması faizinin, müddətinin və səbəbinin müəyyən olunmasına maneə yaratdığını qeyd etmişdir. Lakin qeyd edilən ekspert rəyindən görünür ki, şəxsin psixi statusu haqqında əhatəli izah verilməklə, birinci instansiya məhkəməsi tərəfindən qoyulmuş suala tam cavab verilmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, təkrar məhkəmə-tibbi ekspertizası keçirilməsinə ehtiyac yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlinir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2-1(120)-1811/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-692/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-692/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver