Məhkəmə qərarları › İş №2-1(106)-693/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-693/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-693/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(120)-793/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 13 may 2025-ci il tarixli, 2-1(120)- 793/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, şəxsin məhz xidməti barədə məlumatların, həmçinin döyüş əməliyyatlarında iştirakı barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə Qarabağ müharibəsi ilə əlaqədar ordu sıralarına səfərbərlik üzrə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin N oktyabr 1992-ci il tarixli, N nömrəli əmri ilə hərbi hissəyə qəbul edilib, şəxsi heyətin siyahılarına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. Onunla birlikdə torpaqların azadlığı uğrunda erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edən və onun döyüş əməliyyatları bölgəsində olmasını, düşmənlə vuruşduğunu təqdir edə biləcək şahidləri də vardır. Ordudan təxris ediləndən sonra hərbi biletində hərbi hissə komandiri tərəfindən müvafiq qeydlər aparılmamışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya müraciət etsə də, xidməti barədə məlumatları və tələb olunan sənədləri təqdim etməmişdir. Bu halda iddiaçının barəsində müvafiq araşdırma aparılmamış və araşdırmanın nəticəsinə uyğun olaraq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq hər hansı inzibati akt qəbul edilməmişdir. İddiaçının müvafiq sənədlərlə və xidməti barədə dəqiq məlumatlarla Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya müraciət etməsi məqsədəuyğun hesab edilir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu ildən başlayaraq Müdafiə Nazirliyinin “Veteran adı və vəsiqəsinin verilməsi üzrə” Komissiyasının təklif etdiyi sənədləri (mövcud olanları) : Nazirliyin İşlər İdarəsi Mərkəzi Arxivindən aldığı 9/2-1745 saylı, xx.xx.2019-cu il tarixli arayışı, hərbi bilet və şəxsiyyət vəsiqəsinin surətini əlavə edib Komissiyaya göndərmişdir. Döyüş yoldaşları ilə fotoşəkilləri vardır. Həmçinin atası X4 döyüş bölgəsinə gedərək orada iddiaçı ilə görüş hüququ verən Sabirabad rayon Hərbi Komissarlığının xx.xx.1992-ci il tarixli 1 saylı arayış təqdim etmişdir. Hərbi hissənin nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilməməsində onun təqsiri yoxdur. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. -7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -7-ci maddəsinin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin:- -1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. -1-ci hissəsinin 4-cü bəndinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-25-14/2-İ-9xx-xx/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən döyüş əməliyyatlarının aparıldığı dövrdə N nömrəli hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək xidmətinə və qanuni əsaslara ehtiyata buraxılmağına dair məlumat olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-54/2-1078/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-43-90/2-2371/2024 nömrəli sənədinə əsasən bildirilir ki, İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1990-cı il tarixdə keçmiş SSRİ Müdafiə Nazirinin müvafiq əmri əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.1994-cü il tarixdə Daxili İşlər Nazirliyinin xüsusi qeydiyyatına alınması üçün keçmiş Sabirabad rayon hərbi komissarlığı tərəfindən hərbi qeydiyyatdan çıxarılmışdır. (Əsas:qeydiyyat kartası) Vətəndaş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi, N nömrəli hərbi hissədə xidmət keçməsi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən tərxis olması, hərbi xidmət zamanı yaralanması, həmçinin müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti və müraciətə baxılması, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyyətindən azad edilməsi barədə Xidmətin Sabirabad rayon şöbəsində heç bir məlumat aşkar olunmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 2551 nömrəli məktubunda qeyd edilmişdir ki, 839(702) №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 56 №-li əmrində (əsas: §-11, səh-36, sıra-23, əmrdə hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) Sabirabad RHK-ğı tərəfindən səfərbər edilərək hərbi hissəyə göndərilmiş, hərbi hissənin şəxsi heyətinin tərkibinə daxil edilərək bütün növ təminatlara qoyulmuş hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, N №-li hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabında İddiaçı xidməti, döyüş əməliyyatlarında iştirak etməsi, tərxis olunması və yaralanması barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, İddiaçı qanuni əsaslarla ehtiyata buraxılması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı iş materialları ilə təsdiq olunmur. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi atasının döyüş bölgəsində yerləşən hərbi hissəyə gələrək onunla görüşməsi barədə dəlili iş materiallarında olan xx.xx.1992-ci il tarixli arayışla öz təsdiqini tapsa da, bu fakt iddiaçının birbaşa döyüş əməliyyatlarında iştirak etdiyini sübut etmir. Halbuki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbindən görünür ki, “Müharibə veteranı” adının verilməsi şəxsin döyüş əməliyyatlarında birbaşa iştirakı və qanuni əsaslarla ehtiyata buraxılması ilə şərtləndirilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 may 2025-ci il tarixli, 2-1(120)-793/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar