Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-698/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-1(120)-2128/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Kürdəmir rayon Mollakənd Bələdiyyəsinə qarşı torpaq sahəsinin geri alınması və s. tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Kürdəmir rayon Mollakənd Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Mollakənd Bələdiyəsinin fəaliyyətsizliyi nəticəsində, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 14.70 ha torpaq sahəsinin qanunsuz zəbt edilməsi və bu torpaq sahəsinin geri alınması üçün bələdiyyənin heç bir hüquqi tədbir görməməsi, 0.12 ha torpaq sahəsinin geri alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 23 iyun 2025-ci il tarixli, 2-1(120)- 2128/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilik hüquqi və fiziki şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin əldə edilməsinin xüsusiyyətlərini müəyyən etmişdir. İddiaçının almaq istədiyi torpaq sahəsi üzərində ilk öncə bələdiyyə öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almalı və bundan sonra müvafiq hüquq normalarının tələbinə uyğun prosedur hərəkətləri etməklə və notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilə bilər. Məhkəmə iddiaçıya xx.xx.2024-cü il tarixli, 2-1(120)-5017/2024 nömrəli məktub göndərilərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqlarını, yəni subyektiv hüququnun olmasına və yaxud cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların təqdim edilməsinin zəruriliyi izah edilmişdir. Buna baxmayaraq iddiaçı həmin sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Göründüyü kimi qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayonu, Mollakənd kəndindəki bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi, yəni 14.70 ha sahə X3 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bu torpaq sahəsi perspektiv inkişaf fondu torpaqları hesab olunmaqla, Mollakənd bələdiyyəsinin mülkiyyətindədir. İddiaçı Mollakənd bələdiyyəsi X1 zəbt etdiyi torpaq sahəsinin geri alınması üçün bir neçə dəfə 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmiş, lakin mübahisəli sahə ilə bağlı yerquruluşu planının hazırlanması mümkün olmamışdır. X1 icarədə olduğu torpaq sahəsinin icarə müddəti bitdikdən sonra, bələdiyyə tərəfindən bu sahənin geri alınması üçün hər hansı bir iddia qaldırılmamışdır. Bələdiyyə tərətindən xx.xx.2024-ci il tarixdə Kürdəmir rayon Polis şöbəsinə müraciət edilmiş və buna cavab olaraq, Kürdəmir RPŞ-nin xx.xx.2024-cü il tarixli qərarında X3 ilə olan mübahisənin mülki xarakter daşıdığı qeyd edilmişdir. Bələdiyyənin bu torpaq sahəsini geri almaq üçün məhkəmə qarşısında iddia qaldırmaması və bu səbəbdən torpaq sahəsinin istifadəsinin tənzimlənməməsi, bələdiyyənin fəaliyyətində ciddi bir hüquqi boşluq və fəaliyyətsizlik olduğunu göstərir. Bələdiyyə öz mülkiyyətinə aid torpaq sahələrini qorumaq və geri almaq hüququna malikdir. Lakin bu hüququ həyata keçirməkdə laqeydlik və fəaliyyətsizlik göstərərək, X1 torpaq sahəsini zəbt etməsinə icazə verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -Kürdəmir rayon Mollakənd Bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 29 mart 2023-cü il tarixli, 24 nömrəli məktubda qeyd edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-944/2023 saylı məktubunda həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsi üzərində mübahisə olduğundan, yerquruluşu planının hazırlanması mümkün olmadığı bildirilmişdir. Torpaq Qanunvericiliyinə əsasən müvafiq rəylər əldə olunmadan bələdiyyə torpaqlarının ayrılması mümkün deyildir. -Kürdəmir rayon Mollakənd Bələdiyyəsinin birinci instansiya məhkəməsinə ünvanlanmış 19 iyun 2025-ci il tarixli, 14 nömrəli məktubunda bildirilir ki, İddiaçı həyətyanı torpaq sahəsi verilməsi ilə bağlı rəy və ilkin sənədlərin alınması üçün prosedura başlaması barədə Mollakənd Bələdiyyəsinin 13 iyul 2022-ci il tarixli, ümumi iclasında 2 №-li qərar qəbul edilmiş, rəyin, çıxarışın və plan ölçü sənədlərinin alınması ilə bağlı protokoldan çıxarış əlavə olunmaqla 14 iyul 2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət olunmuşdur. Lakin, 16 saylı Ucar Ərazi İdarəsindən xx.xx.2022-ci il tarixli, **********71 saylı məktubla bildirilmişdir ki, nəzərdə tutulan 0.12 ha torpaq sahəsi elektron baza məlumatlarına əsasən JN-9491-2006 nömrəli Torpağın icarəyə verilməsinə dair şəhadətnamə ilə üst-üstə düşdüyü üçün, yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Kürdəmir rayonu Mollakənd kənd sakini X1 21 noyabr 2022-ci il tarixli Notariat qaydada təsdiq olunmuş ərizə ilə Mollakənd Bələdiyyəsinə müraciət edərək, əkinçiliyin inkişafı məqsədilə icarəyə verilmiş 14,78 ha torpaq sahəsinin icarə müqaviləsinin müddəti bitdiyi üçün torpaqdan müvəqqəti istifadə hüququna dair 22 may 2006-cı il tarixli keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona verilmiş seriyası JN, nömrəsi 9494, kodu 90613018 olan Şəhadətnamənin elektron bazadan silinməsinə etiraz etmədiyini və razılığını bildirmişdir. Ona görə də İddiaçı bələdiyyənin digər prespektiv torpaq sahəsindən təklif edilmiş, lakin həmin torpaq sahəsindən imtina etmişdir. Öz növbəsində Mollakənd Bələdiyyəsi vətəndaşın ərizəsini nəzərə alaraq, X2 torpaqdan müvəqqəti istifadə hüququna dair 22 may 2006-cı il tarixli keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş seriyası JN, nömrəsi 9494, kodu 90613018 olan Şəhadətnamənin elektron bazadan silinməsinin DƏDKR publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsindən xahiş etməsi barədə 25 noyabr 2022-ci il tarixli, 22 saylı ümumi iclasında qərar qəbul etmiş və hazırda qeyd edilən torpaq sahəsi elektron bazadan silinmişdir. İddiaçı təkrarən 31 yanvar 2023-cü il tarixdə yenidən Bələdiyyəyə ərizə ilə müraciət edərək, 0.12 ha torpaq sahəsinin ayrılması barədə müraciət etmişdir. Mollakənd Bələdiyyəsi 03 fevral 2023-cü il tarixli, 05 saylı qərar qəbul etmiş, rəyin, çıxarışın və plan ölçü sənədlərinin alınması ilə bağlı protokoldan çıxarış əlavə olunmaqla, 03 fevral 2023-cü il tarixdə 10 nömrəli məktubla Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri HPŞ- nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət olunmuşdur. Təkrarən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri HPŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-36/2-944/2023 saylı məktubla bələdiyyəyə ərizə ünvanlayaraq, bildirmişdir ki, həyətyanı məqsədilə nəzərdə tutulan 0 12 ha torpaq sahəsi üzərində mübahisə olduğundan yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Yenidən DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2- 2412/2024 saylı məktubla bələdiyyəyə ərizə ünvanlayaraq, bildirmişdir ki, həyətyanı məqsədilə nəzərdə tutulan 0.12 ha torpaq sahəsi üzərində mübahisə olduğundan yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Kürdəmir rayonu Mollakənd kənd sakini Bibixanım Həsənovanın adına Mollakənd kənd ərazisində 17.40 ha torpaq sahəsi yoxdur. Lakin, yuxarıda qeyd edildiyi kimi, Bibixanım Həsənovanın adına olan 13,28 ha torpaq sahəsinin icarə müqaviləsinin müddəti bitdiyi üçün elektron bazadan silinmiş, hazırda bələdiyyənin mülkiyyətində olmaqla, hər hansı bır vəzəndaş tərəfindən istifadə olunmur. -DƏDKR publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin 06 iyun 2024-cü il tarixli, 3-21-3-36/2-2412/2024 nömrəli məktubunda bildirilir ki, həyətyanı məqsədilə ayrılması nəzərdə tutulan 0.12 ha torpaq sahəsi torpaq sahəsi üzərində mübahisə olduğundan yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı torpaq sahəsinə dair subyektiv hüququn olduğunu və bu hüququnun pozulmasını əsaslandıra bilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilərək cavabdeh inzibati orqan tərəfindən subyektiv hüququnun pozulmasına dair sübutların təqdim edilməsinin zəruriliyi onun diqqətinə çatdırılmasına baxmayaraq, iddiaçı həmin sübutları təqdim etməmişdir. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun: -6.1-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. -6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. -6.7-ci maddəsinə əsasən Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. -9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -9.7-ci maddəsinə əsasən Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. -56-cı maddəsinin 2-ci bəndinə əsasən Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. -56-cı maddəsinin 4-cü bəndinə əsasən Bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdakı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə; yaşına, xəstəliyinə, ştatların ixtisarına, ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə; müvafiq ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə; müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına. -66.1-ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Şərh olunan normaların tələblərindən göründüyü kimi, qanunvericilik hüquqi və fiziki şəxslər tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin əldə edilməsinin xüsusiyyətlərini və şərtlərini müəyyən etmişdir. Normaların ümumi məcmusundan bu nəticə hasil olunur ki, bələdiyyənin ərazisində yaşayan şəxsin yalnız bələdiyyənin mülkiyyət hüququ qeydə alınmış torpaq sahəsini iddia etmək (almaq, icarəyə götürmək) hüququ vardır. Hazırki halda şəxsin bələdiyyə fonduna aid torpaq sahəsinə dair bələdiyyənin hüquqlarının qeydə alınması, sahənin zəbtdən azad edilməsi ilə bağlı bələdiyyə tərəfindən göstərilən hərəkətsizliyin aradan qaldırılması barədə iddia həmin iddianı qaldırmış şəxsin sübyektiv hüququnun olması zərurətini ortaya qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-1(120)-2128/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-698/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-698/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver