Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-699/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-1784/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququnun yarandığı gündən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 07 iyul 2025-ci il tarixli, 2- 1(120)-1784/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə mübahisəli məsələ xx.xx.1989-cu ildən xx.xx.2003-cü il tarixədək İmişli Rayon İctimai İaşə Birliyində iddiaçının əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. İddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərlə iddiaçının xx.xx.1989-cu ildən xx.xx.2003-cü il tarixədək İmişli Rayon İctimai İaşə Birliyində işləməsi halı müəyyən edilmişdir. Həmçinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün doldurulma qaydasının pozulması iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-xx.xx.1977, xx.xx.1979xx.xx.1980. xx.xx.1982-xx.xx.1987-ci illərdə İmişli rayon X1 Birliyində, xx.xx.1987xx.xx.1989-cu illərdə İmişli rayon Əhaliyə Məişət Xidməti İdarəsində, xx.xx.1989xx.xx.2003-cü illərdə İmişli X1 Birliyində işləmiş və bu hallar əmək kitabçası ilə təsdiq edilir. Ümumilikdə müəssisələrdə işlədiyi 24 il 7 ay 2 gün eləcə də 2 il hərbi xidmət illəri - cəmi 26 il 7 ay 2 gün əmək stajı vardır. xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla belə, ona pensiya təyin edilməyib və sosial müavinət verilir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının ümumilikdə sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən onun xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 11 il 10 ay 16 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək İmişli Rayon İctimai İaşə Birliyində əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının monitorinqi nəticəsində tərtib olunmuş xx.xx.2024-cu il tarixli akta əsasən, İmişli Rayon İctimai İaşə Birliyində saxlanılan əmr kitablarında işə daxil olmağı və işdən çıxmağı barədə məlumatlar müəyyən edilsə də, əmək haqqı cədvəlləri aşkarlanmamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixli akta əsasən sözügedən müəssisənin əmək haqqı cədvəlləri mühafizə olunmaq üçün İmişli Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. X3 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının müvafiq məktubuna əsasən X4 Birliyinin 1992-2001-ci illərə dair hesabat məlumatları iş qovluğunda aşkarlanmamışdır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək (qeydlər üç fərqli şəxs tərəfindən təsdiqlənsə də, eyni imzadan istifadə olunmuşdur, işə daxilolma qeydi latın qrafikalı möhürlə təsdiqlənmişdir) olan dövrün doldurulma qaydası da pozulmuşdur. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Bu səbəblərdən xx.xx.1989-cu il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilini müdafiə etdiyini bildirərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 242 nömrəli arayışında qeyd edilmişdir ki, 1959-cu il təvəllüdlü İddiaçı 28 04.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmişdir. -ИТ-İ №1303600 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977, xx.xx.1979-xx.xx.1980. xx.xx.1982-xx.xx.1987-ci illərdə İmişli rayon X1 Birliyində, xx.xx.1987-xx.xx.1989-cu illərdə İmişli rayon Əhaliyə Məişət Xidməti İdarəsində, xx.xx.1989-xx.xx.2003-cü illərdə İmişli X1 Birliyində əmək fəaliyyəti ilə məşğul olmuşdur. -İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, İmişli rayon Məişət Xidməti İdarəsinin və İmişli rayon X2 Birliyinin sənədləri mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əmək haqqı cədvəllərinin arxivə verilməməsində iddiaçının təqsirinin olmaması barədə qənaəti ilə razılaşır. Həmçinin qeyd olunur iddiaçının əmək fəaliyyəti rəsmi sənəddə (əmək kitabçası) öz əksini tapdığından işlədiyi müəssisələrin sənədlərinin arxivə təhvil verilməməsi halı iddiaçının həmin müəssisələrdə işləməməsi və əmək haqqı almaması qənaətinə gəlmək üçün kifayət etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində əmək kitabçasında 1989-2003cü illər ərzindəki qeydlərin 3 fərqli şəxs tərəfindən təsdiq edildiyini bildirərək, bu halı əmək kitabçasının doldurulma qaydasının pozulması kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, xx.xx.1989-cu il tarixli, xx.xx.1997-ci il tarixli və xx.xx.2003-cü il tarixli qeydlər eyni şəxs - müəssisənin direktoru İ.İmanov tərəfindən imzalanmışdır. Başqa sözlə, əmək kitabçasında aparılan qeydlər müxtəlif şəxslər tərəfindən yazılsa da, yekunda hər biri eyni imza ilə (müəssisənin direktoru tərəfindən) təsdiqləndiyindən əmək kitabçasının doldurulması qaydası pozulmuş hesab edilə bilməz və onun mötəbərliyini şübhə altına alan hal kimi qəbul edilə bilməz. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-1784/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-699/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-699/2025
15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver