Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-70/2023 12.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, İddiaçı nümayəndəsi X8, cavabdeh İmişli rayon Qaralar bələdiyyəsinin nümayəndəsi X3, üçüncü şəxs X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1040/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh İmişli rayon Qaralar bələdiyyəsinə qarşı qərarların ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İmişli rayon Qaralar bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək İmişli rayon Qaralar bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 6 nömrəli; xx.xx.2007-ci il tarixli, 14 nömrəli; xx.xx.2005-ci il tarixli, 7 nömrəli; xx.xx.2005-ci il tarixli, 6 nömrəli; xx.xx.2007-ci il tarixli, 04 nömrəli və xx.xx.2022-ci il tarixli, 01 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1040/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon Cavadxanlı kənd sakinlərindən daxil olmuş çoxsaylı kollektiv müraciətlərdə bələdiyyə mülkiyyətinə aid ümumi örüş torpaq sahələrinin kənd sakinlərinə qanunazidd şəkildə uzun müddətə icarəyə verildiyi qeyd edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Cavadxanlı kəndinin hüdudları daxilində bələdiyyənin mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxemində göstərilmiş eksplikasiya cədvəlində bələdiyyənin mülkiyyətində 272,94 hektar örüş sahəsinin hamısının ümumi istifadədə olduğu qeyd edilsə də, bələdiyyənin müvafiq qərarları ilə, habelə bir neçə halda isə hərrac və ya müsabiqədən kənar qaydada ümumi istifadədə olan torpaq sahələri qanunvericiliyin tələblərinə zidd olaraq kənd sakinlərinə icarəyə verilmişdir. Belə ki, bələdiyyəyə aid 25 hektar torpaq sahəsi bələdiyyənin xx.xx.2005-ci il tarixli, 6 nömrəli qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X2 ayrılmış və onlar arasında xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmçinin bələdiyyəyə aid 4 hektar torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarı ilə əkin məqsədilə X21 ayrılmış və onlar arasında xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmçinin bələdiyyəyə aid 25 hektar torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarı ilə əkin məqsədilə X22 ayrılmış və onlar arasında xx.xx.2007-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmçinin bələdiyyəyə aid 5 hektar torpaq sahəsi bələdiyyənin xx.xx.2007-ci il tarixli, 14 nömrəli qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X16 ayrılmış və onlar arasında icarə müqaviləsi bağlanmışdır. Həmçinin bələdiyyəyə aid 17 hektar torpaq sahəsi bələdiyyənin xx.xx.2005-ci il tarixli, 7 nömrəli qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X10 ayrılmış və onlar arasında xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmçinin bələdiyyəyə aid 25 hektar torpaq sahəsi bələdiyyənin xx.xx.2005-ci il tarixli, 6 nömrəli qərarı ilə heyvandarlığın inkişafı məqsədilə X26 ayrılmış və onlar arasında xx.xx.2005-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmçinin bələdiyyənin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə X11 40 hektar örüş torpaq sahəsi ayrılmış və onlar arasında həmin tarixdə 20 illik icarə müqaviləsi bağlanmışdır. Həmçinin bələdiyyənin xx.xx.2005-ci il tarixli, 06 nömrəli qərarı ilə bələdiyyə mülkiyyətinə aid cəmi 65 hektar örüş torpaq sahəsi X27 ayrılmış və onlar arasında həmin tarixdə 20 illik icarə müqaviləsi bağlanmışdır. Sözügedən bələdiyyə qərarlarının ləğv edilməsi üçün iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli, F-456 nömrəli təklif məktubu göndərilmiş, lakin təklif məktubu bələdiyyənin xx.xx.2022-ci il tarixli iclasında (01 nömrəli protokol) müzakirə olunaraq tələb təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində iddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı nümayəndəsi X17 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçı tərəfindən iddia ərizəsində X10 münasibətdə də bələdiyyə qərarı mübahisələndirildiyi halda, birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək X12 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh İmişli rayon Qaralar bələdiyyəsinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçının barəsində qəbul edilmiş bələdiyyə qərarının ləğv edilməsini istədiyi X30 barəsində İmişli rayon Qaralar bələdiyyəsi tərəfindən qərar qəbul edilməmiş və tərəflər arasında hər hansı icarə müqaviləsi bağlanmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxs X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər X28, X29, X23, X30, X18 və X31 məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən digər üçüncü şəxslər X19, X20, X13, X24, X9 və X25 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək qərarını onunla əsaslandırmışdır ki, İmişli rayon Cavadxanlı (hazırkı Qaralar) bələdiyyəsinin 2005-2007-ci illərdə qəbul etdiyi qərarlar üzrə buna inzibati nəzarəti həyata keçirməli olan və həmin qərarlar qanunvericiliyə uyğun olmadığı halda inzibati nəzarət icraatına başlamalı olan inzibati orqan 15 il müddətində bu qərarları mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 15 il müddətində sözügedən qərarları mübahisələndirməməsi iddianın rədd edilməsi üçün əsas deyildir. Bu, iddianın mümkünlük məsələsinə qiymət verilməsi üçün əsasdır. Həmçinin birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbini dəqiqləşdirilməli, iddiaçının hansı şəxslərə münasibətdə bələdiyyə qərarlarını mübahisələndirdiyini müəyyən etməli idi. Belə ki, iddiaçı iddia ərizəsində X10 münasibətdə də bələdiyyə qərarını mübahisələndirdiyi halda həmin şəxsin birinci instansiya məhkəməsi tərəfindən iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmədiyini qeyd edir. Cavabdeh isə iddiaçının barəsində qəbul edilmiş bələdiyyə qərarının ləğv edilməsini istədiyi X30 barəsində İmişli rayon Qaralar bələdiyyəsi tərəfindən qərar qəbul edilmədiyini və tərəflər arasında hər hansı icarə müqaviləsinin bağlanmadığını qeyd edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi bu halları aydınlaşdırmamışdır. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının tələbini və tələbinin əsaslarını müəyyən etməli, iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranarsa, iddiaçıya hüquqi yardım göstərilməlidir. Həmçinin birinci instansiya məhkəməsi iddiaçı tərəfindən iddia müddətinə riayət edilib-edilməməsi ilə bağlı iddianın mümkünlüyünə qiymət verməlidir. İddia mümkün sayılıb işə mahiyyəti üzrə baxılacağı təqdirdə birinci instansiya məhkəməsi mübahisələndirilən bələdiyyə qərarlarının hansı qaydada icra edildiyini, müvafiq bələdiyyə qərarı və icarə müqavilələri ilə ayrılmış torpaq sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb-alınmadığını, həmin torpaq sahələrinin planı və ölçüsü sənədlərinin olub-olmadığını aydınlaşdırmalıdır. Həmçinin işə mahiyyəti üzrə baxılacağı təqdirdə mübahisələndirilən bələdiyyə qərarları ilə ayrılmış torpaq sahələrinin naturada yerinin, koordinatlarının, sərhədlərinin, qonşularının müəyyən edilib həmin torpaq sahələrinin ümumi istifadədə olan torpaq sahələri olub-olmadığının aydınlaşdırılması üçün məhkəmə ekspertizası təyin edilməlidir. Göründüyü kimi, hazırkı işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmiş birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmamış, mübahisələndirilən bələdiyyə qərarları ilə ayrılmış torpaq sahələrinin ümumi istifadədə olan torpaq sahələri olubolmadığını aydınlaşdırmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da ciddi prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə icraatının davam etdirilməsinə zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)- 1040/2022 nömrəli qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1040/2022 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-70/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-70/2023
12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver