Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-703/2025 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(120)-609/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin vaxtdan ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 31-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 17 iyul 2025-ci il tarixli, 2- 1(120)-609/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. Ekspert rəyindən aydın olur ki, İddiaçı adına əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin Əlavəsində 4-cü və 6-cı bəndlərdə göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixdə imzalanmış K00113982JFB nömrəli göndərişdə qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, xəstəliyinin xroniki olması, xəstəliyin ağırlıq dərəcəsinin orta ağır olması göstərilmişdir. Məhkəmənin bu qənaəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 xx.xx.2024-cü il tarixli, T521/24 saylı ekspert rəyi ilə də təsdiq olunur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əlavədə öz əksini tapmış Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti barədə məlumat cədvəli üzrə “7. Psixi və davranış pozuntuları bölməsi-Sıra №-si 7.6.2, üzvi mənşəli şəxsiyyət pozuntusu- F07.0” bəndi tətbiq edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1992-1996-cı illərdə AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində əsgər kimi həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə, 1994-cü ilin mart ayında döyüş vaxtı yaralanmış və ona “Odlu silah qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, başın sağ gicgah nahiyəsində bir ədəd, sağ almacıq sümüyü proyeksiyasında bir ədəd, qaşarası nahiyədə bir ədəd, sol əlin İ barmağının arxa səthində bir ədəd, sağ əlin İİ barmağının arxa səthində bir ədəd, sağ içəri topuq nahiyəsində üç ədəd köhnə çapıq toxumalar” diaqnozu təyin edilmişdir. Bundan əlavə, o, xx.xx.1996-cı il tarixdə və xx.xx.1996-cı il tarixdə N №-li hərbi hissədə (Gəncə hospitalında) stasionar müayinə və müalicədə olmuşdur və ona “Vertebrobazilyar qan dövranı pozğunluğu” (xx.xx.1996) və “Situasion mənşəli nevrotik reaksiya”(xx.xx.1996) diaqnozu təyin edilmişdir. 2023-cü ildə qeydiyyatda olduğu poliklinikanın Həkim Məsləhət Komissiyasının qərarı ilə əlilliyinin qiymətləndirilməsi məqsədi ilə Tibbi-Sosial Ekspertiza müayinəsinə göndəriş verilmiş və həmin göndəriş ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsisteminə ötürülmüşdür. Lakin cavabdeh xx.xx.2023-cü il tarixdə keçirdiyi qiymətləndirmə ilə ona imtina cavabı vermişdir. İmtina cavabı ona xx.xx.2023-cü il tarixdə məlum olmuşdur. İmtinanı əsassız və qanunsuz hesab edir. Hesab edir ki, cavabdeh onun diaqnozlarına uyğun düzgün qiymətləndirmə aparmamış və ona imtina vermişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Neftçala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Hərbi əməliyyat nəticəsində, partlayış zamanı kəllə beyin travması. Bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpələri.(1994)”;.Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2020ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0234003AAMJL nömrəli xx.xx.2021-ci il tarixli göndəriş əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2018-ci il tarixli 993 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra ba$ın arxa ənsə nahiyəsində bir ədəd, basın sağ gicgah nahiyəsində bir ədəd, sağ almacıq sümüyü proyeksiyasında bir ədəd, qasarası nahiyədə bir ədəd, sol əlin İ barmağının arxa səthində bir ədəd, saq əlin İİ barmağının arxa səthində bir ədəd, saq içəri topuq nahiyəsində üç ədəd köhnə çapıq toxumalar" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, əsəbilik, yuxusuzluq, təngnəfəslik, sol yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında baş travması aldığını, əsəbləşən zaman ətrafdakı əşyalara zərər vurduğunu, bir neçə dəqiqə anlaqsız vəziyyətdə olduğunu bildirmiş, qəbul etdiyi medikamentoz preparatların adlarını söyləyə bilməmişdir. Müayinə zamanı başın ənsə nahiyəsində, sol əlin V barmağında, sağ baldırın aşağı 1/3-də çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, dayaq-hərəkət funksiyası və əlin tutma funksiyası pozulmamış, əlin iç səthində qabarlar müşahidə edilmişdir. Vətəndaş kəllə-beyin travması aldığını bildirsə də, təqdim olunmuş hərbi qərarda kəlləbeyin travması haqqında məlumat öz əksini tapmamış, habelə baş-beynin instrumental müayinə nəticəsi kəllə-beyin travmasını təsdiq etməmiş, buda psixi sənədlərdə qeyd olunmuş diaqnozların üzvi əsasını təkzib etmişdir. Həmçinin təqdim olunmuş epikrizlərdə qıcolma tutmaları haqqında məlumat qeyd olunsa da, vətəndaş bu xəstəlik ilə bağlı heç bir şikayət bildirməmişdir. Hazırda psixi sferasında psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 490 nömrəli Tibbi rəyində diaqnoz ”Postravrnatik ensefalopativa (1994-cü ildə döyüş tapşırıqlarını verinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində barotravma və baş nahiyyəsində qəlpə varası) nəticəsində ifadəli şəxsiyyətin dəyişikliyi. Yaddaş və intellektin enməsi, funksional tutmalarla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023xx.xx.2023-cü il tarixli 4967/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 4308 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10517052 nömrəli Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Müayinə antikonvulsant fonunda aparıldı nəticə-rezidual orqanik tipli EEQ orta strukturlar aktivdir bisinxron əsasən saqda alın gicgah ənsədə paroksizm aşkar edildi. Ocaq aktivdir. Ocaqda sönmə yoxdur; antikonvulsant təyininin davam etdirilməsi məsləhətdirJ' kimi qeyd edilmişdir. ARAN Regional Klinikasının xx.xx.2023-cü il tarixli MRT müayinəsinin nəticəsi “İntrakranial orqanik patologiya izlənilmir. Sinusit əlamətləri" kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə əsaslanmışdır, halbuki iki ekspert rəyi arasında ziddiyyətlər mövcuddur, şəxsin əyani müayinəsində yetərincə peşəkar təcrübəli həkim mütəxəsisslər tərəfindən əyani müayinə nəticəsində əldə edilən məlumatlara məhəl qoymadan iddiaçının maraqlarına uyğunlaşdırılmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Diaqnozdakı xəstəliyin ağırlaşmalarının olmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında şikayətin dəlillərini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının barəsində verilmiş tibbi göndərişdə orqanizmində olan patofunksional pozuntunun XBT kodu F07 qeyd edilməsinə baxmayaraq, ekspertiza tədqiqatı nəticəsində F06.6 qeyd edilmişdir ki, bu halda təmsil etdiyi qurum tərəfindən əlillik təyinatından imtina edilməlidir. Çünki TSEK yalnız tibbi göndərişdə qeyd edilmiş pozuntulara münasibətdə rəy bildirir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 Həkim Psixiatr Komissiyasının 207 №-li, xx.xx.2023-cü il tarixli rəyinə əsasən, İddiaçı “Üzvi şəxsiyyət pozuntu, koqnitiv funksiyaların enməsi ilə F 07.0” diaqnozu qoyulmuşdur. -Cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli, 2P3VVR550009 saylı qərarı ilə İddiaçı “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 xx.xx.2024-cü il tarixli, T521/24 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli K00113982JFB saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “əsas diaqnoz: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Hərbi əməliyyatlar nəticəsində partlayış zamanı kəllə beyin travması. Bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpələri. Ağırlaşma: Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi şəxsiyyət pozuntusu, koqnutiv funksiyaların enməsi ilə” xəstəlikləri xəstə stasionarda müalicədə olarkən kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış onların səmərəliliyi, proqnozu qənaətbəxş olsa da, əyani müayinə zamanı aşağı ətraflarda ağrılardan, dizinin şişməsindən, ifrazat və cinsi funksiyanın pozulmasından şikayətlənmiş, anamnezində xidmətdə olarkən difteriya keçirməsi və altı ay tertaparez vəziyyətdə qaldığı ifadə edilmiş, aşağı ətraflarda reflekslər normal alınmış, əzələ gücü və tonusu tam olmuş, iflic, parez, atrofıya izlənsə də, instrumental və obyektiv müayinədə əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilmədiyindən əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Aparılan müayinələrin nəticələri əsaslnda əldə edilmiş diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin, xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur. -Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 142 saylı, xx.xx.2025-ci il tarixli rəyinə əsasən, İddiaçı xx.xx.2025-ci il tarixdə Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunub. İddiaçı diaqnoz: “F07.0 Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaları enməsi ilə” qoyulmuşdur. Ambulator müalicə tövsiyə edilir. -Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X4 X7 xx.xx.2025-ci il tarixli, 3939 saylı rəyində bildirilir ki, İddiaçı üzvi emosional-labil (astenik) pozuntu, funksional tutmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu – F06.6) müəyyən edilir. İddiaçı Forma 088-də göstərilmiş diaqnoz – “Üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozlu psixi pozuntu aşkar edilmir, onda hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu, funksional tutmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Hazırki müayinə zamanı yoxlanılan şəxsin davranışının adekvat olması, verilən suallara sakit tərzdə müvafiq cavablar verməsi, sorğu-sual gedişatında şikayətlərinin nevrotik və funksional xüsusiyyətli olması İddiaçı üzvi emosional-labil (astenik) pozuntu, funksional tutmalarla diaqnozunun müəyyən edilməsinə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli ekspert rəyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. Agentlik hazırki iş üzrə cavabdeh qismində çıxış etdiyindən gəlinmiş nəticədə həmin qurumun nümayəndələrinin maraqlı olması ehtimalını, həmçinin Məhkəmə-X4 PHŞ-in bu sahə üzrə ixtisaslaşmış müəssisə olmasını nəzərə alaraq, məhkəmə kollegiyası həmin qurumun 20 noyabr 2025-ci il tarixli, 3939 saylı rəyini daha mötəbər və inandırıcı hesab edir. Həmin rəydə iddiaçıda “üzvi emosional-labil (astenik) pozuntu, funksional tutmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası həmçinin cavabdehin nümayəndəsinin məhkəmə iclasında geyd etdiyi dəlilə münasibətdə qeyd edir ki, Nazirlər kabinetinin yuxarıda qeyd olunan 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarlarda F06 və F07 XBT kodları eyni bənddə, yəni 7.6.2-ci bənddə “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” və “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” kimi təsnif edilmişdir və bu xəstəliklərin hər ikisi şəxsin psixoloji durumu ilə bağlı olmaqla, ağırlaşmaları da eyni alt bəndddə göstərilmişdir. Başqa sözlə, tibbi göndərişdə patofunksional pozuntunun XBT kodunun F.06 göstərildiyi halda ekspert rəyi ilə kodun F.07 müəyyən edilməsi cavabdehə həmin kodlar üzrə əlillik təyin etməsinə mane olan hal deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(120)-609/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-703/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-703/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver