Məhkəmə qərarları › İş №2-1(106)-705/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-705/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-705/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(120)-2243/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və həmin vaxtdan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 31-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 24 iyul 2025-ci il tarixli, 2- 1(120)-2243/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının V00225344VHY saylı, xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, xx.xx.2024-cü il tarixdə imzalanmış göndərişə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin vaxtdan İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 31-60 % olmaqla əlilliyin müəyyən edilməsi (bu barədə müvafiq qaydada qərar qəbul edilməklə) öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Beləliklə, iddiaçıda hazırda mövcud olan xəstəliklərlə, 2017-ci il tarixdən əlilliyin təyinatına mövcud olan xəstəliklər eyniyyət təşkil etmişdir. İş materiallarından əvvəlki tarixdən təyin edilmiş əlilliklərin səhv olması, ləğv edilməsi barədə hər hansı hal müəyyən edilmir. Nəzərə alınmalıdır ki, əlilliyin müddətli təyin edilməsinin mahiyyəti həmin xəstəliklərin reabilitasiyası ilə bağlıdır ki, iddiaçının 2017-ci il tarixdən mövcud olmuş xəstəliklərinin sağalmadığı, iş materialları ilə müəyyən edilir. Cavabdeh orqan tərəfindən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin əlilliyin təyinatına əsas olmamasına istinad etmişdir. Halbuki, əlilliyin müəyyən müddət üçün təyinatı əsası həmin müddət çatdıqda onun sağalıb-sağalmamasının yoxlanılmasıdır ki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2017-ci il tarixli göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmin diaqnoz digər səhiyyə müəsissəsi tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnozlar (“1. Tənəffüs sistemi orqanlarının xəstəlikləri bölməsi-Sıra №-si 1.1.1 tənəffüs sistemi orqanlarının digər xəstəlikləri-, J44.8; J95-J99- 1.1.1.1.təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; 1.1.7.tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadları- B90.9-1.1.7.1. İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (bronxoektaziya, fibroz, fibrozlu-ocaqlı, bulloz-distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə nəticələri)) müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırki iddia tələbi əsaslıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının Müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-ci ilin fevral ayında Lələtəpə istiqamətində bir neçə dəfə ağır xəstələnmiş, xx.xx.1994-ci ildə Mərkəzi Hərbi Hospitala yerləşdirilib, orda müayinə olunub və orda vərəm xəstəliyi aşkar edilib. xx.xx.1995-ci ilə qədər müalicə almış tam sağalmamışdır. Ordu sıralarından azad edilərək 1995-ci ildə Hərbi xidmət dövrü müddətli əlillik təyin olunub. 2004-ci ildə müddətsiz əlillik verilib, xx.xx.2001-ci ildə Azərbaycan Respublikasının Müdafiəsi zamanı Hərbi travma alması barədə Qərar qəbul edilmişdir. 2017-ci ilə qədər Hərbi xidmət dövrü ikinci qrup müddətsiz əlillik verilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli qərarında hərbi travmasının olması və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması qeyd edilmişdir. xx.xx.2022-ci ildən əlilliyiə görə aldığı pensiya dayandırılmışdır. xx.xx.2024-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən heç bir müayinə aparılmadan ona imtina verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Ağciyərin yuxarı paylarının fibrozkavernoz vərəmi, stabilləşmə dövrü, VMB (-). Ağciyərin xroniki obstruktiv xəstəliyi. Qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozuntusu. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi lazımi qaydada araşdırmayaraq, ekspertiza təyin etmədən şəxsin hazırda həmin xəstəlikdən əziyyət çəkdiyini bildirərək, şəxsin əyani müayinəsində yetərincə təcrübəli həkim mütəxəsisslər tərəfindən əyani müayinə nəticəsində əldə edilən məlumatlara məhəl qoymadan iddiaçının marağlarına uyğunlaşdırılmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci tarixli, 867 nömrəli qərarına əsasən, Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1994-cü ildə MN Mərkəzi Hərbi Hospitalında müayinə olunduğu və xx.xx.1995-ci ildə MN Mərkəzi Hərbi Hospitalın terapiya profilli Hərbi-Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik- diaqnoz: “Hər iki ağ ciyərin yuxarı payının infiltrativvərəmidağılma mərhələsində KB (-) mənfi” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin xx.xx.2017-ci il tarixli 253 nömrəli göndərişi, 18İ04.2017-ci il tarixli 119 nömrəli arayışı, Müdafiə Nazirliyi Mərkəzi Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2001-ci il tarixli ekspert rəyi, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.1995-ci il tarixli 243 nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, azərbaycan respublikasının müdafiəsi zamanı alınmışdır” olduğu qeyd olunur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı barəsində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə 5 il müddətinə ilkin ikinci dərəcəli əlillik (2.2 İkinci dərəcə əlillik => 2.2.3.Ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-16.9, J96-J96.9) qeyd edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, ********** nömrəli qərarının məzmunda qeyd edilmişdir ki, İddiaçı barəsində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 27 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Biləsuvar rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 867 Xəstəlik haqqında Qərar verilmişdir. Həmin qərarda “Hər iki ağciyərin yuxarı payının infiltrativ vərəmi dağılma mərhələsində KB (-) mənfi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanıalınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslikdən, boğulma, bəlğəmli öskürəkdən şikayətlənmiş, auskultasiyada vezikulyar tənəffüs eşidilir, tənəffüs keçiriciliyi simmetrikolmuş,saturasiya SpO2-96-97% olmuş, əlillik təyinatına əsas verən tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Təqdim edilmiş X1 İnstitutunun xx.xx.2022-ci il tarixli Tibbi rəydə diaqnoz “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Keçirilmiş sol ağ ciyərin vərəmindən sonrakı galıg-fibroz bərk ocaqlar şəklində” kimi, xx.xx.2022-ci il tarixli 10238 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur” kimi qeyd edilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş“Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -Şirvan İnzibati Məhkəməsinin müvafiq ekspertiza təyini barədə xx.xx.2025-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 X8 xx.xx.2025-ci il tarixli, 3-28/-9/2-447/2025 nömrəli məktubunda bildirilir ki, İddiaçı "Ağciyərinlərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli. Kəkinləşmə mərhələsi. Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlaməti - fibroz və bərk ocaqlar şəklində. Qarışıq tipli ağır ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur və bu xəstəlikdən də əziyyət çəkir. Bu xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinin verilməsində əsas verib-verməməsi İnstitutun səlahiyyətlərinə aid deyil. Hazırki vəziyyətdə iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, N° 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2-ci hissəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsi İnstitutun səlahiyyətlərinə aid deyil. İddiaçı əyani müayinə zamanı müvafiq XBT-10 kodları göstərilməklə xəstəliyinin: Diaqnoz - J44.8 - Ağciyərlərin xroniki obstruktiv xəstəliyi. Orta ağır gedişli. Kəskinləşmə mərhələsi. B90.9 - Keçirilmiş ağciyər vərəmindən sonrakı qalıq əlaməti - fibroz və bərk ocaqlar şəklində. J96.1 - Qarışıq tipli ağır ventilyasiya pozğunluğu. İddiaçı aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə zərurət vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -1.1.7-ci bəndinə əsasən tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadları (B90.9); -1.1.7.1-ci bəndinə əsasən İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (bronxoektaziya, fibroz, fibrozlu-ocaqlı, bulloz-distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə nəticələri) orqanizmin funksiyalarının pozulması faizi 35-60 % olmaqla, 2 il müddətə əlillik təyinatına əsas verir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Yuxarıda qeyd edilən mütəxəssis rəyində iddiaçıda tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin qalıq fəsadlarının (B90.9) olması təsbit edilir. Əvvəla qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi həmin xəstəliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.7.1-ci bəndində qeyd edilmiş İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs orqanlarının vərəminin və dəqiqləşdirilməmiş vərəmin gecikmiş fəsadları (bronxoektaziya, fibroz, fibrozlu-ocaqlı, bulloz-distrofik, kalsinatlar, plevropnevmoskleroz, sirroz, cərrahi müdaxilə nəticələri) ilə eyniləşdirməklə düzgün nəticəyə gəlsə də, “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.7.1-ci bəndində orqanizmin funksiyalarının pozulması faizi 35-60 % olaraq qeyd edilmiş və orqanizmin funksiyalarının pozulması müddəti 2 il müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddianı təmin edərkən “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.7.1-ci bəndinə istinad etsə də, orqanizmin funksiyalarının pozulması faizini 31-60 % olaraq göstərmiş və əlilliyin hansı müddətə təyin edilməsini qeyd etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən pozuntuları “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.7.1-ci bəndinə uyğunlaşdırmaqla düzgün nəticəyə gəlsə də, orqanizmin funksiyalarının pozulması faizini 31-60 göstərməklə və əlilliyin müddətini ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(120)-2243/2025 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin və həmin tarixdən İddiaçı orqanizmin funksiyalarının 35-60 %-nin pozulmasına görə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar