Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-708/2025 20.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlu oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və onun vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-1(120)-2847/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə cavabdeh orqan tərəfindən ona təyin edilmiş, lakin ödənişi dayandırılmış güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı gündən, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün alınmamış məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 23 iyun 2025-ci il tarixli, 2- 1(120)-2847/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə söhbət əmək pensiyasının təyin edilməsindən və ya onun yenidən hesablanmasından deyil, iddiaçıya vaxtilə (xx.xx.2021-ci il tarixdən əvvəl) təyin edilmiş, lakin ödənişi cavabdehin təqsiri üzündən əsassız dayandırılmış pensiyanın ödənişinin dayandırıldığı vaxtdan bərpasından gedir. Həmin vaxtdan sonra qanuna edilmiş dəyişikliklər isə iddiaçının əvvəllər əldə etdiyi hüquqlara xitam verməmişdir. Buna görə də pensiyanın ödənişi onun dayandırıldığı vaxtdan başlayan bütün müddəti əhatə edir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xüsusi rütbəli şəxş kimi ilk dəfə 27 dekabr 2016-ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 aprel 2017-ci ildə təkrar xidmətə qayıtdığı üçün əmək pensiyası əsassız olaraq dayandırılmış, 2024-cü ildə təkrar xidmətdən tərxis olunmuş və ona pensiya təyin edilmişdir. Lakin pensiya məbləği az olduğu üçün Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Vaxtilə dayanmış olan pensiyası müraciətinə əsasən bərpa edilmiş və ötən dövr üzrə almadığı pensiya yalnız üç il üçün hesablanmışdır. Baxmayaraq ki, ümumiyyətlə pensiya dayandırılmamalı idi. Əmək pensiyaları haqqında Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 37.3.5-ci maddəsində aydın şəkildə göstərilmiş, bunu aiddiyyəti qurum qoşma kimi əlavə etdiyi məktublarında da qeyd etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş İddiaçı dair məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq, ona 27 dekabr 2016-cı il tarixdən 37 il 9 ay 29 gün xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. İddiaçının Daxili İşlər Nazirliyində yenidən xidmətə cəlb olunması ilə əlaqədar pensiya ödənişi 1 aprel 2017-ci il tarixdən dayandırılmışdır. Qanunun 37.3.4-cü maddəsinin 01 07.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. Qanunun 37.3.4-cü maddəsinin "qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək Qanunun 20-cı maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Qanunun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Eyni zamanda, iddiaçının 2 mart 2024-cü il tarixdə tərxis olunması ilə əlaqədar sonuncu xidmət etdiyi qurum tərəfindən Mərkəzi Filiala daxil olmuş yeni məlumat vərəqinə əsasən pensiya ödənişi 2024-cü ilin aprel ayında bərpa edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, 25 dekabr 2024-cü il tarixdə daxil olmuş müraciətində qeyd etdiyi dövr Mərkəzi Filiala müraciət edilən xx.xx.2024-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş üç il müddətindən daha çox dövrü əhatə edir. Buna görə də qeyd edilən dövr üzrə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçı əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi 3 mart 2024-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə həmin tarixdən yenidən hesablanaraq 1692,42 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış ümumilikdə 40271,71 manat pensiya məbləğinin 1103,17 manat hissəsi 2024-cü ilin avqust ayında ona ödənilib, qalan 39168,54 manat fərq məbləğinin Mərkəzi Filiala müraciəti nəzərə alınaraq xx.xx.2024xx.xx.2025-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulub. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.1. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və deputat kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq deputatlar (məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında deputat mandatından məhrum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyinə görə deputat səlahiyyətlərini itirmiş deputatlar istisna olmaqla); 20.1.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və sabiq deputatı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və sabiq deputatı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.3. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri; 20.1.3-1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər; 20.1.4-1. hakim və ya hakim kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); 20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.6. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan sabiq Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman); 20.1.6-1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və sabiq müvəkkili (ombudsman) vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Azərbaycan Respublikası Audiovizual Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri; 20.1.10. bu qanunun 20.1.9-cu maddəsində nəzərdə tutulmuş şəxslər və ya həmin şəxslər sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə, onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 20.1.15. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan ədliyyə işçisi, yaxud ədliyyə işçisi kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. 20.1.16. Əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikası Hesablama Palatasının üzvü kimi azı səlahiyyət müddətinin yarısı qədər sığorta stajı olan Azərbaycan Respublikası Hesablama Palatasının sabiq üzvləri; 20.1.17. Azərbaycan Respublikası Hesablama Palatasının üzvü və sabiq üzvü vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. 20.1.18. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş miqrasiya orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş miqrasiya orqanları işçiləri istisna olmaqla); 20.1.19. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanının işçisi, yaxud miqrasiya orqanının işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.1.20. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla); 20.1.21. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan fövqəladə hallar orqanının işçisi, yaxud fövqəladə hallar orqanının işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri. -37.3.4-cü maddəsinə əsasən bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində, digər hallarda isə tam məbləğdə ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37.3.4-cü maddənin birinci cümləsində “20.1.1-20.1.10-cu və 20.1.14-cü-20.1.21-ci” sözləri “20.1.1-20.1.21-ci” sözləri ilə əvəz edilmişdir və həmin cümlədən “, digər hallarda isə tam məbləğdə” sözləri çıxarılmışdır, ikinci cümləsində birinci mötərizədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir, ikinci mötərizədən “20.1.3-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözləri çıxarılmışdır və həmin mötərizəyə “20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözlərindən sonra “20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə,” sözləri əlavə edilmişdir. -37.3.5. bu qanunun 20.1.11-ci—20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir. Qeyd. 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 37.3.5-ci maddə ləğv edilmiş, həmçinin 37.3.4-cü maddəyə əlavə və dəyişikliklər edilmişdir. Həmin Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir. -32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. -32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin faktiki hallarında və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçıya 27 dekabr 2016-cı il tarixdən 37 il 9 ay 29 gün xidmət müddətinə görə xüsusi rütbəli şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmiş, yenidən xidmətə cəlb olunması ilə əlaqədar pensiya ödənişi 1 aprel 2017-ci il tarixdən dayandırılmış, 2 mart 2024-cü il tarixdə tərxis olunması ilə əlaqədar pensiya ödənişi 2024-cü ilin aprel ayında bərpa edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Hazırki mübahisə üzrə iddiaçının hüquqi marağı pensiya ödənişinin dayandırıldığı vaxtdan bərpa edilməsi və müvafiq dövr üzrə ödənilməyən pensiya məbləğinin ona ödənilməsindən ibarətdir. Lakin iddiaçı pensiyanın faktiki olaraq dayandırıldığı 1 aprel 2017-ci il tarixdən pensiyanın bərpasını tələb etməmiş, nəhayət 2024-cü ildə tərxis olunduqdan sonra cavabdeh tərəfindən pensiya ödənişi davam etdirilməklə, 3 il geriyə ödənilməyən məbləğin ona ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin yuxarıda şərh olunan normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2017-ci il tarixdən müvafiq ödənişi almaq hüququ olmamışdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2-1(120)-2847/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-708/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-708/2025
20.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver