Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-709/2025 17.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(120)-3376/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı qərarının ləğv edilməsi və həqiqi hərbi xidmətə yararlı hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmətə yararsız hesab edilməsi barədə cavabdeh SHXÇDX-nin Hacıqabul rayon şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və onun həqiqi hərbi xidmətə yararlı hesab edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 17 iyul 2025-ci il tarixli, 2- 1(120)-3376/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəyi ilə iddiaçı hərbi xidmətə yararlı hesab edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019 cu il tarixdə komissiyadan keçmiş və hərbi xidmətə yararlı olmuşdur. 19 yanvar 2024-cü il tarixdə “Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” 16458 nömrəli sağlamlıq vəziyyətinin müəyyən edilməsi haqda SHXÇD-nin xx.xx.2024-cü il tarixli 176 nömrəli göstərişi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər stasionar müayinədə olmuşdur. Müayinənin nəticəsi hər iki pəncədə deformasiya baxışıda ikitərəfli əlamətlər qeyd edilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə həqiqi hərbi xidmətə yararlı olmağı barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müayinədə olmuş müayinə nəticəsində hərbi xidmətə yararlı “olmamağı” barədə komissiya qərar qəbul etmişdir. Bundan sonra hərbi xidmətə yararsız hesab edilməsi barədə cavabdeh SHXÇDX-nin Hacıqabul rayon şöbəsi xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməlidir. Belə ki, “Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanası” 16458 nömrəli sağlamlıq vəziyyətinin müəyyən edilməsi haqda SHXÇD-nin xx.xx.2024-cü il tarixli 176 nömrəli göstərişi ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər stasionar müayinədə olmuş müayinə nəticəsi dərəcəsi Həqiqi-hərbi xidmətə yararlı olmağı qeyd edilmişdir. Lakin cavabdehin sözügedən qərarı isə həqiqi hərbi xidmətə yararlı olmamağı barədə ədalətsiz olaraq qəbul etmişdir. Hazırda heç bir xəstəliyi yoxdur, tam sağlam və hərbi xidmətə yararlıdır, buna görə də cavabdeh onu xəstəliyi olmadığı halda xəstə kimi göstərmiş, bu barədə qərar qəbul etmiş, və həmin qərar qərəzli olaraq ona verilməmişdir. Cavabdeh inzibati orqan iddiaya qarşı rəsmi etiraz və ya mülahizə təqdim etməmişdir. Üçüncü şəxsin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı barəsində əsas M21.5 XBT kodu, “Qazanılma caynağabənzər əl, çəpəllik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik)” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəliklər cədvəlinin” 61-ci maddəsinin (Qazanılma caynağabənzər əl, çəpəllik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik) ) “B” bəndinin 1-ci qrafasının “C” kateqoriyası üzrə və əlavə İ 86.1 XBT kodu, “Xayalıq venalarının varikoz genəlməsi” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Xəstəliklər Cədvəlinin” 42-ci maddəsinin (Aortanın, magistral və periferik arteriyaların və venaların, limfa damarlarının xəstəlikləri və zədələnmələrinin nəticələri:.) “D” bəndinin 1-ci qrafasının “Ç” kateqoriyası üzrə rəy təsdiqlənərək müvafiq göndəriş (forma 44) formalaşdırılmışdır. Bundan sonra iddiaçı yekun tibbi müayinəsinin həyata keçirilməsi üçün Agentliyə yaxınlaşaraq qəbul həkiminə yönləndirilmişdir. Yekun tibbi müayinə zamanı əsas xəstəlik üzrə: Diaqnoz: Maddə 61 Yastıayaqlılıq və ayağın digər deformasiyaları: DTSERA-da aparılan klinik, instrumental müayinələrə, qəbul həkiminin rəyinə əsasən “Funksiyanın mühüm dərəcədə pozulması ilə sağ tərəfli boş pəncə” diaqnozu təyin olunur. Maddə 61. Bənd a. Kateqoriya D Yanaşı xəstəlik üzrə: Maddə 42: Xayalıq venalarının varikoz genəlməsi diaqnozu. DTSERA-da aparılan klinik, instrumental müayinələrə, qəbul həkiminin rəyinə əsasən, “İki tərəfli varikoselektomiya əməliyyatından sonrakı dəri çapığı” diaqnozu təyin olunur. Maddə tətbiqinə əsas yoxdur. Qəbul həkiminin obyektiv müayinəsi nəticəsində D-z: Yastıayaqlılıq və ayağın digər deformasiyaları: və Xayalıq venalarının varikoz genəlməsi diaqnozları təyin edilmiş və Əsasnaməyə uyğun olaraq çağırışçının sağlamlıq vəziyyətinə dair rəy formalaşdırılmış və həmin rəy tibbi müayinə nəticələri və digər sənədlər əlavə edilməklə yekun tibbi müayinəyə dair qərarın qəbul edilməsi üçün müvafiq Tibbi qiymətləndirmə komissiyasına göndərilmişdir. Çağırışçıya müayinə nəticələri əsasında yastıayaqlılıq və ayağın digər deformasiyaları və xayalıq venalarının varikoz genəlməsi diaqnozları təyin edildiyi üçün tibbi qiymətləndirmə komissiyası tərəfindən hərbi xidmətə yararlılığının göndərişdə qeyd edilən kateqoriya üzrə deyil, “Xəstəliklər Cədvəlinin” 61 və 42-ci maddəsi üzrə-daha ağır qiymətləndirilərək fərqli kateqoriya üzrə təsdiq barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Çağırışçıya təyin edilmiş diaqnozlar üzrə ona dair müvafiq 42-ci və 61-ci maddələr üzrə qərar qəbul edilməsi tam qanunidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2023-cü il tarixli 2317 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir. Bu baxımdan Xidmət hazırki iddiaya cavab verməli olan orqan deyil. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir. İddiaçı şikayətin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2019-cu il tarixli, İQ № 174539 nömrəli İlkin Hərbi Xidmətə qeydiyyata alınma haqqında vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə İlkin Hərbi Xidmətə qeydiyyata alınma Komissiyasının qərarı ilə “Hərbi Xidmətə yararlı” hesab edilmişdir. -Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, İddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər Cədvəli”nin 42-ci maddəsinin qrafa 1, bənd D, Ç kateqoriyasında qeyd olunan “Xəyalıq venalarının varikoz genəlməsi” və həmin Cədvəlin 61-ci maddəsinin qrafa 1, bənd B, C kateqoriyasında qeyd olunan “Qazanılma caynağabənzər əl, çəpəlik, boş pəncə (yüksək tağla) və pəncənin əyriliyi (əyripəncəlik)” diaqnozu qoyulmuşdur. - Cavabdeh (yerli komissiyanın) qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı “Xəstəliklər Cədvəli”nin 61A maddəsi üzrə “Yastıayaqlılıq və ayağın digər deformasiyaları:-a) funksiyaların mühüm dərəcədə pozulması” diaqnozu ilə həqiqi hərbi xidmətə yararsız hesab edilmişdir. Qərarın məzmunundan görünür ki, qərar Mərkəzi Hərbi Həkim Komissiyasının və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yekun tibbi rəyləri əsasında qəbul edilmişdir. -Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, T 454/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 2003-cü il təvəllüdlü İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı “MN Baş Klinik Hospital”a həkimmütəxəssislərin müayinəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixdə aparılmış (əyani və rentgen) müayinələrin nəticəsində ona MN Baş travmatoloqu tərəfindən “Sağlam” diaqnozu müəyyən edilmişdir. Qeyd edilən diaqnoza uyğun olaraq İddiaçı hərbi xidmətə yararlıdır kimi qiymətləndirilir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan qanunvericilik normaları baxımından aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2023-cü il tarixli 2317 nömrəli Fərmanının 1-ci bəndinə əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı aşağıdakı qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi (bundan sonra – yekun tibbi müayinə) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilsin: 1.1. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 1.2. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 1.3. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 1.4. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun: -3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. -14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər:- çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçirilirlər. Tibbi müayinəyə cəlb olunan çağırışçılar bu Qanunun 6.2-2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılırlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin bu Qanunun 15.3-cü maddəsində nəzərdə tutulan yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 ötürülür. -15.2. Bu Qanunun 15.3-cü maddəsi nəzərə alınmaqla, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir:- müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında. -20.1. Tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2. Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -23.1. Dinc dövrdə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar və sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin: -2.1-ci bəndinə əsasən ilkin hərbi qeydiyyata alınan, müddətli həqiqi xidmətə çağırılan və ehtiyatda olan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.3. Vətəndaşların şəhadətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin, Azərbaycan Respublikası X6, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, habelə digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid X1 (bundan sonra – VEİS) inteqrasiya edilir. Qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarının və sistemlərinin VEİS-yə inteqrasiyası və məlumat mübadiləsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq X2 Sistemi vasitəsilə həyata keçirilir. -2.15. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsinin nəticələrinə görə həkim-mütəxəssislər hərbi xidmətə yararlılıq haqqında aşağıdakı kateqoriyalar üzrə rəy verirlər: A - hərbi xidmətə yararlıdır; B - sıradankənar hərbi xidmətə yararlıdır; C - dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır; Ç - hərbi xidmətə müvəqqəti yararsızdır; D - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Hərbi xidmətə yararlı sayılmış vətəndaşlar üçün “Xəstəliklər cədvəli”nə və ƏTC-yə uyğun olaraq hərbi xidmət keçməyə görə təyinat göstəricisi müəyyən edilir. Şərh olunan normalardan göründüyü kimi Hərbi Həkim Komissiyaları və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi çağırışçıların tibbi müayinəsi üzrə yekun tibbi rəy verir, çağırışçının hərbi xidmətə yararlı olub-olmaması ilə bağlı qərarı isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış komissiyaları verir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu məsələ ilə bağlı dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının həqiqi hərbi ximətə yararlılıq vəziyyəti həm ilkin hərbi xidmətə qeydiyyat zamanı, həm də müvafiq sahə üzrə ekspert rəyi ilə qiymətləndirilmiş və yararlı hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan ekspert rəyini mötəbər hesab edir və birinci instansiya məhkəməsinin bu əsasla gəldiyi qənaəti düzgün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(120)-3376/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-709/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-709/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver