Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-713/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(120)-817/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarının ləğv edilməsi və ümumi xəstəlik səbəbindən xx.xx.1998-ci il və xx.xx.2022-ci il tarixlərdə təyinat aparılan zaman qeyd edilən diaqnoza uyğun olaraq ona təyin edilmiş müvafiq müddətsiz əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 iyul 2025-ci il tarixli, 2-1(120)- 817/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyəti xx.xx.1998-cü il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuş və müayinə nəticəsi olaraq müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi barədə qərar verilmişdir. Lakin İddiaçı qeyd edilən qərarla razı olmayaraq şikayət etmiş və yenidən xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş və əyani müayinənin nəticəsi olaraq əlilliyi dayandırılaraq “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən bununla əlaqədar hər hansı araşdırma aparılmamış, natamam qərar qəbul edilmişdir. Cavabdeh iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsinin əsasını təşkil edən göndərişin səhiyyə müəssisəsi tərəfindən ləğv və ya etibarsız hesab edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edilə bilərdi. Eləcə də, inzibati orqan tərəfindən araşdırma üçün əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması olduğu bildirilsə də, qeyd edilən halın səbəbləri əsaslandırıla bilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müvafiq komissiya tərəfindən ona səhhətində olan müxtəlif kritik xəstəliklər səbəbindən İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Mövcud qanunvericiliyə əsasən cavabdeh Agentlik tərəfindən əlillik vəziyyəti ilə bağlı təkrar xəstə kimi xx.xx.2020-ci il tarixdə əyani müayinəyə cəlb olunmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “əlilliyin qiymətləndirilməsi qaydası”-na uyğun olaraq xx.xx.2020-ci il tarixdə cavabdeh Agentlik tərəfindən əlillik vəziyyətim qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz İİİ dərəcə əlilliyin təyini barədə qərar qəbul etmişdir. Agentlik tərəfindən TSEK-nın qərarının düzgünlüyünü şübhə altına alan qeyri müəyyən sübutlar əsasında yenidən təkrar xəstə kimi xx.xx.2023-cü il tarixdə əyani müayinədən keçmək üçün Agentliyə dəvət olunmuş, yenidən əyani müayinədən keçdikdən sonra cavabdeh tərəfindən xəstəliyi ilə bağlı Həkim Məsləhət komissiyasına təqdim etdiyi tibbi epikrizlər əsasında olmayan qeyri-müəyyən diaqnoz əsasında xx.xx.2020-ci il tarixdə təyin edilmiş müddətsiz İİİ dərəcə əlilliyinin ləğvi barədə qanunsuz qərar qəbul edilmişdir. Barəsində olan əlillik dərəcəsinin ləğv edilməsi barədə qərar mövcud sənədlər əsasında deyil, cavabdeh şəxsi mülahizəsi əsasında qeyri-müəyyən diaqnozla həyata keçirilmişdir. Cavabdehin şəxsi mülahizəsi əsasında qoyulmuş diaqnozun onun xəstəliyinə və əlillik vəziyyətinə heç bir aidiyyəti yoxdur. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında baxılmış və X1: XİV Sinif - Sidik- cinsiyyət sisteminin xəstəlikləri => N30-N39 - Sidik sisteminin digər xəstəlikləri => N39 - Sidik-ifrazat sisteminin digər xəstəlikləri => N39.9 - Sidik-ifrazat sisteminin dəqiqləş........... Diaqnozun mətni: Total ekuspadiya sidik saxlaya bilməməsi (DSMF məlumatlarına əsasən). Məzkəzə göndərilmənin / İmtina edilməninsəbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı qəbul edilib, qərarı verilmişdir. Cəlilabad rayon sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.5.22 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********1). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-Q- 28746/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixdə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinəyə gələrkən sidik axarının qeyri düzgün yerləşməsinə görə əməliyyat keçirdiyini vurğulamış, sidik saxlaya bilməməkdən şikayət etmişdir. Təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, xəstə xx.xx.2003-cü il tarixdən epispadiyaya görə əməliyyat keçirmişdir (Təsərrüfat hesablı Respublika Uroloji Xəstəxanasının xx.xx.2003-xx.xx.2003-cü il tarixli 297 nömrəli epikrizə əsasən.) Hazırda sidik saxlaya bilməməkdən şikayət etsə də, müayinə zamanı bez istifadə etməmiş, ixtisaslaşmış tibb müəssisəsindən şikayəti təsdiq edən sənəd təqdim edilməmiş, təqdim edilmiş bəzi sənədlərdə xroniki böyrək çatışmazlığı qeyd edilsə də, təqdim edilmiş Respublika Klinik xəstəxanasının xx.xx.2022-ci il tarixli qanın laborator göstəricilərindən kreatinin 1,11 mg/dl, sidik cövhəri 39,99 mg/dl, sidik turşusu 4,07 mg/dl olmuş, xx.xx.2023cü il tarixdə DTSERA-da aparılmış Tam abdominal ÜSM müayinəsində hər iki böyrək izlənilmiş, hər hansı patologiya aşkar edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2023-cü il tarixdən etibarən “Tam reabilitasiya olunmasana dair qərar qəbul edilsin. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.1998-ci ildə müddətsiz İİ dərəcə əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixdə yenidən müayinə nəticəsində bir daha müddətsiz İİ dərəcə əlillik təyin edilmiş, lakin xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “tam reabilitasiya olunması” barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli T 512/2024 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı “XİV Sinif-sidik cinsiyyət sisteminin xəstəlikləri => N30-N39-sidik sisteminin digər xəstəlikləri =>N39-sidik ifrazat sisteminin digər xəstəlikləri => N39.9-sidik ifrazat sisteminin dəqiqləş... Diaqnozun mətni: Total ekuspadiya, sidik saxlaya bilməməsi (DSMFməlumatlarına əsasən)” diaqnozu ilə İİİ dərəcə əlillik verilmiş, sonrakı müayinələr zamanı DTSERA aparılmış, əyani və instrumental müayinələr zamanı onun tam reabilitasiya olunması müəyyən edildiyindən əlillik dərəcəsi ləğv edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı özünün əyani və ultrasəs müayinəsi zamanı sidik-cinsiyyət sistemində əlillik təyinatına əsas verən patofunksional dəyişikliklər aşkar edilmədi. İddiaçı düçar olduğu xəstəliklə bağlı onun əmək qabiliyyətini məhdudlaşdıran dəyişikliklər müəyyən edilmədi. İddiaçı qoyulan diaqnoz müayinələr nəticəsində düzgün qoyulmuşdur. 7,9.Vətəndaş İddiaçı hal-hazırda xroniki böyrək çatmamazlığı aşkar edilmədi və hal-hazırda bərpaedici müalicəyə ehtiyac yoxdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli, 3-17-4/2-13252/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri çərçiivəsində Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətəndaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. X3 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2023-cü il tarixli, 3-17/1-Ə- 23435/2023 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin məktub əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, İddiaçı xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Q- 28746-2023 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd etdiyi X6 adlı şəxsin «Cəlilabad rayonu üzrə bəzi vətəndaşların əlillik vəziyyətlərinin saxta olması» ilə bağlı müraciəti əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut hesab edilə bilməz. Odur ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(120)-817/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-713/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-713/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver