Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-714/2025 07.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2-1(120)-1411/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, xxxxxxx0004 nömrəli qərarın ləğv edilməsi və ona xx.xx.2008-ci il tarixdə təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 02 iyul 2025-ci il tarixli, 2-1(120)- 1411/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Müvafiq qanunvericilik normalarından müəyyən edilir ki, normativ aktla əlilliyin düzgün müəyyən edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir. Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edilə bilərdi. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Belə ki, iş materiallarına əsasən iddiaçı əyani müayinəyə dəvət edilsə də, onunla bağlı müvafiq müayinələr aparılmadan, yalnız səthi yanaşılaraq ağırlaşmalar və patofunksional dəyişikliklərin aşkar edilmədiyi bildirilmişdir. Lakin cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 17 sentyabr 1992-ci ildən xx.xx.1993-cü ilə kimi Qarabağ döyüşlərində iştirak etmiş və döyüş şəraətində minaya düşərək yaralanmışdır. xx.xx.2008-ci il tarixdə 14 saylı zona Tibbi Sosial Ekspert Komissiyasının müvafiq arayışı əsasında ona Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralandığı üçün 2 (ikinci) qrup müddətsiz əlillik təyin edilmişdir. Daha sonra 21 iyul 2022-ci il tarixdə, **********7 nömrəli bildiriş əsasında 19 avqust 2022-ci il tarixə, saat 11:20-yə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə əyani müayinəyə dəvət olunmuş, müayinədə iştirak etmiş və ona formal olaraq baxış keçirilmişdir. Hal-hazırda 5 aydır ki, onun müavinəti kəsilmişdir. xx.xx.2022-ci il tarixdə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət edərək, pensiyanın bərpa edilməsi və ödənilməyən müavinətin ödənilməsini xahiş etmiş, lakin ona rəsmi və ya qeyri-rəsmi heç bir məlumat verilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı dair xx.xx.1993cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə bir il müddətinə (xx.xx.1994-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Sonrakı dövrdə əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra vətəndaşa dair Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən İ00106799YVF və J00187053HİE nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər və müraciəti əsasında İddiaçı müvafiq olaraq xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq hər iki halda diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinin yenidən araşdırılmasına vətəndaş X3 iddiaçıya saxta əlillik təyinatı aparılması ilə bağlı müraciəti əsas vermişdir. Həmçinin birinci instansiya məhkəməsi inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, 07 sentyabr 2022-ci il tarixli qərar qəbul edildikdən sonra 2023-cü ilin əvvəlində Şirvan İnzibati Məhkəməsində iddia qaldırmış, lakin cavabdeh orqan məhkəmədən kənar əlillik təyin edəcəyi barədə ona və məhkəməyə vəd verdiyinə görə ərizəsini geri götürmüş və icraata xitam verilmişdir. Həmin qərardad ona göndərilməmişdir. Bundan sonra cavabdeh yenidən əlillik təyinatından imtina etdiyinə görə təkrar iddia qaldırmışdır. İddiaçı həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tibbi-Sosial Ekspert Komissiyasının 07 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçı hazırda 07 sentyabr 2022-ci il tarixli qərarı mübahisələndirir ki, həmin qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. X6 Məhkəməsində baxılmış 2-1(120)-513/2024 nömrəlim işə baxış keçirilərək, müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə əlilliyin barpası barədə iddia vermiş, iş üzrə araşdırma aparıldıqdan (ekspertiza keçirilmiş, digər sübutlar toplanmış) sonra iddiaçı ərizəni geri götürməsi səbəbindən xx.xx.2024-cü il tarixli qərardadla icraata xitam verilmişdir. Həmin qərardadın iddiaçıya təqdim edilməsi barədə iş materiallarında sübut mövcud deyildir. Həmçinin hazırki iş materiallarından görünür ki, tibbi göndərişlər əsasında xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərdə əlillik təyinatından imtina edilmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə yenidən bu məsələni mübahisələndirmişdir. Şərh olunan hallardan və sənədlərdən göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixli əlillik təyinatından imtina barədə qərardan şikayət vermə müddətini ötürməmiş, həmçinin bundan sonra iddianın geri götürülməsinin hüquqi nəticələri işə baxan məhkəmə tərəfindən ona izah edilmədiyindən öz vəziyyətinin pisləşməsi istiqamətində addım atmasını dərk etmədən iddianı geri götürmüş olsa da, müvafiq qərardad ona təqdim edilməmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərardan (dəqiqləşdirilmiş iddia üzrə) şikayət verilməsi ilə bağlı müddət ötürülməmiş hesab edilməlidir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən və digər sübutlardan görünür ki, iddiaçı 2008-ci ildən xx.xx.2022-ci il tarixdək əlillik vəziyyətində olmuş, vətəndaş müraciəti əsasında aparılmış müayinə nəticəsində xx.xx.2022-ci il tarixdə əlillik təyinatından imtina edilmiş, təqdim edilmiş tibbi göndərişlər əsasında xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli qərarlarla yenidən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş: -“Sabirabad rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 18-1-70/2- 1118/24 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Soltənəli oğlu xx.xx.1993-ci il tarixdən Sabirabad rayon X1 şöbəsində dispanser qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 14401 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü ildə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında yuxarıda adı göstərilən xəstəxanaya stasionar müalicəyə daxil olmuş, xx.xx.2024-cü il tarixdə xəstəxananın Həkim Psixiatr Komissiyası tərəfindən müayinə edilərək “Üzvi (X4) dissosiativ pozuntu, funksional tutmalar, koqnitiv funksiyaların enməsi ilə” diaqnozu müəyyən edilmiş, xəstə xx.xx.2024-cü il tarixdə evə yazılaraq ona xəstəlik tarixindən çıxarış verilmişdir. -Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 305 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Sabirabad RMX-nın xx.xx.2024-cü il tarixli №1589 saylı göndərişinə əsasən Həkim Psixiatrik Komissiyasında müayinədən keçirilmişdir. Aparılan psixiatrik müayinələrə və təqdim edilmiş tibbi sənədlərə əsaslanaraq ona “Üzvi mənşəli (yanvar 1993-cü il İ Qarabağ müharibəsində yaralanma) dissosativ konversion pozuntu, koqnitiv funksiyaların zəifləməsilə” diaqnozu təsdiq edən 298 saylı tibbi rəy verilmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli normalar baxımından aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduzla işarələnmiş 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Həmin Qanunun 68.2.3-cü maddəsinə əsasən inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda qanuni əlverişsiz inzibati akt ləğv edilə bilər. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun şərh olunan tələblərindən göründüyü kimi inzibati orqan əvvəlki qərarın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə, həmçinin həmin hallar ona məlum olduğu gündən 1 il ərzində öz qərarını ləğv edə bilər. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, lakin həmin qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların nədən ibarət olmasını öz qərarında şərh etməmiş, məhkəməyə bu barədə əsaslı dəlillər təqdim etməmişdir. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh sonradan yaranmış hüquqi və ya faktiki halın vətəndaş müraciətinə əsasən yaranmasına istinad etmiş, lakin nəzərə almamışdır ki, iddiaçının əlillik vəziyyətində olmaması barədə müraciət müəyyən sahə üzrə ixtisaslaşmış şəxs və ya müəssisə tərəfindən təqdim edilmədiyindən həmin müraciət mötəbər və rəsmi mənbələrdən əldə edilmiş məlumat hesab edilə bilməzdi. "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində hansı hallarda Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır:- birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Odur ki, cavabdeh orqan iddiaçı barəsində TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadan onu təkrar əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, kollegiya hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçı əlillik təyinatından ilkin imtina barədə qərarı məhkəmədə mübahisələndirsə də, uzun müddət araşdırma aparıldıqdan sonra hüquqi nəticələri ona izah edilmədən onun tərəfindən verilmiş ərizə üzrə icraata xitam verilməsi onun hüquqi və maddi vəziyyətinin pisləşməsinə yönəldiyindən, məhkəmə kollegiyasının müvafiq hüquqi yardımı əsasında təqdim edilmiş dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir və kollegiya hesab edir ki, iş üzrə həmin tələb həcmində qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2-1(120)-1411/2025 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 07 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş əlilliyin "Əlillik” altsistemində 07 sentyabr 2022-ci il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-714/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-714/2025
07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver