Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-718/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(120)-796/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı mənzillə təmin olunma tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 24 iyun 2025-ci il tarixli, 2-1(120)- 796/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, öhdəliyin icrası haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməli və cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli olmasıdır. Lakin, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun və ailə üzvlərinin mənzil növbəsində olmamasınısı, İddiaçı Şəhər İcra Hakimiyyətində yaşayış yeri üzrə deyil, Əli Bayramlı şəhər X3 iş yeri üzrə ümumi əsaslarla 8 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alındığını bildirmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etdiyi Cavabdehndə yaşayış sahəsinə ehtiyacı olan qismində ümumi əsaslarla mənzil növbəsində dayanmış vətəndaşların siyahısında iddiaçının və onun ailə üzvlərinin adı mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqana qarşı yaşayış yeri üzrə mənzil növbəsində olan şəxslərin siyahısına daxil olmaq tələbini irəli sürməklə yanaşı hazır ki, tələblə məhkəməyə müraciət etməli idi. mənzillə təmin olunması üçün Cavabdehnə müraciət etmiş, İddiaçı cavabdehin iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1991-ci ildə mənzil növbəsinə götürülmüş və cavabdehin 1993-cü il tarixli sərəncamı ilə uçota alınmış, buna baxmayaraq, mənzillə təmin edilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı Şəhər İcra Hakimiyyətində yaşayış yeri üzrə deyil, Əli Bayramlı şəhər X3 iş yeri üzrə ümumi əsaslarla 8 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış (Əli Bayramlı şəhər X4 müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının xx.xx.1992-cı il tarixli 19 nömrəli Protokolunun qərarına əsasən 1990-cı ildən X3 tornaçı işləyən ailə tərkibi 8 (səkkiz) nəfər olan X1 mənzil şəraitinin genişləndirilməsi üçün) və həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinə uyğun olaraq həmin uçot siyahısına daxil edilməsi Əli Bayramlı Şəhər icra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 116 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, 02.02 1993-cü il tarixdən iş yeri üzrə ümumi əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və Əli Bayramlı şəhər X3 mənzil növbəsində olan işçilərin siyahısına daxil edilmişdir. Odur ki, onun Cavabdehnə qarşı “mənzillə təmin olunması” tələbi əsassız və qanunsuzdur. Eyni zamanda bildirilir ki, şəhər ərazisində 1995-cı ildən hal-hazıradək yaşayış yeri üzrə ümumi əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslər üçün yaşayış binaları tikilmədiyindən bu kateqoriyadan növbədə olan hər hansı bir şəxs İcra Hakimiyyəti tərəfindən mənzillə təmin olunmamışdır. Hazırda Şirvan şəhər ərazisində dövlət mənzil fondunda boş yaşayış sahələri mövcud deyildir. İddiaçı mənzillə təmin olunmasına köməklik göstərilməsi barədə Cavabdehnə daxil olmuş müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməklə yazılı cavablar verilmiş, Şirvan şəhəri ərazisində ümumi əsaslarla mənzil növbəliyinə götürülmüş şəxslər üçün yayayış binaları tikildikdə onun mənzillə təmin olunması barədə müraciətinə mənzil qanunvericiliyinin tələblərinə uyğun baxılacağı bildirilmişdir. Bundan əlavə, iddiaçı 2001-ci ildə X6 tərəfindən mənzillər paylanılsa da ona mənzil verilmədiyini göstərir. Lakin 2001-ci ildən 20 ildən artıq müddət keçdikdən sonra mənzil tələbi ilə müraciət etmiş, müddətin buraxılması ilə bağlı hər hansı bir üzürlü səbəb təqdim etməmişdir. Halbu ki, özünün təqdim etdiyi Əmək Kitabçasının surətindən görünür ki, 08 10.2004-cü il tarixə kimi Əli Bayramlı X6 ASC-də işləmişdir, yəni 2001-cı il tarixdə mənzillər paylanılmışdırsa ona mənzil verilməməsindən hələ o vaxt məlumatı olmuşdur. Amma hüquqlarının pozulması, ona mənzilin verilməməsi ilə bağlı keçən 20 ildən artıq müddətdə hər hansı bır səlahiyyətli orqana və ya məhkəməyə müraciət etməmişdir. Belə olan halda İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətlərini də ötürmüşdür. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin işin hallarına uyğun olmayan qərar qəbul etdiyini, sübutlara düzgün hüquqi qiymət vermədiyini bildirərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı Əli Bayramlı X3 iş yeri üzrə 8 nəfər ailə tərkibi ilə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış, Əli Bayramlı şəhər X4 müdiriyyətinin və Həmkarlar Komitəsinin birgə iclasının xx.xx.1992-cı il tarixli 19 nömrəli Protokol qərarına əsasən həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinə uyğun olaraq uçot siyahısına daxil edilməsi Əli Bayramlı Şəhər icra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 116 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, 02.02 1993-cü il tarixdən iş yeri üzrə ümumi əsaslarla yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış və Əli Bayramlı şəhər X3 mənzil növbəsində olan işçilərin siyahısına daxil edilmişdir. Hazırki mübahisə üzrə iddiaçı hesab edir ki, qeyd olunan sənədlər əsasında Cavabdeh ona mənzil vermək öhdəliyi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (qərarın 1.1, 1.3, 1.4, 2.1 və 2.3-cü bəndləri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırki mübahisə üzrə təqdim edilmiş sənədlərdən və cavabdehin dəlillərindən göründüyü kimi iddiaçı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanında deyil, iş yeri üzrə mənzil növbəsinə götürüldüyündən tələb iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldilmişdir. İddiaçının iş yeri üzrə növbəyə götürülməsinin cavabdeh orqan tərəfindən təsdiq edilməsi onun üzərinə həmin münasibətlər üzrə öhdəlik qoymur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı nəticə etibarilə mümkün saymamaqla düzgün nəticəyə gəlsə də, iddianın mümkünlük şərtlərinə iddiaçının əvvəlcə cavabdeh orqana müraciət etməklə həmin orqanın münasibətini öyrənmədən məhkəməyə müraciət etməsi ilə əsaslandırmaqda haqlı olmamışdır. Belə ki, işdən görünür ki, iddiaçı hazırki mübahisə ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə (1 ay 18 gün sonra) isə məhkəmədə iddia qaldırmışdır. Həmçinin işin məhkəmə araşdırması zamanı cavabdeh öz dəlillərini (etiraz) təqdim etmişdir ki, bununla da iddianın mümkünlük şərtləri ödənilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlük şərtlərini fərqli əsasla qiymətləndirmiş olsaydı belə, iddiaçı üçün ugurlu nəticə əldə etmək mümkün olmayacaqdı. Belə ki, yuxarıda qeyd edildiyi kimi hazırki iddia tələbə cavab verməli olmayan orqana qarşı yönəltmişdir ki, bu hal iddinın mümkünlük şərtlərini istisna edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 iyun 2025-ci il tarixli, 2-1(120)-796/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-718/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-718/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver