Məhkəmə qərarları › İş №2-1(106)-719/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-719/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-719/2025 15.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxs Saatlı Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(120)-296/2025 nömrəli qərarından cavabdeh və üçüncü şəxs Saatlı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı torpaq sahəsinə istifadə hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya Saatlı rayon XDS-nin Rəyasət Heyətinin 17 iyun 1992-ci il tarixli qərarı ilə verilmiş 12,44 ha torpaq sahəsinə iddiaçının istifadə hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadları ilə Saatlı rayon Saatlı Bələdiyyəsi və üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 02 iyun 2025-ci il tarixli, 2-1(120)- 296/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya Saatlı rayon XDS-nin Rəyasət Heyətinin 17 iyun 1992-ci il tarixli qərarı ilə verilmiş 12,44 ha (5.18 ha, 3.53 və 3.73 ha) torpaq sahəsinə iddiaçının istifadə hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulması, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaitinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan ekspert rəyi və cavabdeh inzibati orqanın mütəxəsis rəyi ilə sözügedən torpaq sahəsinin yəni, Saatlı rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 5-29 nömrəli qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 17.0 ha, faktiki istifadəsində olan 12.44 ha torpaq sahəsinin 1992-ci ildə və hazırki vəziyyətdə 8.71 (5.18 və 3.53) hektarının hüquqi statusu- bələdiyyə mülkiyyəti, hüquqi rejimi (kateqoriyası)-kənd təsərrüfatı təyinatlı torpaqları uqodiyası-əkin, 3.73 hektarının isə hüquqi statusu-bələdiyyə mülkiyyəti, hüquqi rejimi (kateqoriyası)-kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası faktiki olaraq göl (xəritə materiallarında isə qobu, yarğan və dərələr) olması, ayrılmış 17.0 ha (faktiki 12.44 ha) torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq olmaması, torpaq sahəsinin faktiki olaraq iddiaçının istifadəsində olması, torpaq sahəsinin koordinatlarının digər şəxslərin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməməsi, sahənin koordinatları mühafizə-sanitariya zolağına (dəmir yolunun, magistral avtobmobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşməməsi müəyyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Saatlı rayon XDS İK-də xx.xx.1991-ci il tarixdə qeydiyyata alınmış (Protokol №7) "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. Qərardan cavabdeh və üçüncü şəxs Saatlı rayon Saatlı Bələdiyyəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, Saatlı rayon XDS-nin Rəyasət Heyətinin 17 iyun 1992-ci il tarixli qərarı ilə "xxxx" kiçik müəssisəsinə 17 hektar torpaq sahəsi ayrılmışdır. Bununla bağlı "xxxx" kiçik müəssisəsinin adına B N2004706 saylı Torpaqdan istifadə hüququna aid Dövlət Aktı verilmişdir. Hal-hazırda "xxxx" kiçik müəssisəsinin hüquqi varisi "xxxx" MMC-dir. Saatlı rayon XDS-nin Rəyasət Heyətinin 17 iyun 1992-ci il tarixli qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 17 hektar torpaq sahəsinə "xxxx" MMCnin istifadə hüququnun tanınması və müvafiq çıxarışın verilməsini xahiş etsə də, 25 yanvar 2023-cü il tarixdən bu günə qədər müraciətinə cavab verilməmişdir. "xxxx" MMC-nin qeyd edilən torpaq sahəsinə dair istifadə hüququnun qeydə alınmaması hüquqlarını kobud şəkildə pozur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, araşdırma zamanı məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən 17 ha torpaq sahəsinə dair təqdim edilmiş sənədlərdə "xxxx" kiçik müəssisəsinə kolxozun əkinə yararsız torpaq sahəsindən 10 ha göldən və 7 ha gölaltı torpaq sahəsi ayrılmasına baxmayaraq, elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsi örüş, qobu, dərə və göl kimi daxil edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən, dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir. Həmin Məcəllənin 16.5-ci maddəsinə əsasən, örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdi edilmiş, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları”nın 13-cü bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan müəssisələrə yay və qış otlaq sahələri qısa müddətli istifadəyə verilir, digər hüquqi və fiziki şəxslərin icarəsinə isə bir qayda olaraq 10 ildən 15 ilədək verilir. Yay və qış otlaq sahəsinin üzərində istifadə, icarə hüquqlarının qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Eyni zamanda, sözügedən torpaq sahəsi "xxxx" kiçik müəssisəsinə ayrılmasına baxmayaraq, "xxxx" MMC-nin adından müraciət edilmişdir. Hüquqi şəxsin digər hüquqi şəxsin tabeliyinə keçməsi barədə və ya hüquqi şəxsin adının dəyişdirilməsi barədə sənəd (qeydiyyatı haqqında şəhadətnamə, hüquqi şəxsin nizamnaməsi və s.) təqdim edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynidir. Üçüncü şəxs Saatlı rayon Saatlı Bələdiyyəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Yunost" Məhdud Məsuliyyətli Cəmiyyətə Saatlı rayon XDS-nin Rəyasət Heyətinin 17 iyun 1992-ci il tarixli qərarı ilə verilmiş torpaq sahəsi hal-hazırda Saatlı Bələdiyyəsinin mülkiyyətindədir və torpaq bölgüsü planı ilə bu təsdiq olunur. Həmçinin torpaq sahəsi həmin Cəmiyyətə verilsə də, istifadə müddəti bitmişdir. Birinci instansiya məhkəməsi işin qeyd olunan faktiki halında düzgün hüquqi qiymət verməmişdir. Prosessual məsələlər Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında təmsil etdiyi orqan tərəfindən verilmiş şikayətin dəlillərini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının və cavabdehin nümayəndələləri gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin və iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -xx.xx.2006-cı il tarixli, 0606-S3-436 qeydiyyat nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Saatlı rayon XDS İK-də xx.xx.1991-ci il tarixdə qeydiyyata alınmış (Protokol №7) "xxxx" kiçik müəssisəsinin hüquqi varisidir. -B ******* saylı Dövlət Aktından və torpaq sahəsinin plan ölçüsündən görünür ki, Saatlı rayon XDS-nin Rəyasət Heyətinin 17 iyun 1992-ci il tarixli qərarı ilə "xxxx" kiçik müəssisəsinə 17 hektar torpaq sahəsi ayrılmışdır. -Saatlı rayon XDS-nin Rəyasət Heyətinin 17 iyun 1992-ci il tarixli qərarından görünür ki, Saatlı rayonunda fəaliyyət göstərən "xxxx" kiçik müəssisəsinə 17 hektar torpaq sahəsi ayrılmışdır. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9913 nömrəli ekspert rəyində bildirilir ki, Saatlı rayon XDS-nin Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli, 5-29 nömrəli qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 17.0 ha, faktiki istifadəsində olan 12.44 ha torpaq sahəsinin 1992-ci ildə və hazırkı vəziyyətdə 8.71 (5.18 və 3.53) hektarının hüquqi statusu-bələdiyyə mülkiyyəti, hüquqi rejimi (kateqoriyası)-kənd təsərrüfatı təyinatlı torpaqları uqodiyası-əkin, 3.73 hektarının isə hüquqi statusu-bələdiyyə mülkiyyəti, hüquqi rejimi (kateqoriyası)-kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası faktiki olaraq göl (xəritə materiallarında isə qobu, yarğan və dərələr) kimi göstərilmişdir. 17.0 ha (faktiki 12.44 ha) torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında heç bir uyğunsuzluq yoxdur. Torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir. 17.0 ha (faktiki 12.44 ha) torpaq sahəsinin koordinatları digər şəxslərin istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Torpaq sahəsinin koordinatları daxilində hər hansı bir tikili mövcud deyil. Torpaq sahəsinin koordinatları mühafizə- sanitariya zolağına (dəmir yolunun, magistral avtobmobil yolunun, su kanalının, çayın, qaz xəttinin, yüksək gərginlikli elektrik xətlərinin və s. mühafizə zolağına) düşmür. Məhkəmə kollegiyası hazırki mübahisəyə münasibətdə aidiyyəti hüquq normalarına nəzər yetirilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. -67-ci maddəsində torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. -67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. -67.3-cü maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.3-cü bəndinə əsasən şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 2.1-ci bəndinə əsasən şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2-ci bəndinə əsasən şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeydə alınması tələb olunan torpaq sahəsi faktiki olaraq 12.44 ha olmaqla, bir hissəsi əkin kənd təsərrüfatı, bir hissəsi isə göl (qobu, yarğan, dərə) uqodiyalıdır, həmçinin sahə bələdiyyə mülkiyyətidir. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsindən təyinatı üzrə istifadə edilir. Həmçinin mübahisələndirilən torpaq sahəsi Saatlı rayon XDSnin Rəyasət Heyətinin 17 iyun 1992-ci il tarixli qərarı ilə iddiaçıya verilmişdir. 9 noyabr 1991-ci il tarixdən 25 iyun 1999-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: -7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatları Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Xalq deputatları Sovetləri qanunla müəyyən edilmiş hallarda torpaq sahələrini bu Məcəllənin 20-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş torpaq sahələri istisna olmaqla, vətəndaşların, kolxozların, sovxozların və digər dövlət, kooperativ, ictimai kənd təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının eləcə də digər hüquqi şəxslərin xüsusi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə verirlər. Xalq deputatları Sovetləri onlara aid ərazidə torpağın verilməsinə və geri alınmasına dair müəyyən səlahiyyətlərini müvafiq icra orqanına verə bilərlər. Torpaq məsələlərinə baxmaq və onlara dair qərar hazırlamaq üçün xalq deputatları Soveti torpaq komissiyası yaradır. -14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Torpaq daimi istifadəyə rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən kolxozlara, sovxozlara, kooperativlərə, sənaye, nəqliyyat və başqa müəssisələrə, idarələrə, təşkilatlara, assosiasiyalara, səhmdar cəmiyyətlərinə, elmi tədqiqat idarələrinə, hərbi və dini təşkilatlara, respublika və xarici hüquqi şəxslərin iştirakı ilə birgə müəssisələrə, beynəlxalq birliklərə və təşkilatlara onlara həvalə edilmiş vəzifələri həyata keçirmək üçün verilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. -20.3-cü maddəsinə əsasən dövlət və ictimai ehtiyaclar üçün qiymətli kənd təsərrüfatı torpaqlarını (suvarılan əkin yerləri və çoxillik əkmələrin tutduğu torpaqlar), şəhərətrafı yaşıllıq zonası torpaqlarını, elmi tədqiqat idarələri və tədris müəssisələrinin təcrübə sahələri torpaqlarını, birinci qrup meşə torpaqlarını; habelə, mühafizə olunan təbii və tarix-mədəniyyət obyektlərinin yerləşdiyi, torpaqları geri almaq və vermək torpaq münasibətlərinin tənzimlənməsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Yuxarıda qeyd edilən normanın tələbinə uyğun olaraq sözügedən torpaq sahəsi iddiaçının daimi istifadəsinə verilmişdir, iddiaçı mübahisələndirilən torpaq sahəsini həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun əldə etdiyindən, onun həmin torpaq sahəsindən istifadə müddəti məhdudlaşdırıla bilməz. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Saatlı Bələdiyyəsi mübahisəli torpaq sahəsinin bələdiyyəyə məxsus olduğunu iddia etsə də, sözügedən ərazinin Saatlı rayon XDS-nin Rəyasət Heyətinin 17 iyun 1992-ci il tarixli qərarı ilə "xxxx" kiçik müəssisəsinə verilməsi yuxarıda qeyd olunan sənədlərlə təsdiq edilir, halbuki həmin dövrdə bələdiyyələr formalaşmamış və mövcud olmamışdır. Belə ki, Azərbaycanda yerli özünüidarəetmə üsulu kimi bələdiyyələr xx.xx.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilsə də, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 02 iyul 1999-cu ildə qəbul edilməsi, ilk bələdiyyə seçkilərinin 12 dekabr 1999-cu il tarixdə keçirilməsi mübahisəli torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinə verildiyi dövrdə (17 iyun 1992) bələdiyyənin mövcud olmasını istisna edir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi və üçüncü şəxs Saatlı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, 2-1(120)-296/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar