Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-720/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X9 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-2724/2025 nömrəli qərarından üçüncü şəxs X10 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X3 iddiaçıya məxsus olan ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 07 iyul 2025-ci il tarixli, 2- 1(120)-2724/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı Seymur oğlunun ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Belə ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-8-12- 1/2-146/2025 nömrəli arayışından görünür ki, üçüncü şəxs iddiaçıya məxsus olan ünvan 1 ünvanda yaşamır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(106)- 1950/2023 nömrəli qətnaməsi ilə X6 7500 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və ünvan 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və iddiaçı tərəfindən məhkəmə qətnaməsinə nəzərədə tutulmuş konpensasiya məbləği tam şəkildə icra edilmişdir. Üçüncü şəxs X10 etirazının əsası kimi istinad etdiyi, Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-812/2024 nömrəli qətnaməsi ilə X3 anasından miras qalmış ünvan 4 ünvanda yerləşən evdə 1/8 payı müəyyən edilmişdir. Miras kütlədən ona çatan 1/8 pay hissədə onun mülkiyyət hüququ müəyyən edilsə də, onun qeydiyyatdan çıxarılması pay hüququndan məhrum edilməsi hesab edilmir. Digər məhkəmə qətnaməsi ilə onun istifadə hüququ üçün müəyyən edilmiş konpensasiya məbləği tam icra edilmiş, X10 tərəfindən həmin məbləğ qəbul edildikdən sonra qətnamənin icrasına xitam verilmişdir. Göründüyü kimi üçüncü şəxsin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Qərardan üçüncü şəxs X10 tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanda olan 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestr nömrəsi **********11-10301 olan Daşınmaz Əmlakı Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının tam mülkiyyətindədir. X1 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılması, cavabdeh X4 isə öz vəsaiti hesabına cehiz əmlakları ilə birlikdə Şirvan şəhəri Ərəblinski küçəsi 21 saylı mənzilindən çıxarılmasına dair qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilən qətnamə icra edilmişdir. Daha sonra iddiaçı cavabdeh X3 qeydiyyatdan çıxarılması barədə Cavabdehnə müraciət etmişdir. Hazırda mülkiyyətində olan fərdi yaşayış evinin qeydiyyatda olan şəxsin hərəkəthərəkətsizliklərindən onun hüquqları məhdudlaşdırılmışdır. Üçüncü şəxs X3 istifadə hüququna xitam verildikdən sonra mülkiyyətində olan fərdi yaşayış evində yaşamamışdır. Üçüncü şəxsin pasport qeydiyyatı formal xarakter daşıyır. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən ev İddiaçı və mərhum anası X5 birgə nikahı dövründə əldə edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-812/2024 saylı qətnaməsi ilə onun Şirvan şəhəri, Ərəblinski küçəsində 21 ünvanda yerləşən evdə 1/8 payı müəyyən edilmişdir. Belə bir halda mülkiyyətçi gözləntisi olan bir şəxsin istifadəsində olan mənzildən qediyyatdan çıxarılması qanunazidd bir haldır. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, mübahisəli evi satmaq niyyətindədir, lakin üçüncü şəxsin qeydiyyatda olması bu məsələdə ona mane olur. Üçüncü şəxs apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ümumi birgə mülkiyyət hüququ üzrə mübahisəli evin mülkiyyətçilərindən biridir, həmin evdə yaşamaq niyyətindədir, ona görə də pasport qeydiyyatından çıxarılmasına razı deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surəti iş materiallarına əlavə edilmiş: -Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-8-1/2-146/2025 nömrəli arayışında bildirilir ki, üçüncü şəxs iddiaçıya məxsus olan ünvan 1 ünvanda yaşamır. -Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-949/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı 5000 manat kompensasiya məbləği ünvan 1 ünvanında qeydiyyatda olan yalnız cavabdeh İddiaçı verilməsi və onun istifadə hüququna xitam verilməsi, cavabdeh İddiaçı oğlu və digər cavabdehlər X4, 2012cı il təvəllüdlü qızı X11, 2014-cı il təvəllüdlü qızı X8 və 2015-ci il təvəllüdlü oğlu X16 oglunun ünvan 1 ünvandan məcburi çıxarılması tələbi barədə iddiası təmin edilməmişdir. -Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-1950/2023 nömrəli qətnaməsindən görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-949/2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən cavabdeh X6 7500 (yeddi min beş yüz) manat məbləğində kompensasiya ödənilməklə istifadə hüququna xitam verilsi və ünvan 1 saylı mənzilindən çıxarılması, cavabdeh X4 isə öz vəsaiti hesablarına cehiz əmlakları ilə birlikdə ünvan 1 saylı mənzildən çıxarılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-1621/2024 nömrəli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1950/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-812/2024 nömrəli qətnaməsindən görünür ki, X3 ünvan 4 ünvanda yerləşən evdə 1/8 payı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə 5/8 pay hüququ ilə İddiaçı, 1/8 pay hüququ ilə X3, 1/8 pay hüququ ilə X7 və 1/8 pay hüququ ilə X2 adına qeydiyyata alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. -5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi, 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün əsas kimi təkcə mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya kirayə müqaviləsini deyil, həm də vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini nəzərdə tutur. Hazırkı işin halları üzrə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı X12 “yaşayış sahəsi verən şəxs” olmasa da, onun yaşayış sahəsindən çıxarılması barədə qərarın olmaması və mübahisəli evə istifadə hüququnun olduğu müəyyən edilməsi, elə yaşayış sahəsi verən şəxsin ərizəsi ilə eyni mahiyyətlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi və mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindəndir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında təsbit edilmiş tövsiyyələr və göstərişlər nəzərə alınmamış, iddiaçının mübahisəli evlə bağlı əmlak hüquqlarının mövcud olmasına və bununla da mübahisənin inzibati məhkəmə icraatının predmeti olub-olmamasına qiymət verilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli fərdi yaşayış evi həm iddiaçının, həm də üçüncü şəxsin ümumi birgə mülkiyyətində olduğundan mülkiyyət hüququnun subyektlərinin birinin digərinə qarşı hazırki iddianı qaldırmaqla bağlı subyektiv hüququnun olması, mülkiyyətçilərdən birinin pasport qeydiyyatında olmasının digər mülkiyyətçinin hüquqlarını məhdudlaşdırması halı və səbəbinin konkret hüquqi əsasları mövcud olmalıdır. Hazırki mübahizə üzrə iddiaçı digər mülkiyyətçinin birgə mülkiyyət üzrə yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılmasının qanuni əsası kimi mübahisəli evin satılmasına maneənin aradan qaldırılmasını göstərmişdir ki, məhkəmə kollegiyası bu xüsusatla bağlı qeyd edir ki, ümumi birgə mülkiyyətdə olan əmlakın alqı-satqısının həyata keçirilməsi məsələsinə pasport qeydiyyatında olan şəxslərin razılığı kontekstindən deyil, Mülki Məcəllənin müvafiq tələbləri üzərindən baxılmalıdır. Odur ki, üçüncü şəxsin sözügedən fərdi yaşayış evində pasport qeydiyyatı iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alınmamalıdır. Eyni zamanda mülkiyyətçinin əmlak (mülkiyyət) hüquqları mövcud olduğu nəzərə alınmaqla onun öz mülkiyyətində olan əmlak üzrə pasport qeydiyyatında olması labüddür və qanunvericiliyin tələblərinə zidd deyil. Başqa sözlə, hazırki mübahisə üzrə cavabdeh inzibati orqanın hərəkətləri yuxarıda qeyd olunan normaların tələblərinə zidd hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddia mümkünsüz sayılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-2724/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-720/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-720/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver