Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-723/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Abdulrəhimov kamran Hüseyn iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(120)-374/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, ona təyin olunmuş ikinci dərəcəli (orqanizmin funksiyalarının pozulması 61-80 %) müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 24 iyul 2025-ci il tarixli, 2- 1(120)-374/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki halda inzibati orqan iddiaçıya ünvanladığı bildirişində sözügedən Əsasnamənin 3.7-ci maddəsinə istinad edir. Əsasnamənin 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Cavabdehin istinad etdiyi sübut isə ümumiyyətlə mövcud deyil və mücərrəd xarakter daşıyır. Belə ki, şübhəli halların nədən ibarət olması nə iddiaçıya, nə də ki, məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq, vətəndaş X4 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə müraciət daxil olması qeyd edilmiş, həmin ərizə əsasında İddiaçı əyani müayinəyə dəvət olunması bildirilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən əyani müayinədən keçərək ona 2-ci qrup əlillik təyin edilmişdir. Lakin sonradan ona təyin edilmiş əlillik dərəcəsi şübhə altına alınaraq yenidən əyani müayinəyə cəlb edilmişdir. (şübhənin hansı əsasla olması özü qanunsuzdur). Səhhətində olan problemlərə görə təyin edilmiş vaxtda agentliyə gedə bilməmişdir. Təkrar müayinəyə çağırılmış və həmin müayinədən keçərək barəsində əlillik təyin edilməsi barədə müvafiq qərar qəbul edilmişdir. Lakin heç bir əsas olmadan onu və həyat yoldaşını xx.xx.2023-cü il tarixdə guya barələrində olan əlilliklə bağlı əsaslı şübhələr yarandığı üçün təkrar əyani müayiənəyə çağırmışlar. Lakin səhhəti ilə bağlı həmin müayinədə iştirak edə bilməmişdir. Elə bu səbəbə görə də xx.xx.2023-cü il tarixdə hər ikisinin əlillik dərəcəsi ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, barəsində olan əlillik dərəcəsinin ləğv edilməsi barədə qərarın əsaslandırılması ona göndərilən məktubda öz əksini tapmamışdır. Belə olan halda əlillik dərəcəsinin qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı qərarı ilə deyil, cavabdeh təşkilatın şəxsi mülahizəsi əsasında həyata keçirilmişdir. Hansı ki xx.xx.2022-ci il tarixdə əyani müayinədən keçərək barəsində müddətsiz 2-ci qrup əlillik təyin edilmişdir. Sonradan isə şübhəyə nəyin səbəb olması qeyd edilmədən təkrar müayinəyə cəlb edilmişdir. Ona görə də hesab edir ki, cavabdehin onun barəsində olan əlillik dərəcəsinin ləğv edilməsi barədə qəbul etmiş qərarı əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti sonuncu dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Həmçinin, G.Musayevanın əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2021-ci il tarixdə həmin Qaydaya uyğun olaraq qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq Tibbi-sosial ekspert komissiyalarının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edə bilər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik Agentliyə öz verdiyi qərarın düzgünlüyünə şübhə yarandığı halda əsaslılığının yenidən yoxlanması üçün hüquq vermişdir. X1 tərəfindən Agentliyə bəzi əlillik təyinatlarının saxta olması barədə məlumat daxil olmuş və Agentlikdə araşdırma nəticəsində iddiaçı əyani müayinəyə dəvət edilmişdir. Əyani münayinə nəticəsində də, iddiaçının tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Bu qərar tam olaraq qanunidir və birinci instansiya məhkəməsinin mövqeyi əsaslı deyil. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş şifahi vəsatətlərə baxmayaraq, iddiaçı əlavə olaraq əyani müayinəyə cəlb etməmiş və bununla da Agentliyin diskresion səlahiyyətlərinə müdaxilə edərək qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi şikayətin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməklə, iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya xx.xx.2012-ci il tarixli qərarla “qan dövranı sistemi xəstəlikləri” səbəbi ilə 1 il müddətinə İİ dərəcə əlillik (surətlə inkişaf edən, tez-tez təkrarlanan angiospastik krizlərə meyilliliklə keçən hipertoniya xəstəliyinin ikinci mərhələsi diaqnozu ilə) əlillik təyin edilmiş, xx.xx.2014-cü il tarixli qərarla 1 il müddətinə İİ dərəcə, xx.xx.2015-ci il tarixli qərarla 1 il müddətinə İİ dərəcə, xx.xx.2016cı il tarixli qərarla 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Növbəti müayinələr zamanı xx.xx.2021-ci il tarixli qərarla “əlavə müalicəyə ehtiyacı olması” xx.xx.2021-ci il tarixli qərarla “göndərişin natamam doldurulması”xx.xx.2021-ci il tarixli qərarla “əlavə müalicəyə ehtiyacı olması” xx.xx.2022-ci il tarixli qərarla “göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyinatından imtina edilmiş, xx.xx.2022-ci il tarixli qərarla “qan dövranı sistemi xəstəlikləri” səbəbi ilə müddətsiz İİ dərəcə əlillik (ürək qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı diaqnozu ilə) təyin edilmişdir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixdə “Tam reabilitasiya olması” səbəbi ilə əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2024-cü il tarixli, T616/2024 saylı ekspert rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına Cəlilabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 0340003AAOS5 saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: İ20.1- Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayət olunan stenokardiya. ÜİX. Stabil gərginlik stenokardiyası İİİ-İV FS. Ağırlaşma: İ25.2-Əvvəllər keçiruilən miokard infarktı. Posinfarkt kardio-skleroz. Yanaşı xəstəliklər: İ67.4-Hipertenziv ensefalopatiya. Dissirkulyator ensefalopatiya. İ10- Essensial (birincili) hipertenziya. Hipertoniya xəstəliyi İİ mərhələ çox yüksək risk. F48.0-Nevrasteniya. Asdteno-nevrotik vəziyyət.” diaqnoz xəstə stasionarda müalicədə olarkən anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış onların səmərəliliyi, proqnozu qənaətbəxş olmuşdur. Onun xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı A/T- 124\80 mm.c.st., saturasiyası 98%, nəbzi 94 vurğu olmuş, transtorakal Exokardioqrafiya müayinəsi zamanı “Koronar angioplastikadan sonrakı vəziyyət. Aorta sərtləşib. Septumun hipertrofiyası (l,3sm). Sol mədəciyin sistoladiastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb. (LVEF= 56%). Aortal və Mitral qapaqlar cüzi fibrotikdir. Min TR. Perikard təmizdir” kimi müəyyənləşdirilmiş, aparılmış anamnestik, obyektiv, klinik və instrumental müayinələrin nəticəsinə əsasən halhazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilmişdir. Aparılan əyani müayinələrin və təqdim edilmiş tibbi sənədlərdə qeyd edilən diaqnozların araşdırılması nəticəsinbdə sonuncu qiymətləndirmə zamanı qüvvədə olan Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və eləcə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Tam reabilitasiya olunması”na dair qərar qüvvədə saxlanmışdır. Aparılan müayinələrin nəticələri əsasında əldə edilmiş diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilir ki, vətəndaş X4 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2023-cü il tarixli, 3-17-4/1-D-22996/2023 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, İddiaçı xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuş və təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, xx.xx.2023-cü il tarixindən tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Şərh olunan hallardan göründüyü kimi cavabdeh orqan iddiaçının 2012-ci ildən 2021-ci ilədək eyni xəstəliklə əlillik vəziyyətində olmasına, 2022-ci ilin fevral ayında həmin xəstəliklə ona əlillik təyin edilməsinə baxmayaraq, qısa müddətdən sonra qeyri-mötəbər mənbədən verilmiş məlumat əsasında özünün gəldiyi qənaəti şübhə altına salmaqla, əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı, mötəbər və rəsmi mənbələrdən əldə edilmiş sübutların mövcudluğunu müəyyən etmədən, qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar göstərmədən əvvəlki qərarına zidd qərar qəbul etmişdir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan məsələ "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh "əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Həmçinin cavabdeh özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətinə gəlsə də, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin dispozisiya şərtlərinə zidd olan qərar qəbul etmişdir. Belə ki, həmin Qanunun 68.2.3-cü maddəsinə əsasən inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda qanuni əlverişsiz inzibati akt ləğv edilə bilər. Həmin qanunun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun şərh olunan tələblərindən göründüyü kimi inzibati orqan əvvəlki qərarın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə, həmçinin həmin hallar ona məlum olduğu gündən 1 il ərzində öz qərarını ləğv edə bilər. İşin araşdırılmış hallarından görünür ki, cavabdeh sonradan yaranmış hüquqi və ya faktiki halın hansısa şəxsin müraciətinə əsasən yarandığına istinad etmiş, lakin nəzərə almamışdır ki, ona iddiaçının əlillik vəziyyətində olmaması barədə müraciət müəyyən sahə üzrə ixtisaslaşmış şəxs və ya müəssisə tərəfindən olmadığından həmin müraciət mötəbər və rəsmi mənbələrdən əldə edilmiş məlumat hesab edilə bilməzdi. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 2-1(120)-374/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-723/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-723/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver