Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-726/2025 16.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 2-1(120)-4437/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin Cavabdeh qarşı aksiz markaları ilə markalanmamış tütün məmulatlarının müsadirə edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, aksiz markaları ilə markalanmalı olan lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 318.70 manat olan 76 qutu tütün məmulatlarının satışının qanunvericiliyə uyğun olaraq təşkil edilməsi məqsədilə müsadirə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 15 avqust 2025-ci il tarixli, 2- 1(120)-4437/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, aksiz markaları ilə markalanmalı olan lakin markalanmamış malların müsadirə edilməsi qaydası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimləndiyindən hazırki mübahisə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisədir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, siyahıya alınmış və xx.xx.2025-ci il tarixli protokolla iddiaçı tərəfindən cavabdehdən götürülmüş və aksiz markası ilə markalanmamış (nişanlanmamış) mallar müvəqqəti olaraq saxlanılmaları üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə təhvil verilmişdir. Belə olan halda həmin malların hazırda Cavabdeh sahibliyində olmadığı iddiaçının özünün təqdim etdiyi sənədlərlə öz təsdiqini tapır. Belə ki, “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” DVX seriyalı 003696 saylı xx.xx.2025-ci il tarixli protokol və “Markalanmalı (nişanlanmalı) malların məsul saxlamaya qoyulması barədə” akt tərtib olunaraq mübahisə predmeti olan mallar iddiaçının özünün müəyyən etdiyi digər şəxsə təhvil verilmişdir. Buna görə də iddiaçı faktiki hərəkətlə ödənişsiz və məcburi olaraq cavabdehi həmin mallardan məhrum etmişdir və hazırda həmin mallar cavabdehdə deyil. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli **********6454 nömrəli “X1nin həyata keçirilməsi haqqında” Qərarına əsasən, ünvan 1 19 küçəsi ünvanında yerləşən fərdi sahibkar Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Mağaza”da X1 tədbiri həyata keçirilmişdir. X1 tədbiri zamanı obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış alış dəyəri 318.70 manat olan 76 qutu tütün məmulatları aşkar edilmişdir. Bu fakt üzrə vergi ödəyicisi barəsində “Markalanmalı (nişanlanmalı) malların dövriyyəsinin qanunauyğunluğunun yoxlanılması üzrə keçirilmiş X1nin nəticəsinə dair” xx.xx.2025-ci il tarixli DVX seriyalı № 103335 nömrəli Akt tərtib edilmişdir. Aşkar edilmiş məhsullar “Markalanmalı (nişanlanmalı) malların götürülməsi barədə” xx.xx.2025-ci il tarixli DVX seriyalı 003696 nömrəli Protokol tərtib edilərək götürülmüşdür. Vergi ödəyicisi Cavabdeh X1 tədbiri zamanı yoxlama materialları ilə tanış olmuş və imzalamışdır. Eyni zamanda yoxlama zamanı yazılı izahat verərək fəaliyyət göstərdiyi obyektdə aksiz markaları ilə markalanmalı olan, lakin aksiz markaları ilə markalanmamış tütün məmulatlarının aşkar edilməsi faktını izahatı ilə təsdiqləmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticədən fərqli olaraq aksiz markaları ilə markalanmalı olan, lakin markalanmamış malların müsadirə edilməsi qaydası İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənmir. Başqa sözlə, cavabdehin yol verdiyi pozuntu İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta hesab edilmir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. “Vergi mübahisələrinin ərazi aidiyyətinin müəyyənləşdirilməsi ilə bağlı” Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının icmal məktubunda məhkəmələrə tövsiyyə edilmişdir ki, vergi mübahisələrinə münasibətdə bu qəbildən olan iddialar üzrə işlərə cavabdeh inzibati orqan olduqda inzibati orqanın yerləşdiyi yerin (inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edibetməməsindən asılı olmayaraq), cavabdeh vergi ödəyicisi (hüquqi şəxs və ya fərdi sahibkar olmasından asılı olmayaraq) olduqda isə onun uçotda olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, cavabdehin vergi ödəyicisi kimi uçotda olduğu ünvan ünvan 1 19 qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri inzibati ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.6-cı maddəsinə əsasən inzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, ərazi aidiyyəti qaydaları pozulmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 2-1(120)- 4437/2025 saylı qərardadı ləğv edilməli, inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 15 avqust 2025-ci il tarixli, 2-1(120)-4437/2025 nömrəli qərarı ləğv edilsin. İnzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-726/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-726/2025
16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver