Məhkəmə qərarları › İş №2-1(106)-73/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-73/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-73/2025 25.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi) Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil oğlunun, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(120)-2946/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1963-cü ildə doğulmuşdur. 1980-ci ildən 2022-ci ilə kimi əmək stajı vardır. Bunu təsdiq edən İT-10640354 saylı əmək kitabçası da vardır. 01 fevral 1999-cu ildən 29 oktyabr 2013-cü ilədək 14 il, 8 ay, 28 gün Biləsuvar rayon "xxxx" MMC SRF-də akkumulyator sexində texnik, yəni akkumulyatorların quraşdırılması və təmiri ilə məşğul olmuşdur. 14 il, 8 ay, 28 gün “Biləsuvar rayon "xxxx" MMC SRF-də akkkumulyator sexində texnik, yəni akkumulyatorların quraşdırılması və təmiri ilə məşğul olduğundan güzəştli iş stajı vardır. Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Orada araşdırma aparılarkən, işlədiyi Biləsuvar rayon "xxxx" MMC arayış verdi ki, o, həqiqətən 14 il, 8 ay, 28 gün akkumulyatorçu texnik-akkumulyatorların quraşdırılması və təmiri üzrə akkumulyatorçu vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tələbindən imtina verdi. Digər tərəfdən işlədiyi müəssisə arayış da verir ki, o, həqiqətən 14 il, 8 ay, 28 gün akkumulyatorçu texnik-akkumulyatorların quraşdırılması və təmiri üzrə akkumulyatorçu vəzifəsində işləmişdir. Cavabdeh təşkilatın imtinasını əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı 15 dekabr 2023-cü il tarixli ərizə ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Mərkəzi Filiala müraciət etmişdir. X11 tərəfindən 12 yanvar 2024-cü il tarixli, 3-17-1/2-D-5874/2024 nömrəli məktubla iddiaçının güzəştli iş stajının olmaması səbəbindən pensiya təyinatından imtina edilmişdir. Bundan sonra İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Mərkəzi Filiala həvalə edilməsi üçün məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axınncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (65-5=60 yaş); 2) azı 25 il sığorta stajı olduqda; 3) stajın 12 il 06 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Qanunvericiliklə tələb olunan ücüncü şərtə münasibətdə aşağıdakıları bildirməyi zəruri hesab edirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiqlənmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci bəndinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Bildirirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının tərəfindən pensiya mübahisələrinə dair bəzi işlər təhlil edilərək inzibati məhkəmələrə ünvanlanmış 18 novabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) akkumulyatorçular vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 24 fevral 1982-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" MMC CRF-nin arayışında xx.xx.1999-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində akkumulyator sexində texnik vəzifəsində işlədiyi qeyd olunmasına baxmayaraq, İddiaçı işlədiyi texnik vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. İş materiallarından göründüyü kimi qanunvericiliklə tələb olunan üçüncü şərt ödənilmir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(120)-2946/2024 saylı qərarı ilə (hakim Fehruz Abbasov) iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası Məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (hazırda qüvvədə olan müddəalarına əsasən) axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası’nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən 24 fevral 1982-ci il tarixli İ4T-İ ******* nömrəli əmək kitabçasının surətində və "xxxx" MMC CRF-nin arayışında 01 fevral 1999-29 oktyabr 2013-cü il tarixləri arasındakı dövr ərzində akkumulyator sexində texnik vəzifəsində işlədiyi qeyd olunmasına baxmayaraq, İddiaçı işlədiyi texnik vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı mövcud deyildir. Buna görə də hesab edirik ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan İddiaçı “60 yaşdan, yəni 25 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan inzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2- 1(120)- 2946/2024 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(120)-2946/2024 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(120)-2946/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. ... Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri ... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının: Bölmə 35. Ümumi peşələr, “akkumulyatorçular” vəzifəsi 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən;

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün qeyd edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılan zaman iddiaçının tələbi “güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 22 sentyabr 2021-ci il tarixdən, yəni 60 yaşdan, yəni 25 oktyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci “Ümumi peşələr” bölməsində akkumulyatorçu peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısına daxil edilmişdir və məhkəmə iddiaçının X1 xx.xx.1999-xx.xx.2013-cü illərdə 14 il, 8 ay, 28 gün işlədiyi akkumulyator sexi üzrə texnik vəzifəsini (akkumulyatorların quraşdırılması və təmir olunması) yuxarıda qeyd olunan Siyahının “Ümumi peşələr” bölməsində nəzərdə tutulmuş akkumulyatorçular peşəsinə uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi üçün cavabdehin qeyd etdiyi dəlil əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, xx.xx.1963-cü il tarixdə doğulmuş İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən yaş həddinə çatmiş, 40 il 7 ay 04 gün ümumi iş stajı toplamış və bunun 14 il 8 ay 28 günü güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir və iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri və mübahisənin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: Belə ki, yuxarıda şərh olunan hüquq normalarının tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün həmin tarixədək onun 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır. İş materiallarında olan Biləsuvar rayon Polis Şöbəsi tərəfindən xx.xx.2014- cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Biləsuvar şəhər İHBnın Biləsuvar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 096/2023 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1963-cü ildə İmişli şəhərində doğulmuş və yaşayış yeri Biləsuvar şəhəri, B.Abbasov küçəsi, ev 10A-dır. İş materiallarında olan xx.xx.1963-cü ildə doğulmuş İddiaçı adına tərtib və təsdiq olunmuş 24 fevral 1982-ci il tarixli, ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən, SHXÇÜDX Biləsuvar rayon şöbəsinin xx.xx.2023- cü il tarixli 526 nömrəli arayışından və "xxxx" X8 Biləsuvar şöbəsinin möhürü ilə təsdiq olunmuş arayışdan görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982- ci illərdə (1 il 03 ay 20 gün) Puşkin (Biləsuvar) Rabitə Qovşağında növbətçi teleqrafçı, santexnik və müşayiətçi vəzifələrində, xx.xx.1982-xx.xx.1982-ci illərdə (02 ay 16 gün) Puşkin (Biləsuvar) rayon təsərrüfatlararası qarajda sürücü işləmiş, xx.xx.1982xx.xx.1984-cü illərdə (2 il 01 ay) Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, xx.xx.1984xx.xx.1985-ci illərdə (1 il 05 gün) Puşkin (Biləsuvar) rayon təsərrüfat hesablı birləşmiş qazanxana və istilik şəbəkələri sahəsində maşinist, ocaqçı, mühəndis-texnik və növbətçi çilingər vəzifələrində işləmiş, xx.xx.1985-xx.xx.1995-ci illərdə (9 il 05 ay 23 gün) Puşkin (Biləsuvar) və X4 elektrik montyoru və elektrik mexaniki vəzifələrində, xx.xx.1996-xx.xx.1996cı illərdə (06 ay) Biləsuvar rayon Rabitə Qovşağında elektrik mexaniki, xx.xx.1996-xx.xx.2022ci illərdə (26 il) əvvəlcə X1 mexanik, texnik, xx.xx.1999-xx.xx.2013-cü illərdə (14 il 08 ay 28 gün) akkumulyator sexi üzrə texnik, avtomexanik və sürücü vəzifələrində işləmiş, bu müddət ərzində hərbi xidmət dövrü də nəzərə alınmaqla 40 il 7 ay 04 gün ümumi iş stajı toplamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin ona güzəştli iş stajının kifayət etməməsi əsas gətirilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının 60 yaşınadək kifayət edən ümumi iş stajının olması əmək kitabçasında olan qeydlər və digər sənədlər (hərbi bilet və s.) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının tələb olunan 25 il ümumi iş stajının və tələb oluna pensiya yaşına çatması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmiş və mübahisəsiz hal kimi qəbul edilmişdir. Cavabdeh inzibati orqanın mübahisələndirdiyi yeganə hal iddiaçının 12 il 6 ay güzəştli iş stajının olmamasıdır. Belə ki, İddiaçı X1 xx.xx.1999-cu il tarixdən xx.xx.2013-cü il tarixədək işlədiyi akkumulyator sexi üzrə texnik vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatına əsas verən peşə olduğunu və həmin müddət ərzində topladığı 14 il 08 ay 28 gün iş stajının bu təyinat üçün kifayət etdiyini iddia etdiyi halda, cavabdeh inzibati orqan iş materiallarında olan, İddiaçı ünvanladığı “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2024-cü il tarixli, 3-14-1/2-D-5874/2024 nömrəli məktubunda və məhkəməyə təqdim etdiyi iddiaya qarşı etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) akkumulyatorçu vəzifəsinin nəzərdə tutulduğunu, iddiaçının xx.xx.1999-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində akkumulyator sexində işlədiyi texnik vəzifəsinin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə uyğun deyil səbəbindən onun güzəştli iş stajının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını və cavabdeh tərəfindən iddiaçının işlədiyi sahənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına aid olmaması, o cümlədən apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajının yetərli olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti ödəmişdir. Belə ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan "xxxx" MMC CRF-nin “güzətli iş stajı haqqında” arayışında bildirilir ki, İddiaçı həqiqətən 14 il, 8 ay, 28 gün akkumulyatorçu texnik-akkumulyatorların quraşdırılması və təmir olunması üzrə akkumulyatorçu vəzifəsində işləmişdir və həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) akkumulyatorçu vəzifəsinə uyğundur. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında X1 xx.xx.1999-xx.xx.2013-cü illərdə akkumulyator sexi üzrə texnik vəzifəsində işlədiyi 14 il 08 ay 28 gün ərzində akkumulyatorların quraşdırılması və təmiri işini yerinə yetirdiyini bildirmişdir. Həmçinin, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən "xxxx" MMC-nə sorğu verilmiş və iddiaçının xx.xx.1999-xx.xx.2013-cü illərdə işlədiyi “texnik” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında (35 ümumi peşələr bölməsində) göstərilən akkumulyatorçu vəzifəsinə uyğun olub-olmaması və “texnik” vəzifəsində işləyən işçilərin əmək funksiyaları barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Məhkəmənin sorğusu əsasında "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi “güzətli iş stajı haqqında” arayışında qeyd olunur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 01 fevral 1999 - 29 oktyabr 2013 tarixləri aralığında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə, X2 akkumlyator sexində texnik vəzifəsində çalışmışdır. Akkumlyator sexində texnik vəzifəsinin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri akkumlyator elektrolitlərinin - su ilə kimyəvi turşuların qarışdırılması, dəyişdirilməsi və əlavə edilməsi, nasazlıqların aradan qaldırılması və ümumi profilaktik işlərin görülməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əməl pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci bəndə uyğundur. Göründüyü kimi, cavabdeh xx.xx.2024-cü il tarixli, 3-14-1/2-D-5874/2024 nömrəli imtina məktubunda imtinanın səbəbi kimi iddiaçının xx.xx.1999-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində akkumulyator sexində işlədiyi texnik vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) nəzərdə tutulan akkumulyatorçular vəzifəsinə uyğun olmadığnı bildirsə də, "xxxx" MMC CRF-nin “güzətli iş stajı haqqında” arayışında həmin vəzifənin (14 il, 8 ay, 28 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) akkumulyatorçu vəzifəsinə uyğun olduğunu bildirmişdir. Belə olduğu halda məhkəmə kollegiyası mövcud olan sənədləri qanunvericiliyin müddəaları və yuxarıda qeyd edilən hüquqi dəyərləndirmə ilə birgə təhlil etdikdə, iddiaçının güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edir. Məhkəmə kollegiyası bildirir ki, müvafiq dövr üzrə güzəştli iş stajı "xxxx" MMC CRF-nin “güzətli iş stajı haqqında” (həm ilkin həm də məhkəmənin sorğusu əsasında verilən) arayışında öz əksini tapmışdır və həmin arayışda göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı və arayışdakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçıya hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməklə haqlı mövqe sərgiləmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2-1(120)-2946/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar