Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-731/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(120)-1424/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X1Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0017 nömrəli qərarın ləğv olunması və ümumi xəstəlik səbəbindən ona təyin edilmiş ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2024cü il tarixdən elektron altsistemdə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 iyul 2025-ci il tarixli, 2-1(120)- 1424/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Əlilliyin düzgün müəyyən edilməsini şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir. Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən, iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edilə bilərdi. Cavabdeh inzibati orqan hər bir halda Qanunun tələblərinə əsasən, inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları, hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Lakin cavabdeh orqan tərəfindən inzibati icraatın aparılmasını təsdiq edən, hər hansı sübutları əks etdirən materiallar məhkəməyə təqdim edilməmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci ildən 2-ci dərəcəli əlildir. xx.xx.2021-ci ildə ona 2-ci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Xəstəliyinin Diaqnozu: F07.8 Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dakompensasiyalarla. Posttravmatik psixotik vəziyyət. Ağırlaşma F01 davranış pozğunluğu,-dayanıqlı, uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə güdən generalizə olunmuş psixotabənzər kobud davranış pozuntusu. Özünə qəsdetmə fikir və cəhdlər. X4- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2021-ci il tarixdə ona təyin edilmiş müddətsiz, 2-ci dərəcə əlilliyi heç bir xəbərdarlıq və əsas olmadan xx.xx.2023-cü il tarixdə ləğv etmişdir. Əyani müayinə edilmədiyi halda əlilliyi dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə Agentlik ona bildiriş vermişdir. xx.xx.2023-cü il tarixdə əyani müayinədə olmuş, ona yenidən pensiya alacağı bildirilmişdir. Təkrarən müalicə almış, lakin yenə də xx.xx.2024-cü il tarixdə ona imtina verilmişdir. Biləsuvar rayon Mərkəzi Xəstəxanası tərəfindən xəstəliyinin diaqnozu F07.8 Baş beyinin xəstəlyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Posttravmatik psixotik vəziyyət. Ağırlaşma F01 davranış pozğunluğu,-dayanıqlı, uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə güdən generallizə olunmuş psixotabənzər kobud davranış pozuntusu. Özünə qəsdetmə fikir və cəhdlər olmaqla xx.xx.2023-cü il tarixdə təsdiq etmişdir. Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə və təkrarən xx.xx.2024-cü il tarixdə də ona imtina verilmiş, imtinanın əsası kimi əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti Bakı 1 nömrəli Şəhər Poliklinikası tərəfindən “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan üzvi mənşəli şəxsiyyət və davranış pozdunluqları, tez-tez bas verən dekompensasiyalarla. Postravmatik psixotik vəziyyət. Davranış Dozöunluöu. Dayanıqlı, uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə gedən generalizə olunmuş psixotabənzər kobud davranış pozuntusu, özünə qəsdetmə fikir və cəhdləri” diaqnozları ilə rəsmiləşdirilmiş göndəriş əsasında qiymətləndirilərək xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək 1 (bir) il müddətinə ümumi xəstəlik səbəbindən ikinci dərəcə “ilkin”, xx.xx.2014-cü ildən xx.xx.2015-cı ilədək, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək, xx.xx.2016-cı ildən xx.xx.2021-ci ilədək ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar”, xx.xx.2021-ci il tarixindən müddətsiz ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar" əlillik təyinatı aparılmışdır. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) Aparatının Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili nəticəsində İddiaçı əyani müayinəyə cəlb olunaraq, X3 ilə qüvvədə olan əlillik təyinatı ləğv edilmiş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Sonradan vətəndaşın müraciəti əsasında H00197143İUZ №-li göndəriş rəsmiləşdirilsə də, nəzarətdə olan şəxslər siyahısında olduğundan əlillik təyinatı aparılmamış və bu səbəbdən xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət edilərək, DTSERA-da həkim-ekspertlər tərəfindən müayinə edilmişdir. Müayinəyə gələrkən, qeyri-adekvat davranış müşahidə olunmuşdur. Təqdim etdiyi tibbi sənədləri təhlil edərkən, müəyyən edilmişdir ki, iddiaçı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında “Posttravmatik psixotik vəziyyət, davamlı depressiv əlamətlərlə və özünə qəsd etmə cəhdlərinə diaqnozu ilə xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixlərində stasionar müalicə almışdır. AR Səhiyyə Nazirliyi Salyan Rayonlarası Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 831 nömrəli tibbi rəyinə əsasən müayinə nəticəsində “Keçirilmiş kəllə-beyin travmasından sonrakı üzvi mənşəlli şəxsiyyət və davranış pozuntuları” diaqnozu müəyyənləşdirilmişdir. DTSERA-da xx.xx.2024-cü il tarixində aparılmış həkim-psixiatrın müayinəsinin nəticəsi “Xəstə isterik xarakterli davranış nümayiş edir, qışqırır, əlini nəyə isə atır, sanki vuracaq kimi, sonra da yerinə qovur, aktual özünə qəsd fikirləri söyləyirdi” kimi qeyd edilmişdir. Anamnestik məlumatlar, obyektiv müayinələrin nəticəsi, təqdim edilmiş sənədlərə əsasən, xx.xx.2024cü il tarixli H00197143İUZ nömrəli rəsmiləşdirilmiş göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə Qərar qəbul edilsin. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspertiza təyin edilmədən, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə edilməklə qərar qəbul edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı əvvəllər əlilliyin bərpası barədə iddia qaldırmış və iddianı geri götürmüş, bundan sonra onun əlillik vəziyyərinə baxılmış və imtina qərarı verilmişdir, ona görə də hazırda əlilliyin bərpasını deyil, təyin olunmasını tələb edə bilər. Nümayəndə, həmçinin kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, iddiaçının yenidən müayinəyə cəlb edilməsinin səbəbini bilmir, həmçinin onun 2023-cü ildə faktiki olaraq əyani müayinədə olub-olmaması barədə məlumatı yoxdur. İddiaçı və nümayəndəsi ayrı-ayrılıqda məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmişlər, iddiaçı əlavə olaraq bildirmişdir ki, 2023-cü ildə cavabdeh tərəfindən, ümumiyyətlə, müayinə edilməmişdir. İddiaçı, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əlillik təyinatından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmə kollegiyası tərəfindən icaata qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçı hazırda xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirir ki, həmin qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. X2 Məhkəməsində baxılmış 2-1(120)-2463/2024 nömrəli işə baxış keçirilərək, müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə əlilliyin barpası barədə iddia vermiş, iş üzrə araşdırma aparıldıqdan sonra iddiaçının ərizəni geri götürməsi səbəbindən xx.xx.2024-cü il tarixli qərardadla icraata xitam verilmişdir. Həmin qərardadın iddiaçıya təqdim edilməsi barədə iş materiallarında sübut mövcud deyildir. İddiaçı xx.xx.2024-cü il tarixdə hazırki iddia ilə yenidən bu məsələni mübahisələndirmişdir. Şərh olunan hallardan və sənədlərdən göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixli əlillik təyinatından imtina barədə qərardan şikayət vermə müddətini ötürməmiş, həmçinin bundan sonra iddianın geri götürülməsinin hüquqi nəticələri işə baxan məhkəmə tərəfindən ona izah edilmədiyindən öz vəziyyətinin pisləşməsi istiqamətində addım atmasını dərk etmədən iddianı geri götürmüş olsa da, müvafiq qərardad ona təqdim edilməmişdir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sözügedən qərardan (dəqiqləşdirilmiş iddia üzrə) şikayət verilməsi ilə bağlı müddət ötürülməmiş hesab edilməlidir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışdan görünür ki, iddiaçı 2012-ci ildən xx.xx.2021-ci il tarixədək psixi pozuntu səbəbindən əlillik vəziyyətində olmuş, növbəti qiymətləndirmələr nəticəsində xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixli qərarlarla müxtəlif səbəblərdən təyinatdan imtina edilmiş, nəhayət xx.xx.2021-ci il tarixli qərarla müddətsiz İİ dərəcə əlillik təyin edilmişdir. Bundan sonra cavabdeh orqan TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan halların araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli bildirişlə (bildirişin iddiaçıya çatdırılmasını təsdiq edən sübut yoxdur) iddiaçını əyani müayinəyə dəvət edir, hazırda mübahisələndirilən qərarla özünün xx.xx.2023-cü il tarixli qərarının (bu qərar təqdim edilməmişdir, həmçinin ləğv edildiyinə görə sübut əhəmiyyəti daşımır) ləğv edilməsi və “Müalicənin davam etdirilməsi” nəticəsinə gəlir. -İddiaçı məhkəmə iclasında 2023-cü il ərzində, ümumiyyətlə, cavabdeh tərəfindən əyani müayinə edilmədiyini bildirdiyindən cavabdeh orqana onun müayinəsini təsdiq edən sübut təqdim edilməsi barədə sorğu göndərilmiş, cavab olaraq xx.xx.2025-ci il tarixli, 3-17- 4/2-30562/2025 nömrəli məktubla iddiaçının xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunduğu, lakin yalnız son 6 ay ərzində qeydə alınmış video görüntülərin saxlanıldığı bildirilmiş, həmçinin iddiaçının məhz xx.xx.2023-cü il tarixdə əyani müayinə edilməsi ilə bağlı hər-hansı sübut təqdim edilməmişdir. -Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-23927/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2012-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2013-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparılmış və ümumi xəstəlik səbəbindən bir il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Şəxsin ikinci dərəcə əlilliyi xx.xx.2015-ci il tarixindən bir il müddətinə artırılmışdır. Sonrakı dövrdə İddiaçı ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlilliyi xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra şəxsin əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 0234003AAL6U nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı dair Biləsuvar Rayon Mərkəzi Xəstəxanası tərəfindən 0234003AAM9F, 0234003AANM5, 0234003AAPPT və 0234003AAP51 nömrəli göndərişlər rəsmiləşdirilmişdir. Həmin göndərişlər əsasında şəxsin əlillik vəziyyəti müvafiq olaraq xx.xx.2021-ci, xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində qiymətləndirilmiş və 2011-ci ildə ağır psixi xəstəlikdən əziyyət çəkməsinə baxmayaraq xx.xx.2017-ci il tarixində B C kateqoriyalı sürücülük vəsiqəsi alması, aktiv olması, əmək müqaviləsinin olması, lakin xəstəlik vərəqəsinin olmaması, işləməsi (sosial işçi, ictimai işlər qüvvədədir xx.xx.2021), həmçinin diaqnozu şübhə doğurmasına görə bütün hallarda natamam doldurulması səbəbilə göndərişlər dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Sonrakı dövrdə vətəndaşın əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 0234003AAQBV nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində elektron qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş **********8 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı xx.xx.2023-cü il tarixində ləğv edilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Növbəti dəfə İddiaçı müraciəti əsasında xx.xx.2023-cü il tarixli, 3-17-4/2-Ə-25076/2023 nömrəli bildiriş məktubu ilə xx.xx.2023-cü il tarixinə Agentliyə dəvət edilərək əyani müayinədə iştirak etmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar dəyişdirilərək əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Sonuncu dəfə İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə nəticəsində əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 -ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduzla işarələnmiş 2-1(102)-1043/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, lakin həmin qərarın düzgünlüyünü şübhə altına alan əsaslı dəlillər təqdim etməmiş, eyni zamanda əyani müyinə aparılmadan əlillik təyinatından imtina etməklə, yuxarıda qeyd olunan Qaydanın 3.7-ci bəndinin tələblərinə zidd icraat aparmışdır. "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalı, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul etsək ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, iddiaçı əyani şəkildə müayinə olunduğu və əvvəlki qərarın qanunsuz olmasını əsaslandıran yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə və ya dəyişdirə bilərdi. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaçını əyani şəkildə müayinə etmədən və onun orqanizmində patofunksional pozuntunun mövcud olub-olmamasını müəyyən etmədən əvvəlki qərarının qanunsuz olması qənaətinə gəlmişdir ki, bu hal yuxarıda qeyd olunan normativ hüquqi aktların tələblərinə və inzibati icraatın prinsiplərinə ziddir. Bununla yanaşı, kollegiya hesab edir ki, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçı əlillik təyinatından ilkin imtina barədə qərarı məhkəmədə mübahisələndirsə də, uzun müddət araşdırma aparıldıqdan sonra hüquqi nəticələri ona izah edilmədən onun tərəfindən verilmiş ərizə üzrə icraata xitam verilməsinin onun hüquqi və maddi vəziyyətinin pisləşməsinə yönəldiyindən, məhkəmə kollegiyasının müvafiq hüquqi yardımı əsasında təqdim edilmiş dəqiqləşdirilmiş iddia icraata qəbul edilmişdir və kollegiya hesab edir ki, iş üzrə həmin tələb həcmində qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(120)-1424/2025 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 30 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı 11 noyabr 2021-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə təyin edilmiş ikinci dərəcəli əlilliyin "Əlillik” altsistemində 30 oktyabr 2023-cü il tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-731/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-731/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver