Məhkəmə qərarları › İş №2-1(106)-733/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-733/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-733/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(120)-1300/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarın ləğv olunması və xx.xx.2024-cü il tarixdən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş D00184063CAE nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 iyul 2025-ci il tarixli, 2-1(120)- 1300/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Vətən müharibəsində iştirak etmiş, 14 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının müdafiəsi zamanı döyüş tapşırığını yerinə yetirərkən Füzuli rayonu ərazisində düşmən tərəfindən atılan mərminin partlaması nəticəsində “Partlayış zədələnməsi, başın ənsə nahiyəsinin kor qəlpə yarası” xəsarəti almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 09 iyun 2023-cü il tarixli, 6275 saylı Qərarı ilə ona “Hərbi Travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” rəyi verilmişdir. 4 (dörd) ildir ki, xəstədir, hal-hazırda 29 yaşı var və ona “Üzvi mənşəli şəxsiyyət pozuntusu”, “Tez-tez təkrarlanan dekompensasiyalar”, “Koqnitiv funksiyaların enməsi”, “Tiklər”, “Özünü kəsmələr və intihar cəhdləri ilə”, “Partlayış travması”, “Keçirilmiş qapalı kəllə-beyin travması”, “Baş-beyin sirkələnməsinin nəticələri”, “Postravmatik ensefalopatiya” və “Vegetativ damar davamsızlığı” diaqnozları qoyulmuşdur. Ağırlaşma formasında digər xəstəlikləri də mövcuddur. Mütəmadi olaraq müxtəlif xəstəxanalarda ambulator və stasionar müalicə kursları keçmişdir. Özünü idarə edə bilmir, səhhəti günü-gündən ağırlaşır və artıq müalicəyə tabe olmur. Səhhətində heç bir irəliləyiş yoxdur. Müalicə və xəstəlikləri barədə müvafiq sənədləri iddia ərizəsinə əlavə etmişdir. Lakin Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən qərəzli olaraq ona əlillik dərəcəsi təyin edilmir. “Tibbi-Sosial Ekspert Komissiyasında müayinəyə dair məlumatın verilməsi” elektron xidmətindən məlum olur ki, əlillik vəziyyəti səhiyyə müəssisəsinin D00184063CAE saylı göndərişi əsasında “TSERAS” üzərindən qiymətləndirilmiş və “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbindən ona əlillik dərəcəsi verilməsindən imtina qərarı verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntu, tez-tez təkrarlanan dekompensasiyalar. koqnitiv funksiyaların enməsi və tiklər,özünü kəsmələr intihar cəhdlərilə. Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması, başbeyin silkələnməsinin nəticələri. Postravmatik ensefalopatiya, vegetativ damar davamsızlığı. Diaqnoz əlillik əlaməti təyin etmir, səbəbi ilə imtina verilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdrılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixi 6275 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər. özünü kəsmələr, intihar cəhdləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Başın ənsə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. Tinnitus. İkitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 11649740 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2605 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından şikayətlənmişdir. Müayinəyə nümayişkar şəkildə daxil olmuş, tiklər göstərməyə çalışmış, lakin müayinənin gedişatında tikləri unutmuşdur. Baş ağrılarından sonra qıcolmasının olduğunu söyləmiş, sağ saiddə bır ədəd çapıq izlənilmişdir. Yalnız yuxu dərmanı qəbul etdiyini, Depakinin təsiq etmədiyini söyləmişdir. Konfliktlərin spesifikliyini izah edə bilməmişdir. Müayinə zamanı koqnitiv funksiyalarda geriləmə müşahidə olunmamışdır. Emosional-iradi sfera qüsursuz, nümayişkar olmuşdur. Mühakimə və analiz qabiliyyəti adaptiv, maraqlarına uyğun olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya komisyon ekspertiza təyin etməmiş, ona görə də səhv nəticəyə gəlmiş, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı işə iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -181 nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, N nömrəli travma haqqında arayışın məzmunundan görünür ki, əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə Qarabağ vətən müharibəsi zamanı “Partlayış zədələnməsi, başın ənsə nahiyəsinin kor qəlpə yarası” xəsarətini almışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 6275 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, ehtiyatda olan əsgər xx.xx.1995-ci il təvəllüdlü əsgər İddiaçı Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır. Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə. Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Başın ənsə nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit. Tinnitus. ikitərəfli neyrosensor tip ağıreşitmə. Pıçıltı nitqini sol qulaqda 4 (dörd) metr, sağ qulaqda 5 (beş) metr məsafədən eşitməsi diaqnozu qoyulmuş və diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 348 nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İbişov X1 Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə F 07.0. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 253 nömrəli məktubunda qeyd edilmişdir ki, Sabirabad rayon sakini İddiaçı əlilliyin təyini ilə bağlı tibbi sənədləri (anketi) Sabirabad rayon Mərkəzi xəstəxanasının HMK- tərəfindən xx.xx.2022, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının HMK-na təqdim edilmişdir. Müvafiq olaraq tibbi sənədlər əsasında P00060737MAS, S00102466VZL, L00119578TTK saylı elektron göndərişlər (forma-88) tərtib edilərək TSEK-nın elektron altsisteminə ötürülmüşdür. Hər üç göndərişə TSEK tərəfindən imtina verilmişdir. Sonuncu dəfə xəstənin tibbi sənədləri xx.xx.2024-cü ildə Sabirabad RMX HMK tərəfindən "Üzvi mənşəli şəxsiyyət pozuntu,tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər,özünü kəsmələr intihar cəhdlərilə. Partlayış travması. Keçirilmiş qapalı kəllə beyin travması, başbeyin silkələnməsinin nəticələri. Postravmatik ensefalopatiya, vegetativ damar davamsızlığı” diaqnozları ilə protokollaşdırılaraq Salyan RPX HMK-na təqdim edilmişdir.Həmən tarixdə eyni diaqnozla D00184063CAE saylı elektron göndəriş (forma- 88) tərtib edilərək TSEK-nın elektron altsisteminə ötürülmüşdür.Həmən göndərişə xx.xx.2024-cü ildə “Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbli imtina verilmişdir.Göndərişə əsas olan tibbi sənədlər (anket), elektron göndəriş yazıldıqdan sonra Sabirabad RMX-na geri qaytarıldığından, məhkəməyə lazım olan tibbi sənədləri əldə etmək üçün Sahirabad RMX-na müraciət etmək zəruridir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X5 xx.xx.2024-cü il tarixli, 12026 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası PHŞ bildirir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən “ Partlayış zədələnməsi, başın ənsə nahiyəsinin kor qəlpə yarası” şəklində xəsarət almışdır. (Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N saylı arayış) İddiaçı həmin kəllə-beyin travmasından sonra dəfələrlə müxtəlif xəstəxanalarda stasionar müalicə alıb. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “Üzvi (baş beyin zədələnməsi) şəxsiyyət pozuntusu, yaddaşın enməsi” xx.xx.2023-xx.xx.2023-cü ildə “üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, tiklər, özünü kəsmələr və intihar cəhdləri ilə”, xx.xx.2023- xx.xx.2023-cü il tarixdə “Üzvi şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi, tiklər, özünü kəsmələr və intihar cəhdləri ilə”, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “Üzvi mənşəli şəxsiyyət pozuntusu, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “Üzvi (baş beyin zədələnməsi) şəxsiyyət pozuntusu, yaddaşın enməsi, tiklərlə” xx.xx.2023-xx.xx.2023-cü il tarixdə “ Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalarla, koqnitiv funksiyaların enməsi və özünü kəsmələr, intihar cəhdləri ilə” diaqnozları ilə müalicədə olub. Bir neçə dəfə tibb elmləri doktoru, professor Rİsmayılov tərəfindən müayinə edilib. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə prof.F.İsmayılov tərəfindən “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində ) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” diaqnozu müəyyən edilib. Qoyulmuş suallara cavab olaraq bildiririk ki, İddiaçı “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” xəstəliyi aşkar edilir. 1-ci sualın 2-ci hissəsi və 2-ci suala cavab olaraq bildiririk ki, xəstəyə əlillik təyini məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində olan Tibbi Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir, xəstəxanada yalnız diaqnostika və müalicə məsələləri həyata keçirilir. 3-cü suala cavab olaraq bildiririk ki, İddiaçı təyin olunmuş diaqnoz tibb müəssisələri tərəfindən verilmiş göndəriş və aparılmış müayinələrin nəticələrinə uyğundur. Aparılmış müayinələrin (elektroensefaloqrafıya, MRT müayinə, psixi vəziyyətinin dəfələrlə müxtəlif psixiatrlar və digər ixtisas həkimləri tərəfindən aparılmış əyani müayinələri) nəticələri İddiaçı müvafiq diaqnozun qoyulması üçün kifayət edir. 4-cü suala cavab olaraq bildiririk ki, İddiaçı təyin edilmiş diaqnozda X3 üzvi xəstəliyinə xarakterik olan əlamətlər, onların dinamikası xronoloji ardıcıllıqla verilmiş diaqnozlarda öz əksini tapmışdır, bu diaqnozların get-gedə daha ağır olması mümkün olan müalicə tədbirlərinin aparılmasına baxmayaraq xəstəliyin proqressivləşməsini göstərir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli, T 78/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi sonuncu müayinəyə dair məlumatın verilməsi məlumatlarında qeyd edilmiş xx.xx.2024-cü il tarixli H00197143İUZ Forma 88 nömrəli göndərişində qeyd edilmiş “F07.8-Baş beyinin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları. Baş beyinin travmatik mənşəli üzvi xəstəliyi nəticəsində yaranan kəskin ifadəli şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Posttravmatik psixotik vəziyyət. Ağırlaşma: F91-Davranış pozğunluğu. Dayanıqlı uzunmüddətli psixotik əlamətlərin təzahürü ilə gedən generəlizə olunmuş psixopatabənzər kobud davranış pozuntusu. Özünə qəsdetmə fikir və cəhdləri” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, |nüalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuş, əmək qabiliyyətinin itirilməsi TSEK-in ekspertləri tərəfindən qeyd edilməmişdir. -Diaqnoz nəzərə alınmaqla əlilliyin təyini zamanı onda olan əsas xəstəlik və ağırlaşmaları şəxs xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinədən keçirilərkən müayinəyə nümayişkar şəkildə daxil olmuş, tiklər göstərməyə çalışsa da, tikləri unutmuş, konfliktlərin spesifikliyini izah edə bilməmiş, emosional-iradi sfera qüsursuz, nümayişkar olmuş, mühakimə və analiz qabiliyyəti adaptiv maraqlarına uyğun olmuş, hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli isterik tip şəxsiyyət pozuntusu, nümayişkar davranış” kimi müəyyənləşdirilmiş, belə ki, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər qeyd olunmamşdır. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur, xəstəliklər tam reablitasiya olunmurlar. Məhkəmə kollegiyası qeyd edir ki, “Respublika Psixiatriya Xəstəxanası” PHŞ müvafiq sahə üzrə ixtisaslaşmış müəssisədir və həmin qurum tərəfindən qoyulmuş diaqnoz daha mötəbər və inandırıcı hesab edilməlidir. İşdən də göründüyü kimi iddiaçı dəfələrlə analoji müəssisələrdə müalicə almış, müayinələrdə olmuş və ona “Üzvi (2-ci Qarabağ Müharibəsi zamanı alınmış qapalı kəlləbeyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, koqnitiv funksiyaların enməsi və tiklər, özünü kəsmələr, intihar cəhdləri ilə” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.2-ci bəndində “məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 65-80% müəyyən edilməklə, əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntualar ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(120)-1300/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar