Məhkəmə qərarları › İş №2-1(106)-736/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-736/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-736/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-2818/2025 nömrəli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı1 və İddiaçı2 cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı vahid aylıq müavinət alanlar siyahısına daxil edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı1 və İddiaçı2 məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin ödənilməsi üçün adlarının xx.xx.2022-ci il tarixdən vahid aylıq müavinət alanlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 07 iyul 2025-ci il tarixli, 2-1(120)- 2818/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın iddiaçıların ataları X4 məcburi köçkün vəsiqəsinin olmaması dəlilinə münasibətdə qeyd olunur ki, X4 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik olmaması, onun “məcburi köçkün” statusuna malik olan uşaqlarına vahid aylıq müavinət təyin edilməsindən imtina konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da onların məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2010-cu il tarixli Qərarı). Beləliklə, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən iddiaçılara aylıq müavinətin verilməsindən imtina edilməsi onların konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan qanunsuz olmuşdur. Qərardan üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçılar tələbi onunla əsaslandırmışlar ki, anaları X5 1993-cü ildə Cəbrayıl rayonu işğal olunduğu gündən məcburi köçkün düşmüşdür. Məcburi köçkün statusuna malik olmaqla, müvafiq vəsiqəyə malikdir. Məcburi köçkün düşdükdən sonra nikaha daxil olmuş və bu nikahdan onlar doğulmuşlar. Daha sonra nikaha xitam verilmiş və məhkəmə qətnaməsi ilə yetkinlik yaşına çatmayan övladları onun himayəsində saxlanılmışdır. Anaları Cəbrayıl rayonundan məcburi köçkün olsa da, onlar bu statusa malik olmamışdır. Anaları Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət edərək onlara məcburi köçkün statusunun verilməsini xahiş etsə də, müraciəti təmin olunmamış, lakin məhkəmə qərarı əsasında onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilmişdir. Bundan sonra vahid aylıq müavinətin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etsələr də, cavabdeh ataları məcburi köçkün olmadığı üçün Komitə tərəfindən imtina edildiyini bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı, iddiaçılar İddiaçı1, İddiaçı2 atası X4 məcburi köçkün statusuna malik olmadığı və hazırda ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olması, İddiaçı1, İddiaçı2 anası X2 isə yaşayış yeri üzrə Cəbrayıl rayonu, Hovuslu ərazi dairəsi, İsaqlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olaraq, məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olduğu müəyyən olunmuşdur. Odur ki, Qaydaların 2.6-cı bəndinin tələblərinə uyğun olaraq, iddiaçılar İddiaçı1, İddiaçı2 ataları məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından vahid aylıq müavinət ödənilə bilməz. Həmçinin, Qaydaların 1.2-ci bəndinə əsasən, hər iki valideyni məcburi köçkün statusuna malik olan uşaqlara vahid aylıq müavinət verilir. Şirvan İnzibati Məhkəməsi öz qərarında Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə istinad edərək iddiaçılara vahid aylıq müavinət ödənilməməsinin onların kontitusion hüquqlarının pozulmasına səbəb olduğunu qeyd etmişdir. Nəzərə alınmalıdır ki, Qaydaların 2.6-cı bəndində qadın-kişi ayrı seçkiliyi qoyulmadan ümumi olaraq “valideynlərindən biri məcburi köçkün olmayan” (yəni həm ana, həm ata nəzərdə tutulub) ifadəsi işlədilmişdir. Prosessual məsələlər Üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında bildirmişdir ki, təmsil etdiyi qurum tərəfindən iddiaçıların adlarının müvafiq siyahıya salınmasından imtina edilməmiş, hazırda da imtina edilmir. Əksinə 2022-ci ildən başlayaraq, bir neçə dəfə onların adları siyahıya salınmış, lakin Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən pul ayrılmadığına görə növbəti aylar adları siyahıya salınmamışdır. Cavabdehin nümayəndəsi ötən aylar və illər üzrə iddiaçıların adlarının siyahıya salınacağı və müvafiq sübutu təqdim edəcəyini bildirsə də, hazırki məhkəmə iclasına gəlməmiş və qeyd olunan sübutları təqdim etməmişdir. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Cəbrayıl rayon VVAQD şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 371081 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı1 xx.xx.2003-cü il tarixdə doğulmuş, ata qrafasında X9, ana qrafasında isə X6 qeyd olunmuşdur. -İmişli rayon VVAQD şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 652183 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.2005-ci il tarixdə doğulmuşdur, ata qrafasında X9, ana qrafasında isə X6 qeyd olunmuşdur. -AA 475204 №-li və AA 475205 №-li məcburi köçkün vəsiqələrinin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixdə Qaçqınların və Məcburi Köçüknlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün vəsiqəsi verilmişdir. -Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 3-36-3/2-1126/2025 saylı,xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı1 və Əlizadə X7 rayonundan məcburi köçkündürlər. Komitə tərəfindən onlara məcburi köçkün statusunu təsdiq edən sənəd (vəsiqə) verilmişdir. Məcburi köçkün statusları ləğv edilməyib, qüvvədədir. Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2024-cü illəri əhatə edən elektron məlumat bazasında X4 məcburi köçkün statusuna malik olması barədə heç bir qeyd aşkar edilmədi. -Cəbrayıl Rayon İcra Hakimiyyətinin 5-40/2-2216\2025 saylı, xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası” ilə tənzimlənir. Məhz sözügedən “Qayda”nın 1.2-ci bəndində hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara vahid aylıq müavinət təyin edilməsi nəzərdə tutulur. İddiaçı1 və İddiaçı2 atlarının məcburi köçkün statusu olmadığı üçün həmin uşaqlara indiyə kimi vahid aylıq müavinət ödənilməmişdir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”da, rayonun işğalından sonra nikahı pozulmuş qadınlar və onların övladları üçün məcburi köçkün vəsiqəsinin verilməsi zamanı tələb olunan sənədlərin siyahısı üçün məcburi köçkün vəsiqəsinin verilməsi zamanı tələb olunan sənədlərin siyahısı təsdiq olunub. Belə ki, qaydanın 2.4.4-cü bəndində işğaldan sonra boşanmış qadınlar və onların uşaqları üçün status verilməsi üçün digər sənədlərlə yanaşı, ərin (atanın) işğal zamanı hərbi və ya pasport qeydiyyatında olduğu rayonun aiddiyyəti qurumlarından, eləcə də işğal nəticəsində məcburən tərtk etdiyi rayonun icra hakimiyyətindən rəsmi arayış tələb edilir. Bununla belə, atanın məcburi köçkün olmaması nəzərə alınmadan uşaqlara məhkəmə qaydasında status verilmişdir. Uşaqlar məcburi köçkün statusu təsdiq edən vəsiqə ilə təmin edildikdən sonra, vahid aylıq müavinət verilməsi üçün sənədlərini daimi qeydiyyata olduqları Cəbrayıl rayonunun Hovuslu kənd İƏD üzrə nümayəndəliyinə təqdim etmiş və Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən həmin sənədlər hesabata əlavə edilərək 2022ci ilin sentyabr-oktyabr aylarında Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Lakin, Komitənin vahid aylıq müavinətlə bağlı müvafiq komissiyası İddiaçı1 və İddiaçı2 atasının məcburi köçkün statusunun olmadığını əsas gətirərək onlara vahid aylıq müavinət təyin etməmişdir. -Cəbrayıl Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 5-40/2-496/2025 nömrəli məktubunda bildirilir ki, Şirvan İnzibati Məhkəməsinin qərarının icrası istiqamətində iddiaçıların adları 2025-ci ilin sentyabr ayı üzrə müvafiq siyahıya salınaraq, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə göndəriləcəkdir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun: -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada dövlətin təyin etdiyi birdəfəlik və digər yardım verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın: -1-ci hissəsinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, "məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara. -2-ci hissəsinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara. Şərh olunan normaların tələblərinə və işdə olan sübutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia üzrə cavabdeh orqan iddiaçıların hüquqlarının pozulmasına və ya məhdudlaşdırılmasına yönəlik hər-hansı qərar qəbul etməmiş, hərəkət və ya hərəkətsizlik nümayiş etdirməmişdir ki, bu hal iddianın mümkünlük şərtlərinin mövcud olmamasına dəlalət edir. Başqa sözlə, cavabdeh iddiaçıların adlarının müvafiq siyahıya salınmasından imtina etməmiş, əksinə 2022-ci ilin bəzi ayları üzrə adlarını siyahıya daxil etmiş, digər ayların daxil edilməməsini isə daxil edildiyi halda belə səlahiyyətli qurum tərəfindən pul ayrılmaması ilə əlaqələndirmiş, eyni zamanda birinci instansiya məhkəməsinin qərarının icrasına təşəbbüs göstərmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçıların adlarının müvafiq siyahıya salınması halı belə, yuxarıda qeyd olunan normaların tələbləri baxımından onlar üçün fərqli hüquqi nəticə yaratmayacaq, eyni zamanda bu hal onların nail olmaq istədikləri hüquqi marağın təmin olunmasına xidmət etməyəcək. Belə ki, iddiaçıların məcburi köçkün statusunda olmaları onlara vahid aylıq müavinət verilməsi üçün kifayət etmir. Sadalanan normalardan görünür ki, qanunverici məcburi köçkün statusuna malik olan şəxsin aylıq müavinət alması üçün tələbləri dəqiq və birmənalı şəkildə müəyyən etmişdir. Yəni qeyd olunan normanın dispozisiya şərti ondan ibarətdir ki, iddiaçıların valideynlərinin hər ikisi “məcburi köçkün” statusuna malik olmalıdır. İşin faktiki hallarından isə müəyyən olunur ki, iddiaçıların yalnız anası məcburi köçkün statusuna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamamlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-2818/2025 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan tam formada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar