Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-737/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi Abdulrəhimov kamran Hüseyn oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-3340/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv olunması və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 1CP2U7A0008 №-li qərarın ləğv olunması, ona təyin olunmuş üçüncü dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa edilməsi və müddətsiz təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 07 iyul 2025-ci il tarixli, 2-1(120)- 3340/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı hazırda mübahisələndirdiyi qərar barəsində məlumatlı olmuş, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, daha sonra öz iradəsi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Əlilliyin müəyyən edilməsindən imtina edilməsi barədə xx.xx.2023-cü il tarixi qərarın iddiaçıya təqdim edilməsi barədə qərardan məlumatın mövcud olması aşkar surətdə təsdiqedici sənədlər mövcuddur ki, lakin iddiaçı cavabdehin qərarının ləğv olunması ilə bağlı ikinci dəfə 2024-cü ilin dekabr ayında məhkəməyə müraciət etmişdir. Göründüyü kimi mübahisə predmeti olan qərardan iddiaçı ən azından 2024-cü ilin iyul ayından rəsmi qaydada məlumatlı olmuşdur. İddiaçı qərarın mövcudluğundan, yəni müddətin buraxılmasından xəbərdar olduğu vaxtdan 2 aydan çox (ərizəsini məhkəmədə geri götürdükdən) müddət keçdikdən sonra məhkəməyə müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi hazırki mübahisəyə münasibətdə ərizənin müddətə dair normalara əməl olunmaqla verilməsi şərti yerinə yetirilməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il tarixdə xidmət zamanı, səngərdə düşmən gülləsi ilə yaralanmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli 206 saylı Qərarı ilə ona “Hərbi Travmadır” Azərbaycn Respublikasının Müdafiəsi zamanı Alınmışdır” kimi qiymət verilmişdir. Həmin qərara əsasən ona əlillik təyin edilmişdir. 2020-ci ildə Komissiyada təkrar əyani müayinədən keçdikdən sonra əlillik dərəcəsi 2025-ci ilə qədər növbəti 5 il müddətinə uzadılmışdır. 2023-cü ilin avqust ayında 2 saylı Dost Mərkəzinə sanatoriyaların birində müalicə olunmaq üçün müraciət etdikdən sonra, qeyri-müəyyən səbəblərə görə təkrar tibbi-sosial ekspert komissiyasında əyani müayinəyə dəvət olunmuş, müayinədən keçmişdir. Bundan sonra pensiyasının verilməsi dayandırılmışdır. Cavabdeh iddia tələbinə dair yazılı mülahizə (etiraz) təqdim etməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia müddəti ötürülmüş olsa belə, birinci instansiya məhkəməsi iddiaçının davamlı olaraq müxtəlif qurumlara, o cümlədən məhkəməyə şikayətlərini nəzərə almalı idi. Prosessual məsələlər Əvvəlki məhkəmə iclasında iddiaçı şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, hazırda mübahisələndirilən qərar ona göndərilməmişdir. Həmçinin həmin qərardan xx.xx.2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə şikayət vermiş, lakin işə baxılarkən cavabdeh orqanın yanlış məlumatına əsasən, işə baxan hakim ona yenidən sənədlər toplamalı olduğunu və ərizənin geri götürülməli olduğunu bildirmiş və nəticələrini izah etməmişdir. Hüquqi bilikləri olmadığından iddianı geri götürmüş və sonra hazırki iddianı təqdim etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 2013-cü ildən xüsusi səbəbdən əlillik vəziyyətində olmuş, 2023-cü ildə əlillik təyinatının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsası ilə müayinəyə cəlb edilmiş və xx.xx.2023-cü il tarixli qərarla “Tam reabilitasiya olması” əsası ilə əlillik təyinatından imtian edilmişdir. Məhkəmə kollegiyası mübahisələndirilən qərarlardan şikayət verilməsi müddətinə münasibətdə iddianın mümkünlük şərtləri ilə bağlı qeyd edir ki, iddiaçı hazırda xx.xx.2023cü il tarixli qərarı mübahisələndirir ki, həmin qərarın iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh tərəfindən hər-hansı sübut təqdim edilməmişdir. X3 Məhkəməsində baxılmış 2- 1(120)-4150/2024 nömrəli işə baxış keçirilərək, müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024cü il tarixdə əlilliyinin dayandırılmasından narazılığını ifadə edərək, bu barədə iddia vermiş, iş üzrə araşdırma aparıldıqdan sonra iddiaçı ərizəni geri götürməsi səbəbindən xx.xx.2024-cü il tarixli qərardadla icraata xitam verilmişdir. Həmin qərardadın iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə iş materiallarında sübut mövcud deyildir. Şərh olunan hallardan və sənədlərdən göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixli əlillik təyinatından imtina barədə qərardan şikayət versə də, 2-1(120)-4150/2024 nömrəli iş üzrə iddianın geri götürülməsinin hüquqi nəticələri işə baxan məhkəmə tərəfindən ona izah edilmədiyindən öz vəziyyətinin pisləşməsi istiqamətində addım atmasını dərk etmədən iddianı geri götürmüş olsa da, müvafiq qərardad ona təqdim edilməmişdir. Hazırki işə baxılan zaman da yaranmış bu vəziyyətə münasibətdə iddiaçının hüquqi marağını təmin edəcək prosessual hərəkətlərin aparılması istiqamətində iddiaçıya hüquqi yardım edilməmiş, başqa sözlə prosessual müddətlə bağlı yuxarıda qeyd olunan hallara qiymət verilməmiş, müddətin üzrlü və ya üzrsüz səbəbdən ötürülməsi məsələsi hərtərəfli araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; -24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; -24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim edilməsi və yaxud iddiaçının həmin akt barədə məlumatlı olması anını tərəflərin izahatları, yaxud digər vasitələrlə müəyyən etməmiş, bununla da iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaması qənaətinə gələrək, iddianı mümkünsüz hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-3340/2025 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-737/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-737/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver