Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-739/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynov Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-1(120)-3623/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilərək yerində təhvil verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən 1.26 ha torpaq sahəsinin koordinatlarının müəyyənləşdirilərək yerində təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 28 iyul 2025-ci il tarixli, 2-1(120)- 3623/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin smetasında qeyd edilmiş xidmətlər arasında “Xİİ bölməsində torpaq sahəsinin koordinatlarının yerdə (naturada) müəyyən edilməsi barədə” məlumat öz əksini tapır və tarifi-qiymət barədə ətraflı məlumat göstərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edildiyi təqdirdə iddiaçı sənədlərlə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, “Torpağa mülkiyyət hüququna dair” JN- 0099, KOD 60618018 nömrəli xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində 1.26 ha torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin koordinatlarının naturada müəyyənləşdirilərək, torpaq sahəsinin yerində ona təhvil verilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina verilmişdir. İmtinanın arqumenti bundan ibarətdir ki, torpaq sahəsinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinə görə xidmət haqqının ödənilməsi nəzərdə tutulmuşdur və yalnız həmin ödəniş həyata keçirildikdən sonra onun müraciətinə baxıla bilər. Hesab edir ki, cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. O, torpaq sahəsinin kadastrını, qeydiyyatını və ya texniki inventarlaşdırılmasını tələb etməmiş, özünə məxsus torpaq sahəsinin yerini bilmək istəmişdir ki, bunun üçün hansısa ödənişin həyata keçirilməsinin ondan tələb edilməsi qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən verilmiş iddiaya qarşı etirazın dəlilləri ondan ibarətdir ki, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən İddiaçı və ailə üzvlərinizin mülkiyyətində olan 1.04 ha və 0.22 ha torpaq sahələrinin ölçülərək göstərilməsi barədə müraciətinə baxılmış və sözügedən torpaq sahəsinə dair hesablanmış xidmət haqqının ödənildikdən sonra müraciətin icrasına qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılmasının təmin ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinə uyğun xidmət haqqı ödənilməsinin nəzərdə tutulduğu bildirilərək, smeta və bank rekvizitləri barədə iddiaçıya məlumat verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətinin dəlilləri ondan ibarətdir ki, ondan göstərilməyən xidmətin haqqının öncədən tələb edilməsi tamamilə əsassız və qanunsuzdur. O, bir vətəndaş kimi dövlət və qeyri-dövlət orqanlarının xidmətlərindən yararlanmaq hüququna malikdir və ona göstəriləcək xidmətin dəyərini ödəməyə hazırdır. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi və qərarın ləğv edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: -“Torpağa mülkiyyət hüququna dair” JN-0099, KOD 60618018 nömrəli xx.xx.2000-ci il tarixli Dövlət Aktına əsasən, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində 1.26 ha torpaq sahəsi İddiaçı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Füzuli rayonu, Kərimbəyli kəndi ərazisində yerləşən iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan 1.04 ha və 0.22 ha torpaq sahələrinin ölçülərək göstərilməsi barədə 14 mart 2025-ci il tarixli müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysetri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinə uyğun xidmət haqqı ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən torpaq sahəsinə dair hesablanmış xidmət haqqı ödənildikdən sonra müraciətə qanunvericiliyin tələblərinə uyğun yenidən baxılması təmin ediləcəkdir. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Tarif Şurasının 31 iyul 2023-cü il tarixli, 05 nömrəli qərarına əsasən müvafiq xidmət haqqı ödənildiyi təqdirdə iddiaçının müraciətinə baxılacağını bildirmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina verilməmişdir. Başqa sözlə, iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq ödəniş etdikdən sonra cavabdeh tərəfindən müraciətinə imtina verildiyi halda məhkəməyə müraciət etməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 2-1(120)-3623/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-739/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-739/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver