Məhkəmə qərarları › İş №2-1(106)-744/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-744/2025

20.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-744/2025 20.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehin “operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli qərarında Vergi Məcəlləsinin 50.2-ci maddəsində qeyd edilən hər hansı əsasa istinad edilməmişdir. Həmin qərarda 50.2-ci maddədə göstərilən əsaslardan birinə istinad olunsa belə, qeyd edilməlidir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Həmçinin cavabdehin keçirdiyi operativ yoxlamanın müddəti ##.##.2024-cü il tarixdən ##.##.2024-cü ilədək müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbir anında olan deyil, ##.##.2023-cü ildən yoxlama başlananadək olan əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə həyata keçirilən əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Vergi Xidmətinin * saylı Ərazi Vergilər Baş Idarəsinin ##.##.2024-cü il tarixli ************** nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən 153618,40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Sahibkarlıq fəaliyyəti göstərdiyi obyektlərdə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Tədbirin nəticəsinə uyğun olaraq DVX seriyalı ****** nömrəli akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən 633184,0 manat məbləğində mal topdan satış qaydasında elektron qaimə faktura tərtib edilməli olduğu halda təqdim edilmədən pərakəndə satış qaydasında NKA vasitəsi ilə rəsmiləşdirilməklə satılmışdır. Iki obyekti var, hər ikisi mağaza kimi qeydiyyata qoyulmuş və hər iki mağazada NKA quraşdırılmışdır, 1536184,0 manat məbləğində mal topdan deyil pərakəndə qaydada satılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il # ###### tarixli ** nömrəli "Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərarının 1.2-ci maddəsinə əsasən elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin Qaydaların 1.5-ci maddəsinə əsasən vergi ödəyicisi kimi uçotda olmayan alıcıya iş, xidmət və pərakəndə qaydada mal təqdim edildikdə, ona qəbz və ya çek verilir. Yuxarıda qeyd edilənlərdən anlaşıldığı kimi VÖEN-i olmayan malların satışı (təqdim edilməsi) isə alıcıya pərakəndə satış qaydasında son istehlak məqsədi ilə satışı anlamını verir və məhz bu baxımdan belə alıcılara elektron qaimə-fakturanın verilməsi barədə Vergi Məcəlləsində tələb nəzərdə tutulmur, həmin şəxslərə nəzarət-kassa aparatının çekinin və ya mədaxil qəbzinin verilməsi kifayət edər. Fəaliyyət növü pərakəndə ticarət fəaliyyəti olmuş və sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması da bu faktı təsdiq edir. Həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə onun pərakəndə satış fəaliyyəti ilə məşğul olmağına razılığını ifadə edir. Başqa sözlə desək, vergi orqanında pərakəndə vergi ödəyicisi kimi uçota alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 400.1-ci maddəsinə əsasən əgər müqavilə tərəflərindən biri bazarda üstün mövqe tutursa, o, fəaliyyətin bu sahəsində kontragentlə müqavilə bağlamaqdan əsassız imtina etməməli, habelə kontragentə qeyri-bərabər şərtlərini təklif etməməlidir. 400.2-ci maddəsinə əsasən sahibkarlıq məqsədi olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət edirsə, müqavilə bağlamaqdan əsassız imtina edilə bilməz. Məcəllənin tələblərindən göründüyü kimi şəxs mal almaq istəyən şəxslərə mal satmaqdan imtina edə bilməz. Mal satdıqdan sonra qanunvericiliyin tələblərinə əsasən ondan elektron qaimə faktura tələb etməyən şəxslərə nəzarət kassa aparatının çekini təqdim etməlidir. Ondan mal alan şəxs vergi ödəyicisi olsa belə ondan mal alan zaman ondan elektron qaimə faktura istəmirsə mal alan şəxsin vergi ödəyicisi olduğunu və onun VÖEN-in olduğunu müəyyən edə bilməz. Müəyyən etsə belə ona elektron qaimə faktura göndərə bilməz. Göndərə bilsə belə həmin şəxs elektron qaimə fakturanı təsdiq etməyə bilər. Bu halda iddiaçı ona nəzarət kassa aparatının çekini verməlidir. Malları alan zaman elektron qaimə faktura tələb edən şəxslərə elektron qaimə faktura təqdim edilmişdir. Pərakəndə ticarət satışını həyata keçirdiyi üçün malların satışı zamanı elektron qaimə-faktura təqdim etmək vəzifəsi daşımamışdır. Əgər vergi orqanı iddia edirsə ki aktda qeyd edilən malları iddiaçı topdan qaydada satmışdır, bu zaman hər hansı alıcının (sahibkarın) elektron qaimə-faktura tələb etməsi vergi orqanı tərəfindən sübut olunmalıdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Masallı rayonu, Heydər Əliyev prospektində yerləşən təsərrüfat subyektində operativ vergi nəzarəti tədbirləri həyata keçirilmişdir. Keçirilmiş nəzarət tədbiri zamanı obyektdə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda həmin malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, həmçinin topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satıs qaydasında rəsmiləşdirməklə təqdim edilməsi faktlarına rast gəlinmişdir. Belə ki, təsərrüfat subyektindən 153618.40 manatlıq topdansatış üzrə təqdim edilmiş mallara EQF yazılmalı olduğu halda bu satış NKA vasitəsilə rəsmiləşdirilərək təqdim edilmiş və nəticəsi##.##.2024-cü il tarixli və ##.##.2024-cü il tarixli aktlarla rəsmiləşdirilmişdir. Həmin akt əsasında Baş Idarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli ************** nömrəli qərarı əsasında iddiaçı barəsində 153618.40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə görə topdansatış - malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmçinin, iddiaçı tərəfindən vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" ##.##.2024-cü il tarixli ************** nömrəli qərarının ləğv olunması və satdığı malların son istehlak məqsədi ilə satılması ilə əlaqədar araşdırmaya tutarlı dəlillər (sənədlər) təqdim edilməmiş, aparılmış araşdırma nəticəsində vergi ödəyicisinin müraciətində göstərilənlər konkret faktlar və dəlillərlə sübuta yetirilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilk təşkil edir. Prosessual məsələlər Iddiaçının vəkili əvvəlki məhkəmə iclasında şikayətin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı Iran Islam Respublikasından idxal edilmiş şüşə və plastmas materiallardan hazırlanmış, mətbəxdə istifadə olunan qab-qacaq satışını Masallı şəhəri, H.Əliyev prospektində yerləşən anbardan həm topdan, həm də parakəndə yolla həyata keçirmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə cababdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” ##.##.2024-cü il tarixli, ************** nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Həmin qərar əsasında iddiaçıya 153.618,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Ilk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki, eyni zamanda həmin sahə üzrə münasibətləri tənzimləyən müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır -58.7. bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. -58.13. elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satıs qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə- fakturasının tərtib edilmədən verilməsinə görə malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”-nın: 1.3.1-ci bəndinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. 2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. 2.2. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri mühasibat uçotunun, gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin, o cümlədən əmtəə-material ehtiyatlarının uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş vəzifələri, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar. 4.1. Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) elektron qaimə-faktura ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il ## ##### tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının: 1.3.1-ci bəndinə əsasən pərakəndə satış – malların alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə onların tələbi ilə qaimə-faktura, yaxud elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə satışının (təqdim edilməsinin) həyata keçirildiyi ticarət fəaliyyətidir. 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. 4.2-ci bəndinə əsasən, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır. Göründüyü kimi, elektron qaimə-fakturanın sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsin tələbi ilə təqdim edilməsi şərti yalnız parakəndə satış zamanı tətbiq edilir. Topdansatış zamanı isə bu sənəd hər bir halda tərtib edilməlidir. Iddiaçı malları həm topdan, həm də pərakəndə qaydada satışını həyata keçirdiyini iddia etsə də, hər bir satış növü üzrə uçotun ayrı-ayrılıqda aparılmasını təmin etməmişdir. Ayrıca qeyd edilməlidir ki, iddiaçı təqdim etdiyi malları hər iki qaydada həyata keçirdiyini iddia etsə də, ona məxsus obyekdə xronometraj keçirilməsi barədə vergi orqanının ##.##.2024-cü il tarixli aktında qeyd edilmişdir ki, obyekt anbar tiplidir, parakəndə ticarət üçün əlverişli olmayan və isteklakçılara birbaşa satış mümkün olmayan yerdə yerləşir, eyni zamanda tədbirin keçirildiyi 2510.2024-##.##.2024-cü il tarixləri aralığında orta günlük dövriyyə 26.282,90 manat təşkil etsə də, NKA vasitəsilə nəğd qaydada əməliyyat aparılmamış, dövriyyə topdansatış ticarət qaydasında EQF təqdim edilməklə aparılmışdır. NKA formal olaraq quraşdırılmışdır. Bunun əksi olaraq xronometraj aparıldığı tarixdən əvvəlki günlərdə aparılmış kassa əməliyyatlarına dair məlumatdan görünür ki, günlük dövriyyə kifayət qədər böyük olmaqla (təqribən 20.000-30.000 aralığında) həmin əməliyyatlar NKA vasitəsilə həyata keçirilmişdir. Əməliyyatların xronometraj tədbirinin keçirildiyi günlərdə topdansatış ticarət qaydasında EQF təqdim edilməklə, digər vaxtlarda isə NKA-dan istifadə edilməklə aparılması vergi orqanının gəldiyi qənaətin həqiqtə uyğun olmasını deməyə əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təqdim etdiyi malların çeşidi (məişətdə və mətbəxdə gündəlik istifadə olunan qab-qacaq və s.), habelə təsərrüfat subyektinin rayon ərazisində yerləşməsi və anbar tipli olması baxımından, günlük dövriyyənin kifayət qədər böyük olması malların topdansatış qaydasında həyata keçirildiyini deməyə, əməliyyatların NKA-na işlənməsi isə pərakəndə satış görüntüsü yaratmaq niyyətinin olmasını deməyə əsas verir. Misal üçün göstərmək olar ki, ##.##.2025-ci il tarixdə 1 gün ərzində təqribən 38.000 manat həcmində əməliyyat 27 kassa əməliyyatı kimi işlənmiş, təqdim edilmiş mallların hər birinin dəyərləri ayrı-ayrılıqda 500-2000 manat arasında dəyişmişdir. Məhkəmə kollegiyasına iddiaçının vəkili tərəfindən təqdim edilmiş idxal məlumatlarından da görünür ki, iddiaçı tərəfindən satışı həyata keçirilmiş mallar əsasən Iran Islam Respublikasından idxal edilmiş, çeşid baxımından isə dəyəri böyük olmayan gündəlik məişətdə istifadə üçün nəzərdə tutulmuş mallar olmuşdur. Məhkəmə kollegiyası tərəfindən iddiaçıdan nəzarət-kassa aparatı ilə satışı həyata keçirilmiş malların çeşidi, təsviri, satışın həyata keçirildiyi subyektlər, topdan satışı həyata keçirilmiş əməliyyatlar barədə elektron qaimə-fakturaların verilib-verilməməsi barədə məlumat, malların satışı həyata keçirilmiş anbarda pərakəndə satış üçün müvafiq əlverişli şəraitin olub-olmaması barədə məlumat tələb edilsə də, sözügedən məlumatlar təqdim edilməmiş, eyni zamanda iddiaçı məhkəmə iclaslarına gəlmədiyindən həmin məlumatların şifahi qaydada əldə edilməsi mümkün olmamışdır. Beləliklə işin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar