Məhkəmə qərarları › İş №2-1(106)-751/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-751/2025

26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-751/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(120)-1233/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin sökülməsi ilə bağlı 150.000 (yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 17 iyul 2025-ci il tarixli, 2-1(120)- 1233/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dəymiş ziyana görə kompensasiyanın ödənilməsi iddiasına cavab verməli inzibati orqan cavabdeh DƏDKR publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsin olmadığı üçün iddiaçının tələbinə baxıla bilməz. Bundan əlavə, iş materialları əsasında cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hüquqlarının (əmlak hüquqlarının və s.) və ya qanuni maraqlarının pozulması halı, o cümlədən, hüquqi müdaxilənin mövcudluğu da müəyyən edilməmişdir. Hal-hazırda məhkəmə mübahisələri davam etdiyi üçün iddiaçıya məxsus daşınmaz əmlak sökülməmiş və iddiaçı tərəfindən sökülməsinə görə kompensasiya tələb edilən fərdi yaşayış evinin sökülməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayon Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında İddiaçı satılmışdır. Həmin şəxslərin almış olduqları torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarışlar verilmişdir. Torpaq sahələri üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra isə təyinatına uyğun üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. X2 və X5 alğısatqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması barədə iddiaları Masallı Rayon Məhkəməsi tərəfindən təmin olunmasa da, Şirvan Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli, 2(106)- 145/221 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək, alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6301/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qərarı qüvvədə saxlanılmışdır. X7 və X5 cavabdehlər X8, X6 və İddiaçı qarşı tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə iddiaları Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsa da Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır və 2(106)-749/2024 iş nömrəsi ilə icraatındadır. İddia tələbləri təmin olunacağı təqdirdə uğradıqları maddi zərər üzrə kompensasiya mütləq şəkildə ödənilməlidir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Masallı rayon Qəriblər Bələdiyyəsinin 16 may 2017-ci il tarixli, 05 saylı qərarı, Seçim aktı, torpaq sahəsinin planı, torpaq sahəsinin müayinə aktı, Masallı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli məktubu, rəyi, Komitənin 15 saylı Ərazi şöbəsinin rəyi, yerquruluşundan çıxarışı əsasında DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.53 ha torpaq sahəsinə Masallı rayon Qəriblər Bələdiyyəsinin adına 12 mart 2018-ci il tarixli, **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü və çıxarış verilmişdir. Sonra həmin torpaq sahəsinin 0.12 ha hissəsi X8 Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi ilə alqı-satqı edilmiş və Ərazi İdarəsi tərəfindən 16 aprel 2018-ci il tarixli, **********46 reyestr nömrəli çıxarış və plan-ölçü verilmişdir. Bununla yanaşı, həmin torpaq sahəsinin 0.06 ha hissəsi X6 Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi ilə alqı-satqı edilmiş və Ərazi İdarəsi tərəfindən 16 aprel 2018-ci il tarixli, **********45 reyestr nömrəli çıxarış və plan-ölçü verilmişdir. Masallı rayonu, Qəriblər Bələdiyyəsi Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə 0.08 ha torpaq sahəsini X1 və Mənsurə Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.08 ha torpaq sahəsinə öz adına 16 aprel 2018-ci il tarixdə **********48 nömrəli çıxarış və plan və ölçü sənədi almışdır. Masallı rayon Qəriblər Bələdiyyəsi Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə 0.06 ha torpaq sahəsini İddiaçı-Mirzəli qızına satmış və Gülnaz Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.06 ha torpaq sahəsinə öz adına 16 aprel 2018-ci il tarixdə **********47 nömrəli çıxarış və plan və ölçü almışdır. İddiaçılar X4, X5 torpaq sahələrinə verilmiş alqı-satqı müqavilələrin və çıxarışların ləğvi tələbinə qarşı 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən çıxarışlar müdafiə edilmiş və iddia tələbinə qarşı 10 dekabr 2018-ci il tarixdə **********22 saylı məktubla etiraz münasibəti bildirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilmiş və torpaq sahələrinə verilmiş çıxarışlar ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsini Ali Məhkəmənin 29 noyabr 2021-ci il tarixli 2(102)-6301/2021 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsi icra üçün Masallı rayon İcra və Probasiya şöbəsinin 16 avqust 2022-ci il tarixli 30192/22-2 saylı məktubu ilə 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsinə əsasən torpaq sahələrinə dair 16 aprel 2018-ci il tarixli **********48 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********45 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********46 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********46 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********47 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın mümkün sayılaraq iddia ərizəsinə mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, surətləri təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, X5 cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X17 Xidmət Mərkəzinə və DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər X11, X9, İddiaçı və X3 qarşı AN-İN ******* və AN-İN ******* saylı, 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılmasını tələbinə dair iddia Masallı Rayon Məhkəməsi tərəfindən iddia təmin olunmmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(106)-145/221 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6301/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qərarı qüvvədə saxlanmışdır. Daha sonra iddiaçılar X7 və X10 cavabdehlər X8, X6 və İddiaçı, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsa da, Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şərh olunan sənədlərdən göründüyü kimi məhkəmə qərarları ilə iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı alqı-satqı müqaviləsi və bundan sonra əldə edilmiş digər hüquqmüəyyənedici sənədlər ləğv edilmiş, həmçinin həmin sahədə inşa edilmiş fərdi yaşayış evinin sökülməsi tələbi ilə bağlı məhkəmə araşdırması davam edir, lakin həmin ev faktiki olaraq sökülməmiş və iddiaçıya real zərər vurulması faktı baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(120)-1233/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar