Məhkəmə qərarları › İş №2-1(106)-758/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-758/2025

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-758/2025 10.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, doğum akt qeydində “##.##.1992” doğum tarixinin “##.##.1991” kimi düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## #### 2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı doğum akt qeydindəki doğum tarixinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübutu nə inzibati icraatda, nə də məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bundan başqa uzun illər ərzində iddiaçı doğum akt qeydinə etimad göstərək, ondan istifadə etmiş və bu barədə məlumatlı olmuşdur. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.1991-ci il tarixdə Kürdəmir rayonunda doğulmuşdur. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində doğum tarixi isə “##.##.1991” kimi göstərilmişdir. Həmçinin, ona məxsus olan digər sənədlərdə Azərbaycan Respublikasının AZE C******** nömrəli Xarici pasportunda, Almanya Respublikasının Y**ZCR*GV nömrəli oturma iznində və digər sənədlərində doğum tarixi “##.##.1991” kimi göstərilmişdir. Lakin, Cavabdeh tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində doğum tarixi isə “##.##.1991” əvəzinə “##.##.1992“ kimi göstərilmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı Cavabdeh tərəfindən müracətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Apelyasiya şikayətinin dəlilləri Iddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Iddiaçının vəkili və nümayəndəsi əvvəlki məhkəmə iclaslarında ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişlər. Iddiaçının nümayəndəsi (atası) əlavə olaraq bildirmişdir ki, ##.##.1991-ci il tarixdə arvadının hamiləliyi ilə bağlı Xırdalan şəhərindən Təcili tibbi yardım maşını ilə Respublika Perinatal Mərkəzinə aparılarkən iddiaçı (qızı) yolda həmin maşında dünyaya gəlmiş, bundan sonra uşaq həmin Mərkəzə yerləşdirilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -##.##.1992-ci il tarixli, ** nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı ##.##.1992-ci il tarixdə anadan olması barədə qeydlər aparılmışdır. -iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı doğum tarixi ##.##.1991-ci il qeyd olunmuşdur. -C******** nömrəli pasportun surətindən görünür ki, İddiaçı doğum tarixi ##.##.1991-ci il kimi qeyd olunmuşdur. -Kürdəmir rayon Polis şöbəsinin ##.##.2024-cü il tarixli, *-**-**/-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, ##.##.1991-ci ildə Kürdəmir şəhərində anadan olmuş, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi ##.##.2017ci il tarixdə «ASAN-3» xidməti tərəfindən verildiyi üçün Kürdəmir RPŞ-də həmin vəsiqənin verilməsinə əsas olan hər hansı bir sənəd, eləcə də fərdi uçot kartoçkası mövcud deyildir. -İddiaçı doğumu haqqında şəhadətnamədən çıxarışda (notarial təsdiqsiz) doğum tarixi ##.##.1991-ci il göstərilmiş, akt qeydi kitabında 04 nömrə ilə, ##.##.1992-ci il tarixdə qeydiyyat aparıldığı qeyd edilmişdir. -Kürdəmir Regional “ASAN XIDMƏT” Mərkəzində Qeydiyyat şöbəsinin ##.##.2025-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı məxsus bir doğum akt qeydi mövcuddur və akt qeydi Topalhəsənli icra nümayəndəliyi tərəfindən ##.##.1962-ci (6 rəqəmi texniki səhvdir) il tarixdə qeydə alınmışdır. Topalhəsənli icra nümayəndəliyində ** nömrəli akt qeydi isə ##.##.1992-ci ildə qeydə alınmış və X1 məxsusdur. -X7 Arxivinin ##.##.2026-cı il tarixli, *-**-*/*-*****/**** nömrəli məktubunda bildirilir ki, İddiaçı doğumunun ##.##.1992-ci ildə Topalhəsənli icra nümayəndəliyində qeydə alındığı müəyyən edilmiş, həmçinin həmin şəxsə dair digər akt qeydi aşkar edilməmişdir. Iddiaçının nümayəndəsi (atası) iddiaçının ##.##.1991-ci il tarixdə anasının hamiləliyi ilə bağlı Xırdalan şəhərindən Təcili tibbi yardım maşını ilə Respublika Perinatal Mərkəzinə aparılarkən yolda həmin maşında dünyaya gəlməsini bildirdiyinə görə həmin müəssisələrə müvafiq sorğular verilmişdir. -“Respublika Perinatal Mərkəzi” PHŞ-in ##.##.2026-cı il tarixli məktubunda bildirilir ki, X3 (iddiaçının anası) Mərkəzdə tibbi xidmət alması və ya müalicə müəssisəsinə yerləşdirilməsi barədə məlumat aşkar edilməmişdir. -“Respublika Təcili və Təxirəsalınmaz Tibbi yardım Mərkəzi” PHŞ-in ##.##.2026cı il tarixli məktubunda bildirilir ki, Səhiyyə Nazirliyinin ##.##.2016-cı il tarixli *** saylı əmrinə əsasən çağırış vərəqələrinin saxlama müddəti 1 il müəyyənləşdirildiyinə görə ##.##.1991-ci il tarixdə çağırış daxil olması barədə məlumat verilməsi mümkün deyil. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan müvafiq normaların şəhr olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il # #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Iş materialları ilə müəyyən edilir ki, iddiaçının doğum haqqında akt qeydində hərhansı səhv və yaxud qüsur aşkar edilməmiş, onun doğumu ##.##.1992-ci il tarixdə 61 nömrə ilə icra nümayəndəliyində qeydə alınmış, bundan sonra doğum haqqında şəhadətnamə verilərkən doğum tarixi və akt qeydinin nömrəsi qeyri-müəyyən səbəblərdən fərqli yazılmışdır. Həmçinin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının barəsində yalnız bir akt qeydi mövcuddur və doğum haqqında şəhadətnamədə qeyd edilmiş * nömrəli akt qeydi başqa şəxsin doğumu ilə bağlıdır. Bununla yanaşı, iddiaçının məhz ##.##.1991-ci il tarixdə doğulması ilə bağlı heç bir mötəbər sübut əldə etmək mümkün olmamışdır. Odur ki, barəsində tərtib edilmiş akt qeydində düzəliş edilməsi üçün hüquqi əsas mövcud deyil. Qeyd edilməlidir ki, şəxsin doğumu haqqında ilkin və mötəbər sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə şəxsin doğum tarixi ##.##.1992-ci il kimi qeyd edildiyindən və bunu təkzib edən heç bir sübut olmadığından bundan sonra təqdim edilmiş sənədlərdə, o cümlədən doğum haqqında şəhadətnamədə düzəliş edilməsi üçün hüquqi əsas yoxdur. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar