Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-759/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi XXX Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(120)-1583/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və yaşa görə əmək pensiyası hüququnun xx.xx.2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 11 iyul 2025-ci il tarixli, 2-1(120)- 1583/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması yalnız şəxsin razılığı ilə mümkündür, belə razılıq olmadıqda isə həmin pul vəsaiti yalnız məhkəmə qaydasında tutulmalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçının belə razılığının (nə şifahi, nə də ki yazılı) olması və ya məhkəmə qərarının olması müəyyən olunmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmış və ona hesablama aparılmış, hesablama zamanı 556 manat əmək pensiyası təyin edilmişdir. Son 2 aydır 456 manat əmək pensiyası alır, iyul və avqust 2024-cü ildən aldığı 556 manat kəsilərək 456 manata endirilmişdir. 10 ilə yaxındır ki, əmək pensiyası alır, lakin cavabdeh əmək pensiyasına yenidən hesablama aparmış və artıq ödəmə müəyyən olmuşdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işində olan sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumata əsasən İddiaçı əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1976-cı il tarixindən xx.xx.1981-ci il tarixinədək təhsil aldığı illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 30 il 4 ay 25 gün sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5609,34 manat (2015-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən (artıq ödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) 329,85 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılara münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 341,06 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə eddilmiş 26.4-cü maddəyə əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 357,72 müəyyən edilmiş, eyni zamanda Qanunun 29.1-ci maddəsinnə uyğun olaraq indeksləşdirilərək həmin tarixdən 410,31 manata, xx.xx.2024-cü il tarixibdən 456,26 manata çatdırılmışdır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Mərkəzləşdirilmiş elektron innformasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən bildirilir ki, əmək pensiyasının təyin olunduğu gündən (xx.xx.2015-ci il tarixindən) sonra 72 ay məcburi dövlət sosial sığorta haqqı ödəmədiyi və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyi üçün (aktiv VÖEN: **********) əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixindən sonrakı dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il tutulur. Müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, Qanununun 37.3.1-ci maddəsinə əsasən hüququ olmadığı halda (aktiv VÖEN:**********) xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyası yenidən hesablanaraq iddiaçıya ödənilmişdir. Nəticədə İddiaçı əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixibdən (artıqödəmə ilə bağlı qəbul edilmiş qərardan 3 il əvvəl) xx.xx.2024-cü il tarixinədək artıq ödəmə müəyyən olunmuşdur. İddiaçı əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır. xx.xx.2015100(bazahissə)+66,59+38,84=205,43;xx.xx.2016100(bazahissə)+(105,4 3+105,43x4%)=209,64;xx.xx.2016110(bazahissə)+109,65(sığortahissə)=219,65;xx.xx.201 7110(bazahissə)+109,64+109,64x12,4%)(sığortahissə)=233,24;xx.xx.2018233,24+233,24 x5,7%=246,54;xx.xx.2019246,54+246,54x3%=253,94;xx.xx.2020253,94+253,94x16,6%=2 96,09;xx.xx.2021296,09+296,09x11,4%=329,85;xx.xx.2022329,85+329,85x3,4%=341,06. Beləliklə, Fondun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filiallı tərəfindən iddiaçının hüququ olmadığı halda əmək pensiyasının yenidən hesablanması nəticəsində ona 01 iyul 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək 329.86 manat əvəzinə 401,22 manat, 01 yanvar 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 341.06 manat əvəzinə 414,86 manat, 01 yanvar 2023-cü il tarixdən 31 dekabr 2023-cü il tarixədək 410,31 manat əvəzinə 494,95 manat, 01 yanvar 2024-cü il tarixdən 30 iyun 2024-cü il tarixədək 456,26 manat əvəzinə 550,38 manat məbləğində ödəniş həyata keçirilmişdir. Nəticədə iddiaçıya qanunvericiliyə uyğun olmayan artıq pensiya vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, İNVENTAR nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı əmək pensiyasının məbləği dəyişdirilərək 456,26 manat müəyyən edilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Beləliklə, iddiaçının Qanunun 37.3.1-ci maddəsinə əsasən hüququ olmadığı halda (aktiv VÖEN:**********) xx.xx.2020-ci il tarixdə yaşa görə əmək pensiyasının məbləği yenidən hesablanmış və nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla əmək pensiyasının məbləğində xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək 2894.22 manat artıq ödəmə müəyyən edilmiş, müvafiq qərarla əmək pensiyasının məbləği 456.26 manata dəyişdirilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya ödənilən pensiya məbləği 2020-ci ildə yenidən hesablanmış və artırılmışdır, lakin sonradan aktiv VÖEN-ə malik olduğu müəyyən edilmiş və mübahisələndirilən qərarla pensiya məbləği azaldılmış, həmçinin artıq ödəmə müəyyən edilmiş və həmin məbləğdən 597.22 manat iddiaçıdan geri tutulmuşdur. Hazırda tutulma aparılmır. İddiaçıya əvvəlki məhkəmə iclasında bildirmişdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, adına VÖEN açılmasının səbəbini bilmir, özünə məxsus torpaq sahəsində öz heyvanlarının yem tədarükü üçün yonca əkir. İddiaçı, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin qərar əsasında pensiyasından tutulmuş pul məbləğinin ona geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. -64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. -Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli üç ulduzla nişanlanmış qərarında təsbit edilmiş hüquqi mövqeyə görə: -İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. -İnzibati orqan əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. -Qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. -İnzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. -Beləliklə, qeyd olunan hüquqi yanaşma inzibati orqanlardan onu tələb edir ki, inzibati orqan özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlı olsa da, malik olduğu bu səlahiyyətin həyata keçirilməsi zamanı məhdudiyyətlərə və qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətə və prosedurlara riayət etməlidir. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli mübahisələndirilən qərarının məzmunundan görünür ki, 2894.22 manat artıq ödəmə müəyyən edilmiş və əmək pensiyasının məbləğinin yenidən hesablanaraq, 550,38 manatdan 456,26 manata azaldılması qərara alınmışdır. Həmçinin cavabdehin nümayəndəsi iddiaçının pensiya ödənişindən tutulmaların həmin qərar əsasında aparıldığını bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-14/2-14469/2024 məktubunda bildirilir ki, Ağcabədi rayonu, Ağabəyli kənd sakini İddiaçı vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixdə torpaq mülkiyyətçisi kimi vergi uçotuna alınmışdır. Qanunvericilik qanunsuz inzibati aktın ləğv edilməsini həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il müddətlə məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, pensiya təyinatı ilə bağlı sənədlər toplusu cavabdeh orqanın özündə (müvafiq filialda) saxlanıldığından onun istənilən vaxt həmin sənədləri təftiş etmək, özünün əvvəlki təyinatla bağlı qərarını ləğv etmək və yaxud dəyişdirmək imkanı olmuşdur ki, bu iddiaçının bilməli olduğu hallara aiddir. Buna baxmayaraq cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələblərinə zidd olaraq, 2020-ci ildə aparılmış pensiyanın yenidən hesablanması barədə qərarını (faktiki xarakterli hərəkət) 3 il keçdikdən sonra yenidən təftiş etmək qərarına gəlmişdir. Məhkəmə kollegiyası həmçinin mübahisələndirilən qərarla pensiya məbləğinin azaldılmasına əsas olmuş cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Cavabdeh orqan iddiaçının aktiv VÖEN-ə malik olmasını, yəni işləyən əmək pensiyaçısı olmasını əsas gətirərək, pensiya məbləğinin azaldılması qərarına gəlsə də, kollegiya hesab edir ki, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Prezidentin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı, həmçinin 2025-ci il 12 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “X1 Sistemi haqqında” əsasnamənin tələblərinə uyğun olaraq, həm cavabdeh orqan, həm də vergi orqanları arasında həmin əsasnamə ilə müəyyən edilmiş məlumatlardan istifadə etmək imkanları mövcuddur və iddiaçının 2019-cu ildən aktiv VÖEN-ə malik olması vəziyyəti cavabdeh orqanın bilməli olduğu hallara aiddir. Bundan başqa, kollegiya qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi halında fərqli pensiya məbləğinin ödənilməsi hüququnu müəyyən etmişdir. “Məşğulluq haqqında” Qanunun: - 1.1.6-cı maddəsinə əsasən işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; -1.1.9. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsi qeyri-formal məşğulluq hesab edilir. -4.1-ci maddəsinə əsasən məşğul şəxslərə aşağıdakılar aiddir: 4.1.1. muzdla işləyənlər - Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər; 4.1.2. mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər; 4.1.3. sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri; 4.1.4. haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər; 4.1.5. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər; 4.1.6. ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar; 4.1.7. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; 4.1.8. Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları; 4.1.9. xüsusi notariuslar, sərbəst mediatorlar və vəkillər. Göründüyü kimi, bu Qanunun məqsədləri məhz əmək qabiliyyətli şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, iş axtarışına və özünüməşğulluğuna kömək göstərilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılması məqsədi ilə onlar üçün xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlərin həyata keçirilməsindən ibarətdir. Odur ki, iddiaçı faktiki olaraq əmək pensiyaçısı statusunda olduğundan cavabdehin onun birmənalı şəkildə əmək qabiliyyətli şəxs hesab edilməsi, yəni aktiv VÖEN-ə malik olmaqla işləyən əmək pensiyaçısı hesab edilməsi barədə gəldiyi qənaət əsaslı sayıla bilməz. Həmçinin iddiaçı aktiv VÖEN-ə malik olsa da, faktiki olaraq əmək fəaliyyəti ilə məşğul olması, sahibkarlıq sahəsində apardığı əməliyyatlar, dövriyyəsi və gəliri müəyyən edilmədən hələ onun işləyən əmək pensiyaçısı hesab edilməsi üçün kifayət etmir. Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının hüquqi marağı və əldə etmək niyyətində olduğu hüquqi nəticələr müəyyən edilmədiyindən, işə dəqiqləşdirilmiş tələb həcmində baxılmalı və qiymət verilməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 iyul 2025-ci il tarixli, 2-1(120)-1583/2025 nömrəli nömrəli qərarı dəyişdirilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. Həmin qərar əsasında İddiaçı pensiyasından tutulmuş pul məbləğinin ona geri ödənilməsi öhdəliyi həmin qurumun üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-759/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-759/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver