Məhkəmə qərarları › İş №2-1(106)-760/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-760/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-760/2025 29.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavadehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(120)-463/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 18 iyul 2025-ci il tarixli, 2-1(120)- 463/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin özünün ehtimal olunan təqsiri nəticəsində, iddiaçının sağlamlığında 2009-cu il tarixdən hazırki vaxta kimi hər hansı müsbət irəlləyiş olmamışdır. İddiaçının xeyrinə kifayət qədər müxtəlif tibb müəssələrindən arayışlar təqdim edilməsinə baxmayaraq cavabdeh tərəfindən həyata keçirilmiş ekspertiza üçün əhəmiyyət kəsb etməmiş və əlillik təyinatına əsas vermədiyi qeyd edilsədə bu halların hər hansı mötəbər subutlarla əsalandırmamışdır. Bununla yanaşı Azərbaycan Respublikası Daxili İslər Nazirliyi Daxili Qoşunların Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixli 51 nömrəli tibbi şəhadətləndirmə barədə Arayışı qüvvədən düşməmişdir. Həmçinin iddiaçıya əvvəllər təyin edilmiş əlliliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilməsi hazırda da ona təyin edilə əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hesa edilməlidir. Göstərilən bu hal ona dəlalət edir ki, iddiaçıya 2009-cu il tarixdən başayaraq xx.xx.2021-ci il tarixədək müddətli əlillik təyin edilmişdir. İddiaçının əvvələr 10 (on) ildən artıq müddətə əlliliyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onun barəsində müddətsiz əlillik təyin edilməsinə əsasdır. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilməli və iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 61-80 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissənin tərkibində xx.xx.1992-ci il tarixdə N saylı hərbi hissənin tərkibində Dağlıq Qarabağ döyüş bölgəsində iştirak etmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü il tarixdə xəsarət almışdır. Azərbaycan Respublikası Daxili İşlər nazirliyinin Daxili Qonşuları Hərbi-həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 51 saylı qərarına əsasən ona (Sol budun aşağı 1/3-ni dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət) “Hərbi Travmadır Azərbaycan Respublikası Müdafiəsi Zamanı Alınmışdır” ona 2009-cu il və 2016-cı il tarixləri arasında İİ-ci qrup 1 illik əlillik təyin edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Əlillik dərəcəsinin təkrar qiymətləndirilməsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2016-cı il tarixdən sol budun aşağı 1/3-ni dəlib keçmiş güllə yaralanmasından sonrakı hal. Sol budun kobud əzələ çağıqları deformasiyası sol bud sümüyünün Xrosteomineliti fistullu forma tez-tez kəskinləşmələrlə. Sol oynağın hərəkət məhdudluğu diaqnozu qoyulmuşdur. Aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı öz təsdiqini tapmışdır. Bundan sonra ona xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 illik əlillik müddəti müəyyən edilmişdir. Təkrar xx.xx.2021-ci il tarixdən keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona təkrar əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və buna görə də ona təyin edilmiş əlillik dərəcəsi bərpa edilməlidir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: "Bud sinirinin zədələnməsi, BUD SİNİRİNiN POSTTRAVMATİK NEYROPATİYASİ.SOL AŞAĞİ OTRAFİN PAREZ NEVROZABƏNZƏR SİNDROM. Digər posttravmatik qonartrozlar, SOL BUDUN AŞAĞİ 1/3-NİN ODLU SİLAH YARALANMASİNDAN SONRAKİ HAL", Məzkəzə göndərilmənin imtina edilmənin səbəbi: "Göndərişin natamam doldurulması – Səbəb: Əsas xəstəliyin ağırlaşmalar instrumental müayinə ilə öz təsdiqini tapmır." əsası ilə Mərkəzə geri göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1403/2022 nömrəli qərarına əsasən nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, iddiaçıya qoyulmuş diaqnozun ağırlaşmaları mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tələbləri pozulmaqla qərar qəbul edilmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə etmiş və qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışlardan və digər tibbi sənədlərdən görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Sol budun aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı hal. Sol budun kobud əzələ çapıqları deformasiyası. Sol bud sümüyünün Xr osteomineliti fistullu forma tez-tez kəskinləşmələrlə. Sol diz oynağının hərəkət məhdudluğu” diaqnozu ilə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə əlillik vəziyyətində olmuş, növbəti müayinələr zamanı xx.xx.2021-ci il tarixli qərarla “göndərişin natamam doldurulması”, xx.xx.2021-ci il tarixli qərarla “diaqnoz əlillik əlaməti təyin etmir”, xx.xx.2022-ci il tarixli qərarla “göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 3835 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyində bildirilir ki, İddiaçı sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Masallı rayon Mərkəzi xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Y00037681KTV nömrəli №-li Forma 088 saylı göndərişində qeyd edilmiş “Y.36.4-Hərbi əməliyyatlar nəticəsində odlu silah va digər adi silah növləri ila törədilmiş zədələnmələr. Sol budun aşağı 1/3-nin dəlib keçən güllə yaralanmasından sonrakı sol diz oynağının açıcı konturası, sol diz oynağının deformasiya olunmuş artrozu. Sol bud sümüyünün xroniki osteomieliti, tez-tez kəskinləşmə və hərəkət məhdudluğu ilə. Ağırlaşmalar:R26.-Hərəkətin və yerişin pozulmaları, sol diz oynağının hərəkət məhdudluğu; M86-Osteomelit. Sol bud sümüyünün xroniki osteomeliti, tez-tez kəskinləşmələrlə; M24.5-Oynaqların kontrakturası. Sol diz oynağının açıcı kontrakturası; M17-Qonartroz (diz oynağının artrozu).Sol diz oynağının deformasiya olunmuş artrozu. Yanaşı xəstəliklər. F48.0-Nevrasteniya; G90.8-Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları. NSD hipertonik tip” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə təbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliyi qənaətbəxş olmuşdur. -“Azərbaycan Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu” X7 xx.xx.2025ci il tarixli, 3-28-11/2-193/2025 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə xx.xx.2021-ci il tarixində olmuşdur. Ona hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, drenə olunmuş sinusla xroniki osteomlit, oynaqların kontrakturası, kəskin ağrı, ataktik yeriş, qonartroz diaqnozu qoyulmuşdur. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının 10 ildən artıq müddətdə əlillik vəziyyətində olması baxımından müddətsiz əlilliyin təyin edilməli olmasına əsaslanmış, lakin nəzərə almamışdır ki, növbəti müayinələr (xx.xx.2021-ci il, xx.xx.2021-ci il) nəticəsində əlillik təyinatından imtina barədə qərarlardan iddiaçı şikayət verməmiş, nəhayət xx.xx.2022-ci il tarixli qərardan şikayət vermişdir ki, bu da iddiaçının davamlı olaraq əlillik vəziyyətində olması anlamına gəlmir. Bundan əlavə, iddiaçının orqanizmində olan patofunksional pozuntuların əlillik təyini üçün əsas verən müvafiq meyarların təsiri altına düşüb-düşməməsinə, müsbət halda xəstəliklərin ağırlıq dərəcəsinə görə əlilliyin hansı faiz dərəcəsi ilə təyin edilməli olmasına, habelə cavabdeh orqanın əlillik təyinatından imtinası üçün qanuni əsasların olubolmamasına qiymət verməmişdir. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: -1.5.1.şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki)ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; -1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlıvərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); -1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; -1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; -1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. -2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qeyd olunan normaların təhlili onu deməyə əsas verir ki, tibbi göndərişin natamam doldurulması əlillik təyinatından imtina üçün əsas vermir və bu məsələ səlahiyyətli qurumlar tərəfindən aradan qaldırılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.4.2.1-ci bəndində “mülayim dərəcəli aşağı spastik paraparez, patoloji, ayağın ön-xarici kənarına dayaqla spastik yeriş (funksional cəhətdən əlverişli mövqe), diz oynaqlarında qatlayıcı kontraktura, aşıq-baldır oynağında bükücü-açıcı kontraktura; pəncələrin deformasiyası, mürəkkəb hərəkətlərin çətinləşməsi; oynaqlarda hərəkətin fizioloji amplitudadan (normadan) 50% azalması (1/2-i qədər); yaş və sosial vərdişlərin mümkünlüyü; mülayim statodinamik pozuntular” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 40-60%, həmçinin meyarların 13.1.1.2-ci bəndində “osteomielit M86. prosesin aktivliyinin orta dərəcəsi, fistulanın tez-tez və ya daimi irinləməsi. prosesin aktivliyinin təzahür edən dərəcəsi (ağır kəskinləşmələr hərarətlə, təzahür edən şişkinlik və yumşaq hissələrin iltihabı, sekvestrin irinləməsi və xaric olunması) diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 70 % müəyyən edilməklə, əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntualar müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olur ki, apellyasiya şikayəti iddiaçının orqanizminin funksiyalarının pozulması faizi və əlilliyin müddəti hissəsində, həmçinin iddiaçının tələbi qismən əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2025-ci il tarixli, 2-1(120)-463/2025 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar ləğv edilsin. İddiaçı barəsində xx.xx.2022-ci il tarixdən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə təqdim edilmiş Y00037681KTV nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi həmin orqanın üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar