Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-761/2025 18.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(120)-926/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli və xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarlarının ləğv edilməsi, iddiaçıya xx.xx.2003-cü il tarixdə təyin edilmiş “Azərbaycan Respublikasının müdafiəsi” ilə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2022-ci il tarixdən elektron altsistemdə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 14 iyul 2025-ci il tarixli, 2-1(120)- 926/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqan qanunsuz əlverişli inzibati akt hesab etdiyi qərarın ləğv edilməsinə əsas ola biləcək hər hansı bir əsas olmadan, iddiaçı xx.xx.2003-cü ildə təyin edilmiş əlilliyinin elektron qaydada altsitetmə yerləşdirilməsi üçün müraciət etmiş şəxsi tibbi göndəriş olmadan xx.xx.2022-ci ildə əyani müayinəyə cəlb etmiş və nəticədə şəxsin müddətsiz əlilliyini diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə ləğv etmişdir. Qanunvericilk inzibati orqanın qanunsuz əlverişli inzibati aktını ləğv etməsini müəyyən şərtlər daxilində tanıyır. Bunun üçün ilk növbədə qanunla müəyyən edilmiş əsas olmalı, belə əsas olduqda inzibati icraat təzələnməli və qanunvericiliyə uyğun inzibati icraat aparılmalıdır. Yoxsa, heç bir əsas olmadan, şəxsin hər hansı səbəbdən bir məsələ ilə bağlı cavabdehə müraciət etməsi, inzibati orqan tərəfindən icraatın təzələnməsi, şəxsin əyani müayinəyə cəlb edilməsi üçün əsas ola bilməz. Bunun əksi o anlama gələr ki, cavabdeh orqan əlilliyi olan şəxsi istədiyi vaxt əyani müayinəyə cəlb edə bilər. Bu isə inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə ziddir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının erməni təcavüzündən qorumaq məqsədi ilə xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmışdır. Laçın rayonu ərazisində gedən döyüş əməliyyatlarında xx.xx.1992-ci il tarixdə döş qəfəsinin sağ yarısını dəlib keçən güllə yarası həmçinin digər orqanlarında odlu silah xəsarətləri almış, vəziyyəti ağır olduğu üçün əməliyyat olunmuşdur. xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixə kimi Ərikli hərbi hospitalında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi Eksperimental İnstitutunun cərrahiyə şöbəsində müalicə olunmuşdur. Yenidən xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Eksperimental İnstitutun cərrahiyyə şöbəsində əməliyyat olunmuşdur. Kürək nahiyyəsindən güllə çıxarılmışdır. Ümumiyyətlə əmək qabiliyyətini itirdiyi üçün Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyinin Həkim Əmək Ekspert Komissiyasının xx.xx.1993-cü il tarixli 052995 nömrəli rəyinə əsasən ikinci qrup əlil hesab edilmişdir. Əlilliklə əlaqədar uzun müddət təqaüd almışdır. Buna baxmayaraq cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası xx.xx.2023-cü il tarixli rəyi ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixində əyani müayinə zamanı qiymətləndirilmiş və Tam reabilitasiya olması barədə qərar verilmişdir. (ESDAS **********5). İddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Müharibə dövründə odlu silahla alınmış zədələnmələr. Ağciyərin digər travmaları. Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yarasından Sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət. Mərkəzə göndərilmənin imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İ.lbrahimzadəyə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1993cü il tarixli 479 nömrəli Xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Döş qəfəsinin sol yarısının odlu-silah nüfuz edən güllə yaralanması (xx.xx.1992) nəticəsində ağciyerin zədələnməsi və hemopnevmotoraksı sonrakı soltərəfli adgeziv plevriti. //-/// dərəcəli tənəffüz çatışmazlığı ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, təngnəfəslikdən, sağ aşağı ətrafda hərəkət məhdudluğundan, sol aşağı ətrafda ödemdən şikayətlənmişdir. Müayinə zamanı çəkisi 92 kq. boyu 173 sm, saturasiyası 96%, nəbzi 137 vurğu, tənəffüs hərəkətlərinin sayı 20 müəyyən edilmiş, auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs (səthi tez-tez) eşidilmişdir. Baxış zamanı sağ baldırın yuxarı 1/3-də. sağ biləkdə, sağ kürəkdə, döş qəfəsinin ön sol tərəfində çapıqlar, sol tərəfli torakotomiya çapıqları izlənilmiş, hərəkətləri sərbəst olmuşdur. Anamnezində gündə 5-6 ədəd siqaret çəkdiyini bildirmişdir. X3 İnstitunun xx.xx.2023-cü il tarixli 5892 nömrəli Tibbi rəyində diaqnoz Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yaralanmasından, sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki bronxit, Kəskinləşmə mərhələsi” kimi qeyd edilmiş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Spirometriya müayinəsinin nəticəsi “FVC 2.98.-69.77%. FEV1 1.80- 52.21%. Qarışıq tipli mötədil ventilyasiva pozğunluğu qeyd olunur, "kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2023-cü il tarixli göndəriş əsasında baxıldıqdan sonra verilən əlillik təyinatından imtina barədə qərardan iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmiş, iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Odur ki, iddia mümkünsüz hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili odur ki, birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə əsaslanaraq qərar qəbul etmiş, inzibati orqanın diskresion səlahiyyələrinə müdaxilə etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə məhkəmə kollegiyasının hüquqi yardım istiqamətində tövsiyələrini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası həmçinin xx.xx.2023-cü il tarixli qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməsi ilə bağlı mümkünlük şərtlərinə münasibətdə qeyd edir ki, həmin qərar xx.xx.2023-cü il tarixdə əlillik altsisteminə yerləşdirilsə də, iddiaçıya göndərilməsi və ya təqdim edilməsi barədə sübut mövcud deyil (təqdim edilməmişdir). Bu baxımdan həmin qərardan şikayət verilməsi ilə bağlı müddəti ötürməmiş hesab edilir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan və digər sənədlərdən görünür ki, iddiaçıya 2003cü ildə “Dəlib-keçən odlu güllə yaralanması nəticəsində döş qəfəsinin sol yarısının yaralanması sol ağciyərin zədələnməsi (hemopnevmotoraks), soltərəfli adgeziv plevrit tənəffüs çatmazlığı ilə İİ-İİİ dərəcə” diaqnozlu əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə müddətsiz İİ dərəcə əlillik təyin edilmiş, iddiaçının əlillik təyinatı barədə məlumatın müvafiq altsistemə yerləşdirilməsi ilə bağlı müraciəti zamanı xx.xx.2022-ci il tarixdə yenidən müayinə edilməklə, həmin tarixli qərarla “Tam reabilitasiya olunmuşdur” nəticəsinə gəlinmişdir. Bundan sonra iddiaçı uzun müddət (9 ay) həmin qərarı mübahisələndirməmiş və növbəti dəfə Astara Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixli qərarla “Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə əlillik təyinatından imtina edilmişdir. -Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən təsdiq edilmiş 29 yanvar 1993-cü tarixli xəstəlik haqqında olan şəhadətnamədə qeyd olunmuşdur ki, X6 xx.xx.1992-ci ildə Laçın şəhəri ərazisində döyüş əməliyyatları zamani döş qəfəsinin sol tərəfinə güllə yarası almışdır. Yaralıya ilkin tibbi yardım yerində göstərilmiş, sonra təcili olaraq Ərilli qəsəbəsində yerləşən hərbi hospital çatdılmış və təcili əməliyyat olunmuşdurtrokotomiya, sol ağciyətin zereksiyası, Plevra boşluğunun drenajı. Vəziyyət pisləşdiyi üçün xx.xx.1992-ci ildə helikopterlə X2 təxliyə olunmuşdur. Orada qanaxma və arterial təziqin düşməsi səbəbindən təkrar əməliyyat aparılmış, qan köçürülmüş, mayelər yeridilmişdir. Vəziyyəti tədricən yaxşılaşdırılmışdır. xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək ambulator müalicə almışdır. xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək Əsgəran Hospitalında, xx.xx.1992-ci ildən X1, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək institutun cərrahiyə şöbəsində müalicə olunmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 5344 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyinində qeyd edilmişdir ki, İddiaçı adına Astara Rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli A00117275ZNP saylı Forma 088 göndərişində qeyd edilmiş "asas diaqnoz: Y36.2-Hərbi əməliyyatlar nəticəsində odlu silahla va digər adi silah növləri ila törədilmiş zədələnmələr. Müharibə dövründə odlu silahla alınmış zədələnmələr; Ağırlaşmalar: M79.5-Yumşaq toxumalarda qalmış yad cisim. Hər iki əlin çoxsaylı yad cisimləri (metal qırıqlar). M16.5- Digər postravmatik koksartrozlar. Sağ mil-bilək oynağının sol bud-çanaq oynağının artrozu; F45.4-somatorofm ağrı pozğunluğu. Agrı sindromu. Funksiya pozulması; J96.1- Xroniki respirator çatmamazlıq. Tipli əhəmiyyətli ventilyasiya pozğunluğu; S27.3- Ağciyərin digər travmaları. Döş qəfəsinin sol yarısının dəlib keçən güllə yarasından sol tərəfli adgeziv plevritdən sonrakı vəziyyət; Yanaşı xəstəliklər: İ11.0-(Durğunluq) ürək çatmamazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik-(yi). Hipertoniya xəstəliyi İİ-İİİ dərəcə" diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. Tibbi-sosial ekspertləri tərəfindən şəxsin xx.xx.2022-ci il tarixdə DTSERA-da əyani müayinəsi zamanı tam reablitasiya olunması barədə qarar qəbul edilmişdir. Xəstəliklər tam reablitasiya olunduqlarından müalicəyə zərurət yoxdur. -Məhkəmə kollegiasının müvafiq qərardadı ilə təyin edilmiş ekspertiza nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X10 945 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinində qeyd edilmişdir ki, məhkəmətibbi müayinə zamanı İddiaçı X3 İnstitutuna göndərilmiş, həmin qurumda aparılmış müayinə nəticəsində “Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu” müəyyən edilmişdir. Tibbi elmində “obstruktiv” termini ağciyərdə hava keçiriciliyinin qismən pozulması, hava yollarının daralması vəziyyətini ifadə edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Birinci instansiya məhkəməsi öz qərarında əlillik təyinatından imtina edilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, xxxxxxx0002 nömrəli və xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarlarının ləğv edilməsi və iddiaçıya xx.xx.2003-cü tarixli qərarla təyin edilmiş əlilliyin bərpa edilməli olması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, müddətsiz əlillik təyinatı barədə qərar cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə öz qüvvəsini itirmiş, lakin iddiaçı uzun müddət (9 ay) həmin qərarı mübahisələndirməmiş və növbəti tibbi göndəriş əsasında hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində olan patofunksional pozuntular baxımından xx.xx.2023-cü il tarixli qərarı ləğv etməklə düzgün nəticəyə gəlsə də, əlilliyin bərpa edilməsi ilə bağlı səhv nəticəyə gəmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli qərar mübahisələndirilmədiyi halda (həmin qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür) həmin qərar əsasında ləğv edilmiş əlilliyin bərpası məsələsinə həm prosessual, həm də maddi hüquq normalarının tələblərinə nəzərən baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə İcmalı”nın 53cü bəndində qeyd edilmişdir ki, əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş nəzərə alınmaqla müəyyən edilməlidir. Qeyd olunanlara baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində pozuntulara yol verilmiş, mübahisə predmeti olmayan qərarın qanuniliyinə qiymət verməklə, əlilliyin bərpası istiqamətində araşdırma aparmışdır ki, bu hal həmin qərarın ləğv edilməsinə əsas verir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -1.1.1.2-ci bəndinə əsasən “təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə” orqanizmin funksiyalarının pozulması faizi 65-80 % olmaqla, 2 il müddətinə əlillik təyinatına əsas verir. Qeyd olunan pozuntular iddiaçının orqanizmində tibb müəssisəsi tərəfindən müəyyən edilmiş patofunksional pozuntularla uyunluq təşkil edir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, bibirinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2-1(120)-926/2025 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli, xxxxxxx0003 nömrəli qərarı ləğv edilsin. Həmin tarixdən İddiaçı “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 65-80 faiz olmaqla 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-761/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-761/2025
18.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver