Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-763/2025 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(120)-911/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1991-xx.xx.1996-cı illərdə işlədiyi dövrlərin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 03 iyul 2025-ci il tarixli, 2-1(120)- 911/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1991-xx.xx.1996-cı illərdə olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlər ilə iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, əmək fəliyyətinə xx.xx.1973-cü ildə başlamış və xx.xx.1996-cı il tarixədək mülki sahədə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1996-cı il tarixdə öz ərizəsinə əsasən Lənkəran “MMTT” zavodundan işdən azad olunmuşdur. xx.xx.1996-cı il ildən MTN Sərhəd Qoşunlarından gizir qismində həqiqi hərbi xidmətə qəbul olunmuş, xx.xx.2004-cü il tarixdə isə xidmət müddətini başa çatdığı üçün ehtiyata buraxılmışdır. 20 may 2004-cü il taixdə Lənkəran məişət Təmir “ATSC”-nə radio televizor ustası kimi işə qəbul olunmuş və 05 yanvar 2017-ci il tarixdə müqavilə müddəti başa çatdığı üçün Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən işdən azad olunmuş, 23 may 2017-ci il tarixdə "xxxx" MMC-nin X6 elektrik vəzifəsə iş qəbul olmuşdur. 23 may 2017-ci il tarixdə öz ərizəsi əsasında həmin işdən azad edilmişdir. 19 fevral 2018ci il tarixdə "xxxx" MMC-də Elektrik vəzifəsinə işə qəbul olunmuşdur. Hal-hazırda da həmin vəzifədə çalışır. Bütün bu sadalanan əmək fəaliyyətin işə girmə və işdən azad olma əmrləri ona məxsus ola əmək kitabçalarında qeyd olunmuşdur. Yaşa görə ona təyin edilmiş 240 manat minimum əmək pensiyasının yenidən hesablanması və minimum 25 il iş stajının əlavələrinin hesablanmaqla 33 il iş üzrə hər il üçün əlavə ödənişin təyin edilməsindən ötrü müraciət etsə də müsbət nəticə verilməmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş və 337,77 manat məbləğində olmaqla ödənişi davam etdirilir. İddiaçı 05 sentyabr 2024-cü il tarixdə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətinə və əmək kitabçasına əsasən onun xx.xx.2006-cı il tarixə kimi mübahisələndirilməyən əmək fəaliyyəti dövrü 23 il 10 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən - 25 ildən azdır. İddiaçının mübahisələndirilən əmək fəaliyyyəti dövrü xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək olan dövrlərdir. Belə ki, həmin dövrün doldurulma qaydası pozulduğundan (işdən çıxma qeydində kiril qrafikalı möhürdən istifadə olunub, həmçinin səlahiyyətli şəxsin ad, soyadı və imzasında qaralama olduğu üçün oxunaqlı deyil), yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarına uyğun tərtib edilmədiyindən həmin dövrlərin faktiki sosial sığorta stajına daxil edilməsi və buna əsasən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Qaydaların 3.1-ci maddəsinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Xidmətinin yerli orqanları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Nəticə olaraq təqdim edilmiş sənədlərin surətlərinə əsasən əmək faəliyyəti dövrləri, o cümlədən 06,05.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil illəri də nəzərə alınmaqla, İddiaçı xx.xx.2006-cı il tarixə kimi faktiki sığorta stajı 23 il 10 ay təşkil etdiyi halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.1996-cı il tarixdə Sərhəd Qoşunlarında xidmətə başlayanda əvvəlki iş yerindən (Lənkəran “MMTT” zavodu) ayrılmış, lakin əmək kitabçasında müvafiq qeyd aparılarkən onun artıq həmin vaxt hərbi xidmətdə olmasını bildiyinə görə əmək kitabçasını dolduran şəxs öz adı və vəzifəsi olan hissəni qaralamışdır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, xx.xx.1973-xx.xx.2018-ci illər aralığında müxtəlif yerlərdə fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli, 11 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran şəhər "xxxx" ASC-də xx.xx.2001-ci il tarixində tərtib olunmuş əmr kitabından başqa əvvəlki illərə aid əmr kitabları və maaş cədvəlləri saxlanılmamışdır. xx.xx.2001-ci ildə tərtib olunmuş əmr kitabında Televizor ustası İddiaçı 05 yanvar 2017-ci il tarixində müqavilə müddətinin başa çatması ilə əlaqədar işdən azad olunma əmri vardır. Lakin xx.xx.2017-ci ilə kimi maaş cədvəlləri saxlanılmamışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-13/2-26869/2025 və xx.xx.2025-ci il tarixli, 3-21-2-13/2-26871/2025 nömrəli eyni məzmunlu məktublarında qeyd edilmişdir ki, vergi orqanının arxivində saxlanılan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus qeydiyyat iş qovluğunda olan sənədlərə əsasən onun xx.xx.1998-ci il tarixdə D- 2734 nömrə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınması, xx.xx.2004-cü il tarixdə vergi orqanında ********** saylı VÖEN-lə uçota alınması, hazırda fəaliyyət vəziyyətinin aktiv olması barədə məlumatlar mövcuddur. LƏNKƏRAN MƏİŞƏT-TƏMİR” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2019-cu il tarixdən xx.xx.2025-ci il tarixinədək 6 291,46 manat sosial sığorta və işsizlikdən sığorta ödənişi olmuşdur. -X3 Filialının xx.xx.2026-cı il tarixli məktubunda bildirilir ki, Lənkəran “X2 Təmiri Zavodu”nun sənədləri arxivə təhvil verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçı xx.xx.1956-cı il doğumludur və pensiya yaşına çatmışdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Formalaşmış mövcud məhkəmə təcrübəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yaranması ona məxsus əmək kitabçası və digər mötəbər sənədlərlə sübuta yetir. İddiaçı müvafiq sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına istinad edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeydlərin doldurulma qaydasının pozulmasını əsas gətirərək, imtina etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh əmək kitabçasının doldurulma qaydasının pozulması, yəni xx.xx.1996-cı ilə aid işdən azad edilmə əmrinin qeydində kiril qrafikalı əlifbadan istifadə olunması əsası ilə pensiyanın yenidən hesablanmasından imtina etsə də, iddiaçının qeyd olunan müəssisədə (Lənkəran “MMTT” zavodu) işləməsi həmin müəssisənin qeydlərin üzərinə vurulmuş möhürü ilə təsdiqini tapır. Odur ki, iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərlə bağlı qüsurlar onun əmək fəaliyyətinin olmamasını güman etmək üçün kifayət etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1996-cı il tarixdə Sərhəd Qoşunlarında xidmətə başladığından, onun eyni dövrdə, həm də zavodda işləməsini, yəni həmin dövrləri vahid müddət kimi nəzərə almamışdır. Odur ki, qərar dəyişdirilməli və iddiaçının Lənkəran “MMTT” zavodunda işlədiyi dövrün sonunun xx.xx.1996-cı il tarixdə bitməsi nəzərə alınmalıdır. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməməli, bununla yanaşı birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-1(120)-911/2025 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.1991-xx.xx.1996-cı illərdə Lənkəran “X2 Təmiri Zavodu”nda işlədiyi dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-763/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-763/2025
11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver