Məhkəmə qərarları › İş №2-1(106)-764/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-764/2025

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-764/2025 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavadehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Agentliyin Tibbi-sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və sağlamlıq imkanlarının pozulması 61-80 faiz olmaqla, səbəb əlaqəsinin anadangəlmə ümumi xəstəliklə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## #### 2025-ci il tarixli, *-*(***)- ***/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin əhatə dairəsinə daxil edilmiş xəstəliklərə tam uyğunluğu müşahidə olunur. Həmçinin, onun xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə onun sağlamlığının bərpa olunmasını təsdiq edən hər hansı dəlil, sübut cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Işin halları Iddiаçı tələbini onunla əsaslandırmışdır ki, anadangəlmə bədəninin müxtəlif nahiyələrində dərialtı törəmələrdən çanaq sümüklərində, hər iki bazu va hər iki mil sümüklərində, hər iki bud baldır sümüklərində olan çoxsaylı törəmələrdən əziyyət çəkir. Bu xəstəlik onun atası və qardaşında olduğu üçün anadangəlmə uşaqlıqdan sağlamlıq imkanları məhdud uşaq hesab olunaraq pensiya müavinəti 18 yaşına kimi almışdır.18 yaşından sonra isə ona ##.##.2018-ci ildən ##.##.2023-cü ilədək beşillik ikinci dərəcəli əllilik təyin edilmişdir. Sonuncu dəfə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının ## ####### 2023-cü il tarixli R********ZPN saylı göndərişi əsasında baxılmışdır. Qoyulmuş "Diaqnozun mətni: M89.8 Sümüklərin digər dəqiqləşdirilmiş zədələnmələri, Sümüklərin çoxsaylı ekzostozu. Mərkəzə göndarilmənin/Imtina edilməsinin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Iddiaçı bu üzdən ##.##.2023-cü il tarixdə komissiyadan keçmişdir. Ona, oradan müayinə edən komissiyanın üzvüləri və hakimləri bildirdilər ki, daşıyıcısı olduğu xəstəliklərlə əlaqədar hazırda onun əlavə ixtisaslaşdırılmış stasionar müalicəyə ehtiyac yoxdur, həmin xəstəliklər müalicə olunmurlar və onlarla əlaqədar tibbi ədəbiyyatlarda da müfəssəl məlumatlar yoxdur. O üzdən sistemə həmin xəstəliyə aid məlumatlar qoyulmamışdır. Buna görə diaqnoz əlillik əlaməti təyin etmir səbəbindən ona imtina gəlmişdir. Cavabdehin iddiaya qarşı birinci instansiya icraatı zamanı etiraz təqdim etsə də, konkret dəlil göstərməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, iddiaçıya qoyulmuş diaqnozun ağırlaşmaları mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Prosessual məsələlər Iddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi şikayəti müdafiə etmiş və qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Iş materiallarına əlavə edilmiş: -əlillik altsistemindən çıxarışlardan və digər tibbi sənədlərdən görünür ki, iddiaçının əlillik vəziyyəti ilk dəfə ##.##.2004-cü il tarixdə qiymətləndirilərək ona həmin tarixdən ##.##.2006-cı il tarixinədək 2 il müddətinə, ##.##.2014-cü il tarixdən ##.##.2016-cı il tarixədək 2 il müddətinə, ##.##.2016-cı il tarixdən ##.##.2018-ci il tarixədək 3 il müddətinə, ##.##.2018-ci il tarixdən ##.##.2023-cü il tarixədək 5 il müddətinə ümumi xəstəlik sənbəbindən əlillik təyinatı aparılmışdır. Növbəti qiymətləndirmə nəticəsində Cəlilabad rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş ##.##.2023-cü il tarixli R********ZPN nömrəli göndəriş əsasında “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin *** nömrəli, ##.##.2025-ci il tarixli rəyində göstərilir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına Cəlilabad rayon Mərkəzi Xəstəxanası tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli R********ZPN nömrəli Forma 88 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik” M89.8-Sümüklərin digər dəqiqləşdirilmi zədələnmələri. Sümüklərin çoxsaylı ekzostozu; Ağırlaşma: R26.8- Hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozuntuları. Yeriş, hərəkətin kəskin pozulması” diaqnoz xəstənin stasionarda müalicəsi zamanı anamnestik, kliniki, laborator instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu, səmərəliyi qənaətbəxş olmuşdur. Diaqnoz aparılan müayinələrin nəticələri əsasında əldə olunduğundan onunla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Məhkəmə kollegiyasının müvafiq qərardadları əsasında əldə edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin T**/**** nömrəli, ##.##.2026-cı il tarixli rəyində göstərilir ki, İddiaçı məhkəmə-tibbi müayinə zamanı X5 və Ortopediya Institutuna göndərilmiş və ##.##.2025-ci il tarixdə ona mütəxəssislər tərəfindən “XBT kodu üzrə: Q78.6, D 16.2, R52.0- Ekzostoz xondrodisplaziyası ailə forması. Hər iki aşağı və yuxarı ətrafların müxtəlif ölçülü ekzostozları. Sağ qalça qanadının böyük həcmli osteoxondroması, ağrı sindromu ilə” diaqnozu qoyulmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin T***/**** nömrəli, ##.##.2026-cı il tarixli rəyində göstərilir ki, İddiaçı ##.##.2026-cı il tarixdə Milli Onkologiya Mərkəzinə göndərilmiş və ona mütəxəssislər tərəfindən “A-Əsas diaqnoz: M89.8-Sümüklərin digər dəqiqləşdirilmiş zədələnmələri. Sümüklərin çoxsaylı ekzostozu” diaqnozu qoyulmuşdur. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində olan pozuntular Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü “Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsi ilə eyniləşdirilsə də, bunu ağırlaşmalar baxımından əsaslandırmamış, həmin bölmənin konkret altbəndlərinə istinad edilmədən orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsi 61-80 müəyyən edilmişdir. Iddiaçının orqanizmində olan patofunksional pozuntuların əlillik təyini üçün əsas verən müvafiq meyarların təsiri altına düşüb-düşməməsinə, müsbət halda xəstəliklərin ağırlıq dərəcəsinə görə əlilliyin hansı faiz dərəcəsi ilə təyin edilməli olmasına, habelə cavabdeh orqanın əlillik təyinatından imtinası üçün qanuni əsasların olubolmamasına qiymət verməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 11.4.2.3-cü bəndində XBT Q78 “sınıq müşahidə olunmadan, təzahür edən statodinamik pozuntularla” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 50 % müəyyən edilməklə, müddətsiz əlillik təyinatının aparılmasına əsas verir. Iddiaçının orqanizmində olan patofunksional pozuntular müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə, həmçinin ekspert rəyi ilə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq bəndinə uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2. əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1. maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4. əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3. əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4. əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olur ki, apellyasiya şikayəti iddiaçının orqanizminin funksiyalarının pozulması faizi hissəsində, həmçinin iddiaçının tələbi qismən əsaslıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. Iddia qismən təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərar ləğv edilsin. Həmin tarixdən İddiaçı barəsində orqanizmin funksiyalarının pozulması 50 faiz olmaqla ümumi səbəbdən müddətsiz əlillik təyinatının aparılması öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Iddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar