Məhkəmə qərarları › İş №2-1(106)-767/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-767/2025

12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-767/2025 12.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci tarixli, 2-1(120)-1591/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı mənzillə təmin olunma tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, şəhid ailəsi üzvü olmağını nəzərə alıb mənzillə təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim R.Quliyeva) 07 iyul 2025-ci tarixli, 2-1(120)- 1591/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nöməli Sərəncamı xüsusi səbəblər əlilliyi müəyyən edilmiş bütün kateqoriyaları əlillərə və şəhid ailələrinə münasibətdə 2021-2025-ci illər ərzində mərhələli qaydada mənzil və ya fərdi evlərin ayrılmasını nəzərdə tutmuşdur. Hazırki iş üzrə isə iddiaçının hüquqi marağı Masallı RİHBnın “Qarabağ müharibəsində əlil olmaqla xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 həyat yoldaşı kimi” xx.xx.2014-cü il tarixli, 144 №-li sərəncamına əsasən şəhid ailəsi üzvü kimi mənzillə təmin olunmağa nail olmaqdan ibarətdir. İddiaçının mərhum həyat yoldaşı əlilliyi müəyyən edilmiş şəxs qismində çıxış etsə də, məhz həmin əsasla qanunla müəyyən edilmiş qaydada mənzillə təmin edilməsi məqsədilə uçota alınmamışdır. İddiaçı mərhum ərinin ölümündən sonra müharibə əlilinin ailə üzvü kimi mənzil növbəsinə alınmışdır. Eyni zamanda İddiaçı onun şəhid ailəsi olmağı nəzərə alınaraq mənzillə təmin olunmasını tələb etsə də, sonuncunun şəhid ailəsi statusuna malik olduğu müəyyən olunmur. Nəzərə almaq lazımdır ki, istinad olunan normalarda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailələrinin mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı şəhid ailəsi kimi deyil Qarabağ müharibəsində əlil olmaqla vəfat etmiş şəxsin həyat yoldaşı kimi yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmışdır və bu barədə məlumat Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəhid ailəsi olmaqla, mənzil növbəsindədir. Dəfələrlə mənzillə təmin olunması üçün cavabdeh inzibati orqana müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzillə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxslərin hüquqları həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 31.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır. Qanunvericilik aktlarına əsasən mənzil növbəsi ailə üzvlərinə yalnız imtiyazlı şəxs növbəyə durduğu halda keçə bilər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş edilmişdir. Şikayətinin dəlilləri əsasən ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş tam və hərtərəfli araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, həmçinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməyərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarına əlavə edilmiş: -Masallı Rayon İcra Hakimiyyətinin 5-66/2-1603/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Masallı rayonunun Yeddioymaq kənd sakini İddiaçı Qarabağ müharibəsində əlil olmuş, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X2 həyat yoldaşı kimi Masallı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 144 nömrəli Sərəncamı ilə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə alınmışdır. Məktuba əlavə olunmuş xx.xx.2014-cü il tarixli 144 №-li sərəncamın surətindən müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan Qarabağ müharibəsində əlil olmaqla xx.xx.2013-cü il tarixdə vəfat etmiş İİ qrup Qarabağ müharibəsi əlili X2 həyat yoldaşı İddiaçı rayon icra hakimiyyətində mənzil növbəsinə alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 3-21-3-44-6920/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına Masallı rayonu, Yeddioymaq ə/d kəndində yerləşən 4 nəfər ailə üzvləri ilə birlikdə ümumi birgə mülkiyyətində xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, 2162 ha həyətyanı torpaq sahəsi, Masallı rayonu, İkinci Yeddioymaq kəndində yerləşən 19 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli 1,2666 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Masallı rayonu, İkinci Yeddioymaq kəndində yerləşən 19 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli 1,6221 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Masallı rayonu, İkinci Yeddioymaq kəndində yerləşən 19 nəfər ailə üzvləri ilə ümumi birgə mülkiyyətdə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli 4,0157 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. -Dövlət Sosial Müdafiə Fondunun 3-17-1/2-56795/2025 №-li, xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sosial ödənişlər” altsisteminin məlumat bazasına əsasən İddiaçı şəhid ailəsi üçün Azərbaycan Respublikaı Prezidentinin təqaüdü təyin edilməmişdir. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli hüquq normaları baxımından hesab edir ki, iddia əsaslı deyil və birinci instansiya məhkəməsi işin hüquqi və faktiki halına düzgün qiymət verməklə, əsaslı qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirsin: -1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; -1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. -2.1. Yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər; “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamının: 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 4-cü maddəsinə əsasən şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır. Şərh olunan normaların tələblərindən göründüyü kimi, qanunverici Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin edilmə əsaslarını və şərtlərini müəyyən etmişdir ki, iddiaçının həmin şərtlər daxilində cavabdehdən mənzil tələb etmək hüququ istisna olunur. Başqa sözlə, iddiaçının mərhum əri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olsa da, 2014-cü ilin 1 yanvar tarixinədək müvafiq uçota durmamış, həmçinin onun şəhid statusu müəyyən edilmədiyindən arvadının (iddiaçı) da şəhid ailəsi statusu yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddiaçının məhkəmə iclasında iştirakını təmin etməməsi ilə bağlı dəlilinə münasinbətdə qeyd edir ki, iş materiallarında olan məhkəmə bildirişləri və poçt sənədləri ilə müəyyən edilir ki, iddiaçıya məhkəmə iclasları barədə lazımi qaydada məlumat verilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci tarixli, 2-1(120)-1591/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar