Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-771/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-526/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 07 iyul 2025-ci il tarixli, 2-1(120)- 526/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan İddiaçı Salyan 76 saylı X6 Məktəbində əyani təhsil aldığı illəri sığorta stajı kimi nəzərə almamışdır. Lakin işdə olan B 807749 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən və Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil Müəssisəsi X5 xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixli, 19- K saylı əmrə əsasən Salyan 76 saylı X6 Məktəbində 3 illik “Elektrik qaz qaynaqçısı” qrupunda əyani təhsil almış, xx.xx.1981-ci il tarixli, 63-K saylı əmrə əsasən tam kursu bitirmişdir. Cavabdeh tərəfindən mübahisələndirilməyən 22 il 5 ay 25 gün və qəbul edilməyən (xx.xx.1978-xx.xx.1981 əyani təhsil aldığı müddət) 2 il 10 ay 28 gün toplandıqda cəmi 25 il 4 ay 23 gün ümumi iş stajı edir ki, bu da iddiaçıya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsasdır. Cavabdeh həmçinin, iddiaçının təqdim etdiyi arayışlarda elektrik-qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb aparmamağı barədə hər-hansı məlumatın göstərilmədiyinə istinad etmişdir. Lakin məhkəmə sorğuları əsasında əldə olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının "X4" ASC-də, "xxxx" ASC-də, "xxxx" MMC-də işlədiyi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşələri ilə eynilik təşkil edir. Onun işlədiyi qaynaqçı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının 35-ci Ümumi peşələr (əl ilə qaynaq aparan elektrik qaynaqçıları) bəndinə uyğundur. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 iyun 2022-cı il tarixə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etmiş, lakin cavabdeh onun ümumi iş stajının 22 il 5 ay 25 gün təşkil etməsini əsas gətirərək, pensiya təyinatından imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, təqdim edilmiş sənədlərə əsasən İddiaçı 1 yanvar 2006-cı il tarixdən bu günədək münasibətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları 2006-cı ilin iyul, avqust, 2007-ci ilin noyabr, 2008-ci ilin yanvar, dekabr, 2009-cu ilin yanvar, fevral, mart, aprel, noyabr, dekabr, 2010-cu ilin yanvar, fevral, mart, 2011-ci ilin yanvar, fevral, mart, aprel, 2019-cu ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, 2020-ci ilin iyul, avqust və sentyabr ayları üzrə işlədiyi müddətdə (27 ay) sığorta ödənişləri fərdi hesabın sığorta hissəsində öz əksini tapmamışdır. Bu səbəbdən də, İddiaçı ümumi iş stajı 25 ildən az - 22 il 5 ay 25 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövrlər və 2006-2023-cü illər üzrə 8 il 4 ay) təşkil edir. Bundan başqa, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24878,15 manat təşkil edir. Beləliklə, İddiaçı güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun ümumi iş stajının 25 ildən az, həmçinin fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb edilən məbləğdə pensiya kapitalının mövcud olmaması səbəbindən mümkün deyildir. Həmçinin, məhkəmə icraatı gedişində aparılan araşdırma əsasında C.X1 təqdim etdiyi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9 nömrəli arayışa əsasən, xx.xx.1978-xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər onun ümumi iş stajına daxil edilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2023cü il tarixli 18 nömrəli arayışında xx.xx.1987-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində “Elektromexanzasiya” Trestində elektrik qaynaqçısı, “X4” ASC-nin xx.xx.2023-cü il tarixli 23/06/017 nömrəli arayışında xx.xx.2006- xx.xx.2006-ci il, xx.xx.2007-xx.xx.2011-ci il və xx.xx.2011-xx.xx.2014-cü il tarixlər arasındakı dövrlər ərzində elektrik-qaynaqçısı peşələrində işlədiyi qeyd olunub. Lakin sözügedən arayışlarda adıçəkilən şəxsin elektrikqaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb aparmamağı barədə hər-hansı məlumat göstərilməyib. Eyni zamanda, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 014 nömrəli arayışında xx.xx.2019- xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində elektrik qaz qaynaqçısı işlədiyi qeyd olunsa da, "Əmək və məşğulluq" altsistemində adıçəkilən şəxsin vəzifəsi elektrikqaynaqçısı kimi qeyd olunduğu müəyyən edilib. Lakin sözügedən arayışda da elektrik qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə qaynaq aparıb-aparmamağı barədə hər-hansı məlumat qeyd olunmayıb. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, iddiaçının təhsil aldığı dövr onun sığorta stajına daxil edilmişdir, ümumi stajı barədə mübahisə yoxdur. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddiaçının xx.xx.2022-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin 40320 manat olması, bu məbləğə nisbətdə isə kapitalın 24.878,15 manat olması nəzərə alınmamışdır. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ay həmin işlərdə çalışarlarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına və “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində (Ümumi Peşələr) qaz qaynaqçıları; əl ilə qaynaq aparan elektrik qaynaqçıları - güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun şamil edildiyi şəxslər kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. -B 807749 nömrəli diplomun surətindən və Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil Müəssisəsi X5 xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixli, 19-K saylı əmrə əsasən Salyan 76 saylı X6 Məktəbində 3 illik “Elektrik qaz qaynaqçısı” qrupunda əyani təhsil almış, xx.xx.1981-ci il tarixli, 63-K saylı əmrə əsasən tam kursu bitirmişdir. -NZ-4466097 nömrəli hərbi biletdə olan qeydlərdən ki, İddiaçı xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. -iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış, fasilələrlə əmək fəaliyyətini davam etdirmiş və halhazırda işləyir. -"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli, 18 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1987-ci ildə (əmr №-20-k, xx.xx.1987-ci il) “Elektromexanzasiya” Trestinin 13 №-li PMK-ya 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.1996-cı ildə (əmr № 4-k, xx.xx.1996-cı il) işdən azad edilmişdir. Onun işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinin ( şifrə- ********) 23200000-19906 saylı şifrəsinə əsasən əli ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 08 il, 10 ay, 04 gün təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Hazırkı arayış həmçinin, işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. -“X4” ASC-nin xx.xx.2023-cü il tarixli, 23/06/017 nömrəli arayışında qeyd edilmişdir ki, verilir İddiaçı Eyyub oğlu xx.xx.2006-cı il tarixdə “Bakı Poladtökmə’' ASC-nin (indiki “X4" ASC) təmir-tikinti sahəsinə elektrik-qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2006-cı il tarixində əmək müqaviləsinə xitam verilmişdir. C.E.Qaraxanov xx.xx.2007-ci il tarixdə yenidən “Bakı Poladtökmə" ASC-nin 3 saylı Yayma sexinə elektrik-qaynaqçısı peşəsinə işə qəbul edilmiş xx.xx.2010-cu il tarixdə Universal Yayma sexinə elektrik-qaynaqçısı peşəsinə keçirilmiş və xx.xx.2011-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. C.E.Qaraxanov xx.xx.2011-ci il tarixdə yenidən "xxxx" ASC-nin Baş mexanik şöbəsinə elektrik-qaynaqçısı peşəsinə işə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Bakı Poladtökmə’' ASC-nin Səhmdarlarının xx.xx.2013-cü il tarixli X2 əsasən xx.xx.2013- cü il tarixdən "xxxx" ASC-nin adı dəyişdirilərək “X4” ASC adlandırılmışdır. Qeyd edilmiş peşə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35. Ümumi peşələr bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları" peşələri ilə eynilik təşkil edir. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 014 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı Eyyub oğlu "xxxx" MMC-də 03 yanvar 2019-xx.xx.2021-ci ilədək (2 il 19 gün) və 12 may 2022-ci ildən hal hazıra kimi elektrik qaz qaynaqçısı peşəsində çalışmaqdadır. İddiaçı Eyyub oğlunun yuxarıda qeyd edilən əmək fəaliyyəti dövründə topladığı güzəştli iş stajı və 12 may 2022-ci ildən 29 iyun 2022-il tarixinə kimi (1 il 17 gün) üst-üstə 2 il 2 ay 5 gün təşkil edir. İddiaçı Eyyub oğlunun çalışdığı elektrik qaz qaynaqçısı vəzifəsinin əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 35. Ümumi peşələr bölməsində qeyd edilmiş əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələrinin əmək funksiyaları ilə tam eynilik təşkil edir. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 01-PH/30 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1987-ci ildə (əmr №-20-k, xx.xx.1987-ci il) “Elektromexanzasiya” Trestinin 13 №-li PMK-ya 4-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə qəbul edilib və xx.xx.1996-cı ildə (əmr № 4-k, xx.xx.1996-cı il) işdən azad edilmişdir. İddiaçı işlədiyi peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li 35-ci “Ümumi peşələr” fəslinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü ıi tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, XXXİİİ “Ümumi peşələr” Fəslinə (şifrə- ********) əsasən 23200000-19906 saylı şifrəsinə əsasən əli ilə qaynaq aparan elektrik qaynaqçıları kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 08 il, 10 ay, 04 gün təşkil edir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx/xx-3402 №-li, 08 noyabr 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın tətbiqi barədə məktubda qeydlərə əsasən müəyyən edildiyi kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının 35- ci “Ümumi peşələr” bölməsində nəzərdə tutulan qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının maşınqayırma, dəmiryol nəqliyyatında, toxuculuq fabriklərində, metallurgiya zavodlarında və başqa sənaye sahələrində işləməsindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ vardır. Hazırkı arayış həmçinin, işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. -“X4” ASC-nin xx.xx.2024-cü il tarixli, 24/02/013 nömrəli arayışında qeyd edilmişdir ki, "X4" ASC uzun illər fəaliyyət göstərən poladəritmə müəssisəsidir. Müəssisə poladdan kvadrat pəstah, val və bir çox çeşidli fiqurlu tökmələr istehsal etmək üzrə ixtisaslaşmışdır. C.E.Qaraxanov Cəmiyyətin bütün istehsalat sahələrində elektrik qaynaq avadanlıqlarından istifadə etməklə sıradan çıxmış (metaldan olan) detalların və hissələrin qaynağı, qaynaq tərtibatlarının hazırlanması, təmir olunan avadanlıqların yığilması, quraşdırılması, qaynaq işlərinin aparılması, qaynaq işlərindən sonra tikişlərin təmizlənməsi və yoxlanması, müxtəlif mürəkkəb tikinti və metal konstruksiyalarının qaynağı və quraşdırılaraq sahəyə təhvil verilməsi, ona təhkim olunmuş avadanlıqların texniki saz və qüsursuz işləmələrini təmin etməklə əmək fəaliyyətini davam etdirmişdir. Qeyd edilmiş elektrik-qaynaqçısı peşəsi "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı" nın 33-cü Ümumi peşələr bölməsinin "xxxx" (23200000-19906) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci Ümumi peşələr bölməsinin "xxxx" peşələri ilə eynilik təşkil edir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərli olduğundan iş yerlərində keçirilmiş attestasiyanın nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin, o cümlədən C.E.Qaraxanov işlədiyi dövrdə tarif maaşları artımlar müəyyən edilməklə ödənilmişdir və zərərli iş şəraitinə görə əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 58/2024 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı İlkin-N MMC-də xx.xx.2019-xx.xx.2021-ci ilə qədər və xx.xx.2022 ci il tarixindən bu günə kimi elektrik qaz qaynaqçısı vəzifəsində işləyir. Onun əmək müqaviləsi elektron hökumət portalında qeydiyyatdan keçmişdir. Şirkətimizdə çalışan elektrik qaz qaynaqçıları qaynaq işlərini əl ilə həyata keçirirlər. İddiaçı çalışdığı elektrik qaz qaynaqçısı vəzifəsinin əmək funksiyaları və peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş, Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35. Ümumi peşələr bölməsində qeyd edilmiş əl ilə elektrik qaynaqçıları vəzifələrinin əmək funksiyaları ilə tam eynilik təşkil edir. Həmçinin, eyni vəzifənin əmək funksiyaları və peşə xüsusiyyətləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” nın XXXİİİ. Ümumi peşələr bölməsində 23200000-19906 kodu ilə göstərilmiş əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinin əmək funksiyaları və peşə xüsusiyyətləri ilə tam eynilik təşkil edir. İddiaçı yuxarıda qeyd edilən əmək fəaliyyəti dövründə və hal hazırki dövrə qədər topladığı güzəştli iş stajı 3 il 10 ay 2 gün təşkil edir. Cavabdehin imtina dəlillərindən biri iddiaçının ümumi iş stajının 25 ildən az olması ilə bağlı olmuşdur ki, işin apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, cavabdeh onun təhsil illərini nəzərə almışdır və bu məsələ ilə bağlı mübahisə yoxdur. Cavabdehin digər dəlili iddiaçının əmək fəaliyyəti üzrə müxtəlif dövrlərdə işlədiyi elektrik qaynaqçısı peşəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması ilə bağlıdır. İddiaçının həmin dövrdə (xx.xx.1987-xx.xx.1996; xx.xx.2006-xx.xx.2006; xx.xx.2007-xx.xx.2011; xx.xx.2011-xx.xx.2014; xx.xx.2019-xx.xx.2021-ci illər ərzində) işlədiyini nəzərə alsaq, həmin dövrdə elektrik qaynağı üçün tələb olunan müvafiq texnoloji avadanlıqların mövcud olması real görünmür. Buna görə də iddiaçının elektrik qaynağını əl ilə aparması daha ağlabatan hesab edilir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən iddiaçının xx.xx.2022-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının qanunla tələb olunan aşağı həddinin 40320 manat olması, bu məbləğə nisbətdə isə kapitalın 24.878,15 manat olması nəzərə alınmamışdır. Bu baxımdan dəqiqləşdirilmiş iddia tələbinə istinadən kollegiya hesab edir ki, qərar dəyişdirilməlidir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, həmçinin birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-526/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-771/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-771/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver