Məhkəmə qərarları › İş №2-1(106)-78/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-78/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-78/2023 03.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-8/2022 nömrəli qərarından cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyində tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-8/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarının ödəmə mənbəyində tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə görə 700 manat ekspertiza tədqiqatlarının dəyərinin cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh inzibati orqanın xx.xx.2019cu il tarixli, **********185380 nömrəli qərarına əsasən vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərarı aldıqdan sonra narazı olduğuna görə qanunla müəyyən edilmiş müddətdə və qaydada şikayət etmişdir. Belə ki, aparılmış səyyar vergi yoxlaması nəticəsində guya onun tərəfindən büdcəyə çatası vergilərin ümumilikdə 229907,96 manat azaldıldığı müəyyən edilərək ona 114993,99 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanı tərəfindən səyyar vergi yoxlamasına xx.xx.2018-ci il tarixdə başlanılmış, yoxlama müxtəlif tarixlərdə müvəqqəti olaraq dayandırılmış, xx.xx.2019-cu il tarixdə baş çatdırılmış, xx.xx.2019-cu il tarixdə səyyar vergi yoxlaması haqqında akt tərtib edilmiş və həmin akt əsasında xx.xx.2019-cu il tarixdə onun barəsində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında sözügedən qərar qəbul edilmişdir. Vergi orqanı həmin qərarı qanuna zidd olaraq qəbul etmişdir. Həmin qərar əsaslandırılmamışdır. Həmin qərar onun hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində öncə vergi orqanı tərəfindən bazar qiymətinin müəyyənləşdirilməsi mərhələlərinə riayət edilməsi, daha sonra bazar qiymətinin müəyyənləşdirilməsi üçün ekspertin cəlb edilməsi imperativ göstəriş kimi müəyyən olunmamışdır. Səyyar vergi yoxlaması zamanı qiymətlərin səviyyəsində fərq müəyyən edildiyi müəyyən olunarsa, ekspertizanın keçirilməsi barədə qərar qəbul edilir. Bu zaman bazar qiymətini cəlb edilmiş ekspert müəyyən edir. Həmçinin birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsini işin faktiki hallarına düzgün tətbiq etməmişdir. Həmin maddi hüquq normasının mübahisə predmeti üzrə işin faktiki hallarına aidiyyəti yoxdur. Belə ki, qeyd olunan qiymətləndirmə üsullarının tətbiqi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin dispozisiyası ilə şərtləndirilmişdir və bu bənd üzrə qiymətləndirmə üsulları bütünlüklə həmin Məcəllənin 14cü maddəsini əhatə etmir. Həmin Məcəllənin 14.6.3-cü maddəsinin dispozisiyasına əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, qeyd olunan qiymətləndirmə üsullarından istifadə edilə bilər. Halbuki iddiaçının təqdim etdiyi mallarla ekspert rəyindən göründüyü kimi, əmtəə (iş, xidmət) bazarında əməliyyatlar aparılmış və aparılmış əməliyyatlar üzrə də qiymətlər müəyyən edilmişdir. Prosessual məsələlər Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********154003 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN **********) xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş ekspertizanın təyin edilməsi haqqında xx.xx.2018-ci il tarixli, **********165009 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı tərəfindən idxal edilmiş malların satış qiymətlərinin real bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və ekspertizanın keçirilməsi üçün "xxxx" MMC-nin eksperti dəvət edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş rəyin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində İddiaçı tərəfindən idxal edilmiş malların bazar qiyməti ümumilikdə ******* manat müəyyən edilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, **********172791 nömrəli səyyar vergi yoxlaması aktının təsdiq edilmiş surətindən görünür ki, yoxlama xx.xx.2018-ci il tarixdə başlamış, müəyyən tarixlərdə müvəqqəti uzadılmaqla və ya müvvəqəti dayandırılmaqla xx.xx.2019cu il tarixdə başa çatdırılmış və yoxlama ilə büdcəyə çatası vergilərin ümumilikdə 229907,96 manat azaldıldığı, o cümlədən 2016-2017-ci illər üzrə gəlir vergisinin ümumilikdə 121923,76 manat azaldılması, 2016-2018-ci illər üzrə əlavə dəyər vergisinin ümumilikdə 107980 manat azaldılması, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin 4,20 manat azaldılması müəyyən olunmuş, azaldılmış vergi məbləğinə ümumilikdə 114953,99 manat və 1-ci rüb 2018-ci il üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası təklif edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarın təsdiq edilmiş surətindən görünür ki, keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2019-cu il tarixli, **********172791 nömrəli akta əsasən İddiaçı barəsində 2016-2018-ci illər üzrə əlavə dəyər vergisinin azaldılmasına görə ümumilikdə 107980 (37118,24 + 69267,87 + 1593,89) manat məbləğində əlavə vergi hesablanaraq ümumilikdə 53990,01 (18559,12 + 34633,94 + 796,95) manat maliyyə sanksiyası tətbiq edilmiş, 2016-2017-ci illər üzrə gəlir vergisinin azaldılmasına görə ümumilikdə 121923,76 (44148,30 + 77775,46) manat məbləğində əlavə vergi hesablanaraq ümumilikdə 60961,88 (22074,15 + 38887,73) manat maliyyə sanksiyası tətbiq edilmiş, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 4,20 manat əlavə vergi hesablanaraq 2,10 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin 1-ci rüb 2018-ci il üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 23699 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən fiziki şəxs İddiaçı təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. İş materiallarından göründüyü kimi, yoxlama ilə fiziki şəxsin bütün digər xərcləri o cümlədən: 2016-cı il üzrə 341486,22 manat xərci, 2017-ci il üzrə 1391770,64 manat xərci nəzərə alınmışdır. Bəyannamədə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya hazırkı tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/33 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən fiziki şəxs İddiaçı təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/4582 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə və iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə əlavə olaraq hesablanmış 121923,76 manat məbləğində gəlir vergisinin, 107980 manat məbləğində ƏDV-nin düzgünlüyü müəyyən olunmur. Bu halda Vergi Məcəlləsinin tələblərinə əsasən fiziki şəxs İddiaçı təqdim etdiyi öz bəyannamələri qəbul oluna bilər. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 4,2 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. İş materiallarından göründüyü kimi, yoxlama ilə fiziki şəxsin digər bütün digər xərcləri, o cümlədən: 2016-cı il üzrə 641486, 22 manat xərci, 2017-ci il üzrə 1391770,64 manat xərci nəzərə alınmışdır. Bəyannamədə göstərilən sair xərclərin yoxlama ilə müəyyən edilməməsi və ya hazırkı tədqiqata tam təqdim edilməməsi az hesablanmış verginin müəyyən olunması zamanı həmin vergilərə əsaslı təsir etmir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 9/2456 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan aktlara əsasən aparılmış tədqiqat nəticəsində İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların həmin illər üzrə orta bazar satış qiyməti ilə ümumi dəyəri təxminən 2827473,47 manat müəyyən olunur. Həmin malların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların satış qiyməti, qeyd edilən illər (xx.xx.2015-xx.xx.2018) üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsinə (ticarət əlavəsi) uyğun olaraq təxminən 25% civarında olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-cu maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hal nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: barter (mal mübadiləsi), idxal-ixrac əməliyyatları aparıldıqda (maddə 14.3.1.); təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə (maddə 14.3.2.); 30 gün ərzində vergi ödəyicisinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (maddə 14.3.3.); müəssisənin əmlakı qalıq dəyərindən artıq qiymətə sığortalandığı halda (maddə 14.3.4.); bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda (maddə 14.3.5). (14.3.5-ci maddə Azərbaycan Respublikası Vergi Məcəlləsinə xx.xx.2012-ci il tarixli, 509-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmiş və xx.xx.2013-cü il tarixdən qüvvəyə minmişdir). Həmin Məcəllənin 14.4-cü maddəsinə əsasən bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın bazar qiyməti bu qiymətli kağızın təqdim edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin emitentin eyni qiymətli kağızları üçün fond birjasının kotirovkasına əsasən müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar yuxarıda göstərilən qaydaya uyğun elan edilsin. Həmin Məcəllənin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4 və 14.5-ci maddələrinin müddəalarını tətbiq etmək mümkün olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu maddənin tələblərinə uyğun olaraq müəyyən edilir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyətinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin Məcəllənin 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. Həmin Məcəllənin 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.3-cü və 38.3.5-ci maddələrinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 54.0.1-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan vergi dövrü üzrə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********172791 nömrəli akta əsasən cavabdeh inzibati orqanın vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019cu il tarixli, **********185380 nömrəli qərarı ilə İddiaçı barəsində 2016-2018-ci illər üzrə əlavə dəyər vergisinin azaldılmasına görə ümumilikdə 107980 manat məbləğində əlavə vergi hesablanaraq ümumilikdə 53990,01 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2016- 2017-ci illər üzrə gəlir vergisinin azaldılmasına görə ümumilikdə 121923,76 manat məbləğində əlavə vergi hesablanaraq ümumilikdə 60961,88 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin azaldılmasına görə 4,20 manat əlavə vergi hesablanaraq 2,10 manat maliyyə sanksiyası tətbiq edilmiş, həmçinin 1ci rüb 2018-ci il üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin vaxtında təqdim edilməməsinə görə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı cavabdeh inzibati orqanın vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********185380 nömrəli qərarını ödəmə mənbəyində tutulan vergi, həmin vergiyə hesablanmış maliyyə sanksiyası və 40 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla qalan hissədə qanunsuz və əsassız hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qərarını onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, vergi orqanı xx.xx.2018-ci il tarixli qərara əsasən xx.xx.2018-ci il tarixdən səyyar vergi yoxlamasına başlamış, xx.xx.2018-ci il tarixdə isə ekspertiza keçirilməsi barədə qərar qəbul etmişdir. Lakin cavabdeh ekspertiza təyin edənədək iddiaçı tərəfindən satılan məhsulların qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, hər hansı araşdırma aparmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa ekspertiza təyin edilərək ekspert cəlb edilməsini nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi halda, bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Beləliklə də, məhkəmə yalnız ekspert rəyinə istinad etməklə vergi orqanının iddiaçıya əlavə vergi öhdəliyinin müəyyən etməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Vergi orqanı tərəfindən bu halların heç biri üzrə araşdırma aparılmamış, əksinə hüquq normalarının tələbinə zidd şəkildə iddiaçının satdığı məhsulun bazar qiymətinin müəyyən edilməsindən ötrü birbaşa ekspertiza təyin edilmiş və həmin ekspert rəyinin nəticəsinə uyğun əsassız vergi hesablanmışdır. Vergi orqanının yuxarıda qeyd olunan hüquq normalarına əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən ekspertizanın təyin edilməsinədək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə iddiaçı tərəfindən satılan məhsulların bazar dəyərinin müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.6.3-cü maddəsinin tələbinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. İş materiallarında eyni növ məhsulları alan və satan, iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin məlumatı yoxdur. İnzibati orqanın qərarında onun bazar qiymətinin tətbiq etməsinin hər hansı konkret əsası – məhsulların satıldığı gündən 30 gün ərzində daha baha qiymətə satılması barədə sənədlər, faktlar və ya sübutlar göstərilməmişdir. Ümumiyyətlə, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Bununla belə, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2456 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların həmin illər üzrə orta bazar satış qiyməti ilə ümumi dəyəri təxminən 2827473,47 manat müəyyən olunmuşdur və həmin malların adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı tərəfindən xx.xx.2015-xx.xx.2018-ci illərdə idxal edilən və satılan malların satış qiyməti, qeyd edilən illər (xx.xx.2015-xx.xx.2018) üzrə müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlər səviyyəsinə (ticarət əlavəsi) uyğun olaraq təxminən 25% civarında olmuşdur. Belə olduğu halda, yoxlanılan dövr ərzində İddiaçı tərəfindən təqdim olunan qiymətlər vergitutma məqsədləri üçün əsas kimi götürülməli idi. Yəni təqdim edilmiş iş materiallarında olan sənədlər əsasında vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə hesablanmalı olan vergilərlə bağlı kənarlaşma müəyyən edilmir. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ekspert rəylərində "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi reallığı əks etdirirmi sualına ekspert cavabında bildirmişdir ki, yoxlama zamanı vergilərin hesablanması üçün istifadə edilmiş ekspert rəyində idxal edilmiş malların aylar üzrə qiyməti müəyyən edilməmişdir. Müəyyən olunmuş bazar qiymətinin hansı dövrə (yəni hansı aya, hansı ilə) aid olması göstərilməmişdir. Ekspert rəyində müəyyən olunmuş qiymətin dövrü yalnız ümumilikdə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək göstərilmişdir. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarından ümumi şəkildə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməli olduğunu qeyd etmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənkənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, həmin yoxlamanın keçirilməsinin qanuniliyini qiymətləndirmək imkanından məhrum etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair tərtib edilmiş akt əsasında vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə vergi orqanının qəbul etdiyi qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına təqvim ili ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunvericiliyə əsasən konkret sadalanmış hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergi tutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (maddə 38.3.5). Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, vergi orqanı öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə vergi orqanı belə yoxlamanı keçirə bilər. Lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər vergi orqanı növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişsə, onda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, vergi ödəyicisinin vergi orqanından diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından vergi orqanı istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı iş üzrə isə cavabdeh inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2018-ci il tarixli qərarında Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Bundan əlavə, cavabdeh inzibati orqan həmin əlaqəli məlumatların nə olduğunu qərarında göstərməməklə yanaşı, səyyar vergi yoxlaması aktında da qeyd etməmiş, hətta məhkəmə icraatının gedişində də bildirməmişdir. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət iddiaçıya münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Nəzərə almaq lazımdır ki, cavabdeh inzibati orqan ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənardır və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh inzibati orqan tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Lakin hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsi, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh inzibati orqan tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Başqa sözlə, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini zəruri edən dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçıya bildirildiyi, iddiaçıya həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2-ci və “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinin tələbləri baxımından, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla bağlı onun mülahizələrini və arqumentlərini dinləmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Məhkəmə kollegiyası həmçinin xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” xx.xx.2011-ci il tarixli qərarı). Hazırkı mübahisəyə münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh inzibati orqan tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Aparılmış qanunsuz inzibati icraat nəticəsində qəbul edilmiş inzibati akt da qanunsuz və əsassız sayılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-775/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqe ifadə edilmişdir. Qeyd edilməlidir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarları, habelə məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsilə həyata keçirilir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(120)-8/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar