Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-78/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Abdullayeva Aydan Səbuhi qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-556/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin 1 saylı Şirvan- Salyan regional filialına (hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun əmək stajını və hərbi xidmətdə olduğu illəri sığorta stajı kimi müəyyən edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 19 iyun 2023-cü il tarixli, 2- 1(120)-556/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əmək kitabçasında qeyd olunmuş iş illəri və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. Bildirmək istəyir ki, o, hazırda müavinət alır. Lakin onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşa görə əmək pensiyası almaq hüququ vardır. Belə ki, qanunvericilikdə tələb olunan əmək stajı vardır. O, 2022-ci ilin aprel ayında cavabdeh orqana müraciət etmiş və xx.xx.2022-ci il tarixdə cavabdeh orqan onun müraciətini qəbul etmiş, lakin uzun müddət onun müraciəti cavablandırılmamışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan başqa xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş sovet ordusunda hərbi xidmətdə olmuşdur. Qeyd etmək istəyir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq onun yaşa görə əmək pensiyası almağı üçün tələb olunan iş stajı 25 ildən çoxdur. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə etirazla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarını maddi hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv araşdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Bundan başqa, iddiaçının mübahisələndirilən sosial sığorta stajı xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə "xxxx" ASCnin "xxxx" firmasında işlədiyi dövrlərdir ki, bu da ümumilikdə 01 il 05 ay 29 gün təşkil edir. Beləliklə, İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.2003-cü il tarixdə əmrin 02 nömrəli olması həmin dövrlərin mötəbərliyini şübhə altına alan hal kimi qiymətləndirilə bilər. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiya təyin edilməsi mümkün olmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Abdullayeva Aydan Səbuhi qızı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Salyan rayonunun, Qubalı kəndində doğulub, Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan xx.xx.1974-cü il tarixli, НЗ-3072289 saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 13 noyabr 1974-cü il tarixdən 22 noyabr 1976-cı il tarixədək- 2 il 9 gün keçmiş Sovet ordusunda xidmət keçmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1979-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən və tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1977-xx.xx.1978-ci il və xx.xx.1978-xx.xx.1978-ci il tarixlərdə Geofizika ÜETİ Azərbaycan Bölməsində mövsümi olaraq 11 nömrəli partiyada, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək "xxxx" İdarəsində, xx.xx.1981-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək Sanqaçal Daş karxanasında, xx.xx.1082-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək və xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixinədək "xxxx" İdarəsində, xx.xx.1983-cü il tarixindən xx.xx.1984-cü il tarixinədək Nəvahi üzümçülük sovxozunda, xx.xx.1984-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək “MMBC” trestinin 16 nömrəli TQİ-də, xx.xx.1987-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək “Azəraqrarsənayetikinti” kooperativ istehsalat birliyində, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" kooperativ istehsalat birliyində, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" Dövlət Şirkətində, xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Dövlət Şirkətində, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-də sürücü işləmişdir. İş materiallarında olan "xxxx" ASC "xxxx" Firmasının xx.xx.2019-cu il tarixli, 012/1 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında "xxxx" İdarəsinin Atbulaq Təsərrüfat hesablı avtobazasında yüklərin karxanalardan daşınmasında sürücü, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSR Nazirlər Soveti yanında "xxxx" İdarəsinin Atbulaq Daş karxanasında yüklərin karxanadan daşınmasında sürücü, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Sanqaçal Daş karxanasında yüklərin karxanadan daşınmasında sürücü, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək "xxxx" İdarəsinin Sənaye Müəssisələri İdarəsi Qaradağ Daş karxanasından vaqon yükləmə meydançasına daş daşıyan avtomaşında sürücü, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək "xxxx" İdarəsinin Mərkəzləşmiş Avtoyükdaşımalar İdarəsində yüklərin karxanalardan daşınmasında sürücü, xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “Azəraqrarsənayetikinti” kooperativ istehsalat birliyinin Mərkəzləşmiş Avtoyükdaşımalar İdarəsində yüklərin karxanalardan daşınmasında sürücü, xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" kooperativ istehalat birliyinin Sanqaçal Daş karxanasında yüklərin karxanadan daşınmasında sürücü, xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək "xxxx" Dövlət Şirkətinin Mərkəzləşmiş Avtoyükdaşımalar İdarəsində yüklərin karxanalardan daşınmasında sürücü, xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" Dövlət Şirkətinin Bakı ”Yerlitikintimaterialları” filialının 1 №li istehsal sahəsinin daş karxanasında daş daşıyan avtomaşında sürücü, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ATSC-nin "xxxx" fırmasında avtomaşında sürücü işləmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 03 dekabr 1985-ci il tarixli 392 saylı qərarı ilə Azərbaycan SSR Nazirlər Soveti yanında "xxxx" kooperativ istehsalat idarəsi “Azəraqrarsənayetikinti” kooperativ istehsalat birliyi adlandırılmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 150 №-li qərarı ilə “Azəraqrarsənayetikinti” kooperativ istehsalat birliyi "xxxx" kooperativ istehsalat birliyi adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cü il tarixli 617 saylı Fərmanı ilə "xxxx" kooperativ istehsalat birliyi "xxxx" Dövlət Şirkəti adlandırılmışdır. "xxxx" Dövlət Şirkətinin xx.xx.1996-cı il tarixli 24 saylı əmrinə əsasən "xxxx" Dövlət Şirkətinin “Bakı Yerlitikintimaterialları” birliyinin struktur dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq “Bakı “Yerlitikintimaterialları” birliyinin tərkibində olan struktur vahidləri birliyə birləşdirilərək istehsalat sahələri olmuşlar. O cümlədən Hacıvəlli daş karxanası, Sanqaçal Daş karxanası, Bəklə Daş karxanası, Atbulaq Daş karxanası, Qaradağ Yükləmə-Boşaltma Kontoru, bu karxanalara xidmət edən Qobustan Mərkəzləşmiş Avtoyükdaşımalar İdarəsi “Yerlitikintimaterialları” Birliyinə birləşdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci tarixli 6460 saylı Fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv edilmiş və onun bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin struktur vahidləri isə filiala çevrilmişdir. "xxxx" Firması isə "xxxx" ASC-nin struktur vahidi olaraq onun fıliallarından biridir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin "xxxx" firmasının 2002-2003-cü illərə aid arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 64 yaş 6 ayı tamam olmuşdur. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. Belə ki, iddiaçı 13 noyabr 1974-cü il tarixdən 22 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.2003-cü il tarixədək yuxarıda qeyd edilən müəssisələrdə sürücü işləmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçının əmək kitabçasına əsasən mübahisələndirilən sosial sığorta stajı xx.xx.2002-xx.xx.2003-cü il tarixlərdə "xxxx" ASCnin "xxxx" firmasında işlədiyi dövrlərdir ki, bu da ümumilikdə 01 il 05 ay 29 gün təşkil edir. İddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini və əmək haqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin işə apellyasiya qaydasında baxılarkən məhkəmə araşdırması nəticəsində iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsi öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşəgötürənin maliyyə sənədlərini qoruyub saxlamaması, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil verməməsi işçinin əmək pensiyası hüququnun pozulması ilə nəticələnə bilməz. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-556/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-78/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-78/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver