Məhkəmə qərarları › İş №2-1(106)-780/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-780/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-780/2025 03.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(120)-481/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial Ekspert Komissiyası tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il 187 nömrəli qərarında qeyd edilmiş M 16, M 17 meyarlarına əsasən orqanizmin funksiyalarının pozulması 61-80 faiz olmaqla 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 08 avqust 2025-ci il tarixli, 2- 1(120)-481/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli, 274 nömrəli qərarı qüvvədən düşməmişdir. Həmçinin iddiaçıya əvvəllər təyin edilmiş əlliliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müəyyən edilməsi hazırda da ona təyin edilən əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hesab edilməlidir. İddiaçıya 2015-ci il tarixdən başayaraq xx.xx.2021-ci il tarixədək müddətli əlillik təyin edilmişdir. İddiaçının əvvələr 5 (beş) ildən artıq müddətə əlliliyi müəyyən edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən onun barəsində müddətli əlillik təyin edilməsinə əsasdır. Odur ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il 187 nömrəli qərarında qeyd edilmiş M 16, M 17 meyarlarına əsasən orqanizmin funksiyalarının pozulması 61-80 faiz olmaqla 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə xəsərat almış və xx.xx.2014-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən tibbi şəhadətləndirilməsi nəticəsində “Odlu silah yaralanmasında sağ budun və baldırın iri həcmli dərin əzilmiş yarası, sümük toxunması tamlığı pozulmaması” diaqnozu təyin edilmiş və həmin komissiyasının qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma olması müəyyən edilmişdir. Uzunmüddətli stasionar müalicələr müsbət effekt verməmişdir. Ona 2ci qrup əlillik dərəcəsi 2015-ci il tarixdən 2016-cı il tarixədək 1 il müddətində təyin edilmişdir. 2016-cı il tarixdən isə ona 2021-ci il tarixədək 5 il müddətli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə təkrar keçirilən qiymətləndirmə zamanı cavabdeh inzibati orqan tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbindən ona təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bud-çanaq oynağı və bud səviyyəsində sinirlərin travması, odlu silah (hərbi) yaralanmasından sonrakı vəziyyət. Sağ budun və baldırın iri həcmli dərin əzilmiş yarasından sümük toxuması tamlığının pozulmamasından sonrakı qalıq əlamətləri: Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə iddiaçının əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2014-cü il tarixli 271 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmasından sağ budun və baldırın iri həcmli dərin əzilmiş yarası, sümük toxumasının tamlığı pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflardakı ağrılardan və hissiyat pozğunluğundan şikayətlənmiş, sağ baldırın orta 1/3-nin yan səthində köndələn piqmentasiyalı, daha kiçik sağ budda zərif çapıq izlənilmişdir. Aşağı ətraflarda əzələ gücü -4,0-4,5 bal, tonusu normal, reflekslər canlı, hərəkətlər sərbəst qeyd olunmuşdur. Müayinə zamanı funksional sınaqları yerinə yetirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ sağrı 2x2 sm digəri 23x7 sm ölçüdə olmaqla çapıq toxumalar izlənilmiş, əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, yuxarı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. X3 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silah yaralanmasından sonrakı vəziyyət. Sağ budun və baldırın iri həcmli dərinləşmiş yarasından sonrakı ağrılı, dartıcı, trofiki pozğunluğu ilə çapıq toxuması. Sağ incik sinirinin neyropatiyası. Sağ pəncənin sallanması. Sağ diz oynağının kontrakturası bükmə 100 dərəcə. Sağ aşıq baldır oynağının sindesmozu. Tamlığın pozulması. Sol baldır və pəncənin əzələ atrofiyası. Yerişin pozulması, ətrafın funksiya pozğunluğu. Ağrı sindromu” kimi qeyd olunmuş və əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. X6 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz ”Odlu silah yaralanmasından: Sağ budun və baldırın iri həcmli, dərin əzilmiş yarasından sonrakı sümük toxuması tamlığının pozulmasından sonrakı qalıq əlaməti. Sağ incik sümüyünün posttravmatik nevriti. Sağ aşağı ətrafın parezi, yerişin pozulması, ağrı sindromu. Aşıq baldır oynağının kəskin kontrakturası. Dayaq hərəkət funksiyasının kəskin kontrakturası. Asteno-nevrotik sindrom” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Sağ bud və baldırın odlu silahla yaralanmasından sonrakı vəziyyət. Sağ incik sinirinin posttravmatik neyropatiyası, sağ aşağı ətrafın süst parezi ilə hərəki, hissi funksiya pozğunluğu. Emosional labil pozuntu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 3306 nömrəli Məsləhət vərəqəsində diaqnoz: “Sağ bud və sağ baldırın yumşaq toxumalarının odlu silah yaralanmasından sonra çağıqlar, sağ aşıq baldır oynağının komtrakturası, ağrı sindromu, əzələ atrofiyası. Sağ pəncənin sallanması, yeriş funksiyasının pozulması” kimi qeyd olunsa da, kliik olaraq öz təsdiqini tapmamışdır.xx.xx.2022-cin il tarixli EMG müayinəsinin nəticəsi “İki tərəfli tibial və peroneal hərəki sinir keçiricilik analizləri ilə birlikdə F-cavabı analizləri eyni zamanda iki tərəfli sural hissi sinir analizləri normaldır. İki tərəfli superfiçial peronal hissi sinir potensiyalları alınmamışdır. Yekun – Bu incələmədə əldə edilən nəticə iki tərəfli superficial personal sinirlərin aksonal zədələnməsi ilə uyğundur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili odur ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehn xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 50-60 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya 2015-ci ildə 1 il müddətinə İİ dərəcə, 2016-cı ildə 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmiş, növbəti müayinələr nəticəsində xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli qərarlarla əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 271 saylı, xx.xx.2014-cü il tarixli qərarının surətindən görünür ki, Füzuli rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci ildə hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikasının hərbi prokurorluğunun xx.xx.2006-cı il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli məktubları əsasında qeydiyyata götürülmüş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi X8 adına Respublika Klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Odlu silah yaralanmasından sağ budun və baldırın iri həcmli dərin əzilmiş yarası, sümük toxumasının tamlığı pozulmaması ilə” (SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 558 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 234 saylı arayışı, Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasından verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN Mərkəzi Arxivindən verilmiş xx.xx.2014-cü il tarixli14/488 saylı çıxarış, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X7 1626 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyində göstərilir ki, İddiaçı adına barəsində N00079326LKQ saylı Forma 088 göndərişində qeyd edilən “Əsas diaqnoz: S74-bud-çanaq oynağı və bud səviyyəsində sinirlərin travması, odlu silah (hərbi) yaralanmasından sonrakı vəziyyət, sağ budun, baldırın iri həcmli dərin əzilmiş yarasından, sümük tamlığının pozulmamasından sonrakı qalıq əlamətləri. Ağırlaşmalar: S84-baldır səviyyəsində sinirlərin travması, sağ incik sümüyünün posttravmatik nevriti, M21.3-əlin və pəncənin sallanması (qazanılma), pəncənin sallanması G83.1-aşağı ətrafların monoplegiyası, sağ aşağı monoparez, S90.8-aşıq baldır oynağı və ayağın digər səthi travmaları, aşıq-baldır oynağı və pəncənin kontrakturası, R26-hərəkətin və yerişin pozulmaları, dayaq-hərəkət funksiyasının kəskin pozulması. Yanaşı xəstəliklər: digər neqativ pozuntular, şəxsiyyətin asteno-nevrotik tipdə pozulması, nevrasteniya” diaqnoz onun müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan, xəstəlik qənaətbəxş proqnozla nəticələnmiş və əlillik dərəcəsinin təyini ilə əlaqədar şəxsin TSEK-də müayinələri zamanı əmək qabiliyyətinin itirilməsi 0% olmuşdur. İddiaçı əziyyət çəkdiyi qeyd edilən xəstəliklərlə əlaqədar mütəmadi reabilitasiya (əlavə bərpa) müalicəsinə ehtiyacı vardır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi-Tədqiqat Travmatalogiya və Ortopediya İnstitutu” X9 3-28-11/2-565/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsdə xx.xx.2025-ci il tarixində olmuşdur. Ona əlin və ya pəncənin sallanması (qazanılma), hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, əl odlu silahından atəş, oynaqların kontrakturası, koksartroz (bud-çanaq oynağının artrozu, qonartroz (diz oynağının artrozu), kəskin ağrı, ataktik yeriş, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, aşağı ətrafın açıq yaralanmasının nəticələri diaqnozu qoyulmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Yuxarıda qeyd edilən ixtisaslaşmış tibb müəssisəsinin rəyində iddiaçıda bud-çanaq oynağının artrozu, qonartroz (diz oynağının artrozu), kəskin ağrı, ataktik yeriş, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları diaqnozu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarında qeyd olunan diaqnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il 187 nömrəli qərarında qeyd edilmiş M 16, M 17 meyarlarına əsasən orqanizmin funksiyalarının pozulması 61-80 faiz olmaqla 5 (beş) il müddətinə əlilliyin təyin edilməsi qənaətinə gəlsə də, həm orqanizmin funksiyalarının pozulmasının faiz dərəcəsinin, həm də nəyə görə məhz 5 il müddətinə əlilliyin təyin olunması əsaslarını şərh etməmiş, gəldiyi nəticəni maddi hüquq normalarının təhlili baxımından əsaslandırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -13.4.26-cı bəndinə əsasən bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu orqanizmin funksiyalarının pozulması faizi 50-60 % olmaqla, müddətsiz əlillik təyinatına əsas verir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 08 avqust 2025-ci il tarixli, 2-1(120)-481/2025 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 50-60 faiz olmaqla müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar