Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-781/2025 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2-1(120)-2882/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı daşınmaz əmlakın alınmasına ödənilmiş məbləğin 18 faiz Əlavə dəyər vergisinin geri qaytarılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərarın ləğv olunması və ƏDV-nin bir hissəsinin qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə "xxxx" Mənzil Tikinti Kooperativi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 30 iyul 2025-ci il tarixli, 2- 1(120)-2882/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış payçı müqaviləsinin 2.7-ci bəndində ““Payçı” ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçiriləcəkdir” barədə müddəa öz əksini tapmışdır. Müqavilə üzrə tərəflər öz aralarında Payçı” ödənişlərin əsas və ƏDV-yə aid hissələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi barədə razılığa gəlmişlər, lakin müqavilə şərtlərini pozaraq müqavilədə qeyd edilən bəndə riayət edilməyərək qanunvericiliyə uyğun olaraq ödənişləri həyata keçirməmişlər. Odur ki, göstərilən səbəblərdən, yəni MTK-nın alıcıya (hazırki iddiaçıya) verginin depozitə ödənilməsi üçün depozit hesabının verilməməsi, ƏDV məbləğinin ayrıca depozit hesaba ödənilməli olması ilə əlaqədar İddiaçı ona hər hansı məbləğdə zərər dəydiyini hesab edirsə, bu barədə müvafiq qaydada "xxxx" MTK-ya qarşı məhkəmə qaydasında müvafiq iddia tələbi qaldırmaq hüququ var. İddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin noyabr, dekabr aylarında və 2025-ci ilin yanvar ayında bir neçə dəfə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsi vasitəsilə elektron qaydada müraciət etmiş, müraciətlərinə Dövlət Vergi Xidməti tərəfindən hər dəfə ayrı bir səbəb göstərərək imtina gəlmişdir. İmtinanın əsas səbəblərindən biri kimi ƏDV-nin depozit hesaba köçürdülməməsi ilə bağlı olmuşdur ki, bu hal onun səhvi və təqsiri nəticəsində baş verməmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 6.1-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini Qayda qüvvəyə mindiyi tarixədək nağdsız qaydada satıcının bank hesabına ödənildiyini (ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq), Qayda qüvvəyə mindiyi tarixdən sonra isə 5.1.2-ci bəndinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədləri satıcının uçotda olduğu vergi orqanına təqdim etməlidir. Lakin, alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı qayda qüvvəyə mindiyi tarixdən sonra yaşayış və qeyri-yaşayış sahələrinin 3815,15 manat dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfindən bank kassa mədaxil orderlərinə əsasən ödəniş nağd qaydada edilmişdir (halbuki müvafiq qaydalara əsasən ödəniş nağdsız üsulla edilməli idi) və müqavilə üzrə alıcı qismində İddiaçı qeyd olunsa da, bank ödəniş qəbzlərindən müəyyən edilir ki, ödənişlərin bir qismində ödənişi həyata keçirən şəxs X1r. İddiaçıya mənzili satmış "xxxx" ilə iddiaçı arasında müqaviləyə nəzər saldıqda iddiaçıya həmin MTK nağdsız qaydada ƏDV məbləğinin ayrıca ödənilməsi üçün ƏDV Depozit hesabını təqdim etmədiyi müəyyən edilir, lakin qaydaların 5.1-ci bəndində iddiaçının Operatora (Dövlət Vergi Xidmətinə) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən sənədlə müraciət etməli olduğu vurğulanmışdır. Əksinə, iddia ərizəsində əlavə olunmuş və iddiaçıya MTK tərəfindən ünvanlanmış cavab məktubunda onun tərəfindən dövlətə ƏDV məbləğinin ümumi hesaba ödənilməsi şəklində mövqeyi isə hesab edir ki, MTK-nin iddiaçıya düzgün məlumat verməməsidir. Belə ki, Vergi Məcəlləsinin 154.6-cı maddəsində vurğulanır ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır və həmin Məcəllənin 177-ci maddəsində vurğulanır ki, Vergi ödəyicisi vergi orqanına hər hesabat dövrü üçün ƏDV-nin bəyannaməsini verməyə və bəyannamənin verilməsi üçün müəyyən edilən müddətdə hər hesabat dövrü üzrə vergini (ƏDV) büdcəyə ödəməyə borcludur. Başqa sözlə, onsuz da MTK məcəlləyə əsasən mənzillərin təqdim edilməsinə görə müvafiq ƏDV-i ödəməyə borcludur və bu onun şəxsi dövlət qarşısında mükəlləfiyətidir. Lakin, təqdim etmədən əvvəl fiziki şəxsə yəni, alıcıya ƏDV depozit hesabını verməsi müvafiq qaydalara əsasən MTKnın (satıcının) borcudur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməmiş, maddi və prosessual normaların tələbləri pozulmuşdur. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2022-ci il tarixli, 0593 nömrəli payçı müqaviləsinin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən “Avant Park” Yaşayış Kompleksinin 9-cu binasında, 9-cu blok, 3-cü mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m, 83.368 manat dəyərində mənzil ümumi dəyərinin 60% (50.068 manat) ilkin ödənişi təşkil etməklə İddiaçı satılmışdır. -xx.xx.2022-ci il tarixli ödəniş qəbzinin və digər tarixli qəbzlərin surətindən görünür ki, 50.068 manat məbləğində ilkin ödəniş xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən ödənilmişdir. Bundan sonra xx.xx.2024-cü ilədək hissə-hissə, yəni hər ay 1387.50 manat olmaqla hər ay pul məbləği ödənilmişdir. -"xxxx" Mənzil Tikinti Koopertivinin xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən “Avant Park” layihəsinin 9-cu binasında, 9-cu blik, 3-cü mərtəbə, 1 saylı, 1 otaqlı, 49.04 kv.m mənzil "xxxx" MTK-ya məxsusdur. xx.xx.2022-ci l tarixli, 0593 saylı payçı müqaviləsinə əsasən 9-cu bina, 9-cu blok, 3-cü mərtəbə, 1 saylı, 1 otaqlı mənzilin pay dəyəri tam olaraq payçı İddiaçı tərəfindən ödənilmişdir. -"xxxx" Mənzil Tikinti Koopertivinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli ƏDV məbləğinin depozit hesabına ödənilməsinə dair arayışın surətindən görünür ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanın tələbinə görə mənzilin satışı həyata keçən dövrdə e-qaimə göndərilməsi tələb olunmadığından e-qaimə təqdim edilməmişdir. Buna baxmayaraq Kooperativə ödənilən ƏDV daxil 83368 manat məbləğin 12717.15 manat ƏDV məbləği müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və yaranmış vergi öhdəliyi ödənilmişdir. O səbəbdən ödənişinə uyğun təkrar elektron qaimə-fakturanın doldurularaq, təsdiq edilməsi mümkün deyildir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, **********242300 nömrəli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizəsi üzrə ƏDV-nin geri qaytarılması təmin edilməmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-679449/2025 sayı məktubunda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilib. Həmin Qaydaların 5.1.2-ci bəndinə əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin xx.xx.2025-ci il tarixli **********076000 nömrəli məktubuna əsasən İdarəsinin xx.xx.2024-cü il tarixli **********183469 nömrəli Qərarı ilə "xxxx" MTK-da (VÖEN **********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2021-xx.xx.2024) aparılmış, yoxlamanın nəticəsi xx.xx.2025-ci il tarixli **********183857 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmçinin aparılmış səyyar vergi yoxlaması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "Avant Group” MTK arasında MTK tərəfindən tikilən bina 9, 3-cü mərtəbədə yerləşən sahəsi 49.04 kv.m olan 1 otaqlı 1 saylı mənzilin satışı üzrə xx.xx.2022-ci il tarixli 0593 saylı satış müqaviləsi bağlanmış, həmin mənzil satışı müqaviləsinin ümumi dəyəri ƏDV daxil 83368 (səksən üç min üç yüz altmış səkkiz) manat təşkil etmişdir. Yoxlanılan dövr ərzində İddiaçı tərəfindən ‘‘Avant Group” MTK-nın bank hesabına 72426 (yetmiş iki min dörd yüz iyirmi altı) manat ödəniş həyata keçirilmiş və yoxlama dövrünün sonuna, yəni xx.xx.2024-cü il tarixə İddiaçı həmin mənzil üzrə MTK-ya 10942 (on min doqquz yüz qırx iki) manat borc məbləği müəyyən edilmişdır. Yuxarıda qeyd edilən ödənişlərlə bağlı yoxlanılan dövr ərzində ‘‘Avant Group” MTK tərəfindən vergi orqanına ƏDV bəyannamələri təqdim edilmişdir. Şərh olunan sənədlərlə müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanda yerləşən “Avant Park” Yaşayış Kompleksindən 83.368 manat dəyərində mənzili alqı-satqı qaydasında əldə edilmişdir. 50.068 manat məbləğində (60%) ilkin ödəniş xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ödənilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixədək hissəhissə, yəni hər ay 1387.50 manat olmaqla hər ay pul məbləği ödənilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyriyaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDVyə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın: -1.1-ci bəndinə əsasən Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtlərini və qaydasını tənzimləyir. -1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. -1.4. bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyriyaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. -1.6. yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. -5.1. alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: (5.1.1) yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; (5.1.2) alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 1. ödənişi aparan alıcının soyadı, adı və atasının adı; 2. ödənişi qəbul edən satıcının adı, VÖEN-i və bank hesabının nömrəsi; 3. ödənişin təyinatı. -5.6. operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDVnin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən əldə edilmiş mənzilin dəyəri (o cümlədən ƏDV) satıcının bank hesabına ödənilməklə yuxarıda qeyd olunan Qaydaların tələblərinə əməl edilməmişdir ki, bu hal həmin qaydalarla müəyyən edilmiş ödənişin verilməsini istisna edir. Bundan əlavə, Qaydaların tələblərindən biri kimi ödənişin nağdsız qaydada məhz alıcı tərəfindən edilməsi şərti müəyyən edilmişdir ki, işdə olan qəbzlərin surətlərindən (səhifə 77) görünür ki, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli, hər biri 1400 manat olmaqla edilmiş ödənişlər X2 adlı şəxs tərəfindən “Azərbaycan Beynəlxalq Bankı”na nağd depoziti şəklində ödənilmişdir. Sözügedən Qaydaların 5.1-ci bəndində qeyd olunan “nağdsız qaydada tam ödənilməsi” ifadəsi ödənişin birmənalı olaraq, tamamının nağdsız ödənilməsini ehtiva edir. Qeyd edilməlidir ki, məhkəmə kollegiyasının hazırki işlə bağlı qənaəti analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-262/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarında öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın mübahisələndirilən qərarı mövcud qanunvericiliyin tələbləri uyğundur və ləğv edilməsi üçün əsaslar mövcud deyil. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1 maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2 maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin: -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 iyul 2025-ci il tarixli, 2-1(120)-2882/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-781/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-781/2025
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver