Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-783/2025 26.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2-1(120)-294/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli qərarının ona aid hissədə ləgv edilməsi və müharibə ilə əlaqədar (hərbi xidmət vəzifələrini yerinə yetirərkən) səbəbindən psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20.0 üzrə 35-60 faiz orqanizmin funksiyalarının pozulması ilə əlaqədar “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu üzrə əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 11 avqust 2025-ci il tarixli, 2- 1(120)-294/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətnamə, “Psixi Sağlamlıq Mərkəzi” X6, “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X4 müayinə olunması barədə sənədlər və digər tibbi sənədlər üzrə müəyyən edilir ki, iddiaçıda müəyyən olunan xəstəliyin tam aradan qalxması mümkün deyildir. İddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən, həmçinin ekspert rəyi ilə inkar edilməmişdir. İş üzrə araşdırılmış hallardan, həmçinin xüsusi bilik tələb edilən məqamlar olduğu üçün ekspert rəyindən aydın olur ki, İddiaçı barəsində əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı tərtib olunmuş müayinə aktlarında qeyd olunan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 817 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnamənin Əlavəsində 4-cü və 6-cı bəndlərdə göstərilən xəstəliklərin əhatə dairəsinə düşür. Diaqnozda göstərilən xəstəliklər aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7 Dispanseri tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, İ00068485DYR nömrəli göndərişdə (088 saylı arayışda) qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, xəstəliyin ağırlıq dərəcəsinin orta ağır olması göstərilmişdir, əsas diaqnoz olaraq “F20.0-paranoid şizofreniya, şizofreniya, paranoid forma, artan psixi qüsur halı” göstərilmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya müəyyən edilən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirilməmiş, xəstəliyin diaqnozunun əlavə müalicəyə ehtiyacın olmasına istinad edilmişdir. Halbuki, iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnoz xx.xx.2023-cü il tarixli, İ00068485DYR nömrəli göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “7. Psixi və davranış pozuntuları bölməsi-Sıra №-si 7.3.1 şizofreniya (formadan asılı olmadan) 7.3.1.1, şizofreniya, natamam remissiya, epizodik gediş sabit defisit (çatışmazlıq) ilə, psixotik epizodlar arasında artması müşahidə edilməyən davamlı neqativ simptomatikanın formalaşması, bütövlükdə sərbəst yaşamaq bacarığı fonunda bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması – F20.0” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövründə qarovul döyüş növbətçiliyi zamanı möhkəm qorxu hissi keçirmişdir və psixi xəstəliyə tutulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicələrdə olmuş və sonda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə şəhadətləndirilmiş və həmin sənəddə ona “Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş uzungedişli, kəskin şizofrenəbənzər psixotik pozuntu” diaqnozu qoyulmuş, xəstəliyin hərbi xidmət dövründə alındığı qeyd edilmişdir. Həm dinc dövrdə həm də, müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir və bu əsasla xx.xx.2022-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-də müayinə olunmuşdur və ona “Şizofreniya paranoid forma” dizaqnozu qoyulmuşdur. Həmçinin, Ağdam Rayonlararası X1 xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək stasionar qaydada müayinə və müalicələrdə olmuşdur və ona “Şizofreniya paranoid forma” dizaqnozu qoyulmuşdur. Qeyd olunan tibbi sənədlər əlilliyin təyin edilməsi üçün elektron sistemə yerləşdirilmiş, lakin heç bir əsas olmadan TSEK qeyd olunan diaqnoz üzrə əlillik təyin edilməsindən imtina etmiş, imtinanın səbəbi kimi: Əlavə müalicəyə ehtiyacının olması əsasını qeyd edərək imtina edilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2023-cü il tarixdə 26 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Ağcabədi rayon sakini xx.xx.2002-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 976 nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə ‘‘Mülayim dərəcədə ifadə olunmuş asteniva ilə nəticələnmiş uzungedişli, kəskin sizofrenəbənzər psixotik pozuntu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı narahat olmuş, verilən suallara cavab verməmişdir. Komissiyaya dəvət edilmiş dayısının sözlərinə görə, hərbi xidmətə gedənə qədər normal olmuşdur. Anamnestik məlumatlarında hər kəsə, əşyalara, paltarlarına qorxu ilə yanaşdığı ifadə edilmişdir. Hazırkı psixi statusu aktiv epizod kimi, sanki səslərin təsiri altında olması, fragmentar hallusinasiya kimi dəyərləndirilmişdir. Medikamentoz preparatlardan Roxizepin qəbul etdiyini bildirmişdir. AR SN Psixi Sağlamlıq Mərkəzi PHŞ xx.xx.2022-ci il tarixli 11198 nömrəli Tibbi Rəyində diaqnoz “Şizofreniya, paranoid forma” kimi qeyd edilmişdir. X7 Dispanserinin xx.xx.2022-xx.xx.2022-ci il tarixli Xəstəlik tarixindən çıxarışında diaqnoz “Şizofreniya, paranoid forma" kimi qeyd edilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli Psixoloji Rəyində nəticə “İQ-37” kimi müəyyən edilmişdir. İxtisaslaşmış tibb müəssisələrində müayinə və stasionar müalicə müddətinin yetərsiz olması və diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsin öz qərarında şəxsdə ekspert rəyi əsasında diaqnozun olmasının müəyyən edildiyini qeyd etsə də, qanunvericiliyə əsasən şəxsdə diaqnozun olması əlillik təyinatına əsas vermir. Şəxsdə eyni zamanda patofunksional dəyişikliklər də müəyyən edilməlidir. Məhz elə Agentlikdə əyani müayinə zamanı da, bu hallar öz təsdiqini tapmamışdır. İş üzrə ilkin ekspert rəyində də, ağırlaşmaların aşkar edilmədiyi müəyyən edilir. Məhz bu əsaslara görə iddianın təmin edilməsi əsaslı hesab oluna bilməz. Birinci instansiya məhkəməsi işə baxarkən məhkəmə-psixiatrik ekspertizası keçirsə də, ekspertizanı stasionar qaydada həyata keçirməmiş və bununla da şəxsin obyektiv müayinəsi şübhə altına alınmışdır. Çünki bir çox işlərdə məhkəmə ekspertiza keçirərək, şəxsdə olan diaqnozun konkret müəyyən olunduğunu yalnız əvvəllər keçirilmiş müayinələr əsasında müəyyən edir. Bir növ ekspert sanki mütəxəssis həkimin arayışını ekspert rəyinə köçürür. Bunun özü də hüquqi cəhətdən düzgün deyil. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2022-ci il tarixli, 976 nömrəli "Xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı barəsində Mərkəzi Hərbi Həkim Komissiyasının qərara alınmışdır: “F23.2 Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş uzun gedişli, kəskin şizofrenəbənzər psixotik pozuntu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. -“Psixi Sağlamlıq Mərkəzi” X5 xx.xx.2022-ci il tarixli, 11198 saylı rəyindən görünür ki, İddiaçı barəsində diaqnoz təyin edilmişdir: Şizofreniya, paranoid forma F20.0”. -Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 06 fevral 2023cü il tarixli qərarından görünür ki, İddiaçı diaqnoz “paranoid şizofreniya, şizofreniya, paranoid forma” olmaqla, əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. -“Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X5 18 yanvar 2024-cü il tarixli, T61/2024 saylı ekspert rəyində göstərilmişdir ki, 2002-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “F20.0-Paranoid şizofreniya, şizofreniya, paranoid forma, artan psixi qüsur halı” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Şizofreniya xəstəliyindən əziyyət çəkən xəstələr aidiyyatı üzrə poliklinikada qeydiyyata götürülürlər və sahə üzrə psixiatrın mütəmadi nəzarətində olmaqla təyin edilmiş dərman preparatlarını qəbul edirlər. İddiaçı barəsində müvafiq tibb müəsissəsinin verdiyi göndəriş tam doldurulmuşdur. Əsas xəstəliyə görə ixtisaslaşmış müalicənin davam etdirilməsi fonunda şəxsdə əlillik əlamətlərinə səbəb olan ağırlaşmalar müəyyən edilərsə əlillik təyinatına baxıla bilər. Bu səbəbdən də hazırda ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının meyarlarını aid etmək mümkün olmadı. -“Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli 3776 saylı rəyində qeyd edilmişdir ki, İddiaçı Şizofreniya paranoid forma, fasiləsiz gedişli (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F20x0) müəyyən edilir. AR SN Kollegiyasının 20 noyabr 2009- cu il tarixli 29 saylı qərarı ilə təsdiqlənmiş “Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokolda” göstərilir ki, “Şizofreniya” xəstəliyi çox vaxt cavan yaşlarda meydana çıxaraq bütün ömür boyu psixotik əlamətlərlə gedərək xəstələrin fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Müasir təsəvvürlərə görə “Şizofreniya” xəstəliyi psixikanın təfəkkür, qavrama, emosiya, iradə, davranış kimi sahələrin pozulması ilə təzahür edir. Xəstəliyin başlanmasından sonra ilk 5 ili xəstəliyin erkən dövrü hesab etmək qəbul edilmişdir. Simptomatikanın inkişafı və pasiyentin sosial fəaliyyətinin pisləşməsi məhz kritik hesab olunan bu dövrdə müşahidə edilir, hansı ki, 80% xəstələrdə ilk 5 il ərzində təkrar kəskinləşmələr baş verir. Təkrar kəskinləşmələri, bir qayda olaraq, bir ay müddətində qeyri- psixotik əlamətlər müşaytət edir. Şizofreniyanın uzunmüddətli proqnozu nisbi sağalmadan əmək qabiliyyətinin tam itirilməsinə qədər dəyişir. 15-20% pasiyentlərdə təkrar epizodların qeyd edilməməsinə baxmayaraq, 70% xəstələrdə klinik mənzərənin tədricən pisləşməsi ilə kəskinləşmələr remissiyalar ilə növbələnir, 10-15% xəstələrdə isə xroniki ağır vəziyyət müşahidə olunur. Şizofrenik pozuntuların gedişində xeyli müxtəlifliyi nəzərə alaraq xəstəliyin tipi minimum bir il müddətində müşahidə olunduqdan sonra kodlaşdırılır. Göstərilir ki, xəstəlik fasiləsiz (bütün müşahidə dövrü ərzində psixotik simptomatika) müşahidə edilir və remissiya olmur. Belə halda “Şizofreniya” xəstəliyi F20x0 kimi kodlaşdırılır. Yoxlanılan şəxs İddiaçı aşkar edilən “Şizofreniya paranoid forma” xəstəliyi onda hərbi xidmət dövründə müəyyən edilmiş, xx.xx.2022-ci il tarixli akta görə onun psixi vəziyyətində dəyişikliklər baş verməsi və qeyriadekvat davranış müşahidə edildiyi üçün xx.xx.2022-ci il tarixdə MN BKH-nın psixiatriya bölməsinə daxil olaraq müayinə və müalicədə olmuş, xəstəliyi ilə əlaqədar “F23.2 Mülayim dərəcədə ifadə olunmuş asteniya ilə nəticələnmiş uzungedişli, kəskin şizofrenəbənzər psixotik pozuntu” diaqnozu ilə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək xx.xx.2022-ci il tarixdə vaxtından əvvəl təxris edilməsi tibbi sənədlərdə öz əksini tapmışdır. Təxris edildikdən sonra İddiaçı psixi vəziyyətində remissiya halı baş verməmiş, yəni xəstəlik fasiləsiz olaraq davam etmiş və ona Psixi Sağlamlıq Mərkəzində xx.xx.2022-ci il tarixdə müayinə edildiyi zaman mərkəzin direktor müavini, t.ü.f.d Gülnarə Musayəyova tərəfindən ona “Şizofreniya paranoid forma F20.0” diaqnozu qoyulmuşdur. Hazırki müayinə zamanı həmçinin yoxlanılan şəxsdə müəyyən edilən psixi pozuntuların hazırda da davam etməsi, yəni onda aşkar edilən “Şizofreniya paranoid forma” ruhi xəstəliyin fasiləsiz gedişata malik olması (psixotik simptomatikanın yoxlanılan şəxsdə hazırda da təzahür etməsi tərtib edilmiş hazırki rəyin psixi status hissəsində əks olunmuşdur) müəyyən edilmişdir. İddiaçı daima antipsixotik müalicə qəbul etməsinə ehtiyacı vardır. İşdən də göründüyü kimi iddiaçı dəfələrlə analoji müəssisələrdə müayinələrdə olmuş və ona “Paranoid şizofreniya, Şizofreniya, paranoid forma” diaqnozu qoyulmuşdur. Eyni zamanda ekspert rəyləri ilə iddiaçıda “Paranoid şizofreniya, Şizofreniya, paranoid forma, artan psixi qüsur halı (F20.0)” olması öz təsdiqini tapır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində baş verən psixopatoloji pozuntuları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1.1-ci bəndi ilə eyniləşdirməklə düz nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.3.1.1-ci bəndində öz əksini tapan şizofreniya, natamam remissiya, epizodik gediş sabit defisit (çatışmazlıq) ilə, psixotik epizodlar arasında artması müşahidə edilməyən davamlı neqativ simptomatikanın formalaşması, bütövlükdə sərbəst yaşamaq bacarığı fonunda bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 5 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. Odur ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2-1(120)-294/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-783/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-783/2025
26.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver