Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-791/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, 2-1(120)-1107/2025 saylı qərarından cavabdeh Füzuli rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə qarşı “ona və ailə üzvlərinin müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174 saylı qərarı ilə müəyyən edilmiş məbləğdə nağdsız qaydada kompensasiya ödənilməsinin bərpa edilməsi və xx.xx.2024-cü il tarixindən ödənilməmiş kompensasiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “cavabdeh tərəfindən dayandırılmış müvəqqəti mənzil kirayəsi xərcləri ödənişinin bərpa edilməsi və ödənilməmiş aylar üzrə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “onun yəni İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi vəzifəsinin Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin göndərişi əsasında 1997-ci ildə Türkiyə Respublikası Quru Qoşunlar hərbi kollecinə daxil olmuş, həmin məktəbi 2002-ci ildə bitirmiş, məktəbi bitirdiyi tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri əsasında gizir rütbəsində təyinatla həqiqi hərbi xidmətə başlamış, hərbi xidmət zamanı ümumi xəstəliyə tutulmuş, xəstəlik səbəbindən həqiqi hərbi xidmətə müharibə dövrü yaralı, sülh dövrü yarasız diaqnozu ilə (ikinci qrup əlil) Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-cı il tarixli əmri əsasında ehtiyata buraxılmışdır. Ailəlidir, iki övladı vardır. Əliliklə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün yüksək əmək haqqı olan işdə işləyə bilmir. Ancaq dövlət tərəfindən təyin edilmiş pensiya gündəlik qazancı ilə ailəsini dolandırır. Uzun müddətdir ki, Bakı şəhərində kirayədə yaşayır, hüquqlarını bilmədiyi üçün dövlət tərəfindən ödənilən aylıq kirayə haqqı müraciəti əsasında (mənzil uçotuna götrülməklə) xx.xx.2022-ci il tarixindən cavabdeh orqan tərəfindən ona ödənilmişdir. Bir neçə ay bundan həmin kirayə haqqının ödənilməsi əsasız olaraq kəsilmişdir. Cavabdeh orqan özünün 5-43/2-C25- 863/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubuna əsasən ona kirayə haqqının xx.xx.2024cü il tarixindən ödənilməsindən imtina etdiyini bildirmişdir. Cavabdeh orqanın imtinası tam qanunsuz və əsasızdır. Belə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 saylı qərarının 1-ci hissəsinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə (450 manat) yalnız nağdsız qaydada kompensasiya ödənilir. Belə ki, cavabdeh orqan xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərə müddət məhdudiyyəti qoyulmadığını nəzərə almamışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Füzuli rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh Füzuli rayon İcra Hakimiyyəti iddiaya qarşı etirazla bildirmişdir ki, iddiaçının iddiası əsassız olduğu üçün Məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərardadında qeyd olunur ki, "Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Həmin qanunun 12-ci maddəsinin 7-ci hissəsində, habelə "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur.” İddiaçı tərəfindən Rayon İcra Hakimiyyətinə təqdim edilmiş AR SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 228 saylı arayışında, iddaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli və 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli sərəncamları əsasında, 2023-cü ilin yanvarın ayının 1-dək, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikasının ərazı bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-2023-cü illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyəti tərəfindən həyata keçrilir və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Ərizəyə əlavə edilmiş İddiaçı şəxsiyyət vəsiqəsindən də göründüyü kimi o, Füzuli rayon Aybasanlı kəndində qeydiyyatdadır. İddiaçının qeydiyyatda olduğu kənd isə 2020-ci ildə 44 günlük vətən müharibəsi zamanı işğaldan azad edilmişdir. Məcburi köçkün statusu olan vətəndaşların şəxsiyyət vəsiqələrinə əsasən onların daimi yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaları mümkün olmadığı üçün həmin şəxslərin (həmçinin məcburi köçkün statusu olan Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin) müvafiq qaydada qeydiyyata alınaraq sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin görülməsi "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə) və yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və həmin qanunun 3-cü maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtması üçün şəraitin yarandığı vaxtdan üç il müddətində qüvvədədir. Habelə, Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1-ci və 3.20-ci bəndlərinə uyğun olaraq, Komitə işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirir və onların əvvəlki daimi yaşayış yerlərinə qayıtması problemləri ilə məşğul olur. Qeyd olunanlardan göründüyü kimi İddiaçı hərbi xidmət dövrü yetərli olmadığı üçün onu ehtiyata buraxılmış hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi mümkün deyil. İddiaçının məcburi köçkün statusunun olması isə onun sosial-məişət şəraitinin yaxşılaşdırılması vəzifəsinin Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə aid olması deməkdir. İddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi vəzifəsinin Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması tələbinin rədd edilməsi haqqında qərar qəbul etməyi xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun silahlı birləşmələrin sıralarında 15 (on beş) təqvim ilindən az olmayaraq və onun 5 (beş) ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət etdikdən sonra iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, 15 (on beş) təqvim ilindən az xidmət etmiş hərbi qulluqçu hətta iradəsindən asılı olmayan səbəblərdən ehtiyata və ya istefaya buraxılmış olsa belə ona mənzil və yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi qanunamüvafiq deyildir. Azərbaycan Respublikasının Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamında yalnız Çernobıl AESdə qəzanın ləğvi zamanı hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi zamanı əlilliyi müəyyən edilmiş şəxslərin mənzilə ehtiyacı olan şəxs kimi uçota alınması nəzərdə tutulmuşdur. Yuxarıdakıları nəzərə alaraq cavabdeh Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-1107/2025 saylı qərarının ləğv edilməsini və iddiaçının tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-791/2025 nömrəli, 06 oktyabr 2025-ci il qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, 2-1(120)-1107/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «Hərbi qulluqçuların statusu haqqında» Qanun Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir.
Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli Qərarı: Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə
147. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı “özünün hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil uçotuna götürülməsi vəzifəsinin Füzuli Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, inzibati orqan imtina cavablarında İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə tələbinə əsasən tələb olunan 15 təqvim ilindən az müddətinə xidmət etdiyini əsas gətirmişdir. Lakin imtina zamanı şəxsin xəstəliyə görə tərxis olunması halının ayrıca normativ kimi göstərilməsini nəzərə almamışdır. Eləcə də, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 48 nömrəli arayışından görünür ki, 1983-cü il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-ci il tarixli əmrilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxıldığı və xəstəlik səbəbilə İddiaçı Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən xx.xx.2006-cı il tarixli, 049307 nömrəli 2-ci dərəcəli əlillik vəsiqəsi verildiyi bir daha iddiaçının xəstəlik səbəbilə tərxisi sübuta yetirir. İddiaçı xəstəliyə görə ehtiyata buraxılan, həmçinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan kateqoriyaya aid olunduğu məhkəmə araşdırması ilə müəyyən edildiyindən, həmçinin iddiaçının statusunda olan şəxslərə Mənzil Məcəlləsinin müddəalarının tətbiq edilməsi yolverilməz olduğundan və müvafiq qanunvericilikdə mənzil uçotuna götürülməni hərbi qulluqçunun seçdiyi yer üzrə həyata keçirilmə müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 31 mart 2006-cı il tarixli 037gm nömrəli əmrindən görünür ki, gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 48 nömrəli arayışından görünür ki, 1983-cü il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006-ci il tarixli əmrilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-43-13/2-1701/2024 nömrəli məktubuna əlavə edilmiş İddiaçı xidmət dəftərçəsindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2006ci il tarixli əmrilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. İş materiallarında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin müayinə barədə məlumatına əsasən İddiaçı xx.xx.2009-cu il tarixdən ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, 049307 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən 2-ci dərəcəli əlillik vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N hərbi hissənin xx.xx.2020-ci il tarixli, 701 nömrəli arayışından görünür ki, ehtiyatda olan gizir İddiaçı həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş və xidmət müddətində Gəncə rayon Mənzil-İstismar hissəsi tərəfindən mənzillə təmin olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti stifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsi) surətindən görünür ki, X5 ilə İddiaçı arasında xx.xx.2052-ci il tarixədək aylıq 400 manat ödənilməklə kirayə müqaviləsi bağlanmışdır. İş materiallarında olan AA seriyalı 205294 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Qaçqınlar və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli qərarına əsasən ona məcburi köçkün statusu verilmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-589/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, məktuba əlavə edilmiş AR SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 48 saylı arayışında iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi, yəni 4 il Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyi qeyd olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinin 7-ci hissəsinə tələbinə əsasən, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş idən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-844/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı və onun ailə üzvülərinə kirayə haqqının ödənilməsinə və dayandırılmasına dair Füzuli Rayon İcra Hakimiyyətində heçbir inzibati akt qəbul edilməmişdir. İddiaçı və onun ailə üzvüləri mənzilə ehtiyacı olan şəxs kimi Füzuli Rayon İcra Hakimiyyətində mənzil növbəsinə götrülməmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-43/2-915/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərardadı qəbul edildikdən sonra rəhbərliyin göstərişi əsasında aparılan təkrar yoxlamalar zamanı AR SHXÇDX-nin Füzuli rayon şöbəsindən alınmış arayışından məlum olmuşdur ki, İddiaçı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-ci il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidməti 15 (on beş) təqvim ilindən az olması səbəbindən kirayə haqqı ödənilməsi dayandırılmışdır. Əlavə məlumat üçün bildiririk ki, İddiaçı mənzil növbəsinə götürülməsi, müvəqqəti kirayə haqqı ödənilməsi və kirayə haqqının dayandırılması barədə RİH tərəfindən hər hansı akt qəbul edilməmişdir. İş materiallarında olan Füzuli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-43/2-410/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, sözügedən iş üzrə İddiaçı Füzuli RİH tərəfindən mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə alınmadığı üçün onun mənzil növbəsinə alınmasına dair sərəncam yoxdur. Məlumat üçün bildiririk ki, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidməti 15 (on beş) təqvim ilindən az olması səbəbindən kirayə haqqı ödənilməsinə dair müraciətinə Rayon İcra Hakimiyyəti tərəfindən imtina verilmişdir. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan müəyyən olunur ki, İddiaçı 1983-cü il təvəllüdlü olub, Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2002–xx.xx.2006-cı illərdə xidmət etmiş və xəstəliyi səbəbi ilə ehtiyata buraxılmışdır. O, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin qərarı ilə xx.xx.2009-cu ildən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ dərəcəli əlillik dərəcəsi almış, həmçinin xx.xx.2009-cu il tarixli qərarla məcburi köçkün statusu əldə etmişdir. Xidmət müddətində mənzillə təmin edilmədiyi və hazırda kirayədə yaşadığı sənədlərlə təsdiq olunur. Füzuli Rayon İcra Hakimiyyətinin məlumatına əsasən, o, mənzilə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməyib və kirayə haqqının ödənilməsi barədə inzibati akt qəbul edilməyib. Cavabdehin mövqeyinə görə, yalnız 15 ildən az olmayaraq xidmət etmiş hərbi qulluqçular bu hüquqdan yararlana bilirlər. İddiaçı xidmət müddəti bu tələbdən az olduğuna görə, ona kirayə haqqının ödənilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddianı qaldırmışdır. Cavabdeh Füzuli rayon İcra Hakimiyyəti apellyasiya şikayətinin dəlili olaraq göstərmişdir ki, iddiaçı iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılsa da Azərbaycan Silahlı Qüvvələrində 15 (on beş) təqvim ilindən az xidmət etməsi qərar qəbul edilərkən birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaq qeyd edir ki, həqiqətən də ehtiyayyata buraxıldığı zaman iddiaçının 15 il xidməti olmasa da onun xəstəliyi səbəbindən ehtiyata buraxılması və əlillik statusunda olması nəzərə alınmalıdır. Çünki, “Hərbi qulluqçuların statusu” haqqında Qanunun 12-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuşdur ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. İşin hallarından məlum olur ki, İddiaçı xx.xx.2006-cı ildən xəstəliyi səbəbi ilə tərxis olunmuş və 2006-cı ildə ona Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən “hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən” 2-ci dərəcəli əlillik vəsiqəsi verilmişdir. Eləcə də iş materialları arasında olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 12 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixdindən hərbi xidmət dövrü ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik statusuna malikdir. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxıldığına görə xidmət müddətindən asılı olmayaraq mənzillə təmin olunması üçün uçota alınmalıdır. Həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci bəndində qeyd edilmişdir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” qərarın 1-ci hissəsi ilə “Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsini qaydası müəyyən edilmişdir. Məhkəmə kollegiyası baxılan işin predmeti ilə birbaşa əlaqəsi olmasa da, onu da qeyd edir ki, yuxarıda qeyd edilən hüquq normalarına (“Hərbi qulluqçuların statusu” haqqında Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin sonununcu abzasına) görə hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilərək bu səbəbdən xidmətdən buraxılmış hərbi qulluqçular, hətta seçdikləri yaşayış yerində növbədənkənar qaydada mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunurlar. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi və prosessual hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası və apellyasiya şikayətinin dəlilləri əsassızdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə:
Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, 2-1(120)-1107/2025 saylı qərarı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.