Məhkəmə qərarları › İş №2-1(106)-792/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-792/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-792/2025 24.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2-1(120)-3237/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 11 avqust 2025-ci il tarixli, 2- 1(120)-3237/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş N saylı Hərbi Hissənin xx.xx.1994-cü il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1994-cü il tarixdə sağ bud nahiyyəsindən aldığı güllə yarası nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmişdir və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü ilədək məzuniyyətə göndərilmişdir. Həmçinin cavabdeh orqan N nömrəli hərbi hissənin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə iddiaçıya “Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunduğu bildirsə də, məhz cavabdeh orqan tərəfindən məhkəməyə sıravi İddiaçı döyüşdə yaralandığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 19 №-li əmrilə (əsas: §-8, səh-87, sıra-135, əmrdə vəzifəsi göstərilməmişdir) hospitala göndərilərək şəxsi heyət üzvlüyündən və bütün növ təminatlardan azad edilməsi barədə məlumatı əks etdirən arayış göndərilmişdir. Cavabdeh orqan tərəfindən N №-li hərbi hissə komandirinin 1992-1996-cı il tarixli nizami hissə üzrə əmrləri və hərbi hissənin 1992-1996-cı il tarixli əsgər heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmaması, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumatın yazılması, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmaması barədə məlumat vermişdir. Lakin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-43- 49/2-513/25 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli 141 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Saatlı rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 102/2-7926 nömrəli məktubunda xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, İddiaçı məhkum olunmamış və barəsində Saatlı RPŞ-də heç bir təqsirləndirici material yoxdur. Bu onu deməyə əsas verir ki, İddiaçı qanuna müvafiq qaydada hərbi xidmətdən tərxis edilmişdir və barəsində özbaşına tərk etmə və ya fərarilik hərbi hissədə və cavabdeh orqanın arxiv materiallarında öz əksini tapmamışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 27 iyul 1992-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətə başlamışdır. Bütövlükdə götürdükdə, hərbi xidmətini xx.xx.1992-ci ildən xx.xx.1996-cı ilədək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində xidmət etməklə keçirmişdir. Həmin hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İştirak etdiyi döyüşlərdən birində yaralanmış, bununla əlaqədar 1994-cü ilin yanvar-may aylarında hospital və xəstəxanlarda müalicə olunmuşdur. 07 iyul 1996-cı ildə ordu sıralarından ehtiyata buraxılmışdır. Müharibədə iştirak edib döyüşdə yaralanmağına baxmayaraq, hal-hazıra qədər ona müharibə veteranı statusu verilməyib. Bunu və üstündən uzun illər keçməsinə baxmayaraq ona hələ də müharibə veteranı statusunun verilmədiyini nəzərə alıb, bu statusun verilməsi üçün ötən illər ərzində bir neçə dəfə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə yazılı müraciətlər etmişdir. Cavabdeh hər dəfə bəhanələr gətirərək və mövqeyini qanunauyğun əsaslandırmayaraq ona imtina cavabı verib. Bundan sonra, imtinanın qanunsuz və əsassız sayılması və cavabdeh AR Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qaldırdığı iddia tələbinə dair 2-1(120)-4259/2024 saylı inzibati işə xx.xx.2024-cü ildə baxan Şirvan İnzibati Məhkəməsinin qərarında iddia tələbi qismən təmin edilmiş, “Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulması qərara alınmışdır. Cavabdeh AR Müdafiə Nazirliyindən onun ünvanına daxil olmuş xx.xx.2025-ci il tarixli məktubla yenə də onun barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh bunu hərbi xidmətdə olduğu N və N nömrəli hərbi hissələrin guya döyüş əməliyyatlarında iştirak etməməsi ilə əsaslandırır. Cavabdeh orqanın imtina məktubundan müəyyən olunur ki, məhkəmə qərarının əsaslandırma hissəsində ziddiyyətli faktların araşdırılıb aydınlıq gətirilməsinin vacibliyi barədə hüquqi mövqeyi olsa da, yenə də həmin ziddiyyətlər aradan qaldırılmayıb. Belə ki, sonuncu imtina məktubu mətinin 2-ci abzasında N nömrəli hərbi hissədə xx.xx.1994-cti il tarixdən xidmətə başladığı təsdiqlənsə də, bir tərəfdən həmin hərbi hissənin xx.xx.1992- ci il tarixdən xx.xx.1993-cü il tarixədək döyüşlərdə iştirak etməsinin göstərilməsinə baxmayaraq, digər tərəfdən qeyd edilir ki, sözügedən hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmayıb və buna görə də ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilib. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-1(120)-4259/2024 saylı inzibati işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-25-4/2-5455/24 saylı məktubunda Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğuna istinad edilərək N nömrəli hərbi hissənin birinci dəfə xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, ikinci dəfə isə xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazıldığı göstərilsə də, imtina məktubunda nədənsə, həmin hissənin döyüş əməliyyatlarında xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək iştirakı göstərilməklə, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixədək iştirakı barədə məlumatın qeyd edilməməsi diqqət çəkir. Həmçinin iddiaçının 1994-cü ilin yanvar-may aylarında döyüşdə yaralandığı üçün müalicələr alması barədə məlumatlar öz əksini tapmışdır; Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3-25-4/2- 5455/24 saylı məktubunda göstərilmişdir ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, hərbi mükəlləfiyyəti İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin heyət üzvlüyünə qəbul edilərək bütün təminat siyahılarına salınmışdır. Sıravi İddiaçı döyüşdə yaralandığına görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 19 nömrəli əmrilə hospitala göndərilərək şəxsi heyət üzvlüyündən və bütün növ təminatlardan azad edilmişdir; Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iş materiallarında olan sənədlərdən də göründüyü kimi iddiaçının hərbi xidməti dövründə xidmət keçdiyi N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər İddiaçı əvvəlki məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək hərbi xidmətdə olmuşdur. -Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli, 3-25-29/2-784/25 nömrəli məktubunda bildirilmişdir ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, hərbi mükəlləfiyyətli İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 07 Ns-li əmrilə (əsas: §-3, sıra-22, səh-25, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) hərbi hissənin heyət üzvlüyünə qəbul edilərək bütün təminat siyahılarına salınmışdır. Sıravi İddiaçı döyüşdə yaralandığına görə, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 19 №-li əmrilə (əsas: §-8, səh-87, sıra-135, əmrdə vəzifəsi göstərilməmişdir) hospitala göndərilərək şəxsi heyət üzvlüyündən və bütün növ təminatlardan azad edilmişdir. Qeyd edilir ki, N №- li hərbi hissə komandirinin 1992-1996cı il tarixli nizami hissə üzrə əmrləri və hərbi hissənin 1992-1996-cı il tarixli əsgər heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N №- li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmış, lakin N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd olunmamışdır. -N saylı Hərbi Hissənin xx.xx.1994-cü il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1994cü il tarixdə sağ bud nahiyyəsindən aldığı güllə yarası nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmişdir və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü ilədək məzuniyyətə göndərilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-43-49/2-513/25 nömrəli məktubunda bildirilmişdir ki, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli 141 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı döyüşlərdə iştirakı barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsində heç bir məlumat mövcud deyildir. -Saatlı rayon Polis şöbəsinin xx.xx.2025-ci il tarixli, 102/2-7926 nömrəli məktubunda xx.xx.2025-ci il tarixli sorğuya cavab olaraq bildirilir ki, İddiaçı məhkum olunmamış və barəsində Saatlı RPŞ-də heç bir təqsirləndirici material yoxdur. -Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq verilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirinin 24 iyun 1996-cı il tarixli, 141 nömrəli əmrindən arxiv çıxarışında qeyd edilmişdir ki, 15 avqust 1996-cı il tarixinədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin sıralarından 1 iyul 1992-ci ilədək hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət keçən əsgər, matros və çavuşlar, həmçinin Azərbaycan Respublikası Prezidentinin 25 iyul 1992-ci il tarixli № 77 saylı «MDB Birləşmiş Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında» Fərmanına əsasən çağırılmış hərbi vəzifəlilər ehtiyata buraxılsın. Müdafiə nazirinin müavinlərinə, Silahlı Qüvvələrin növləri üzrə komandanlara, qoşun və xüsusi qoşun növlərinin komandanlarına (rəislərinə), Müdafiə Nazirliyinin idarə rəislərinə, birləşmələrin, hissələrin və Müdafiə Nazirliyinin müəssisələrinin komandirlərinə yuxarıda göstərilən kateqoriyalara aid olan bütün şəxsi heyətin ehtiyata buraxılmasını yalnız buraxılanların əvəzinə mütəxəssislər hazırlanandan sonra, lakin bu əmrin 1-ci bəndində göstərilən müddətdən gec olmayaraq həyata keçirmək tapşırılsın. Bu əmr bütün rotalarda, batareyalarda, eskadrilyalarda və gəmilərdə elan edilsin. Cavabdehin imtina aktı və apellyasiya şikayətinin əsas dəlili iddiaçının müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik olmamasıdır. Lakin iş materiallarında mövcud olan N saylı hərbi hissənin xx.xx.1994-cü il tarixli arayışı ilə müəyyən edilir ki, İddiaçı aldığı güllə yarası nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmişdir. Bu hal iddiaçının döyüşlərdə iştirakını təsdiq edir. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirinin əmrindən arxiv çıxarışı ilə (24 iyun 1996-cı il tarixli, 141 nömrəli) iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyyata buraxılması təsdiq edilir. Göründüyü kimi cavabdeh orqan mötəbər sübutlara istinad etmədən, həmçinin veteran statusunun verilməsi üçün kifayət qədər sübutlar olduğu halda əsassız olaraq iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Belə ki, iddiaçının döyüşən hərbi hissədə xidmət etməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə mötəbər sübutlar mövcuddur və bu hal iddianın əsaslı olmasına dəlalət edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. -7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -7-ci maddəsinin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. -61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır (maddə 61.1). Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (61.2). İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır (maddə 61.3). İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur (maddə 61.4). Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 avqust 2025-ci il tarixli, 2-1(120)-3237/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar