Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-800/2025 10.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(120)-1290/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0008 nömrəli qərarının ləğv edilməsi və xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma səbəbi ilə təyin olunmuş 3-cü dərəcəli müddətsiz əlilliyin xx.xx.2024cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 20 avqust 2025-ci il tarixli, 2- 1(120)-1290/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməli idi. Məhkəmə araşdırması nəticəsində İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Salyan rayon Mərkəzi Xəstəxanası” X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00158760UFX saylı göndərişində qeyd edilmiş “Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanmasından sonra sol incik sümüyünün orta l\3-nin qəlpəli bitişmiş sınığı. G83.1- Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi; G57.3-Bayır dizaltı peroneal sinirin zədələnməsi. Odlu silah yaralanmasından sonra sol incik sümüyünün posttravmatik neyropatiyası. T93.4-Aşağı ətrafın sinirinin travmasının nəticələri. Hərəkətin və yerişin pozulması; R26- Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın hərəki, hissi, trofıki pozulması” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, qeyd edilən xəstəliklərin isə hərbi xidmət dövrü ilə əlaqədar olduğu (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 517 nömrəli qərarına əsasən) müəyyən edilmişdir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, İ Qarabağ müharibəsində Kəlbəcər Bağırlı və Qamışlı istiqamətində döyüşlər zamanı xx.xx.1994-cü il tarixdə düşmən tərəfindən atılmış güllə yarası ilə Hospitala aparılmış, müalicə olunmuşdur. 2016-cı ildə 3cü dərəcəli müddətsiz əlillik müəyyən edilmişdir. 2022-ci ilin 6-cı ayında əlil avtomobili ilə bağlı 3-dəfə müraciət yazmış, avtomobil vermək yerinə penisiyası kəsilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanmasından sonra sol incik sümüyünün orta 1/3-nin qəlpəli bitişmiş sınığı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz öz təsdiqini tapınaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir, səbəbi ilə imtina verilmişdir. İddiaçı əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 517 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın dəlib-keçən Qüllə varası, incik sümüyünün açıq qəlpəli sınığı (1994)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı tənqnəfəslikdən yerişin pozulması və ayaqlarındakı ağrılardan şikayətlənsə də, aşağı ətraflarda əzələ gücü 4,5-5,0 bal, tonusu normal, reflekslər canlı, hərəkətlər sərbəst, auskultasivada vezikulyar tənəffüs, SPQ2- 99%, nəbz 86', auskultasiyada vezikulyar tənəffüs qeyd olunmuşdur” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, aşağı ətrafında yanma hissindən şikayətlənmişdir. Müayinə zamanı sol baldırın orta 1/3-də çapıq, qarının ön divarında Meyo kəsiyi ilə herioplastika əməliyyatına məxsus çapıq (iki həftədir əməliyyat olunub) izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, nisbi qısalıq, trofiki pozuntular aşkarlanmamışdır. Nevroloji statusunda heç bir periferik sinir patologiyası müşahidə edilməmiş, yuxarı və aşağı ətraflarda reflekslər canlı çağrılmış D=S, əzələ gücü və tonus norma daxilində olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarf’na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlili odur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Prosessual məsələlər İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışlardan görünür ki, iddiaçıya 2016-cı ildə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə müddətsiz İİİ dərəcə əlillik təyin edilmiş, 2016-2019-cu illərdə əlil avtomobili verilməsi üçün müraciətinə imtina verilmiş, xx.xx.2022-ci il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir (müddətsiz əlillik vəziyyətində olduğu halda yenidən tibbi göndərişin verilməsi və bunun əsasında təyiantdan imtinanın səbəbi müəyyən deyil). Bundan sonra iddiaçı uzun müddət (2 ilə yaxın) həmin qərarı mübahisələndirməmiş və növbəti tibbi göndəriş əsasında hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli, 517 nömrəli qərarının surətindən görünür ki, Salyan RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun xx.xx.2014-cü il tarixli məktubunda barəsində cinayət isi olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Salyan rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Sol baldırın dəlib keçən güllə yarası, incik sümüyünün açıq qəlpəli sınığı” (Azərbaycan Respublikası SHXÇDX-nin Salyan rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 212 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli, 111 nömrəli arayışı, Salyan rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.1994-cü il çıxarışı, xəstəlik tarixindən çıxarışlar, MN MHHK-nin həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. - Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 xx.xx.2025-ci il tarixli, T 27/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Salyan rayon Mərkəzi Xəstəxanası” X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli R00158760UFX saylı göndərişində qeyd edilmiş “Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanmasından sonra sol incik sümüyünün orta 1/3-nin qəlpəli bitişmiş sınığı. G83.1-Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi; G57.3-Bayır dizaltı peroneal sinirin zədələnməsi. Odlu silah yaralanmasından sonra sol incik sümüyünün posttravmatik neyropatiyası. T93.4-Aşağı ətrafın sinirinin travmasının nəticələri. Hərəkətin və yerişin pozulması; R26- Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın hərəki, hissi, trofıki pozulması” diaqnoz ona stasionarda müalicəsi zamanı anamnestik, kliniki, diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi, klinik proqnozu qənaətbəxş olmuşdur. Qiymətləndirmə vərəqələrində tibbi-sosial ekspertləri tərəfindən İddiaçı oturaq işlərdə işləyə bilməsi qeyd edilmişdir. İddiaçı almış olduğu xəsarətlər “Hərbi travmadır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı alınmışdır və onun xəstəlikləri hərbi xidmət dövrü ilə əlaqədardır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Yuxarıda qeyd edilən tibb müəssisəsinin rəyində iddiaçıda “Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silah yaralanmasından sonra sol incik sümüyünün orta 1/3-nin qəlpəli bitişmiş sınığı. G83.1-Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi; G57.3-Bayır dizaltı peroneal sinirin zədələnməsi. Odlu silah yaralanmasından sonra sol incik sümüyünün posttravmatik neyropatiyası. T93.4-Aşağı ətrafın sinirinin travmasının nəticələri. Hərəkətin və yerişin pozulması; R26- Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın hərəki, hissi, trofıki pozulması” diaqnozu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi öz qərarında iddiaçıya xx.xx.2016-cı il tarixli qərarla təyin edilmiş əlilliyin bərpa edilməli olması qənaətinə gəlsə də, nəzərə almamışdır ki, iddiaçının müddətsiz əlillik təyinatı barədə həmin qərar cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə öz qüvvəsini itirmiş, lakin iddiaçı uzun müddət (2 ilə yaxın) həmin qərarı mübahisələndirməmiş və növbəti tibbi göndəriş əsasında hazırda mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarla əlillik təyinatından imtina edilmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının orqanizmində olan patofunksional pozuntualar baxımından xx.xx.2024-cü il tarixli qərarı ləğv etməklə düzgün nəticəyə gəlsə də, əlilliyin bərpa edilməsi ilə bağlı səhv nəticəyə gəmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli qərar mübahisələndirilmədiyi halda (həmin qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür) həmin qərar əsasında ləğv edilmiş əlilliyin bərpası məsələsinə həm prosessual, həm də maddi hüquq normalarının tələblərinə nəzərən baxıla bilməz. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: -6.5.1.1-ci bəndinə əsasən “ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular orqanizmin funksiyalarının pozulması faizi 40 % olmaqla, 1 il müddətinə, həmçinin həmin meyarların 6.1.10.1-ci bəndinə əsasən “başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları” orqanizmin funksiyalarının pozulması faizi 35-60 % olmaqla, 1 il müddətinə əlillik təyinatına əsas verir. Qeyd olunan pozuntular iddiaçının orqanizmində tibb müəssisəsi tərəfindən müəyyən edilmiş patofunksional pozuntularla uyunluq təşkil edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, hazırki mübahisəyə dəqiqləşdirilmiş tələb həcmində baxılmaqla iddia təmin edilməlidir. Beləliklə məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, yuxarıda qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(120)-1290/2025 nömrəli qərarı dəyişdirilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının pozulması 35-60 faiz olmaqla 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-800/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-800/2025
10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver