Məhkəmə qərarları › İş №2-1(106)-801/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-801/2025

04.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-801/2025 04.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(120)-928/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 1-ci dərəcə əlilliyin bərpa edilməsini xahiş etmişdir. İddiaçının müvafiq ərizəsinə əsasən Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə tələb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarının ləğv edilməsi, ona ümumi xəstəlik ilə əlaqədar dərin əqli gerilik pozuntusu səbəbi ilə 95-100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin xx.xx.2024-cü il tarixdən təyin edilməsi öhdəliyinin üzərinə qoyulması barədə tələblə dəyişdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 20 avqust 2025-ci il tarixli, 2- 1(120)-928/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Salyan Rayonlararası Psixiatiriya X5 Komisiyasının xx.xx.2025-ci il tarixli 584 nömrəli məktubuna əsasən şəxsin son müayinələri zamanı iddiaçıya "F73.0 Çox ağır əqli gerilik, Surdomutizizm (lal-karlıq) İQ-19% Kənar şəxslərin köməyinə və qulluğuna ehtiyacı var” diaqnozu təyin edilmişdir. XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı üzrə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.2.4 bəndinə uyğun gəlir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 30 ildən yuxarıdır ki, davranış pozuntusunun olmamasını və ya zəif dərəcədə təzahür edilməsi göstərməklə, “Dərin dərəcədə ifadə olunmuş əqli gerilik. Surdomutizm (lal-kar) İQ 19 Kənar şəxslərin köməyinə qulluğuna ehtiyacı var.” Xəstəliyindən əziyyət çəkməklə 2-ci qrup əlil idi, xx.xx.2019-cu ildə əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş, ona həmin müayinəyə görə ümumi xəstəlik səbəbindən müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. 4 il 1-ci dərəcəli üzrə əlil kimi dövlət tərəfindən pensiya almış, 2023-cü ilin sonlarında ona məlum olmuşdur ki, əlilliyi cavabdeh təşkilat tərəfindən ləğv edilmişdir. Bununla bağlı özü və ailə üzvləri müxtəlif instansiyalara şikayətlər etmişdir. Sonda ona cavabdeh təşkilatın məktubunda guya cavabdeh təşkilat tərəfindən “şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslərin sənədləri araşdırılmış və onun əlilliyi ləğv edilmişdir”. Cavabdeh təşkilatın onun əliliyinin ləğv edilməsi ilə bağlı şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə bəzi şəxslərin sənədləri araşdırması qanunsuzdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0234003AAJA6 nömrəli göndərişi Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2019-cu il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.1.13 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-R-26001/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmiş, lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan xx.xx.2019-cu il tarixindən “Diaqnozun öz təsdiqini tapmaması” barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, məhkəmə işə baxarkən ekspert rəyinə əsaslanaraq vətəndaşın xeyrinə bu halları tövsif etməklə qərar qəbul etmişdir. Halbuki, əyani müayinə zamanı əqli geriliyin ağırlaşma dərəcəsi yüngül hesab edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərarın: 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Meyarlar üzrə: Əqli gerilik – F70-F73 Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: -anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); -İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; -əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya). Qiymətləndirmə: 7.2.4. dərin əqli gerilik İQ <20: heç bir ünsiyyət formasını, minimal şəxsi gigiyenanı yerinə yetirə bilməməsi və daimi müşahidə və digər şəxslərin qayğısı olmadan yaşamanın qeyri-mümkünlüyü -95-100 % - müddətsiz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Əlillik altsistemindən çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə müddətsiz İİ dərəcə (cavabdeh yazışmalarda, həmçinin mübahisələndirilən qərarda İ dərəcə təyin edildiyini bildirir) əlillik təyin edilmişdir. Bundan sonra əyani müayinəyə dəvət edilsə də, müayinəyə gəlmədiyindən barəsində əlillik təyinatı ilə bağlı qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərar altsistemdə xx.xx.2023-cü il tarixli qərarla ləğv edilmişdir. İddiaçı bu halı məhkəmədə mübahisələndirmiş və məhkəmənin müvafiq qərardadı əsasında aparılmış əyani müayinə nəticəsində cavabdeh xx.xx.2024-cü il tarixli qərarla özünün xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, xx.xx.2019-cu il tarixli ümumi xəstəlik səbəbinddən müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərarın bərpa edilməsi, xx.xx.2024-cü il tarixindən “Hissəvi Reabilitasiya olunması” və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi qərarına gəlmişdir. -Məhkəmə kollegiyasının müvafiq qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X4 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 4433 saylı rəyində bildirilir ki, İddiaçı hal-hazırda ÇOX AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ (F73) qeyd olunur. Bunu anamnestik məlumatlar – körpəlikdən psixofiziki inkişafdan geri qalması, evdə məktəb proqramı üzrə təhsil alsa da, elementar biliklərə yiyələnə bilməməsi, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında müalicələrdə olması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər – ünsiyyətə çətin daxil olması, ona ünvanlanan sualların bir qismini başa düşməməsi, maraq dairəsinin məhdudluğu, emosional-iradi sferasının enməsi, yaddaş və intellektinin aşağı olması, davranışı üzərində nəzarətinin zəifləməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqanın mübahisələndirilən qərarını tamamilə ləğv etməkdə yanlış hüquqi mövqe nümayiş etdirmişdir ki, bu hal “Əlilliyin qiymətləndirilməsi qaydaları”nın tələblərinə zidd olmaqla, iddiaçının həm faktiki, həm də hüquqi cəhətdən vəziyyətinin pisləşməsinə yönəlik nəticədir. Belə ki, cavabdeh özünün mübahisələndirilən qərarı ilə iddiaçının barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarını bərpa etməsinə baxmayaraq, həmin qərarın qüvvədə olmasına rəğmən həm də onun barəsində yeni qərar qəbul etməklə İİİ dərəcə əlillik təyin etmişdir. Birinci instansiya məhkəməsi isə həmin qərarı bütövlükdə ləğv etməklə, iddiaçıya xx.xx.2019-cu il tarixli qərarla təyin edilmiş əlillik vəziyyətini də sual altında qoymuşdur. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçı 2019-cu ildən İ dərəcə əlillik vəziyyətində olduğundan və bundan sonra barəsində yeni tibbi göndəriş təqdim edilmədiyindən onun əlillik dərəcəsinin məhkəmə qaydasında qiymətləndirilməsi yolverilən deyil. Məhkəmə kollegiyası əlavə olaraq qeyd olunmasını zəruri hesab edir ki, cavabdeh öz qərarında iddiaçıya Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi nəticəsinə gəlsə də, həmin bənddə “gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79)” diaqnozu nəzərdə tutulmuşdur ki, iddiaçıda olan pozuntunun ağırlaşma dərəcəsi ekspert rəyinə əsasən yüngül deyil, çox ağır kimi qiymətləndirilmişdir. Digər tərəfdən cavabdeh ilkin əlillik təyinatı zamanı pozuntunun ağırlaşmasını həmin Əsasnamənin 2.4.4-cü bəndinə (emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79)) əsasən qiymətləndirsə də, sonradan 15 saylı TSEK-in həkim eksperti tərəfindən çəkilmiş videogörüntüyə əsasən aparılmış qiymətləndirmə nəticəsində xəstəliyin ağırlaşmalarının aradan qalxması qənaətinə gəlməsi həmin nəticənin mötəbər olmadığına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların tələblərinə riayət edilmədiyindən və məhkəmənin gəldiyi nəticə işin faktiki və hüquqi halına uyğun olmadığından qərar ləğv edilməli, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 20 avqust 2025-ci il tarixli, 2-1(120)-928/2025 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, xxxxxxx0009 nömrəli qərarı “İddiaçı xx.xx.2024-cü il tarixindən “Hissəvi Reabilitasiya olunması” və barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.24 bəndinə uyğunlaşdırılaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilməsi” hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar