Məhkəmə qərarları › İş №2-1(106)-805/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-805/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-805/2025 06.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı “25 noyabr 2007-ci il tarixdə onunla Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən onun icarəsinə verilmiş Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 18,0 ha (faktiki vəziyyətdə 3 ha, 2.60 ha və 6 ha cəmi 11.60 ha) torpaq sahəsi üzərində olan tikililərin, binaların, qurğuların Bəhrəmtəpə Bələdiyyəsinin öz hesabına 11.60 ha ərazidən sökülərək təmizlənərək tam şəkildə ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(120)-4390/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh İmişli rayon Bəhrəmtəpə Bələdiyyəsinə qarşı “25 noyabr 2007-ci il tarixdə onunla Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən onun icarəsinə verilmiş Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 18,0 ha (faktiki vəziyyətdə 3 ha, 2.60 ha və 6 ha cəmi 11.60 ha) torpaq sahəsi üzərində olan tikililərin, binaların, qurğuların Bəhrəmtəpə Bələdiyyəsinin öz hesabına 11.60 ha ərazidən sökülərək təmizlənərək tam şəkildə ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 25 noyabr 2007-ci il tarixdə onunla Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən Bəhrəmtəpə qəsəbəsi ərazisində 18,0 ha (faktiki vəziyyətdə 3 ha, 2.60 ha və 6 ha cəmi 11.60 ha) torpaq sahəsi onun 99 il müddətinə icarəsinə verilmişdir. Bələdiyyə həmin torpaq sahəsini qanunsuz kənar istifadəçilərin istifadəsindən, torpaq sahəsinin üzərində olan tikililərin, binaların, qurğuların sökülərək təmizlənərək ona verilməsini təmin etməli idi, lakin hazırkı halda bələdiyyə bunu etməmişdir. Həmin 11.60 ha torpaq sahəsinin üzərində tikililər, qurğular binalar qalmışdır. Ona görə də, o, öz torpaq sahəsində istifadə edə bilmir. İddiaçı icarə müqaviləsi əsasında illik icarə haqqını vaxtı-vaxtında ödəyir. Lakin Bəhrəmtəpə qəsəbəsinin ərazisində müvəqqəti məskunlaşmış X4 və onun ailə üzvləri həmin torpaq sahəsini zəbt edərək öz başına olaraq taxıl və s. bitkilər əkib becərirlər və buna görə də o, icarə müqaviləsi üzrə hüquqlarını həyata keçirə bilmir. Onun tərəfindən torpaq sahəsindən çıxmaları barədə dəfələrlə X2 şifahi xəbərdarlıq edilmiş lakin heç bir nəticəsi olmamışdır. Digər halda o həmin torpaq sahəsini heç bir hüquqi əsas olmadan özbaşına olaraq zəbt etmiş və əkin əkmişdir, lakin Bələdiyyənin hesabına bu günədək heç bir haqq ödəməmişdir. Hazırda həmin torpaq sahəsi Bələdiyyə mülkiyyətindədir, lakin icarə hüququ ilə iddiaçıya məxsusdur. X5 Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2-1(120)-577/2022 saylı qərarı ilə onun iddia tələbi təmin olunmuş, Cavabdeh 24 noyabr 2007-ci il tarixli 14 nömrəli qərarı və xx.xx.2007-ci il tarixli icarə müqaviləsi ilə onun icarəsinə 99 il müddətinə verilmi 18.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərarı alınmışdır. İddiaçıyla Bəhrəmtəpə Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli icarə müqaviləsi əsasında istifadəsində olan müvafiq olaraq 3 ha, 2.60 ha və 6 ha (cəmi 11.60 ha) torpaq sahələri üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən iddiaçı 25 noyabr 2007-ci il tarixdə onunla Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən onun icarəsinə verilmiş Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 18,0 ha (faktiki vəziyyətdə 3 ha, 2.60 ha və 6 ha cəmi 11.60 ha) torpaq sahəsi üzərində olan tikililərin, binaların, qurğuların Cavabdeh Bəhrəmtəpə Bələdiyəsinin öz hesabına 11.60 ha ərazidən sökülərək təmizlənərək tam şəkildə ona təhvil verilməsi öhdəliyinin cavabdeh İmişli Rayon Bəhrəmtəpə Bələdiyəsinin üzərinə qoyulması barədə qərar edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(120)-4390/2025 saylı qərardadı ilə (hakim Şahəli Musayev) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək iş üzrə qəbul edilmiş 21 avqust 2025-ci il tarixli, 2-1(120)-4390/2025 saylı qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata götürülməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(120)-4390/2025 nömrəli qərardadının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-805/2025 nömrəli, 13 oktyabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı:

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1. bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyənhüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1-ci qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianı mümkün saymayan məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015- ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın xüsusi mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan ümumi mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kolegiyası qeyd edir ki, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Hazırki iddia tələbindən görünür ki, İddiaçı 25 noyabr 2007-ci il tarixdə onunla Bəhrəmtəpə Bələdiyyəsi arasında bağlanmış müqaviləyə əsasən onun icarəsinə verilmiş Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən 18,0 ha (faktiki vəziyyətdə 3 ha, 2.60 ha və 6 ha cəmi 11.60 ha) torpaq sahəsi üzərində olan tikililərin, binaların, qurğuların Bəhrəmtəpə Bələdiyyəsinin öz hesabına 11.60 ha ərazidən sökülərək təmizlənərək tam şəkildə ona təhvil verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı toplanmış və iş materiallarına əlavə edilmiş sənədlərdən və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində icarə hüquqları dövlət reysterində qeydiyyata alınmış və bu barədə iddiaçıya müvafiq çıxarış verilmişdir. Həmin torpaq sahəsi Bəhrəmtəpə qəsəbəsində müvəqqəti məskunlaşmış X4 və onun ailə üzvləri tərəfindən zəbt edilərək öz başına olaraq taxıl və.s. bitkilər əkib-becərilir və buna görə də iddiaçı icarə müqaviləsi üzrə hüquqlarını həyata keçirə bilmir. Onun tərəfindən torpaq sahəsindən çıxmaları barədə X2 şifahi xəbərdarlıq etməsinə baxmayarq heç bir nəticə olmamışdır. Hazırda iddiaçının hüquqi marağı qanuni əsas olmadan icarəsində olan torpaq sahəsini zəbt edən və qanunsuz tikililər inşa edən X4 və onun ailə üzvlərini torpaqdan çıxarmaq və tikililəri onların hesabına sökməkdir. Məhkəmə mövcud mübahisənin xüsusi (mülki) və yaxud publik (inzibati) hüquqdan irəli gələn mübahisə olması ilə bağlı aşağıdakı hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək hesab edir ki, iddianın predmeti “əmlakın zəbtdən azad olunması və tikililərin sökülməsi” ilə bağlı olduğundan yəni, hazırki tələb mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan hazırki tələbə inzibati icraat qaydasında inzibati məhkəmədə baxılması mümkün deyildir. Başqa sözlə, hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yarandığından, həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Təsadüfi deyildir ki, Ali Məhkəmə Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialarmümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterlidir, iddiaçının hazırki iddia tələbi üzrə ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasənbu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan mübahisə inzibati xarakterli olmadığından, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid deyildir. Bu baxımdan, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmamalı və həll edilməməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianının inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 avqust 2025-ci il tarixli, 2-1(120)-4390/2025 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar