Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-81/2023 17.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-1329/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı əmrin ləğv edilməsi və xidmətə bərpa edilmə barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-1329/2022 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixədək Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şirvan” sularda xilasetmə məntəqəsinin matros-xilasedicisi vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə ərizə yazmağa öz istəyi olmamış, lakin istəyi ilə işdən çıxmaq üçün ərizə yazmağa məcbur edilmiş və işdən çıxarılmışdır. İşdən çıxarıldığı vaxtdan əmək kitabçasını ona verməyiblər ki, məhkəməyə müraciət edib barəsində verilən ədalətsiz qərarı ləğv elətdirə bilsin. Sonradan, xx.xx.2022-ci il tarixdə özü yazılı müraciət etdikdən sonra əmək kitabçası ona poçt vasitəsi ilə göndərilmişdir. Cavabdeh inzibati orqan ona hədə-qorxu gələrək işdən könüllü çıxmaq formasında ərizə yazdırıb. Həmin ərizənin ləğv edilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də nəticəsi olmamışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, aldadılıb ərizə yazdırılaraq işdən çıxarılmışdır. Burada təqsir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindədir. Onların onu aldatmaq niyyəti olmasaydı, ona şikayət vermək hüququnun və müddətinin olduğunu bildirə bilərdilər. Lakin məqsədləri onu işdən çıxarmaq olduğu üçün bunu etməmişdirlər. İddia müddətinin buraxılmasında onun təqsiri yoxdur. Onun təqsiri olmadan iddia müddəti buraxıldığından birinci instansiya məhkəməsi buraxılmış müdddəti bərpa etməli idi. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdə olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə ünvanlanmış xx.xx.2021-ci il tarixli təqririn surətindən görünür ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şirvan” sularda xilasetmə məntəqəsinin matros-xilasedicisi, daxili xidmət çavuşu İddiaçı 2011-ci ildən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində xidmət etdiyini, xidmətdən xaric olunmağının səbəbinin ailə vəziyyəti ilə bağlı olduğunu, özünü sağlam hesab etdiyini, xüsusi həkim ekspert komissiyasından keçməkdən imtina etdiyini məruzə edərək fövqəladə hallar orqanlarında xidmət keçməsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şirvan” sularda xilasetmə məntəqəsinin matros-xilasedicisi, daxili xidmət çavuşu İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin kadrlar şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Vidadi Mahmudovun, həmin şöbənin böyük inspektoru, daxili xidmət mayoru Emin Kərimovun və inspektor, daxili xidmət leytenantı Elman Əliyevin iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktın surətində qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-cı il tarixdə xidmətdən xaric olması barədə əmri ilə tanış olması və üzləşmə vərəqəsini təhvil alması üçün xx.xx.2021-ci il tarixdə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən çağrılmışdır. Lakin İddiaçı Xidmətə gəlməmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsi tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 14/xxxx/02890 nömrəli məktubun surətində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmri ilə fövqəladə hallar orqanlarında xidmətdən xaric edilmiş İddiaçı qeydiyyata alınması üçün məlumat arayışı və AO ******* nömrəli hərbi bilet Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xüsusi rütbəli vəzifədə xidmətdən xaric edilmiş əməkdaşın yaşayış yeri üzrə hərbi qeydiyyata alınması üçün 12/12/xrm-4429 nömrəli məlumat arayışının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə xx.xx.2021-ci il tarixdə xidmətdən xaric edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 437 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsində hərbi qeydiyyata götürülmüşdür. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şirvan” sularda xilasetmə məntəqəsinin matros-xilasedici vəzifəsinə təyin edilməklə 3 ay sınaq müddəti ilə fövqəladə hallar orqanlarında xidmətə qəbul edilmişdir. Sınaq müddəti başa çatdıqdan sonra iddiaçı xx.xx.2017-ci il tarixdə daxili xidmət sıravisi ilk xüsusi rütbəsi verilməklə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində daimi xidmətə qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə təqrirlə Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar fövqəladə hallar orqanlarında xidmətdən xaric olmasını xahiş etmişdir. Nazirliyin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmri ilə iddiaçının öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, qeyd olunmalıdır ki, bu zaman işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilibedilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Şirvan” sularda xilasetmə məntəqəsinin matros-xilasedicisi, daxili xidmət çavuşu İddiaçı xx.xx.2021-ci il tarixli təqrirlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə müraciət edərək ailə vəziyyəti ilə əlaqədar fövqəladə hallar orqanlarında xidmət keçməsinə xx.xx.2021-ci il tarixdən xitam verilməsini xahiş etmiş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2021-ci il tarixli, 1089 nömrəli əmri ilə İddiaçı öz arzusu ilə fövqəladə hallar orqanlarında xidmətkeçməsinə xitam verilmişdir. İddiaçı öz istəyi ilə işdən çıxmaq üçün ərizə yazmağa məcbur edildiyini və işdən çıxarıldığını əsas gətirərək xx.xx.2022-ci il tarixdə məhkəmədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının elan olunduğu vaxtdan mübahisələndirdiyi əmrdən məlumatı olmuş və prosessual müddətin axımı həmin əmrin elan olunduğu və onun hərbi qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən başlamışdır. İddia ərziəsi isə xx.xx.2022-ci il tarixdə poçta, xx.xx.2022-ci il tarixdə isə məhkəməyə daxil olmuşdur. Başqa sözlə, İddiaçı mübahisələndirdiyi inzibati aktdan məlumatlı olduğu vaxtdan 6 aydan artıq vaxt keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hüquqmüdafiə vasitələri göstərilməyən sözügedən əmrin istər rəsmi qaydada (poçt vasitəsi ilə), istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin əmrin, ümumiyyətlə, iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin əmrin iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin əmrin məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin əmrdən (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermişdir. Ən əsası iddiaçı həmin inzibati aktın bütün nəticələrindən (xidmətdən faktiki olaraq xaric olması, iddiaçının xidməti yerinə gəlməməsi və bu dövrlər ərzində əmək haqqı almaması) bilavasitə məlumatlı olmuşdur və bu dövrlər ərzində onun heç bir etirazı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İddiaçı ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməli olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmçinin qeyd edir ki, İddiaçı sözügedən əmri mübahisələndirmək üçün qanunvericiliklə müəyyən olunmuş iddia müddətinin üzrlü səbəbdən buraxıldığına dair əsaslı dəlillər gətirməmiş, iddia müddətinin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının onun təqsiri olmadan iddia müddəti buraxıldığından birinci instansiya məhkəməsinin buraxılmış müdddəti bərpa etməli olması dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İşdən görünür ki, iddia müddətinin buraxılmış olması barədə birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı birinci instansiya məhkəməsinə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə, eləcə də apellyasiya instansiyası məhkəməsinə iddia müddətinin onun təqsiri olmadan buraxıldığını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(120)-1329/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-81/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-81/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver