Məhkəmə qərarları › İş №2-1(106)-810/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-810/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-810/2025 13.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin başlanğıc tarixinin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(120)-752/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin başlanğıc tarixinin dəyişdirilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli xxxxxxx0013 nömrəli qərarının ləğv edilməsi və komissiyanın xx.xx.2024-cü il tarixli, xxxxxxx0014 nömrəli qərarı əsasında təyin olunmuş əlilliyin başlanğıc tarixinin xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Salyan rayon Mərkəzi Xəstəxanası PHŞ adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-ci il qərardadı ilə iş üzrə təkrar məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə anadan olmuş, təqribən 2013-cü ildə 2-ci qrup əlil kimi pensiyaya çıxmışdır. 7 il pensiya aldıqdan sonra dayandırılmışdır. Sonra yenidən müraciətlərindən sonra əyani müayinədə olmuş və 2021-ci ilin sentyabr ayında 1 illik pensiya yenidən təyin edilmişdir. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh X6 5 dəfə müraciət etmişdir. Qeyd edir ki, əlilliyin təyinindən əsassız imtina olmuşdur və ona yenidən 2023-cü ilin oktyabr ayından 3-cü dərəcə əlilliklə pensiya təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının qızının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Stenokardiyanın digər formaları, ÜİX- Gərginlik stenokardiyası . NFS Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya. Səyrici aritmiya. Ürəyin hipertenziv xəstəliyi. Hipertoniya xəstəliyi İİİ mər. çox yüksək əlavə risk. Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.. səbəbi ilə imtina verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirlər. Şirvan İnzibati Məhkəməsinin (hakim: Pərvanə Qurbanova) 28 avqust 2025-ci il tarixli, 2-1(120)-752/2025 saylı qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(120)-752/2025 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxarkən sırf tibbi sənədləri vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, şəxsin əleyhinə olan ilkin ekspertizadan və şəxsin təkrar ekspertizadan yayınması halı da sübut edir ki, şəxsdə hər hansı ağırlaşmalar yoxdur. Məhkəmə instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Bundan əlavə diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir. Şəxsə əlillik təyinatı aparılması üçün şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır. Sözügedən hal, yəni iddiaçıda əlillik təyinatına əsas verə patofunksional pozuntuların və ağırlaşmaların aşkar edilməməsi vətəndaşın əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin TibbiSosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Qeyd olunanlar nəzərə alınmaqla Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-752/2025, saylı, 28 avqust 2025-ci il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(106)-810/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İddiaçı iddia tələbinə "cavabdehin 15 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən 05 oktyabr 2023-cü il tarixli, Q00136478YNZ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsinə uyğun olaraq 01 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbin dəqiqləşdirilməsi ilə bağlı verdiyi ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi Kamran Abdulrəhimov apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2- 1(120)-752/2025 saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayəti dəlillərinin əsassız olduğunu bildirərək Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(120)-752/2025 saylı qərarının qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. “İnzibati icraat haqqında” Qanun: Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli xxxxxxx0013 nömrəli qərarının ləğv edilməsi və Komissiyanın xx.xx.2024-cü il tarixli, xxxxxxx0014 nömrəli qərarı əsasında təyin olunmuş əlilliyin başlanğıc tarixinin xx.xx.2023cü il tarixdən müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya həm əlillik təyin edilən zaman, həmçinin də əlilliyin təyinindən imtina edilən vaxt onun xəstəliyi eyni olmuş, diaqnozda dəyişiklik baş verməmişdir. Belə ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0313003AAQZ2 nömrəli göndərişdə əsas diaqnoz İ20.8-stenokardiyanın digər formaları, ÜİX-yi-qeyri/stabil stenokardiya, Ağırlaşma İ34.0- mitral (qapağın) çatmamazlıq, mitral qapaq çatmamazlığı, ağırlaşma İ49.4- digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, EKS-aritmiya (politop mədəcik tipli), ağırlaşma İ50.0-durğunluq ürək çatmamazlığı-QDÇ İİİ FS. AF 39%, ağırlaşma İ48- qulaqcıqların fibrilyasiyası və titrəməsi, səyrici aritmiya paraksizmal forma, yanaşı xəstəliklər İ11.0- (durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəsətlik, hipertoniya xəstəliyi İİİ, mər, çox yüksək əlavə risk, yanaşı xəstəlik İ67.4-hipertenziv ensefalopatiya, hipertenziv ensefalopatiya kimi, xx.xx.2023-cü il tarixli, Q00136478YNZ nömrəli göndərişdə də əsas diaqnoz İ20.8- stenokardiyanın digər formaları, ÜİX- gərginlik stenokardiyası, İİFS, Ağırlaşma İ49.4- digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, səyirici aritmiya, ağırlaşma İ50.0-durğunluq ürək çatmamazlığı- QDÇ İİ FS. AF 40%, yanaşı xəstəliklər İ11 - ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİİ, mər çox yüksək əlavə risk kimi müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozularaq, iddiaçıya eyni diaqnoz əsasında xx.xx.2023-cü il tarixində əlilliyin təyin olunmasından imtina edilsə də, daha sonra isə təkrar baxılaraq eyni diaqnozla xx.xx.2024-cü il tarixdə əlilliyin müəyyən edilməsinə dair qərar qəbul edilmişdir və bununla da iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş sosial təminat hüququ pozulmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə elektron alt sistemdən çıxarışlardan görünür ki, İddiaçı: xx.xx.2014-cü il tarixdə 1 il müddətinə qan dövranı xəsətəlikləri, ürəyin işemik xəstəlikləri, hipertoniya xəstəliyi İİİ mərhələ, dissirkulyator ensefalopatiya İİ mərhələ diaqnozu əsasında ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik; xx.xx.2015-ci il tarixdə 1 il müddətinə qan dövranı xəstəlikləri, ürəyin digər xəstəlikləri, hipertoniya xəstəliyi İİ mərhələ, dissirkulyator ensefalopatiya diaqnozu əsasında ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik; xx.xx.2016-cı il tarixdə 5 il müddətinə qan dövranı xəsətəlikləri, ürəyin digər xəstəlikləri, hipertoniya xəstəliyi İİ mərhələ, dissirkulyator ensefalopatiya diaqnozu əsasında ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik; xx.xx.2021-ci ildə göndərişin natamam doldurulması, xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması, xx.xx.2021-ci il tarixdə göndərişin natamam doldurulması, xx.xx.2021-ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması, xx.xx.2022- ci il tarixdə əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlillik təyinindən imtina edilmiş; xx.xx.2022-ci il tarixdən XBT kodu İ11.0- qan dövranı sisteminin xəstəlikləriqan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər- arterial hipertenziya İ- İİİ dərəcə diaqnozu əsasında ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmiş; xx.xx.2023-cü il tarixli, xxxxxxx0013 nömrəli qərar əsasında stenokardiyanın digər formaları, ÜİX-gərginlik stenokardiyası, İİFS. Digər və dəqiqləşdirilməmiş erkən depolyarizasiya, səyirici aritmiya, ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi, hipertoniya xəstəliyi İİİ mərhələ, çox yüksək əlavə risk diaqnozu əsasında əlillik qiymətləndirilmiş və diaqnozun əlillik təyin etməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir; xx.xx.2024-cü il tarixdə ürəyin və böyrəyin zədələnməsi ilə müşayiət olunan dəqiqləşdirilməməiş hipertensiv (hipertoniya) xəstəliyi, hipertoniya xəstəliyi İİ mərhələ diaqnozu əsasında ümumi xəsətlik səbəbi ilə 1 il müddətinə orqanizmin funksiyalarının 35% pozulmasına görə əlillik təyin edilmişdir. İş materiallarında olan iddiaçı barəsində tibb müəssisəsi tərəfindən tərtib edilmiş: xx.xx.2022-ci il tarixli, 0313003AAQZ2 nömrəli göndərişdə əsas diaqnoz İ20.8stenokardiyanın digər formaları, ÜİX-yi-qeyri/stabil stenokardiya, Ağırlaşma İ34.0- mitral (qapağın) çatmamazlıq, mitral qapaq çatmamazlığı, ağırlaşma İ49.4- digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, EKS-aritmiya (politop mədəcik tipli), ağırlaşma İ50.0- durğunluq ürək çatmamazlığı- QDÇ İİİ FS. AF 39%, ağırlaşma İ48- qulaqcıqların fibrilyasiyası və titrəməsi, səyrici aritmiya paraksizmal forma, yanaşı xəstəliklər İ11.0- (durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəsətlik, hipertoniya xəstəliyi İİİ, mər, çox yüksək əlavə risk, yanaşı xəstəlik İ67.4- hipertenziv ensefalopatiya, hipertenziv ensefalopatiya kimi; xx.xx.2023-cü il tarixli, Q00136478YNZ nömrəli göndərişdə əsas diaqnoz İ20.8stenokardiyanın digər formaları, ÜİX- gərginlik stenokardiyası, İİFS, Ağırlaşma İ49.4- digər dəqiqləşdirilməmiş erkən depolyarizasiya, səyirici aritmiya, ağırlaşma İ50.0- durğunluq ürək çatmamazlığı- QDÇ İİ FS. AF 40%, yanaşı xəstəliklər İ11 - ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİİ, mər çox yüksək əlavə risk kimi müəyyən edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 16 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert- həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində 16 nömrəli TibbiSosial Ekspert Komissiyasında əyani müayinə olunmuşdur. Müayinəyə dair akt sənədi qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Aparılan əlavə müayinə və təqdim olunan tibbi sənədlər nəticəsində vətəndaşa dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 35 faiz pozulmasına görə 1 il müddətinə (xx.xx.2025-ci tarixinədək) əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixində “ÜİX.Səyirici aritmiya. Hipertoniya xəstəliyi İİİ mərh. QDÇ İİ A mərh. Dissirkulyator ensefalopatiya İİ mərh” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbilə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixlərdə “Uix gərginlik stenokardiyası qdç ıı mər hipertoniya xəstəliyi ıı mər dissirkulyator endefalopatiya” diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə eyni diaqnoz ilə əliliyin müddəti 5 il uzadılmışdır. xx.xx.2022-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli qərar ilə diaqnozun əlillik təyin etməməsi səbəbi ilə əlilliyin təyinindən imtina edilmişdir. İddiaçı həmin qərarla razılaşmayıb, məhkəməyə müraciət etmişdir. İş məhkəmənin icraatında olan zaman, yəni xx.xx.2024-cü il tarixdə iddiaçının əlilliyi qiymətləndirilmiş və ürəyin və böyrəyin zədələnməsi ilə müşayiət olunan dəqiqləşdirilməmiş hipertensiv (hipertoniya) xəstəliyi, hipertoniya xəstəliyi İİ mərhələ diaqnozu əsasında ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı iddianı qaldırmaqda hüquqi marağı xx.xx.2024-cü il tarixinə qədər əlillik vəziyyətində olması və buna görə ala bilmədiyi əlillik pensiyasının ona təyin olunması ilə bağlıdır. İddiaçının hüquqi marağının təmin edilməsi məqsədi ilə məhkəmə tərəfindən hüquqi yardım göstərilmiş və iddiaçının tələbi “15 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən 05 oktyabr 2023-cü il tarixli, Q00136478YNZ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulmasının 35- 60 faiz dərəcəsinə uyğun olaraq 01 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası:1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə-“Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında - 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında - 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında - 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.2. bəndində göstərilən Ürəyin işemik xəstəliyi (İ20 - İ25) mövcud olduqda əlilliyin qiymətləndirilməsi xəstəyə qoyulmuş diaqnozlardan asılı olaraq Əlavənin müvafiq bəndinə əsasən aparılır. Məhkəmə kollegiyası məhkəmə araşdırmasını həmçinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin icmal məktubunda əks olunan hüquqi dəyərləndirmə əsasında aparılmasını zəruri hesab edir. Həmin icmal məktubunda qeyd edilir: “Məlumdur ki, əlilliyin qiymətləndirilməsinə dair mübahisələrin həlli üçün əhəmiyyət kəsb edən bir sıra halların müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, ekspertiza təyin edilməklə araşdırılır (32-ci bənd). Ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir (36-cı bənd)”. İşin hallarından görünür ki, Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, Q00136478YNZ nömrəli göndərişində əsas diaqnoz kimi “İ20.8 Stenokardiyanın digər formaları, ÜİXGərginlik stenokardiyası. İİFS.” qeyd olunmuş və həmin göndəriş əsasında cavabdeh tərəfindən hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarla İddiaçı əlillik təyin olunmasından imtina edilmişdir. Lakin Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli, Z00200691CKB nömrəli göndərişində əsas diaqnoz kimi “İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, ÜİX-yi. qeyri stabil stenokardiyası. Qulaqccıqların fibrillyasiyası” qeyd olunmuş və həmin göndəriş əsasında cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərarla İddiaçı 1 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Hər iki göndərişdə qeyd olunan xəstəliklərin (diaqnozların) eyni xəstəlik (diaqnoz) olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən 20 noyabr 2025-ci il tarixində “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə sorğu verilmişdir. PHŞ tərəfindən 26 noyabr 2025-ci il tarixində sorğuya cavab olaraq bildirilmişdir ki, göstərilən diaqnozlar eyni tibbi vəziyyəti əks etdirir və R. Salmanovanın xəstəliyini təsdiq edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xəstəliyi və diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.2. bəndinə (Ürəyin işemik xəstəliyi (İ20 - İ25)) uyğundur və həmin Əlavənin 2.2.1. bəndinə (ÜDS-nin mülayim disfunksiyası: stenokardiya və ya ağrısız işemiya FS İİİ (50 Vatt və ya 2-3,9 METs); XÜÇ İİA mərhələ olduqda.) əsasən iddiaçıya orqanizmin funksiyalarının pozulmasının 35-60 faiz dərəcəsinə uyğun olaraq 01 il müddətinə əlillik dərəcəsi müəyyən edilməlidir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)-1428/2024 nömrəli, 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2- 1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri və qəbul etdiyi imtina qərarı qanunsuz olmuş, əlilliyin təyin edilməsi ilə bağlı iddiaçının hazırki tələbi əsaslı olmuşdur. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 avqust 2025-ci il tarixli, 2-1(120)-752/2025 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 15 oktyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və həmin tarixdən iddiaçıya 05 oktyabr 2023-cü il tarixli, Q00136478YNZ nömrəli göndəriş əsasında orqanizmin funksiyalarının pozulmasının 35- 60 faiz dərəcəsinə uyğun olaraq 01 il müddətinə əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar