Məhkəmə qərarları › İş №2-1(106)-811/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-811/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-811/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2952/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 09 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-2952/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, avtomobillərin təmiri üzrə çilingər İddiaçı 08-xx.xx.2020-ci il tarixlərdə 4 (dörd) gün müddətinə Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarına, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Cəbrayıl Tovuz rayonlarına (cəbhə bölgəsinə) ezam olunmuşdur. Onun həmin rayonlara ezamı iş materiallarında olan SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin əmrləri və xx.xx.2020-ci il tarixli, 672 nömrəli və xx.xx.2020-ci il tarixli, 702 nömrəli ezamiyyət vəsiqələri ilə, həmçinin xx.xx.2020-ci il tarixli ezamiyyət hesabatı, ezamiyyət xərcləri barədə ödəniş cədvəli ilə öz təsdiqini tapır. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. İddiaçının yuxarıda qeyd olunan ərazilərdə 1 saylı təmir emalatxanasının çilingəri kimi iştirak etməsi öz əhəmiyyətinə görə döyüş tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Və özlüyündə bu döyüş əməliyyatlarının maddi-texniki təminat növünə aid edilməlidir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, Səfərbərlik və Hərbi Səfərbərlik Xidmətinin Xətai rayon idarəsinin çağırışı ilə səfərbərlik dövrü ərzində istifadəsi nəzərdə tutulan və cəbhə bölgəsinə ezam olunan 38 ədəd nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərilməsi ilə əlaqədar olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər, müxtəlif vaxtlarda 1 saylı təmir emalatxanasının çilingəri kimi şəxsən özü, 1 saylı təmir emalatxanasının avtomobillərin təmiri üzrə rəisi X16, çilingərləri X10, X4, X11 və sürücü X3, Cəbrayıl, Şuşa, Qubadlı, Tərtər, Bərdə, Gəncə rayonlarına ezam olunmuşlar. Qarabağın azadlığı uğrunda döyüşlərdə fəal iştirak edərək, nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərmişlər. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət olunmuş, lakin müsbət cavab əldə edə bilməmişdir. Cavabdehinin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, mövcud qanunvericiliyə görə müharibə veteranı adı və vəsiqəsi müvafiq dövlət orqanlarının nəzdində yaradılan aidiyyəti komissiyaların rəyi əsasında verilir və ya verilməsindən imtina edilir. İddiaçı isə müharibə veteranı adı və vəsiqəsinin verilməsinə dair Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın rəyini almadan komissiya tərəfindən iddiaçının müraciətinə dair yekun inzibati akt qəbul edilmədən “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” barədə iddia tələbi ilə birbaşa məhkəməyə müraciət etmişdir. İddiaçının ona “müharibə veteranı” adının verilməsi ilə bağlı müraciətinə dair rəy isə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. İmtina xarakterli cavab məktubunu almadığı halda iddiaçının “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə birbaşa məhkəməyə müraciət etməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələbinə ziddir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsalandırdığı hallarda iddia mümkün sayılır. Odur ki, iddia mümkünsüz hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə mübahisələndirilən qərarda iddiaçının müraciəti üzrə qərar qəbul edilməsi üçün cavabdeh inzibati orqana uzun müddət təyin etdiyini, cavabdeh orqanın isə həmin müddətdə qərar qəbul etmədiyini qeyd etsə də, bu qeyd həqiqəti əks etdirmir. İş materiallarından da görünür ki, məhkəmə iddiaçının müraciəti ilə bağlı qərar qəbul edilməsi üçün cavabdeh orqana müddət təyin edilməsinə dair hər hansı qərardad qəbul etməmişdir. Bu isə növbəti qanun pozuntusudur. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi göstərir ki, bu halda iddia mümkünsüz sayılmalı və ya məhkəmə tərəfindən müvafiq müddət təyin edilməklə inzibati orqan tərəfindən araşdırılma aparılaraq qərar qəbul edilməsi öhdəliyi ilə bağlı qərardad çıxarılmalıdır. Hazırkı halda isə məhkəmə tamamilə əsassız formada işə mahiyyəti üzrə baxaraq, qanunvericiliyin tələbini pozmuşdur. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli ezamiyyət haqqında əmrində qeyd edilmişdir ki, Səfərbərlik və hərbi səfərbərlik xidmətinin Xətai rayon idarəsinin çağırışı ilə səfərbərlik dövrü ərzində istifadəsi nəzərdə tutulan və cəbhə bölgəsinə ezam olunan 38 ədəd nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərilməsi ilə əlaqədar olaraq baş mühəndis Tariyel Qorçiyevin xx.xx.2020-ci il tarixli 2482 saylı təqdimatı nəzərə alınaraq, təmir emalatxanasının mexaniki X5, elektrik avadanlıqlarının təmiri üzrə çilingəri spektrik X6, avtomobillərin təmiri üzrə çilingəri İddiaçı 08-xx.xx.2020-ci il tarixlərdə 4(dörd) gün müddətinə Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarına ezam olunsunlar. -SOCAR Nəqliyyat İdarəsi 1 saylı Texnoloji Nəqliyyat Departamentinin xx.xx.2020-ci il tarixli ezamiyyət haqqında əmrində qeyd edilmişdir ki, Səfərbərlik və hərbi səfərbərlik xidmətinin Xətai rayon idarəsinin çağırışı ilə səfərbərlik dövrü ərzində istifadəsi nəzərdə tutulan və cəbhə bölgəsinə ezam olunan 38 ədəd nəqliyyat və xüsusi texnika vasitələrinə texniki xidmət göstərilməsi ilə əlaqədar olaraq baş mühəndis Tariyel Qorçiyevin xx.xx.2020-ci il tarixli 2614 saylı təqdimatını nəzərə alınaraq, təmir emalatxanasının rəisi X12, 1 saylı təmir emalatxanasının avtomobillərin təmiri üzrə çilingəri İddiaçı və X10 20xx.xx.2020-ci il tarixlərdə 3(üç) gün müddətinə Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Bərdə, Cəbrayıl, Tovuz rayonlarına ezam olunsunlar. -xx.xx.2020-ci il tarixli, 672 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarına (cəbhə bölgəsinə) ezam olunmuşdur. -İddiaçı 1 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisənə yazdığı xx.xx.2020-ci il tarixli ezamiyyət hesabatında qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Gəncə, Qazax, Goranboy, Şəmkir, Füzuli, Ağcabədi, Tərtər rayonlarında ezamiyyətdə olmuş və ona verilən bütün tapşırıqları yerinə yetirmişdir. -xx.xx.2020-ci il tarixli, 702 nömrəli ezamiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Cəbrayıl Tovuz rayonlarına (cəbhə bölgəsinə) ezam olunmuşdur. -İddiaçı 1 saylı Texnoloji Nəqliyyat Departamentinin rəisinə yazdığı xx.xx.2020-ci il tarixli ezamiyyət hesabatında qeyd etmişdir ki, xx.xx.2020- ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli, Beyləqan, Ağcabədi, Gəncə, Qazax, Tərtər, Cəbrayıl Tovuz rayonlarında ezamiyyətdə olmuş və ona verilən bütün tapşırıqları yerinə yetirmişdir. -Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş idarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək davam edən döyüşlər zamanı Müdafiə Nazirliyinin hərbi hissələrinə ezam olunması barədə heç bir sənəd təqdim olunmayıb və komissiya tərəfindən vətəndaşla bağlı heç bir qərar qəbul edilməmişdir. Məlumat üçün bildirilir ki, vətəndaş X9 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair Bakı İnzibati Məhkəməsinin qərarı komissiya tərəfindən icra edilmişdir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentindən təqdim olunmuş sənədlərdə “Vətən müharibəsi” dövründə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə döyüş tapşırığının yerinə yetirmək məqsədilə ezam olunmasına dair məlumatların olmadığına görə xx.xx.2025-ci il tarixli iclas protokolu ilə komissiya ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir. X1, X2, X8, X13 “Müharibə veteranı” statusunun verilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinə sənədlər göndərilməmişdir və komissiya tərəfindən imtina qərarı qəbul edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: -3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. -3-cü maddəsinin "Qeyd” hissəsinə əsasən, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. -7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci bəndinin 11-ci abzasında qeyd edilmiş dispozisiya şətlərinə əsasən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. -19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. -24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçının Müdafiə Nazirliyinin tabeliyində olan struktur qurumuna, hərbi hissələrə ezam olunmasına dair sənədlərin mövcud olmamasıdır. Lakin iş materiallarında olan ezamiyyət vəsiqəsi, ezamiyyət hesabatı, ezamiyyət xərcləri barədə ödəniş cədvəli ilə İddiaçı sözügedən rayonlara ezam edilməsi öz təsdiqini tapır. Cavabdehin digər dəlili iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl tələb olunan sənədlərlə müvafiq komissiyaya müraciət etməməsi, bununla da iddianın mümkünlük şərtlərinə əməl edilməməsi ilə bağlıdır ki, işdə olan Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2025-ci il tarixli, 3-25-14/2-5280/2025 nömrəli məktubunun məzmunundan və həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının müvafiq müraciəti və müraciətə əlavə edilmiş sənədlər xx.xx.2024-cü il tarixdə Komissiyaya daxil olmuşdur. Göründüyü kimi cavabdeh orqan mötəbər sübutlara istinad etmədən, həmçinin veteran statusunun verilməsi üçün kifayət qədər sübutlar olduğu halda əsassız olaraq iddiaçının hüquqlarını məhdudlaşdırmışdır. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətinin məzmununda oxşar işlər üzrə məhkəmə təcrübəsini əsas gətirərək, iddianın mümkünsüz sayılmalı olduğunu, o cümlədən birinci instansiya məhkəməsinin işə mahiyyəti üzrə əsassız olaraq baxdığını qeyd etsə də, apellyasiya şikayətinin nəticə hissəsində iddia tələbinin mahiyyəti üzrə baxılaraq, rədd edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri qeyri-müəyyən olmaqla, bir tərəfdən iddianın mümkünlük şərtlərinə qiymət vermiş, digər tərəfdən işə mahiyyəti üzrə baxaraq iddianın rədd edilməsini xahiş etmişdir. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli, 2-1(120)-2952/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar