Məhkəmə qərarları › İş №2-1(106)-813/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-813/2025

17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-813/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(120)-3605/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 12 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-3605/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1992-ci il tarixdə hərbi xidmətə çağırılmış, N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 194 №-li əmrinə əsasən şəxsi heyət siyahısına daxil edilmiş, hərbi xidmət keçərkən aldığı xəsarət-Sağ yuxan ətrafın, sağ qoltuqaltı və döş qəfəsinin sağ yarısınm ön yan səthinin İ-İİ dərəcəli yanığı ilə əlaqədar xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunmuş, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 162 №-li əmri ilə hospital normasında qazan təminatından çıxarılmış, bundan sonra xidmət keçdiyi N №-li hərbi hissəyə qayıtmamış, uzun müddət hərbı hissədən yayındığı üçün N №-li hərbi hissə komandirinin xx.xx.1993cü il tarixli, 0208 №-li əmrilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmiş, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 264 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, hərbi hissəni özbaşına tərk etdiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 316 №-li əmrilə xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq sənədləri Astara RHK-na göndərilmişdir. Beləliklə, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması məhkəmə araşdırması zamanı təsdiqini tapmadığından o, qanunvericiliyin tələbi baxımından Müharibə Veteranı hesab edilmir. Həmçinin, iddiaçının hərbi xidmət keçərkən aldığı xəsarətə görə əlilliyi müəyyən edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə N və N nömrəli hərbi hissələrin tərkibində 1992-ci ilin noyabr ayından 12 avqust 1993-cü il tarixə kimi fəal iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə yaralanmışdır. N saylı hərbi hissənin cərahiyyə şöbəsində İİ-İİİ dərəcəli yanıq diaqnozu ilə müalicə olmuşdur. Həmçinin, N saylı hərbi hissənin tərkibində Ağdamın Güllücə, Papravəndi, Füzuli rayonun Horadiz, Bala Bəhmənli, Bəhmənli və Kərimbəyli istiqamətində döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 416 saylı qərarı ilə təsdiq olunur ki, həqiqətən döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz “sağ yuxarı ətrafın, sağ qoltuqaltı və döş qəfəsinin sağ yarısının ön yan səthinin İİ-İİİ dərəcəli yanığı (Azərbaycan Respublikası SHXÇDX-nin Astara rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 113 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli, 23 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikriz, xx.xx.2018-ci il tarixli, 40 nömrəli arayışı MN MHHK-nin həkim mütəxəsissi-cərrahın rəyi ilə təsdiq edilir) Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Beləliklə, o, Azərbaycan Respublikasının müdafiəsi zamanı hərbi travma almışdır. Müharibə veteranı adı və müvafıq vəsiqəsnin almaqdan ötrü tələb olunan sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya göndərmişdir. Kifayət qədər mötəbər sübutlar təqdim edilsə də, barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 155 nömrəli əmrilə N nömrəli hərbi hissənin sıravisi hospital normasında qazan təminatına qoyulmuş, həmin hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 162 nömrəli qazan təminatından çıxarılmışdır. Həmçinin, uzun müddət hərbi hissədən yayındığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 0208 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 264 nömrəli əmrilə şəxsi heyətin siyahısına daxil edilmiş və N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 300 nömrəli əmrilə N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Bundan başqa, hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 316 nömrəli əmrilə xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılaraq sənədləri Astara RHK-na göndərilmişdir. Beləliklə, iş materialında olan sənədlərdən görünür ki, iddiaçı döyüş əməliyyatları zamanı xidmət yerini özbaşına tərk etdiyi üçün şəxsi heyətin siyahısından çıxarılmış və onun qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının döyüşlərdə iştirak etməsi və yaralanması barədə həkim tərəfindən verilmiş sənədlər olmasına baxmayaraq birinci instansiya məhkəməsi bu mötəbər sübutlara əhəmiyyət verməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surəti iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 416 nömrəli Qərarında qeyd edilmişdir ki, Astara RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış vətəndaş İddiaçı oğunun döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayınə və müalicə olunduğu travma - diaqnoz: “Sağ yuxarı ətrafın, sağ qoltuqaltı və döş qəfəsinin sağ yarısının ön yan səthinin İİ-İİİ dərəcəli yanığı” Azərbaycan Respublikası SHXÇDX-nin Astara rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 113 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli, 23 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1993-cü il tarixli çıxarış epikrizi, 11.02 2013-cü il tarixli, 40 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisi-cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasınin müdafiəsi zamanı alınmışdır”. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli, 3-25-29/2-1047/2025 nömrəli Arxiv arayışında qeyd edilmişdir ki, N () №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 194 №-li əmrində (əsas: §-8, sıra-16, əmrdə adı “Qabil” yazılmışdır, atasının adı tam, hərbi rütbəsi və vəzifəsi yazılmamışdır) Abbasov Qabil H. oğlunun 27.10.92-ci il tarixdən hərbi hissənin şəxsi heyət üzvlüyünə daxil edilməklə bütün növ təminatlarla təmin edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 6 №-li əmrilə (əssa: §-3, səh-86, sıra-4) sıravi İddiaçı 1-ci bölmədə sürücü vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 18 №-li əmrilə (əsas: §-9) sıravi İddiaçı maddi təminat bölüyü sursat daşıyan avtomobil tağımının sürücüsü vəzifəsindən azad edilərək tank bölüyü İİİ tağımında sürücü-mexanik vəzifəsinə təyin edilmişdir. Tank bölüyünün əsgəri, sıravi İddiaçı Astara şəhərinə getdiyinə görə, N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 62 №-li əmrilə (əsas: §-6, əmrdə Astara şəhərinə getmə səbəbi götərilməmişdir) 7 (yeddi) gün müddətinə icazə verilmişdir. 3-cü tağımın 2-ci bölməsinin usta sürücüsü, sıravi İddiaçı uzun müddət hərbi hissədən yayındığına görə, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 0208 №-li əmrilə (əsas: §-9, səh-69, sıra-457) vəzifəsindən azad edilməklə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar hesab edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda N () №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, N №-li hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda müharibə veteranı adı 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə - daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, yerli icra hakimiyyəti tərəfindən verilmiş hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin bəndin Qeyd hissəsində göstərilir: 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc-hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son-hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaəqdar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün. İddiaçı apellyasiya şikayətində döyüş əməliyyatlarında iştirak etdiyini və həmin döyüşlər zamanı yaralandığını əsas gətirərək ona “müharibə veteranı” adının verilməli olduğunu bildirmişdir. İddiaçının bu dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şərtlərdən biri şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasıdır (tərxis olunması). Yəni qanunvericilik hərbi xidmətin başa çatmasını hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılması ilə şərtləndirmişdir. İşin faktiki hallarından isə görünür ki, iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yoxdur, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 sentyabr 2025-ci il tarixli, 2-1(120)-3605/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar