Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-816/2025 17.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2-1(120)-3070/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı dövlət sosial yardımın təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2023-cü ilin mart ayından (müraciət olunan tarixdən) ünvanlı dövlət sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 02 sentyabr 2025-ci il tarixli, 2- 1(120)-3070/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.4-1-ci, 3.5-ci və 4.10-cu bəndlərinə uyğun müvafiq hərəkətlər etməmiş, həmçinin qəbul edilmiş qərardan həmin qaydalarda nəzərdə tutulmuş müddətdə şikayət verməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cəbrayıl rayonunda qeydiyyatındadır, lakin Sumqayıt şəhərində yaşayır, üç övladı var, Cəbrayıl rayonu 6 saylı məktəbin müəllimidir. Həyat yoldaşı olmadığı üçün uşaqlarını təkbaşına böyüdür, heç yerdən əlavə gəliri yoxdur. Ünvanlı Dövlət Sosial Yardımı almaq üçün aidiyyəti üzrə VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmiş, daxil etdiyi məlumatlar üzrə cavabdeh tərəf qanun çərçivəsində yoxlanış aparıb 15 iş günü ərzində ona məlumat verməli olduğu halda təxminən iki ay sonra imtina vermişdir. Belə ki, VEMTAS sisteminə daxil olmaq üçün Notariusdan rəsmi şəkildə pul verib aldığı sənədin müddəti zaman baxımındın 90 (doxsan) gündür. Qarşı tərəfin müraciətinə gec cavab verməsini həm süründürməçilik kimi qiymətləndirir, həm də bilərəkdən olduğunu düşünür. Çünki, qarşı tərəf vaxtında, 15 iş günü ərzində müraciətinə cavab versəydi, lazımi şəkildə imtinalarda yaradılmış süni probilemləri aradan qaldırmağa çalışardı, lakin müraciətlərinə verilən cavabların gecikməsi birbaşa qanun və hüquq pozuntusu olmaqla yanaşı həm də əlində olan sənədin vaxtının bitməsinə xidmət etmiş, maddi vəziyyətinin ağır olmağı səbəbindən VEMTASA daxil olmaq üçün notariusdan ard-arda yeni sənədlər almaq imkanı olmamışdır. Son illərdə bir neçə dəfə olmaqla Dövlət tərəfindən ona və ailəsinə Ünvanlı Dövlət Sosial Yardımı ayrılmış və vaxtlı vaxtında almış, lakin son illərdə (2022) fevral ayından bəri dəfələrlə müraciət etməyinə və ailəsində adambaşına düşən gəlirlərin minumum ehtiyac meyarından aşağı olmasına baxmayaraq, ona və ailəsinə verilməli olan Ünvanlı Dövlət Sosial Yardımı cavabdeh tərəfindən qanunsuz olaraq verilmir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir. Həmin müraciətə maddi-məişət şəraitinin müayinəsi zamanı icra probasiya sənədin təqdim edilməməsi-ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina verilmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 27 mart 2018-ci il tarixli qətnaməsində ona hər uşağa görə 100 manat olmaqla aylıq ümumilikdə 300 manat məbləğ aliment təyin edilərək ödənilməsi nəzərdə tutulmuşdur. Sözügedən müraciətlə bağlı xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraitinin yoxlanılması həyata keçirilən zaman təmsilçi aliment almadığını bildirmiş, lakin bununla bağlı icra-probasiya şöbəsindən hər-hansı sənədi(arayış) təqdim etməmişdir. Bu səbəbdən qeyd edilən müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1. mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: -3.4-1-ci bəndinə əsasən sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. -3.5-ci bəndinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. -4.10-cu bəndinə əsasən sosial yardımın təyin edilməsi və sosial yardımın təyinatından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada Nazirliyə və (və ya) məhkəməyə şikayət verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmiş, buna baxmayaraq, kifayət qədər uzun müddət keçdikdən sonra (2 ilə yaxın) xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Göründüyü kimi, iddiaçı həmin qərardan şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən onun həmin inzibati akta qarşı hüquqi müdafiə imkanı aradan qalxmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2-1(120)-3070/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-816/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-816/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver